Eyni aqibət FHN və DİN ətrafında da baş verə bilər
Nəsimi Məmmədli
/siyasi ekspert/
“Azərbaycan Respublikasının Silahlı Qüvvələri Haqqında” yeni Qanun layihəsi dekabrın 15-də Milli Məclisin müzakirəsinə çıxarılacaq. Rəsmi səbəb kimi Konstitusiyaya edilmiş son dəyişikliklərdə II fəslin (DÖVLƏTİN ƏSASLARI) 9-cu maddəsinə (Silahlı Qüvvələr) “Silahlı Qüvvələr (SQ) Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir” cümləsinin əlavə edilməsi göstərilib. Silahlı Qüvvələr Haqqında yeni qanunun qəbulunu zəruri edən nədir?
SQ-in fəaliyyəti ilə bağlı hüquqi tənzimləmənin zəruriliyinin arxasında həm də siyasi səbəblərin və məqsədin dayanması istisna deyil. Yeni qanun layihəsində SQ-in əsas vəzifələri sırasında ölkədə daxili siyasi sabitliyin, Konstitusiya quruluşunun, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində iştirak kimi məsələlər qoyulub. Əgər indiyədək bu funksiyaları digər güc strukturları ilə yanaşı əsasən DİN-in Daxili Qoşunları (DQ) yerinə yetirirdisə, bundan sonra sadalanan funksiyalar bütövlükdə SQ-in səlahiyyətində olacaq. Təqdim edilən yeni Qanun ölkə prezidentinə imkan verəcək ki, “ölkədə daxili siyasi sabitliyin, Konstitusiya quruluşunun, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində iştirak” kimi məsələlərdə Daxili Qoşunlardan da əlavə silahlı güclərdən qanuni əsaslarla istifadə edə bilsin. Hazırda qüvvədə olan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri Haqqında” Qanun yalnız Azərbaycan Ordusunun hüquqi əsaslarını müəyyən edirdisə, yeni Qanun layihəsində artıq SQ dedikdə Azərbaycan Ordusunun da daxil olduğu digər silahlı birləşmələrdə bu anlayışa daxil edilir. Ölkənin müdafiəsindən tutmuş, təhlükəsizliyini və milli maraqlarını təmin edən, terrorçuluqla mübarizə aparan xüsusi xidmət orqanları, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasını təmin edən daxili qoşunlar, dövlət sərhədinin qorunmasını təmin edən sərhəd mühafizə orqanları, mülki müdafiəni təşkil edən hərbi birləşmə, dövlət mühafizəsi obyektlərinin təhlükəsizliyini və mühafizə olunan obyektlərin qorunmasını təmin edən qurumlar və digərləri başa düşülür. SQ-in dəqiq siyahısını prezident müəyyən edib təsdiqləyəcək. SQ-in tərkib hissəsi olan qurumların fəaliyyəti isə ayrıca qanunlarla, yəni “Azərbaycan Ordusu haqqında” “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Daxili Qoşunlar haqqında”, “Sərhəd mühafizə orqanları haqqında” və digər hərbi qanunlarla tənzimlənəcək. Ehtimal edilir ki, SQ daxil ediləcək silahlı qurumlar başqa hansısa nazirliklərə ikili tabeçilikdən çıxarılacaq. İndi Daxili Qoşunlar DİN-in, Mülki müdafiəni təşkil edən hərbi birləşmələr FHN-in strukturlarına daxildir, ancaq yeni qanunlarla bu status dəyişə bilər. Bir müddət öncə Nəqliyyat Nazirliyinin əlində olan səlahiyyətlər tədricən alınaraq sonradan onun ləğv edilməsi ilə nəticələndi, habelə MTN-də müəyyən siyasi səbəblərdən iki fərqli quruma bölündü. Sabah eyni aqibət FHN və DİN ətrafında da baş verə bilər. Bu qurumların nəzarətində olan silahlı birləşmələr tədricən fərqli tabeçiliyə verilə bilər. Xüsusilə də DİN-in kifayət qədər geniş təsir dairəsi var və onun məhdudlaşmasına hazırlıq aparılması da istisna deyil. Ölkədə müşahidə edilən gərgin sosial-siyasi durum hakimiyyəti əlavə inzibati tədbirlər görməyə vadar edir. Əhali arasında artmaqda olan narazılıq hər an arzuedilməz proseslərə təkan verə bilər. Həmçinin, siyasi məhbus və insan haqlarının pozulmasi ilə bağlı nüfuzlu beynəlxalq qurumlarla yaranmış gərgin münasibətlər, Qarabağ məsələsində arzuolunmaz sülh variantına imza atmaq üçün təzyiqlərin artması və hakimiyyətin əvvəlki daxili idarəetmə mexanizminin işləməməsi durumu iqtidar üçün daha da mürəkkəbləşdirib. Zimbabve prezidenti Robert Muqabenin 40 illik hakimiyyətinə ordunun bir həmlə ilə son qoyması nümunəsi, demokratik seçkilərlə dəyişikliklərin yolunu bağlayan iqtidara ölkədəki silahlı qurumlarla bağlı yeni tənzimləmə gətirməyi zəruri edir. Çox güman ki məqsəd həm ehtimal edilən geniş xalq etirazlarının qarşısını almaq, həm silahlı qüvvələrə daha etibarlı nəzarətin təşkili, həm də hansısa böyük təsir imkanları olan olqarx-nazirlərin dolayısı ilə zərərləşdirilməsidir. İstənilən halda bu tənzimləmələr əhalinin msaraqlarını deyil, iqtidarın maraqlarını daha etibarlı qorumağa hesablanmış cəhddir.
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...