"Mən də ölülərin xalq şairiyəm"

14:21 10-06-2020 | icon 810 | Ədəbiyyat
"Mən də ölülərin xalq şairiyəm"

Hüseynоv Telman Canbaхış оğlu, 2 fevral 1941-ci ildə Vedi (Qarabağlar) rayоnunun Haхıs kəndində anadan оlub. 1951-ci ildə ailəsi ilə birlikdə Qərbi Azərbaycandan Bərdə rayоnunun Otuzikilər kəndinə depоrtasiya оlunmuşdur.

 

1958-ci ildə Bakı şəhərində orta məktəbi bitirib.

1968-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqоji İnstitutunun filоlоgiya fakültəsinə qəbul оlmuş və 1972-ci ildə həmin iхtisası bitirmişdir.

 

Telman Hüseynin ilk şeiri 1968-ci ildə "Gənc müəllim" qəzetində çap оlunmuşdur.

1972-1974-cü illərdə təyinatla İmişli rayоnunda müəllim kimi əmək fəaliyyətinə başlamışdır.

1974-cü ildən hal-hazıra qədər Bərdə rayоnunun Оtuzikilər kəndində kənd оrta məktəbinin ədəbiyyat müəllimi işləyir.

1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

2006-cı ildən Bərdə "Söz" ədəbi birliyinin sədridir.

 

Versus.Az Telman Hüseyn Anadilin şeirlərini təqdim edir.

 

 

XOXAN APARDI

 

Uşağı xoxanla qorxutma, bala,
Pozular iştahı, qaçar yuxusu.
Qalar ürəyində, qalar canında,
Qalar xəyalında xoxan qorxusu.

 

Bir vədə beləcə qorxudub məni,
Səsimi beşikdə batırıbdılar.
Ağlasam, xoxanla hədələyiblər,
Xoxanla qorxudub yatırıbdılar.

 

Qırx birdən o yana dadlı çağlarım,
Bu yanda taleyim tufan qopardı.
Günbəgün azaldı oyuncaqlarım,
İstədim, dedilər: xoxan apardı.

 

Məni o bucaqdan, məni bu küncdən
Gözünü bərəldib baxan qorxudub.
Gözüm açılandan, gözüm açandan
Mənim gözlərimi xoxan qorxudub.

 

Cırıb paltarımı, ayaqqabımı,
Süfrədən dadamı xoxan apardı
Bəlkə müharibə xoxan deməkmiş,
Bax, mənim atamı xoxan apardı.

 

Böyüdüm, yar sevdim, yarıdım dedim,
Xoxanlı günlərim day keçob gedir.
Bir səhər eşitdim, toylu-busatlı,
Bu kənddən o kəndə yar köçüb gedir.

 

Qaçdım səksəkəli qapılarına,
Görən deyərdi ki, atlı çapardı.
Soruşdum qızını anası güldü,
Dedi ki, ay bala, xoxan apardı.

 

Qorxular çoxalır, ömür yuxalır,
İlahi, dünyada xoxan nə çoxmuş.
Mənim xoxanlarım artır, çoxalır,
Xoxanı törəyib, doğan nə çoxmuş.

 

Evimdən xoxana nəzir verirlər,
Yoxsa var-yoxumu çalıb-çapardı.
Maaşda pulumu kəsir verirlər, -
Deyirlər: qalanın xoxan apardı.

 

Aşkara xoxan var, gizli xoxan var,
Aşkara xoxannar qəmiş xoxanmış.
Dostluq eyləmişəm on il, on beş il,
Sonradan bilmişəm Məmiş xoxanmış.

 

Mənə deyirlər ki, möhkəm ol, kişi!
Dostların tənəsi çox gəlir mənə.
Atmaq istəyirəm mən bu vərdişi,
Xoxannar o saat "xox" gəlir mənə.

 

Uşağı xoxanla qorxutma, bala,
Pozular iştahı, qaçar yuxusu.
Qalar ürəyində, qalar canında,
Qalar xəyalında Xoxan qorxusu.

 

 

MƏZARLIQDA ŞEİR GECƏSI

 

Görüşdük sözümün şam işığında,
Ay burda yatanlar, ömür keçəndi.
Bu gecə sizinlə söz görüşümdü,
Bu gecə sizinlə şeir gecəmdi.

 

Dərd tüğyan edəndə söz kömək gəlir,
Qardaş əvəzinə, ata yerinə.
Mənim də əlimdən söz demək gəlir,
Sizə şeir oxudum "fatihə" yerinə.

 

Ay vaxtsız köçənlər, vaxta nə deyim,
Yazmışdım, oxudum sizə şeirimi.
Nakam ömrünüzə həsr elədiyim -
Sevgidən yazdığım təzə şeirimi.

 

Bu dünya qaranlıq, o dünya işıq,
Sinəmdə ürəyim atım-atımdı.
Alqış elədiniz sükut qarışıq,
Bu mənim şairlik mükafatımdı.

 

Dirilər haqqımı bilməyib orda,
Orda sözlərimə şəkk olunubdu.
Burda məzar-məzar baş daşınıza,
Mənim şeirlərim həkk olunubdu.

 

Alnımdan axmayıb xəcalət təri,
Dostlarım bilir ki, haqq şairiyəm.
Çoxdu dirilərin xalq şairləri,
Mən də ölülərin xalq şairiyəm.

 

Səmada buludlar qalından qalın,
Salır damcısını üstümə tək-tək.
Hələlik, hələlik, salamat qalın,
Sizinlə yenidən görüşünədək...

 

 

İkidi

 

Kimə deyim sinəm altda,
Ürək birdi, şiş ikidi.
Bu işə Tanrı neyləsin,
Tanrı birdi, iş ikidi.

 

Bu dünya yüyrükmüş, atam,
Qoymadılar rahat yatam.
Süfrə üstə yüz cürə tam -
Ağzımdakı diş ikidi.

 

Bərə qurum, pusqu yatım,
Nişan alım, necə atım?
Barıdım var bircə atım
Budaqdakı quş ikidi.

 

Biri Tağı, biri Nağı,
Biri dostdur, biri yağı.
Yarı şərbət, yarı ağı,
Qədəhimdə nuş ikidi.

 

Telman ömrü borandadı,
Hünər yolu yorandadı.
Gah dağda, gah arandadı,
Dağılıbdı, huş ikidi.

 

***

Çevirmək istədi Arximed yeri,
Bir sual önündə qəddini əydi.
Aləmi kəşf edən bəlkə bu sirri,
Tapardı - özünü kəşf eləsəydi.

 

Söykənib, gücümü sınamaq üçün,
Mən kömək gözlədim, özgələrdən hey!
Sonradan anladım, bildim ki bir gün,
"Dayı" ayrı şeydi, "dayaq" ayrı şey.

 

Dayaqdı - çəkicə zindanın səsi,
Qaytar, dəmirçiyə ver kürəsini.
Sinədə ürəkmiş dayaq nöqtəsi,
Söykənən çevirər yer kürəsini.

 

 

***

 

Var yığdın, insan oğlu,
Gedəndə nə apardın?
Yedin, qarnın doymadı,
Gödəndə nə apardın?

 

Gözün doymadı vay-vay,
Aldıqca dedin: "davay".
Beş arşın ağdan savay,
Bədəndə nə apardın?

 

Nə gördün umdun, kişi,
Hər yerə cumdun, kişi,
Gözünü yumdun, kişi,
Didəndə nə apardın?

 

 

İşıqçı

 

Mən işıq alanam, sən işıq verən,
İşıqçı, işığı kəsməkdi qəsdin.
İşıqdı evimə yaraşıq verən,
Ay işıq paylayan, niyə tələsdin?!

 

Əlindən nə gəlir bu işdən özgə,
Hər çətin məqamın işıq yolu var.
Onu da bilirəm Günəşdən özgə,
Bütün işıqların işıq pulu var.

 

Huşum bir dağınıq quş yuvasıdır,
Perikmiş xəyalım yurd gəzir indi.
Bəxtimə yazılıb "kəsilmək" sözü,
Yerə tum salıram, qurd kəsir indi.

 

Haqq sözüm özümə dəyən oxudu ki,
Budandım kökümlə, budaqlarımla.
Kəsiblər dilimi, dilim yoxdu ki,
İndi danışıram dodaqlarımla.

 

Su açdım bağçada, su dara düşdü,
Gəldi su kəsənlər, bulaq kəsənlər.
Bircə yol əlimə pul-para düşdü,
Kəsdi qulağımı qulaq kəsənlər.

 

Gərək bu sirrimi car çəkəm, yayam,
Mənim eldən yana nə sirrim qalıb?
Bir yetim sevginin dannağındayam,
Məhəbbət dərsindən "kəsirim" qalıb.

 

Gənclikdə sevirdim riyaziyyatı,
Arzuma çatsaydım, salim olardım.
Belə bir xırdaca şair olunca,
Bəlkə bir yekəcə alim olardım.

 

Ələyib üstümə qəmi, ələmi,
Saya salmadılar səsdilər məni.
Çəkib taleyimə tiyə qələmi,
Kəsirin üstündən kəsdilər məni.

 

Fəndi var, teli var dünya işinin,
Qoymadı yaşayaq nəs oğlu, nəslər.
Ülgücü sınaydı dəllək kişinin,
Ondan başlayıbdı bu kəsakəslər.

 

Qəsdin var, xeyiri şərə yozmağa,
Qəsdini bilirəm, qağa, filankəs.
Gecələr oturub şeir yazmağa,
Bircə işığım var, onu da sən kəs!

 

 

 

YALANMIŞ

 

Kim deyibsə dünyaya
Bəhrəli bağ,- yalanmış.
Meyvəsi göz aldadır,
Bir yaxşı bax - yalanmış.

 

Ay doğur - para yalan,
Baxırsan hara yalan,
Gecələr qara yalan,
Gündüzlər ağ yalanmış.

 

Kəpəzin beli yalan,
Üstündə gölü yalan,
Ölülər ölü yalan,
Dirilər sağ yalanmış.

 

Şah başında tac yalan,
Ocaq üstə sac yalan,
Kasıb-kusub ac yalan
Tox elə tox yalanmış.

 

Pul əldə nəzik yalan,
Parala, kəsik yalan,
Yoxsulda əzik yalan
Varlıda şax yalanmış.

 

"Sevirəm" sözü saxta,
Uyduq bu sözə, ada.
Axırda gördük o da,
Çox yumuşaq yalanmış.

 

Can çox canlar içində,
Ömür anlar içində.
Bu yalanlar içində -
Telman ən çox yalanmış.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...