Azərbaycanın tanınmış alimi vəfat edib
Tanınmış kimyaçı alim, Neft-Kimya Prosesləri İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Ziyafəddin Həmid oğlu Əsədov iyunun 18-də 70 yaşında vəfat edib.
Versus.Az xəbər verir ki, bu barədə AMEA-nın rəsmi səhifəsi məlumat yayıb.
Xatırladaq ki, bir neçə gün əvvəl mətbuatda Z.Əsədovun koronavirusa yoluxması barədə məlumat yayılmışdı.
Qeyd edək ki, Ziyafəddin Əsədov 1950-ci il iyulun 19-da Bakı şəhərində anadan olub. O, 1967-ci ildə Bakı şəhərindəki 39 saylı orta məktəbi gümüş medalla bitirmiş və həmin il Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya-texnologiya fakültəsinə qəbul olub. 1972-ci ildə ali təhsilini başa vurduqdan sonra alim təyinatla Azərbaycan Elmlər Akademiyası Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda işə başlayıb.
O, 1973-1976-cı illərdə SSRİ EA A.V.Topçiyev adına Neft-Kimya Sintezi İnstitutunda aspirantura təhsili keçmiş, 1979-cu namizədlik, 1992-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib. Z.Əsədov 2003-cü ildə professor elmi adını alıb, 2014-cü ildə isə AMEA-nın müxbir üzvü seçilib.
Alim 1976-2002-ci illərdə Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışıb, 2002-ci ildə yeni yaradılan Səthi-aktiv reagentlər və preparatlar laboratoriyasına müdir təyin olunub.
Onun əsas elmi fəaliyyət istiqamətləri neft sənayesində tətbiqi nəzərdə tutulmuş yeni yüksək səmərəli səthi-aktiv maddələrin, o cümlədən oliqomer və polimer təbiətli reagentlərin sintezi və tədqiqi olub. Alimin rəhbərliyi altında bir neçə qiymətli tətbiqi xassələrə malik olan yeraltı laylardan nefti sıxışdırıb çıxaran, neft və qaz quyularının qazılması zamanı qazma məhlullarının fiziki-mexaniki göstəricilərini stabilləşdirən reagentlər, eləcə də su hövzələri səthindən ekoloji zərərli nazik neft təbəqələrini kənar edən neftyığıcı və dispersləyici birləşmələr, benzinin statik saxlanma zamanı buxarlanma itkilərini azaldan SAM-lar alınmış və tədqiq edilib.
Kimyaçı alim 475 elmi əsərin, o cümlədən 10 monoqrafiya və dərs vəsaiti (kitablardan 4-ü ingilis dilindədir), 10 ixtira, 150-dən artıq xaricdə dərc olunan məqalənin müəllifi idi. Onun elmi rəhbərliyi ilə 6 elmlər doktoru və 4 fəlsəfə doktoru dissertasiyaları müdafiə olunub.
Z.Əsədov 2002-ci ildə Amerika Bioqrafiya İnstitutunun qızıl medalına, 2004-cü ildə Kembric (Böyük Britaniya) Beynəlxalq Bioqrafiya Mərkəzinin gümüş medalına, 2009-cu ildə Azərbaycanın “Tərəqqi” medalına layiq görülüb. Alim 2010-cu ildə AMEA Rəyasət Heyətinin Fəxri fərmanı, 2015-ci ildə AMEA Kimya Elmləri Bölməsinin Fəxri fərmanı, 2002-ci ildə “Xəzər” Universitetinin və 2018-ci ildə Bakı Ali Neft Məktəbinin Fəxri fərmanları, 2014-cü ildə isə AMEA-nın Nizami Gəncəvi adına medalı ilə təltif edilib.
O, 1998-ci ildən Ali Attestasiya Komissiyasının Kimya elmləri üzrə ekspert şurasının üzvü, elmi katibi və sədri olub, 2020-ci ildən isə sözügedən şuranın sədr müavini kimi fəaliyyət göstərib.
Alim pedaqoji fəaliyyətlə də məşğul olub, 1993-2014-cü illərdə “Xəzər” Univeristetində, 2006-2010-cu illərdə Bakı Dövlət Universitetində professor kimi mühazirələr oxuyub. 2013-cü ildən Bakı Ali Neft Məktəbində əvəzçiliklə professor vəzifəsində ingilis dilində mühazirə dərsləri aparıb.
Allah rəhmət eləsin!
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"