Versus.az: "Özünü qoru, çevrəni xilas et"
Biz də bu Media Hərəkatına qoşulduq
VERSUS.AZ. İnformasiya Agentliyi artıq 3 aydır covid 19 pandemiyası ilə əlaqədar ictimai təbliğat və maatifləndirmə işini uğurla aparır. Bu gündən etibarən Pandemiyanın 2-ci dalğasında mətbuat işçilərinin təşəbbüsü ilə start götürən "Özünü qoru, çevrəni xilas et" Media Hərəkatına da qoşulur. Belə bir hərəkatın yaranması ilə əlaqədar olaraq Versus.az-ın kollektiv hərəkat daxilində fəaliyyətini daha da aktivləşdirəcək.
Beləliklə, koronavirus pandemiyası ilə mübarizədə mövcud təhlükənin başa düşülməsi, düşdüyümüz durumun ciddiliyinin vətəndaşlarımız tərəfindən qəbul edilməsi, özünüqoruma vasitələrindən istifadənin həyat tərzinə çevrilməsi üçün biz media təmsilçiləri və jurnalistlər "Özünü qoru, çevrəni xilas et" adlı Media Hərəkatında birləşdik.
Amalımız, məqsədimiz evimizə, ocağımıza bədbəxtlik gəlməsinə yol verməmək, dostlarımızı, çevrəmizi virusdan qorumaq və xilas etməkdir.
Bu gündən Media Hərəkatına qoşulmuş bizlər, virus təhlükəsindən uzaq durmaq üçün qoyulan tələblərə mütləq əməl olunmasının vacibliyini, vəziyyətin ciddiliyini anladan maarifləndirici çağırışlar edəcəyik.
Müraciətimiz yaxınlarımıza, dostlarımıza və bütün xalqımızadır: Yaxınlarınızı, ətrafınızı riskə atmayın, özünüzü, böyüklərinizi, çevrənizi xilas etmək üçün özünüqoruma vasitələrindən istifadə edin. Çətin də olsa, həyatınız naminə, sağlamlığınız naminə yeni qaydalarla yaşamağı öyrənin, məsafə saxlayın, qoruyucu vasitələrdən istifadə edin, bir sözlə qoyulan tələblərə ciddi riayət edin.
Başımızın üstünü alan təhlükə barədə biz hər gün sarsıdıcı məlumatlar alır, həyatla çarpışan xəstələrin mücadiləsini görürük. Buna görə də gəlin onları sağaltmağa, həyata qaytarmağa çalışan, özlərini riskə atan tibb işçilərinin fədakarlığını, əziyyətini, qəhrəmanlığını qiymətləndirək və asayişimizi qoruyan polislərə, Daxili Qoşunların əməkdaşlarına dəstək olaq. Üzləşdiyimiz bu çətin durumda hər birimiz özümüzü qorumalıyıq ki, yaxınlarımız, doğmalarımız, dostlarımız sağlam qalsın.
Bir daha vətəndaşlarımızı rastlaşdığımız bu çətin vəziyyətlə mübarizədə məsuliyyətli olmağa, bütün qaydalara ciddi əməl etməyə çağırırıq. Biz məsuliyyətli olmasaq, özümüzü və yaxınlarımızı qorumasaq bu xəstəlik daha da uzun çəkəcək.
Gəlin xəstəlik ailəmizə gəlib çatmamış, sevdiklərimizi bizdən ayırmamış bu virusa qalib gələk!