Terrorçu Ermənistan öz “alovunda" yanır - MÜSAHİBƏ

20:33 19-06-2020 | icon 693 | Geopolitika
Terrorçu Ermənistan öz “alovunda" yanır - MÜSAHİBƏ

Ramiyə Məmmədova: “Əgər beynəlxalq ictimaiyyətin ədalətsizliyə göz yumması davam edərsə...”

 

Azərbaycan ərazilərində münaqişə ocağı yaradan terrorçu Ermənistan bu gün öz “alovunda yanır”. Ermənistanın Azərbaycan ərazilərində həyata keçirdiyi qanunsuz hərəkətləri cəzasız qaldıqca cinayətlərinin əhatəsi genişlənir. Bu gün işğala son qoymaq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, beynəlxalq təhlükəsizlik və bölgənin inkişafı üçün xüsusilə önəm kəsb edir. Beynəlxalq təşkilatlar işğal faktını susqunluqla qarşılasalar da, Ermənistan əhalisi özü öz hökumətinin diktator, terrorçu simasını ifşa edir. Amma bu məqamda da Azərbaycan əraziləri separatçı hökumətin hakimiyyətə gəlməsi üçün istifadə olunan vasitə kimi önə çəkilir. Niyə? Mövcud situasiya "Şərq Tərəfdaşlığı" proqramına daxil olan ölkələrin XİN rəsmiləri, eləcə də dövlət başçılarının “Zirvə görüşü”ndə bir daha müzakirə olundu. Eləcə də Ermənistanın regiondakı özbaşınalığı beynəlxalq təşkilatların müzakirəsinə verilməklə bir daha torpaqların sülh yolu ilə boşaldılması məsələsi gündəmə gətirildi. Region dövlətlərinin münaqişənin ədalətli həlli ilə bağlı hansı addımlar atacağı maraqla izlənir. Dünya ictimaiyyəti, nəhayət baş verənlərdən nəticə çıxarıb erməni terror yuvasını dağıtmağa qərar verəcəkmi?

 

Versus.Az xəbər verir ki, İstanbulda fəaliyyət göstərən “Wörd Ponarama” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ramiyə Məmmədova müsahibəsində bir çox nüanslara diqqət çəkib.

 

“Qərb “dəliyə yer ver, əlinə bel ver” prinsipini əsas götürüb”

 

- Ramiyə xanım, bəllidir ki, bu gün Azərbaycan siyasi camiyəsində Ermənistanda baş verən daxili çaxnaşmanın səbəbləri təhlil edilir. Təcavüzkar olkədə baş verən bu gərginlik nəhayət işğalçının əsil simasını görmək üçün beynəlxalq təşkilatlara hansı imkanı verəcək. Və bu vəziyyətin Qarabağ münaqişəsinin müsbət həllinə təsirləri nə ola bilər?

 

- Son vaxtlar Ermənistanda baş verən hadisələr daxili çaxnaşma və gərginliyin artması ilə özünü büruzə verir. Çünki Paşinyan hakimiyyətə gəldikdən sonra özünə rəqib saydığı fraksiyaları hakimiyyətdən uzaqlaşdırmağa başlayıb. Paşinyan ona müxalif olan keçmiş hökumət nümayındələrini də yavaş-yavaş ortadan götürməyə çalışır. Bu sırada vaxtilə Köçəryanın həbsə atılmasını, Sarkisyan və onun tərəfdarlarının cinayət məsuliyyətinə cəlb olunmasını və sair problemləri qeyd edə bilərik. Bu gün Paşinyanın keçmiş hökumətin tərəfdarlarına qarşı təzyiqlər davam edir. Onun bu siyasəti vaxtilə hakimiyyətdə olan siyasətçilərin bu gün müxalifət olaraq Paşinyana qarşı mübarizə aparmalarını gerçəkləşdirib. Paşinyan özü də müxalifət tərəfindən böyük bir basqıya məruz qalır. Eyni zamanda Paşinyanın hakimiyyətə gələn zaman verdiyi vədlərə əməl etməməsi, apardığı yanlış siyasət, artıq hökumət adamından bir oleqarxa çevrilməsi, törətdiyi cinayətlər - silah alveri, brilliant, siqaret alverçisi kimi ittiham olunması, zatən əvvəldən siyasətçi kimi qəbul olunmayan imicini bir az da aşağı endirib. Bu gün Paşinyan artıq klan mübarizəsinə başlayıb. Klan savaşı meydanlara toplaşan erməni əhalisi arasında da təsirini göstərir. İqtisadi vəziyyətin ağırlığı əhalinin meydanlara çıxaraq Paşinyandan istefa tələb etməsinə imkan yaradıb. Əhalinin narazılığı polis zorakılığ ilə susdurulur və bu da Paşinyanın avtoritar bir dövlətin başçısı olduğunu göstərir. Təbii ki, ona qarşı edilən çıxışlarda Rusiya faktoru özünü büruzə verir.  Paşinyan Rusiyanın kadrı olmadığına görə Rusiya ilə Paşinyan arasında gərginlik var. Qərbin Paşinyan üçün “cızdığ demokrat” imicini nə vaxta qədər qoruyub saxlayacağı isə Rusiyanın təsirlərindən asılı olacaq. Ümumilikdə isə hadisələrin bölgənin xeyrinə dəyişə biləcəyi az ehtimal olunur.

Qeyd etdiyim kimi, Paşinyan Qərbyönümlü siyasətçidir. Buna görə də Qərb ondan Rusiyaya qarşı həmlə olaraq istifadə edir və hakimiyyətdə qalması üçün onu dəstəkləyir. Məlumdur ki, regionda keçmiş sovet respublikaları sırasında olan Gürcüstan əvvəl, indi isə Ermənistan Rusiyanın əlaltısı olmaqdan imtina edərək Qərbə yönəliblər. Lakin bugünkü proseslərə baxanda Qafqaz regonunda Qərbyönümlü siyasətin aparılmasının mümkünlüyü bir qədər çətin görünür. Çünki regionda təsiri olan Rusiya Qafqazda Qərb siyasətinin geniş vüsət almasına imkan vermək istəmir. Mövcud maraqların toqquşması regionun vəziyyətini bir qədər də çətinləşdirib. Baş verən hadisələr Rusiyanın təsir mexanizmləri olsa da, Qərb də öz müdafiə ehkamlarını qurmaqda israrlıdır.

 

- Necə hesab edirsiz, bu gün Qərbin özünü "demokratiya carçısı" adlandıran institutları Ermənistanda baş verən hadisələrə, eləcə də regionda törətdikləri cinayətlərə qarşı niyə susur?

 

- Bu gün Ermənistanda baş verənlər, qonşu dövlətin ərazi bütövlüyünü pozan, orada soyqırımlar törədən, üstəlik həmin yerlərdə məskunlaşma siyasəti aparan regionu terror, narkotranzit, siah alveri, qanunsuz dövriyyələr üçün yuvaya çevirən Ermənistanın cinayətkar əməllərinə göz yuman beynəlxal təşkilatların, Qərbin, Avropanın laqeyd yanaşmasının təzahürüdür. Halbu ki, işğal altındakı ərazilərimizin erməni terrorçuları üçün qanunsuz dövriyyələr, o cümlədən narko-ticarət üçün əlverişli yerə çevrilməsi barədə Azərbaycan rəsmi orqanları dəfələrlə beynəlxalq ictimaiyyəti məlumatlandırıb. Lakin işğalçıya qarşı heç bir tədbir görülmür.

 

Ermənistan artıq 30 ildir Azərbaycan torpaqlarını işğalda saxlayır. Və o da məlumdur ki, Ermənistanın cinayətkar quldur dəstələri regionda terror, soyqırımlar törədirlər. Lakin Qərb institutları bunları görməzdən gəlir. Təkcə BMT-nin işğal faktının aradan qaldırılması ilə bağlı qəbul etdiyi 4 qətnamənin icrasız qalması, artıq ali güc hesab etdiyimiz Qərb institutlarının qanunun aliliyinə barmaqarası yanaşması və daha çox özünün region maraqlarından çıxış etməsini göstərir. Sanki Qərb və digər maraqlı güclər bu ölkəyə özbaşınalıqları üçün meydan veriblər. Bütün bunların bir adı ola bilər: həmin Qərb, Şimal dairələri Cənubi Qafqaz regionunda öz maraqlarını həyata keçirmək üçün “dəliyə yer ver, əlinə bel ver” prinsipini əsas götürüb.

Bilirik ki, Paşinyan və ətrafı SOROS təşkilatı tərəfindən maliyyələşdirilərək hakimiyyətə gətirilmiş insanlardır. Ona görə də Ermənistanın regionda törətdiklərinə susurlar. Hazırda Ermənistanda baş verənlər Azərbaycanda olsaydı, Qərb, Avropa az qala sanksiyalar tətbiq etməyə qədər məsələ ətrafında böyük səs-küy yaradar, Azərbaycanı insan hüquqlarını müdafiə etməməkdə, qeyri demokratik, korrupsioner dövət kimi ittiham edib, bunu dünyaya bəyan edərdilər. Lakin Ermənistanda baş verən repressiyalar, təzyiqlər Qərbin işinə yarıyır və Qərb öz maraqları naminə səsini çıxarmır.

Şuşada keçirilən seçkilər və atılan bir çox addımlar Rusiya və bir çox Avropa ölkələrinin narazılığına səbəb olsa da, Paşinyan bundan dərs götürmədi. Yenə də özünün erməni xisləti ilə hərəkət edərək, Azərbaycan torpaqlarında öz bildiyini edir, öz mənfur siyasətini aparır. Bu Qarabağ məsələsi Ermənistanın ən böyük problemidir. Qarabağı işğaldan azad etməyənə qədər Ermənistan nə iqtisadi, nə də digər mədəni sahələrdə inkişaf edə bilməz. Torpaqları işğalda saxalamaqla özü özünü iqtisadi layihələrdən təcrid edib və bundan daha çox əhali əziyyət çəkir. Paşinyan hakimiyyətə gəldikdən sonra Qarabağ ətrafında aparılan danışıqları alt-üst etdi. Minsk Qrupunun müxtəlif formatlarda keçirdiyi görüşlər, əldə olunan razılaşmalar heçə endirildi. Bu gün Dağlıq Qarabağ məsələsi demək olar ki, daşa dirənib. Paşinyan hakimiyyəti ilə Qarabağ məsələsi həll olunan deyil.

 

Münaqişəni saxlamaqla özləri üçün dvident götürməyə çalışan güclərin bu prosesdən hər hansı müsbət nəticə çıxaracağını gözləmirəm. Azərbaycan yalnız öz gücü ilə ədaləti bərqərar edə bilər. Nəhayət, beynəlxalq aləm Azərbaycanın haqq səsini eşitməli və onun bərpasında ölkəmizə dəstək verməklə haqq öz yerini ala bilər.

 

Hesab edirəm ki, bu günlərdə “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində 6 ölkənin XİN rəsmilərinin, eləcə də dövlət başçılarının iştirakı ilə baş tutan “Zirvə görüşü” regionla bağlı mövcud məsələlərin yenidən qabardılması Azərbaycanın məhz belə bir separatçı rejim tərəfindən işğala məruz qoyulması ilə bağlı dünya ictimaiyyətinə növbəti mesaj, tələb oldu.

 

“Nəhayət, dünya gücləri öz maraqları naminə regionda yaratdıqları bu münaqişə ocağını söndürmək üçün səy göstərməlidirlər”

 

- Bu günlərdə baş tutan "Şərq Tərəfdaşlığı" proqramının üzvləri Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynanın qatıldığı məlum “Zirvə görüşü"nün əhəmiyyətini necə dəyərləndirirsiz. Necə hesab edirsiz, bu görüş Qarabağ probleminin həllinə dair hansı yeni “yol xəritəsini” ortaya qoydu və Azərbaycan beynəlxalq ictimaiyyətin diqqətini bir daha işğal faktına yönəltməklə Ermənistanın sülhə gətirilməsində hansı üstünlüyü qazana bildi?

 

- Məlumdur ki, iyunun 11-də “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində xarici işlər nazirlərinin videokonfransı oldu və konfransda Azərbaycanın işğal olunmuş Şuşa şəhərində erməni silahlılarının təxribat xarakterli addımları, Ermənistan-Azərbaycan münaqişəsinin həlli, eləcə də, bölgədə sülh və təhlükəsizliyin təminatı məsələlərinə toxunularaq münaqişənin həllinin zəruriliyi qeyd olundu. Təbii ki, iyunun 18-də dövlət başçılarının iştirakı ilə keçirilən “Zirvə görüşü”ndə də Azərbaycan əsas prioritet məsələ kimi Qarabağın işğaldan azad olunması və Ermənistanın münaqişəni saxlamaqla regionda təhlükəsizliyə zərbə vurduğu və iqtisadi inkişafının qarşısını almaqla regionda mənfi bir nümunə sərgilədiyini bir daha bəyan etdi. Prezident İlham Əliyev bir qədər öncə beynəlxalq tribunalarda etdiyi çıxışlarında da bu məsələyə sərt mövqeyini bildirmişdi. Nəhayət, Ermənistanın “ərköyün”, dələduz, özbaşına hərəklətlərinə son qoyulması məsələsi bir daha istər Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrə və eləcə də dünya ictimaiyətinə çatdırılıb. Təbii ki, hər bir çıxışda bir daha Azərbaycanın sülhsevər dövlət olduğu və bütün imkanlardan istifadə edərək münaqişənin sülh yolu ilə həllinə çalışdığı qeyd olunsa da, əgər beynəlxalq ictimaiyyətin ədalətsizliyə göz yumması davam edərsə, Azərbaycan beynəlxalq hüquqa söykənib ərazilərini hərbi yolla azad etmək hüququndan istifadə edəcəyini bir daha bəyan edib. Nəhayət, dünya gücləri öz maraqları naminə regionda yaratdıqları bu münaqişə ocağını söndürmək üçün səy göstərməlidirlər. Çünki regionda sülhün olması iqtisadi layihələrin daha da inkişaf etməsi və hər bir dövlətin, millətlərin bundan müsbət səmərə götürməsinə, daha da inkişaf etməsinə şərait yarada bilər. Konfransda Ermənistan bir daha regionun inkişafının qarşısını alan işğalçı tərəf kimi qeyd olunub.

Hesab edirəm ki, bu konfranslarda əsas şərtlərdən biri də dünya ictimaiyyətinə düzgün və dolğun məlumatların çatdırılmasıdır. Ermənistan Azərbaycan torpaqlarını işğal edib və bu gün o, öz sahiblərinə qaytarılmalıdır. Qeyd etdiyim kimi, BMT-də qəbul olunan qətnamələrin heç bir nəticə verməməsi, Ermənistanda gedən proseslər onu göstərir ki, Azərbaycan torpaqlarını özü işğaldan azad etməlidir. Azərbaycan sülh yolunu daha çox önə çəksə də, Ermənistan sülhə gəlmir və daha çox müharibəni seçir. Ona görə də Azərbaycan prezidenti bütün tədbirlərdə çıxışı zamanı bildirir ki, Ermənistan sülh danışıqlarına gəlmir, buna baxmayarq Azərbaycan öz dədə-baba tarixi torpaqlarını geri qaytarmaq niyyətindədir.

 

- Ramiyə xanım, bu günlərdə GUAM dövlətləri yenidən bir araya gəldi. Bu görüş, demokratiya və iqtisadi inkişaf üzrə formalaşan bu təşkilatın yenidən aktiv mərhələyə daxil olmasında hansı töhfəsini verə bilər. GUAM-ın hazırkı fəaliyyətini necə qiymətləndirir və gələcək perspektivini nədə görürsüz?

 

- Məlumdur ki, bu təşkilata üzv olan 4 ölkənin - Gürcüstan, Ukrayna, Moldova və Azərbaycanın hakimiyyət orqanları arasında hər hansı ticarət sərhəddinin və baryerinin olmaması barədə razılığa gəlinib. “Azad ticarət” zonasının isə artıq 2020-ci ildə yaradıla biləcəyi haqqında fikirlər ortaya atılib. Bu müzakirələrin aparılmasına, əldə olunan razılıqlara baxmayaraq  görünən budur ki, GUAM-ın fəaliyyətində durğunluq var və hələ də irəliyə doğru addımlar atılmır. Burada GUAM-a maneə yaradan bir çox məsələləri səbəb gətirmək olar. Əsas səbəblərdən biri hesab edirəm ki, özünün müstəqilliyini qazanan və sovet məkanından ayrılan bu dövlətlərin müstəqil siyasət yeritmələri üçün qarşılarında yaradılan süni baryerlərdir. Düşünürəm ki, Rusiya və digər güclərin maraqları burada öz rolunu oynayır. Bu olkələrin daxilində yaradılan münaqişələr, problemlər GUAM-ın qarşısında həllini tələb edən məsələlərlə bağlı daha ciddi səylər göstərməsini tələb edir. Görünən odur ki, böyük güclər özünün müstəqilliyini qazanmış bu dövlətlərə sərbəst hərəkət etməyə imkan tanımır. Bu mənada hər bir dövlət özünün öz problemi ilə ayrılıqda məşğiul olur və onlar özlərinə lazım olan dəstəyi digər beynəlxalq təşkilatların hesabına almağa çalışırlar.

Digər tərəfdən isə GUAM-ın fəaliyyətində dönüş yaratması üçün əsas istiqamətlərdən biri Avropa İttifaqı ilə əlaqələrini gücləndirməsi formatı əlverişli hesab olunur. “Şərq Tərəfdaşlığı”nın tərkibində müxtəlif vəziyyətdə olan dövlətlərin cəmləşdiyini nəzərə alsaq, GUAM ilk növbədə özünün durumunu tənzimləməlidir. Bəllidir ki, GUAM-da eyni problemlər yaşayan ölkələr bir araya gəlib. Əsas problem olan ərazi bütövlüyünün pozulması GUAM ölkələrinin hamısında mövcuddur. Bundan istifadə edərək təşkilata yeni fəallıq impulsu vermək olar. Hesab edirəm ki, GUAM ölkələrinin Avropa İttifaqının, Avropa Parlamentinin, həmçinin komissiyanın nəzdində lobbiçilik, əlaqələrin inkişafı ilə məşğul olan qurum olsaydı, bu dövlətlərin hamısı faydasını görəcəkdi.

Bir təşkilat olaraq GUAM-ın böyük potensialı var. Burada birləşən ölkələrin bir sıra sahələrdə qarşılıqlı maraqları var. Ona görə, münaqişələrin həlli, beynəlxalq hüququn aliliyi, bütün beynəlxalq təşkilatlarda baxımından bu ölkələr birlikdə olsa, onlara qarşı olan haqsızlığın qarşısı alına bilər. Ayrıca GUAM ölkələrinin Parlament Dostluq qrupları yaradılmaqla beynəlxalq təşkilalara çıxış təmin olunmalı və pozulan huquqlarının birgə müzakirə və müdafiəsi təşkil edilməlidir. GUAM birgə fəaliyyətlə hərtərəfli uğura imza ata bilər, yetər ki, kənar təsirllərə uymasın və öz hüquqlarını qorumaq üçün çalışsın. /ucnoqta/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı