ATA QUCAĞI

09:34 21-06-2020 | icon 1834 | Ədəbiyyat
ATA QUCAĞI
 
 
 
 

 

 

AĞASƏF İMRAN

/iqtisad elmləri namizədi, dosent/
 
 
(hekayə)
 
Uşaq idim. Bərk xəstələnmişdim. Hər nə yeyirdimsə, hətta su içirdimsə, hamısını qaytarırdım. Bu səbəbdən də yataq yerimi eyvanımızın lap qırağında salmışdılar ki, öyüyəndə ağzımı yerə tutub qaytarım ki, ləyənə, tasa ehtiyac olmasın. Son günlərdə isə hərarətim o qədər yüksək olurdu ki, hərdənbir özümdən gedir və bir müddət sonra huşa gəlib ayılırdım.
 
 
Bir gün başımın üstündə keşik çəkən anam çox böyük həyəcanla ocaq başında oturub çubuq çəkən atama tərəf səsləndi:
 
- A kişi, uşaq əldən gedir! Bir tədbir görsənə!
 
Atam təmkinini pozmadan oçağın kənarındakı yerindən ayağa qalxıb çubuğunu söndürdü və mənə yaxınlaşıb əlini alnıma qoyub hərarətimi yoxladı.
 
- Bu ki, qızmadan yanır!- deyərək, məni qucağına alıb pilləkənlə aşağıya düşdü və nədənsə evimizin arxasından axan çaya tərəf qaçmağa başladı. Çayın ən dərin yeri söyüd ağaclarının altındakı olum (durğun olan dərinlik) idi və atam oraya çatanda qurşağa qədər suya girib məni bir neçə dəfə suya basıb çıxartdı. Axırıncı dəfə ”gözlərini yum, burnunu tut“- deyib, məni bütünlüklə suya basdı və sonra geriyə, evə qaytardı. Anam məni qurulayıb paltarlarımı dəyişdirib yatızdırdı.
 
Yuxudan ayılanda ilk sözüm bu oldu ki, ”ana, acmışam!” Anam məni yedizdirdi və mən yediyimi qaytarmadım. Anam təəccüb, heyrət və sevinclə üzümə baxıb:
 
- Deyəsən, balam sağalır, - deyib, məni bağrına basdı və mən doğrudan da tezliklə sağaldım. Heç bir həftə keçməmiş həyətə qaçıb oynayan uşaqlqra qoşuldum.
 
 
El arasında belə müalicəyə “türkəçarə” deyirlər və yəqin ki, atam bunu bilirmiş. Müharibə gedən ölkədə, ucqar bir kəddə, həkim, dava-dərman olmayan bir yerdə başqa nə etmək olarmış ki? Sonralar, uzun müddət öz-özümə düşünürdüm ki, məni sağaldan səbəb nə oldu, çayın sərin suyu, yoxsa əvvəllər çox az gördüyüm ata qucağı?! Amma, fərq etməzdi, bunların hər ikisi, yoxsa hansısa biri? Gördüyüm, hiss etdiyim reallıq bu idi ki, mən sağalmışdım.
 
 
Bu xəstəliyimi və sağalmağımı xatırlayarkən, dəmirin polada çevrilməsini yada salıram. Kəndimizdə, Zeyni babanın işlədiyi dəmirçixanada bunu tez-tez görərdim. O, araba təkərlərinə vurduğu dəmiri həmişə qızardıb suya basaraq polada çevirərdi ki, təkərlər daha dözümlü və uzunömürlü olsunlar. Əlbəttə ki, körük basanlar - biz uşaqlar olardıq və bu əməlləri yaddaşımıza yazardıq.
 
 
Qızarmış dəmir suya basılanda polada çevrildiyi kimi, atam da qızmadan yanan canımı suya basmaqla, məni bütünlüklə “polada” çeviribmiş. O gündən sonra xəstəlik nə olduğunu bilmədim. Sonrakı uşaqlığım və gəncliyim beləcə sağlam keçdi. Orta və ali məktəbi yarı ac-yarı tox, yayda ayaqyalın, qışda paltosuz keçirsəm də, işləyərkən hər cür çətinlik və gərginliklə üzləşsəm də, 50 yaşımadək xəstələnmədim...
 
 
Bu sətirləri isə xəstə olduğum halda yazıram... Artıq yaşım 70-i ötüb... İndi, nə halıma yanan anam, nə də məni qucağına alan atam həyatda yoxdur... Amma, mən dünyamızı ata qucağı hesab edib, onun qolları arasında hələ yaşamaq istəyirəm...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol