Dinarə Məmmədova: "Belə də inamsızlıq olar, belə də eqoizm olar?"
"Bəzən bizim insanlarımıza məəttəl qalıram. Virusa yoluxanların sayı çoxalıb, xəstəxanalarda yer yoxdur, buna baxmayaraq insanlarımız yenə də tibbi maskalardan istifadə etmirlər, sosial məsafə saxlamırlar. Belə də inamsızlıq olar, belə də eqoizm olar? Gərək öz yaxınlarınız xəstələnsin, siz sonra inanasız ki, koronavirus bəlası var?"
Versus.Az xəbər verir ki, bu sözləri COVID-19 pandemiyasına yoluxmaların dayanmadan artması ilə bağlı açıqlamasında ALDP-nin sədr müşaviri Dinarə Məmmədova deyib.
İki ay karantin dövründə partiya olaraq, maarifləndirmə işləri apardıqlarını qeyd edən müşavir, eyni zamanda bu yöndə sosial video-çarxlar hazlrladıqlarını da vurğulayıb:
"Biz karantin müddətinin uzadılmasının tərəfdarıyıq. Əminəm ki, hamımız tətbiq olunan qaydalara riayət etsəydik, yoluxanların sayı çoxalmazdı və yenidən karantin tətbiq olunmazdı. Təəssüf ki, bəzi vətəndaşların məsuliyyətsizliyi nəticəsində xəstələnlərin sayı çoxaldı. Toylar və yasların keçirilməsinə qadağa goyulduğuna baxmayaraq, bəzi rayonlarda keçirildi və həmin məclislərin iştrakçıları bu virusa yoluxdular. İki həftəlik karantin rejiminin, bir həftəsi geridədir. Statistikaya baxanda heç bir müsbət irəlləyişin olmadığı görünür".
Dinarə xanımın fikrincə, yoluxanların sayında azalma olmasa, onda, yenidən iki aylıq karantin rejimi tətbiq olunmalıdır. Onun sözlərinə görə, sadəcə olaraq, burada bəzi qaydalar da dəyişilməlidir:
"Hesab edirəm ki, SMS-lə icazə 2 saat yox, 3 saat olmalıdır. “1” rəqəmlə çıxmaq üçün məhdudiyyət qoyulmamalıdır. İki ay işsiz olanlara 190 manat verilməlidir. İş adamlarına onlayn satış üçün heç bir məhdudiyyət qoyulmamalıdır. Bank kreditlərinin faizi dayandırılmalıdır. Bu virusun yayılmasının qarşısının alınması hər birimizdən asılıdır.
Biz məsuliyyətli olmalıyıq, tətbiq olunan karantin qaydalarına riayət etməliyik, tibbi maska taxmalıyıq və sosial məsafəni saxlamalıyıq. Bu dəfə hər kəs məsələnin ciddiliyinin fərqində olmalıdır. Ümid edirəm ki, biz özümüzü və yaxınlarımızı qəbul edilmiş qərarlara ciddi əməl etməklə qoruyacağıq".
LƏMAN
Versus.Az