Qlobal savaşlar müstəvisində Azərbaycanın rolu – MÜSAHİBƏ

10:41 02-07-2020 | icon 1381 | Siyasət
Qlobal savaşlar müstəvisində Azərbaycanın rolu – MÜSAHİBƏ

Rauf Məmmədov: “Bu şəbəkə dağılmadan Qarabağı azad etmək mümkün deyil”

 

Bu gün dünyanı, bəşəriyyəti təhlükə altına salan pandemiya bəlası dünyanın yeni düzənini formalaşdırır. Böyük dövlətlərin bu bəla ilə mübarizədə qarşılaşdığı acizliyini önə çəkən təhlilçilər, dünyanın siyasi, iqtisadi, geosiyasi mənzərəsinin dövlətüstü güclər tərəfindən idarə edildiyini iddia edirlər. Belə bir şəraitdə “İpək Yolu” qovşağında yerləşən layihələrə imza atan, Şərq-Qərb, eləcə də Cənub-Şimal qovşağında mühüm yer tutan, iqtisadi, sosial-mədəni əlaqələr qovşağında yerləşən, Xristian və müsəlman sivilizasiyalarının kəsişdiyi nöqtələrdən biri olan Azərbaycanın bu yeni dünya düzəninə təsiri qaçılmaz hesab olunur.

 

Bu gün Azərbaycan bu geosiyasi mövqeyinə görə güc dövlətlərini nəyə razı sala bilər və qarşısında hansı fürsət yaranıb?

 

“İlk savaşı öz nəfsimizdən, dövlətin içindəki xainlərdən başlamalıyıq”

 

Versus.Az xəbər verir ki, politoloq Rauf Məmmədov müsahibəsində çox maraqlı məqamlara diqqət çəkib.

 

- Rauf müəllim, bu gün pandemiyanın tüğyan etdiyi bir ərəfədə regionun geosiyasi mənzərəsini necə təhlil edərdiz. Pandemiya regiona hansı siyasi, strateji təsirlərini göstərməkdə. Belə bir ərəfədə özünün maraqlarını təmin etməyə çalışan Rusiya və Qərbin oyununda uduşa qoyulan nədir?

 

- Mən pandemiya ilə əlaqədar baş verən qlobal hadisələr fonunda Rusiyanı qlobal bir oyunçu kimi görmürəm. Rusiya regional bir gücdür. Vladimir Putin Rusiyanı qlobal güc kimi görmək arzusunda ola bilər. Lakin Kremlin özü dünyada müstəqil siyasət apara bilmir. Kremlin daxilində yüksək vəzifələr tutan məmurların çoxu qlobal oyunçular tərəfindən təyin olunurlar. Onlar, Rusiyanın mənafeyinə deyil, onun maraqlarının ziddinə fəaliyyət göstərirlər. Bu cür məmurlar, SSRİ dövründə də “polit-büro”nun içində yer almışdılar.

 

Lakin, Rusiyanın bunlara paralel şəkildə mövcud olan dərin dövləti vardır. O, KQB-nin içində mövcud olan məxfi təşkilat kimi fəaliyyət göstərə bilər. Vladimir Putinin həmin təşkilatla əlaqəsinin hansı səviyyədə olduğunu demək çətindir. Görünən odur ki, Vladimir Putin orduya da o qədər etibar etmir. Neft qiymətlərinin aşağı düşməsi, Rusiyanın iqtisadi durumunu daha da ağırlaşdırdı. Pandemiya digər tərəfdən onun iqtisadiyyatına zərbə vurdu. Bunlar Rusiyanı Suriya və Liviyada Türkiyə qarşısında aciz qoydu. Bir tərəfdən hərbi məğlubiyyət, digər tərəfdən pandemiyanın, neft qiymətlərinin gətirdiyi sosial-iqtisadi problemlər, Putinin siyasi reytinqini aşağı saldı. Putin öz reytinqini qorumaq məcburiyyətindədir. Çünki bu gün Rusiya Putin deməkdir. Putin öz reytinqini qaldırmaq üçün SSRİ-nin bərpası, daha doğrusu Çar Rusiyasının bərpası ilə əlaqədar açıq və dolayı bəyanatlar səsləndirir. Bu real deyil. Çünki regionda Rusiya tək deyildir. O, əgər belə bir fikrə düşsə, o zaman Çin, Almaniya, Polşa, Türkiyə kimi güclü ölkələrlə qarşı-qarşıya gələcəkdir. Əslində, bu, Rusiyanın özünün parçalanmasına gətirib çıxara bilər.

 

Bu gün dünyada baş verən qlobal hadisələrin dirijorları dövlətlər və onların rəhbərləri deyildir. Artıq, çoxdan dünyanın siyasi və iqtisadi, geosiyasi mənzərəsini formalaşdıranlar dövlətüstü güclərdir. Bu gün pandemiya ilə əlaqədar baş verən qlobal hadisələr bu güclərin toqquşan maraqlarının nəticəsidir. Bu toqquşan maraqların ən gərgin nöqtəsi ABŞ-dır. Artıq kapitalist sistemin çökməsi ilə bu güclər ABŞ-ı öz aralarında bölüşdürmək əzmindədirlər. ABŞ-ın içində gedən toqquşma onu parçalayır və dünyanın mərkəzini Avrasiyaya, Çinə transfer edir. Biz son dövrlərdə Çinin yüksəlişinə səbəb olan sərmayələrin ABŞ-ın transmilli şirkətlərinə məxsus olduğunu görürük. Çinin dünyanın ticarət və maliyyə mərkəzinə çevrilməsi ABŞ-ın parçalanması prosesinin başlanğıcıdır.

Lakin avroatlantik sistemi qoruyub saxlamağa çalışan digər qlobal güclərin də mərkəzi ABŞ-dadır. Buna görə də, dünya bu iki qlobal güc arasında siyasi, iqtisadi, hərbi, virusoloji savaş meydanına çevrilibdir. Bu savaşın əsas məqsədi və ya yeni dünya düzənidir.

 

“Azərbaycan öz mövqeyinə görə belə birliyin əsas mərkəzinə çevrilə bilər”

 

- Bir çox ekspertlər pandemiyanı 3-cü dünya müharibəsi adlandırır. Maraqlıdır ki, bu müharibədə Azərbaycana hansı rol verilir və yaxud hazırda bizi hansı rolda görürlər?

 

- COVİD-19 pandemiyası qlobal güclər arasında gedən savaşın təzahür formalarından biridir. Bu virusun meydana çıxması hansı problemlərin yaranmasına səbəb oldu. Virus dövlətlərin iqtisadiyyatını çökdürür, sosial-siyasi infrastrukturunu zədələyir, dövlətlərin BVF-dan borc almasına səbəb olur, təhsili iflic duruma salır, cəmiyyətlərdə psixoloji vəziyyəti gərginləşdirir, transmilli qurumların dövlətlər üzərində nəzarəti artır, informasiya cəmiyyəti quruculuğunun sürətləndirilməsi və İKT-nın geniş tətbiqi məsələsi gündəmə gəlir. Görünən odur ki, milli dövlətlərin zəiflədilməsi və tədricən ortadan qaldırılması prosesi gedir. Qlobal informasiya cəmiyyətinin qurulması üçün silikon adasının bütün nailiyyətləri sürətlə tətbiq olunmağa başlayır. Bunlar bizə onu göstərir ki, bu prosesləri idarə edənlər qlobalist güclərdir. Pandemiya daha çox onların işinə yarayır.

 

Qlobalistlərin yeni dünya düzəninə qarşı olan digər güc mərkəzi milli dövlətçilik tərəfdarlarıdır. Onların əsas məqsədi dünyada milli dövlətləri öz periferiyasında müstəmləkə şəklində idarə edən qlobal imperiya dövləti qurmaqdır. Pentaqon bu güclərin əsas mərkəzlərindən biridir. Onlar da İKT-nın imkanlarından və hərbi gücdən istifadə edərək öz məqsədlərinə çatmaq istəyirlər. Onlar dünyada bütün enerji resurslarına nəzarət etmək və “İpək Yolu” layihəsini öz nəzarəti altına almaq istəyirlər. Lakin onların öz hədəflərinə çatmaq istiqamətində ən böyük əngəl Çindir. Yəni Çində təmərküzləşən qlobalistlər və maliyyəçilərdir. Onlar arasında gedən savaşı dünya savaşı hesab etmək olar. Bu savaşın nəticələri özünü dolların çökməsində və kriptovalyutaların aktuallaşmasında, Avrasiya məkanında geniş hərbi əməliyyatların başlamasında, yeni virusların yayılmasında göstərə bilər.

Azərbaycan və ya Cənubi Qafqaz bölgəsi bu proseslərin çox mühüm nöqtəsində yer alır. Azərbaycan Çin və Avropa arasında “İpək Yolu” qovşağında, TANAP-TAP layihəsində mühüm yer tutan bir ölkədir. Azərbaycan yalnız Şərq-Qərb deyil, həm də Cənub-Şimal qovşağında mühüm yer tutur. Onun geosiyasi mövqeyi yalnız iqtisadi maraqlarla müəyyənləşmir. Azərbaycan həm də bu istiqamətlərdə sosial-mədəni əlaqələr qovşağında yerləşən ölkədir. Xristian və müsəlman sivilizasiyalarının kəsişdiyi nöqtələrdən ən mühümü Azərbaycandan keçir. Bu baxımdan, Azərbaycan qlobal proseslərdə mühüm yerə malikdir. Məsələn, II Dünya Müharibəsində Hitler Azərbaycanı işğal edə bilsəydi, biz bu gün fərqli bir dünyada yaşayardıq. Deməli, II Dünya Müharibəsindən sonra yeni dünya düzəninin formalaşmasında Azərbaycanın dolayı rolu olmuşdur.

Azərbaycan bu gün də yeni dünya düzəninin formalaşmasına təsir göstərə bilər. O, geosiyasi, geoiqtisadi və geomədəni imkanlarından istifadə edərək, regionda Türkiyə, Pakistan, Qazaxıstan ilə konfederativ bir birliyin meydana gəlməsində fəal rol oynaya bilər. Azərbaycan öz mövqeyinə görə belə birliyin əsas mərkəzinə çevrilə bilər. Regionda belə birliyin meydana çıxması o deməkdir ki, artıq Çin və Avropa ölkələri bu birliyin irəli sürdüyü şərtlərlə razılaşmalı olacaqlar. Əks təqdirdə, “İpək Yolu” layihəsi, Avropanın enerji təhlükəsizliyi sual altında qala bilər. Artıq böyük siyasi iradənin ortaya qoyulması vaxtı və fürsəti gəlmişdir. Şansı əldən vermək olmaz.

 

“Azərbaycanın daxilində islahatlar üçün əngəl olan dərin casusluq şəbəkələri vardır”

 

- Bu gün Azərbaycan “erməni virusu” ilə də mübarizə aparır, Dağlıq Qarabağ münaqişəsinin həllində danışıqları əsas götürən beynəlxalq güclər xarici işlər nazirlərinin növbəti görüşünə nail oldu. Belə görüşlər nəticəsizliyi ilə diqqət çəksə də, nəyə hesablanır? Hərbi yolla Azərbaycanın öz ərazilərini azad etməsinə imkan verməyən beynəlxalq təşkilatlar nəyə görə Ermənistana ərazilərimizdə apardığı infrastruktura, köçürmələrə, eləcə də Ermənistanın qeyri-qanuni əməllərinə reaksiya vermir?

 

-  Azərbaycan bir az əvvəl söylədiyimiz kimi, regionda çox mühüm və hərtərəfli strateji mövqeyə malikdir. Azərbaycana kənardan və daxildən təzyiqlər olmasa, sürətlə böyük nailiyyətlər əldə edə bilər. Üstəlik, bölgədə Azərbaycanla əməkdaşlıq edən dövlətlər də böyük dividentlər əldə edə bilər. Sual olunur: kim Azərbaycana bu imkanı vermək istəyər? Yaxud, hansı dövlət digərinə Azərbaycanla əməkdaşlıq şansını sərbəst buraxar?

Azərbaycan dünyanın “qordi düyünü”dür. Heç kim, onu digərinə güzəşt etmək istəmir. Buna görə də, Azərbaycanın daxilində islahatlar üçün əngəl olan dərin casusluq şəbəkələri vardır. Bu şəbəkə dağılmadan Qarabağı azad etmək mümkün deyildir.

Azərbaycanın Qarabağ problemini nə Rusiya, nə də Qərb həll etmək iqtidarında deyil. Əgər ABŞ həll etsəydi, ilk öncə Gürcüstanın torpaqlarının geri qaytarılmasına nail olardı. Lakin gördüyümüz kimi, Qərb Saakaşvilinin arxasında müdafiəçi kimi dayanmadı. Rusiya işğal etdiyi əraziləri də bu günə kimi rəsmiləşdirə bilmir. Bu beynəlxalq hüquqa ziddir. Yəni Rusiya zorla bunu rəsmiləşdirməyə çalışsa, sanksiyalara və başqa təzyiqlərə məruz qalar. Deməli, problemin açarı nə Qərbdə, nə də Rusiyadadır. Problemin həlli özümüzdədir. Problemi həll etmək üçün böyük olmalıyıq, böyük olmaq üçün böyük düşünməliyik və böyük işlər görməliyik. Ancaq bu problemi yaradanlar bizim aciz, zəif olduğumuzu bizə aşılayır və bizi böyük düşünməkdən məhrum etmək istəyirlər. Bu stereotipdən xilas olmasaq, qurtuluş yoxdur. Bunun üçün ilk savaşı öz nəfsimizdən, dövlətin içindəki xainlərdən başlamalıyıq.

Ölkədə yuxarıdan aparılan islahatlara diqqət yetirilsə, artıq bu prosesin başlanıldığını söyləmək olar. Lakin Azərbaycanın regionda söz sahibi kimi çıxış etməsinə maneə törədən güclər bu və ya digər formada bunun qarşısını almaq üçün öz cəhdlərindən əl çəkmir. Görünən mənzərədə bu istiqamətdə də ölkə daxilində gərginliyin olduğunu söyləmək olar. Türkiyənin PKK üzərində qələbəsi, Suriya və Liviyada əldə etdiyi hərbi nailiyyətlər, daxildəki FETO qruplaşmasını qismən təmizlədikdən sonra baş tutdu.

 

“Müəyyən şərtlər əsasında Paşinyanın hakimiyyətdə qalmasına dəstək verməliyik”

 

- Rusiyanı Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində lokomotiv sayan siyasi dairələr Rusiya ilə dil tapmağın vacibliyini deyir. Rusiyanın Ermənistan və Azərbaycanla münasibətlərində hansı yeniliklər var. Eləcə də Qərbin regiona daxil olmaq istəyi ölkə daxilində hansı təsirlərin aktivləşməsinə imkan yaradıb?

 

- Son dövrdə Qərbin Cənubi Qafqazda fəallaşması müşahidə olunur. Qərb Gürcüstanda möhkəmlənməyi qarşısına məqsəd qoyub. Çünki Gürcüstan Qara Dənizə açılır. Qara Dəniz sahilində yerləşən Şərqi Avropa ölkələri, Ukrayna NATO-nun nəzarəti altına keçir. GUAM ölkələr birliyinin yaradılması da bu məqsədə xidmət edirdi. Əgər Qərb, Şimali Qafqazı Rusiyadan qopara bilsə, bütün Qara Dəniz sahillərinə çıxış əldə edir. Belarusiyanı son dövrdə öz tərəfinə çəkmək cəhdləri onu göstərir ki, Ukrayna, Belarusiya və Pribaltika ölkələrinin daxil olduğu böyük bir coğrafiyanı Rusiyanın təzyiqindən qoparıb öz təsir dairəsinə salmağa çalışır. NATO Şimali Qafqazda qarışıqlıq yaradıb oranı öz nəzarəti altına keçirə bilsə, həmçinin, Qazaxıstan vasitəsilə Orta Asiyaya daxil ola bilər. Bu isə Çin üçün böyük təhlükədir. Lakin Qərbin bu planlarını həyata keçirmək üçün Türkiyəyə ehtiyacı vardır. Çünki Türkiyə Qara Dəniz sahilində yerləşən və güclü dəniz donanmasına malik olan bir ölkədir. Yaddan çıxarmaq olmaz ki, Türkiyə həm də bir NATO ölkəsidir. Türkiyə ABŞ ilə razılaşsa, Qərbin planlarının həyata keçməsi mümkündür. Bu baxımdan, Rusiya Türkiyədən asılı vəziyyətdədir. Əgər Türkiyə ABŞ ilə razılaşsa, NATO-nun Cənubi Qafqaza daxil olması, Şimali Qafqazda anti-rusiya müharibəsinin başlaması reallaşacaqdır. Türkiyənin Şimali Qafqazda dini zəmində anti-rusiya müharibəsini başlatmaq imkanları genişdir. Çünki Şimali Qafqazda olan sufi təriqətlərinin (xüsusilə, Nəxşibəndiyyə təriqəti) Türkiyədəki təriqətlərlə bağlılıqları vardır. XIX əsrin ortalarında Şimali Qafqazda baş qaldıran müridizm hərəkatı da Böyük Britaniyanın Osmanlı vasitəsilə Rusiyaya qarşı həyata keçirdiyi siyasət idi. Məlumdur ki, son dövrdə Türkiyənin ABŞ ilə münasibətləri normal deyildir. Bunun əsas səbəbi, ABŞ-ın 15 temmuz hadisələrində və FETO qruplaşmasını dəstəkləməkdə fəal rol oynaması idi. Türkiyənin Suriya və Liviyada özünü güclü regional bir güc kimi təsdiq etməsi, ABŞ-ın Türkiyə ilə planlarının bir qədər dəyişməsinə səbəb ola bilər. ABŞ (Pentaqon) Avrasiya məkanında hakim olmaq üçün, yəni Rusiyanı və Çini məğlub etmək üçün Türkiyənin köməyinə ehtiyacı vardır. Ona görə də, o, Türkiyənin bir çox şərtləri ilə razılaşa bilər. Məsələn, FETO qruplaşmasını terror təşkilatı kimi elan etməsi, Fətullah Gülənin Türkiyəyə təslim edilməsi, həmçinin, Türkiyə ilə Yaxın Şərq, Afrika və Avrasiya bölgəsində birgə əməkdaşlıq etməsi məsələləri razılaşdırıla bilər. Belə bir razılaşma olsa, Türkiyənin Cənubi Qafqazda təsir gücü artacaqdır. Cənubi Qafqazda Rusiyanın zəifləməsi və Qərb-Türkiyə əməkdaşlığının güclənməsi Qarabağ münaqişəsinin ədalətli həllinə imkan yaradacaqdır. Eyni zamanda, bölgədə İranın bölünməsi, Cənubi Azərbaycan məsələsi də gündəmə gələcəkdir. Bunlar, Türkiyə ilə NATO-nun əməkdaşlığından asılıdır. Buna görə də bu gün Rusiya NATO-nun regionda planlarının həyata keçməməsi üçün, Türkiyənin istənilən şərti ilə razılaşmağa hazırdır. Çin də Türkiyədən asılı durumdadır. Onlar da NATO-nun Çin sərhədlərinə yaxınlaşmaması üçün, Türkiyənin şərtləri ilə razılaşmağa hazırdılar. S.Lavrov və S.Şoyqunun Ankaraya nəzərdə tutulan səfərlərinin təxirə salınması ABŞ-ın təzyiqi ilə olmuşdur. ABŞ Türkiyə ilə birlikdə Rusiyaya qarşı əməkdaşlıq planını həyata keçirməyə çalışır. Türkiyə Qərb ilə Rusiyaya qarşı əməkdaşlığa gedəcəkmi – sualına cavab olaraq deyə bilərik kii, Türkiyə bu güclər arasında öz maraqları istiqamətində manevrlər edəcək və müəyyən dividentlər əldə edəcəkdir. Qərbə yaxınlaşaraq Rusiyadan müəyyən dividentlər əldə edəcək, Rusiyaya yaxınlaşaraq Qərbi öz şərtləri ilə razılaşdırmağa çalışacaqdır. Buna görə də, qlobalistlər Pentaqona təslim olmamaq üçün Türkiyəni öz tərəflərinə çəkməyə çalışacaqlar. Lakin qlobalistlərlə Türkiyənin toqquşduğu nöqtə Fələstin məsələsidir. İsrail Fələstin məsələsində Türkiyə ilə razılaşmaya getməsə, qlobalistlərlə Türkiyənin yaxınlaşması çətin olacaqdır. Lakin qlobalistlər də Türkiyə ilə razılaşmaq məcburiyyətindədirlər. Çünki onların Aralıq Dənizində enerji layihələri, İPƏK YOLU layihələri böyük risk altında qala bilər. Bu baxımdan, Azərbaycan-Türkiyə-Qazaxıstan-Pakistan əməkdaşlığı dünyada qlobalistlərə, Pentaqona alternativ qlobal güc mərkəzinin formalaşmasına səbəb ola bilər. Nəticədə, bu mərkəz, Avrasiya bölgəsində əsas söz sahibinə çevrilə bilər. Qarabağ məsələsinin həlli bu kontekstdə öz həllini tapa bilər. Ermənistanda Paşinyanın hakimiyyətə gəlməsi, Qərbin Ermənistanda yerləşməsi deməkdir. Buna görə, Rusiya Ermənistanda Paşinyan hökumətini devirməyə çalışır. Ancaq, bu bizim xeyrimizə deyildir. Çünki Paşinyanın getməsi ilə Rusiya Ermənistanda yenidən güclənəcəkdir. Qarabağ məsələsinin həllini ləngidən və ona mane olan Rusiyadır. Rusiya Cənubi Qafqazda nə qədər zəifləsə, Qarabağın həlli bir o qədər asanlaşar. Düşünürəm ki, Paşinyan Türkiyə və Qərb ilə əməkdaşlıq etmək üçün Qarabağ məsələsinin həllinə razı olacaqdır. Paşinyan sadəcə olaraq, Rusiyanın Qarabağ klanı ilə ona təzyiq etdiyi və hakimiyyətinin ipdən asılı vəziyyətdə qaldığı bir dövrdə, rəqiblərinə məğlub olmamaq üçün Qarabağın Ermənistana aid olması ilə bağlı şou nümayiş etdirir. Paşinyan, əslində Ter Petrosyanın yolunu davam etdirən siyasətçidir. Azərbaycan-Türkiyə konfederativ birliyi formalaşsa, Ermənistan və Gürcüstan Cənubi Qafqazda Azərbaycan və Türkiyənin bir anklavına çevriləcəkdir. Buna görə Paşinyanın hakimiyyətdən getməsi məsələsində Rusiyaya dəstək olmamalıyıq. Əksinə, müəyyən şərtlər əsasında onun hakimiyyətdə qalmasına dəstək verməliyik. Bu məsələdə İranın bizə təzyiq edəcəyi istisna olunmur. Buna görə də, biz Türkiyənin Cənubi Qafqazda güclənməsi və onun hərbi dəstəyindən yararlanmamız üçün üzərimizə düşən bütün vəzifələri yerinə yetirməliyik. Qərb Paşinyan hökəmətinin hakimiyyətdə qalmasını təmin etmək üçün müharibə variantını seçə bilər. Çünki Ermənistanın müharibə imitasiyası yaratması, Ermənistanda Rusiyanın dəstəyinə arxalanan müxalif qüvvələrin fəaliyyətini məhdudlaşdıra bilər. Müharibə, ona bir çox müxaliflətçiləri yenidən həbs etməyə, ölkədə fövqəladə durumu elan etməyə şərait yaradacaqdır. Ermənistanın Azərbaycana qarşı başlatdığı müharibə imitasiya xarakterli olacaqdır. Bu, Ermənistanda daxili vəziyyəti Paşinyanın əlinə keçirməsinə şərait yaradacaqdır. Ola bilər ki, Qərbin Azərbaycana müharibə başlatmaq və öz ərazilərini azad etmək ilə bağlı siqnalları daha da artsın. Azərbaycan hücum edib bəzi əraziləri işğaldan azad etdikdən sonra, Ermənistanda Raşinyan fövqəladə vəziyyət elan edəcək və müxalifləri Qarabağı Azərbaycana satmaq barədə ittiham edərək həbs edəcəkdir. Bu baxımdan, İranın Daqlığ Qarabağ çəkdiyi körpü ciddi hərbi nəzarətə götürülməlidir. Çünki İran bu körpüdən istifadə edərək Qarabağda Rusiya ilə birlikdə separatçı rejimə hərbi dəstək verə bilər. Eyni zamanda, 5-ci kolonun Azərbaycanda fəallaşması və təxribatlar törətməsi istisna olunmur.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol