“Mərkəzi qüvvəyə çevrilən Azərbaycan hazır olmalıdır” - MÜSAHİBƏ

20:06 08-07-2020 | icon 666 | Siyasət
“Mərkəzi qüvvəyə çevrilən Azərbaycan hazır olmalıdır” - MÜSAHİBƏ

Ramiyə Məmmədova: “Başqa dövlətdə öz ölkəsini təhqir etmək, beynəlxalq təşkilatlar qarşısında pisləmək, heç bir Azərbaycan vətəndaşına başucalığı gətirmir”

 

Regionun geosiyasi mənzərəsi, qlobal pandemiya şəraitində üzləşdiyi manelər müxtəlif aspektlərdə təhlil olunur. Covid-19 pandemiyasına qarşı mübarizədə dünya səfərbərliyi gündəmə gətirilməklə, hadisələrin inkişafı ayrı-ayrı dövlətlərin mövcud vəziyyətdən necə çıxa bilməsi, xüsusi maraqları naminə hansı addımları atacağı ilə bağlı maraqları üzə çıxarır. Qlobal güclərin pandemiyadan bir silah kimi yararlanmaq istəyi inkar edilmir, ayrı-ayrı dövlətlərin bu prosesdən nə dərəcədə qalib və yaxud az zərərlə çıxacağı təhlil olunur.

 

Belə bir şəraitdə region dövlətlərinin daxili siyasətinə və strateji maraqlarına “öz əli” ilə zərbə vurmağa çalışan güclərə qarşı hansı qabaqlayıcı tədbirlər görülür və mövcud durum regiona nələri vəd edir?

 

Versus.Az xəbər verir ki, Türkiyə “Wörd” Ponarama Araşdırmalar Mərkəzinin rəhbəri Ramiyə Məmmədova müsahibəsində diqqəti maraqlı nüanslara çəkib.

 

“Azərbaycan öz ali mədəniyyətini, bütün dinlərinə tolerant yanaşan bir ölkə olduğunu göstərdi”

 

- Ramiyə xanım, necə hesab edirsiz, pandemiya dövründə Azərbaycanın region və eləcə də beynəlxalq miqyasdakı rolu necə müşahidə olunur?

 

- Azərbaycan geosiyasi, geoiqtisadi mövqeyinə görə Qafqazın ən inkişaf etmiş dövlətidir və Qərblə Şərq arasında körpü rolunu oynayır. Bu gün Azərbaycanın qatıldığı mühüm əhəmiyyətli layihələr, pandemiya ilə bağlı rəhbərlik etdiyi bir sıra beynəlxalq video-konfranslar ölkəmizin strateji əhəmiyyətini bir daha nümayiş etdirir. Azərbaycan çox mühüm layihələrə rəhbərlik etməklə, eyni zamanda bir iştirakçı olaraq regionda əlaqələndirici, mərkızçi qüvvəyə çevrilir.

Təbii ki, pandemiya dünya siyasətinə və iqtisadiyyatına böyük təsir göstərdi və bu böhran hələ də bitməyib. Belə bir şəraitdə Azərbaycanın bir çox dövlətləri bir araya gətirərək pandemiyaya qarşı birgə mübarizənin təşkilini müzakirə etməsi, təcrübə mübadiləsinin keçirilməsinə yönəlik tədbirlər ilk baxışdan kimlərəsə adi görünə bilər. Lakin bu video-konfransların məhz Bakı üzərindən təşkili hazırki şəraitdə ölkəmizin geosiyasi müstəvidə apardığı balanslı siyasət və Qərblə, Şərqin aparıcı maraqlarının Azərbaycanda toqquşmasının nəticəsidir. Bu gün bütün dinləri, mədəniyyətləri və millətləri özündə birləşdirən dövlətlərdən biri kimi Azərbaycan tolerantlıq siyasətini bir daha nümayiş etdirir. Son keçirilməsi nəzərdə tutulan BMT Baş Assambleyasının xüsusi sessiyası göstərdi ki, Azərbaycan öz ali mədəniyyətini, bütün dinlərinə tolerant yanaşan bir ölkə olduğunu ifadə etməklə, öz geosiyasi əhəmiyyətini göstərdi.

Pandemiya dövründə Prezidentin atdığı addımlar  beynəlxalq müstəvidə böyük rol oynayır. Prezidentin həmrəylik çağırışı və bu virusla mübarizədə sərgilədiyi həmrəylik alqışla qarşılanır. Bu da Azərbaycanın həm regionda, həm də qlobal çevrədə rolunun artmasının, həm də Azərbaycanın bir dövlət kimi beynəlxalq aləmdə sözünün eşidilməsinə gətirib çıxarıb. Azərbaycan dövlətinin bugünkü siyasəti dünya ictimaiyyətinə Azərbaycanın nə qədər sülhsevər, tolerant, inkişafa doğru addımlayan bir dövlət olduğunu götərir. Bu da Azərbaycana böyük divident gətirir. Azərbaycanın beynəlxalq aləmdə lazımı yerini tutması, əsasən də Dağlıq Qarabağ məsələsinin həllində beynəlxalq aləmdən dəstək almasında vacib nüanslardan biridir. Amma bütün bunlar heç də o demək deyil ki, hər şey rəvandır və ölkəmizin qarşısında yaşıl işıq yandırılıb. Təbii ki, yox. Azərbaycan yenə də torpaq itkisi ilə yaşayır və hələ də onu özünün təsiri altına salmağa çalışan güclər fürsət güdürlər. Elə ona görə də xarici əks təsirlərdən qorunmaq üçün daxili sabitliyin qorunması, xalqın birliyi əsas vəzifə olaraq qarşıya qoyulub.

 

“Bu, heç bir Azərbaycan vətəndaşına başucalığı gətirmir”

 

- Sizin fikirlərinzə istinad etsək, bu gün Rusiyadan və Qərbdən  idarə olunan müəyyən qrupların ölkə daxilində sabitliyi pozmağa yönələn cəhdləri barədə tez-tez danışılır. Son vaxtlar bu müstəvidə “radikal müxalifət” deyilən siyasi təşkilat və birliklərin fəaliyyəti xüsusilə önə çəkilir. Nə baş verir, həmin qruplar nə dərəcədə fəaldır və onlar haradan güc alır?

 

- Düşünürəm ki, “radikal müxalifət", deyiləndə ilk növbədə AXCP-nin rəhbərlərindən olan Əli Kərimli, Milli Şura və onun “öndəri” Cəmil Həsənli nəzərdə tutulur. Bunlardan bəziləri xarici dövlətlərdə, bəziləri ölkə daxilində oturub Azərbaycan haqqında yanlış fikirlər yürüdürlər. Ümumiyyətlə, hesab edirəm ki, xaricdə yaşayan insanlarımızın, ictimai-siyasi fəalların Azərbaycan haqqında mənfi fikirlər yürütməsi çox yanlış addımalardır. Təbii ki, hər bir inkişaf etmiş dövlətdə olduğu kimi, Azərbaycanın da problemləri, qüsurları  var. Amma gedib başqa dövlətdə öz ölkəsini təhqir etmək, onu beynəlxalq təşkilatlar qarşısında pisləmək heç bir Azərbaycan vətəndaşına başucalığı gətirmir. Təbii ki, hər bir hakimiyyətin, hər bir dövlətin özünə uyğun öz siyasəti var və o siyasəti nə dərəcədə dəstəkləyib, dəstəkləməyəcəyi müxalifətin öz işidir. Lakin müxalifətçilik də o deyil ki, ağına-bozuna baxmadan, ölkənin strateji maraqlarına, mövcud vəziyyətə fikir vermədən öz ölkəni pis tərəfdən təbliğ edəsən. Dövlətin maraqlarını tapdalayıb keçəsən.

Amma görünən budur ki, radikal müxalifət deyilən qruplar dövlət maraqlarını ayaqlayır və bu da təsadüfi deyil. Bu gün xaricdə oturan insanlar bu biabırçılıqları özbaşına eləmirlər. Azərbaycana qarşı çıxan dövlət və qurumlar var ki, onları maliyyələşdirirlər. Bunlar da həmin pulu yeyib, həm Azərbaycanı daxilində, həm də xaricdə  Azərbaycana qarş çalışırlar. Təbii ki, bu qrupların dəstəkçiləri Rusiyada da var, Qərbdə də. Qərbdə SOROS və digər beynəlxalq təşkilatlar var ki, Azərbaycanın regiondakı inkişafına, rəhbərlik etdiyi layihələrə, burada gedən inkişafa qarşı çıxırlar. Təbii ki, onlar çox istərdilər ki, Azərbaycanı Yaxın Şərqdəki dövlətlərə - Liviya, Suriyanın gününə salıb öz təsirləri altına salsınlar. Lakin bu gün  Azərbaycanın yürütdüyü siyasət buna imkan vermir.  Ona görə də qatı müxalifət bir-biri ilə boş-boş mübahisə aparmaqdan savayı heç bir işə yaramır.  Çünki onaları tək hakimiyyət yox, Azərbaycan xalqı da çox yaxşı tanıyır. Onların haradan maliyyələşməsini və bu günə qədər Azərbaycanda gördüyü işləri və bundan sonra da nə işlər görəcəyini xalq çox gözəl bilir və buna birmənalı yanaşmır.

 

- Pamiyə xanım, bu gün Azərbaycanda özünün təsirini gücləndirən hakimiyyətdə olan keçmiş nazirlərin, aparat rəhbərlərinin "5-ci kolon" missiyasının aktivləşdirildiyi və Azərbaycan üçün təhlükə yaratdığı deyilir. Bu problemi uğurla adlamaq üçün iqtidar-müxalifət dialoqunun mövcud səviyyəsini necə dəyərləndirərdiz?

 

- Parlament seçkilərindən əvvəl və sonra hakimiyyətdən belə bir təşəbbüs gəldi ki, müxalifətçi qüvvələrlə əməkdaşlıq qurulsun. Artıq Prezident Admnistrasiyasının məlum şöbəsinin müxlifət partiyaları ilə keçirdiyi mütəmadı görüşlər, iqtidar-müxalifət yaxınlaşmasında, birliyin formalaşmasına öz töhfəsini verməkdədir. Təbii ki, bu, təqdirəlayq bir adımdır. Aparat rəhbərliyinin partya liderləri ilə görüşləri mövcud hakimiyyətlə müxalifət partiyaları arasında olan konsersusun genişlənməsidir. Bilirsiz ki, müxalifət partiyaları hakimiyyətin qüsurlarını tənqid edər və hakimiyyətin görmədiyi məsələləri önə çəkib, problemlərin həllini tələb edir. Bu normal haldır. Və hakimiyyət də müxalifət partiyalarının təkliflərini nəzərə alıb öz düzəlişlərini eləməlidir. Qarşılıqlı ədavət hissi yaratmadan iqtidarla müxalifət arasında yaranan bu münasibət daha çox sistemləşsə, yalnız ölkənin xeyrinə ola bilər.

“5-ci kolon” məsələsi də artıq uzun müddətdir ki, geniş müzakirə olunur. Keçmiş nazirlər, icra başçıları, aparat rəhbərlərinin Rusiyaya bağlı olan qüvvələr olduğu və bunlara dəstək verilərək ölkədə hakimiyyətə qarşı iğtişaş yaratmaq niyyətləri barədə fikirlər var. Hər zaman dövlətin içində gizlin, regionun böyük dövlətinin əlinə çalışan cəsuslar olub. Bu sovet dövründən gələn məsələdir. “Polidbiro”, “KQB”-nin işçiləri hər zaman  hakimiyyət içinə soxulub, orda  öz işlərini görüblər. Bu gün təbii ki, Azərbaycan daxilində də Rusiyaya bağlı olan qüvvələr var. Burada Rusiyanın adının çəkilməsi normaldır. Çünki Rusiya regionun ən böyük dövlətidir və Azərbaycan da uzun illər keçmiş SSRİ-nin tərkibində olub. Buna görə də daxilimizdə Rusiyaya bağlı cəsusların olması mümkündür. Bu gün belə qüvvələrin qarşısı alınmalıdır. Eləcə də bu gün iqtdar-müxalifət sövdələşməsi Azərbaycanın daxili və xarici siyasətinin uğurla davam etməsi üçün ən vacib məsələdir. Hakimiyyətlə müxalifətin eyni yolda yürüməsi Dağlıq Qarabağ məsələsində də özünü göstərəcək. İqtidar və müxalifət partiyalarının eyni yolda yürüməsi Azərbaycanın mənafeyi naminədir və bunu genişləndirməyə ehtiyac var.

 

- Bu gün regionun geosiyasi vəziyyəti, dünyada gedən proseslər diplomatik korpuslardan daha çox fəallıq tələb edir. Belə bir ərəfədə daha çox tənqidə məruz qalan qurumun Xarci İşlər Nazirliyi olduğunu müşahidə edirik. Necə hesab edirsiz, ictimaiyyətin bu qurumdan gözləntiləri nədir və onun Qarabağ siyasəti nə dərəcədə özünü doğruldur?

 

- Təbii ki, Xarici İşlər Nazirliyi dövlətin strateji xəttinə uyğun olaraq Qarabağ danışıqlarında özbaşına qərarlar verə bilməz. Buna baxmayaraq bu qurumun aparıcı fiqurları diplomat olaraq özləri dişli bir siyasət göstərməklə, dövlətin xarici diplomatiyasının kəsərliliyini, cəsarətini nümayiş etdirə bilər. Biz bu siyasəti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun timsalında görürük. O, Liviya-Suriya və  digər məsələlərdə sərt mövqe sərgiləyərək, dirəniş göstərdi. Türkiyə bu gün Liviya və Suriya məsələsində istədiklərinə nail oldu. Dişli, sərt, ağıllı diplomat beynəlxalq fikirləri özünə yönəltməyi bacaran, dünya siyasətçilərinin diqqətini cəlb edərək, özünün haqlı olduğunu və bundan dünyanın qazana biləcəyini isbat edə biləndir. Qarabağ siyasətində dünyanın ikili maraqları olsa da, ağıllı diplomatiya o fikirləri özünün xeyrinə dəyişə bilər. Əslində biz bu gün bu siyasıti Prezidentin timsalında görə bilirik. Amma belə bir ağır durumda olan ölkənin bütün diplomatik korpusu Prezidenti kimi cəsarətli çıxışlar etməlidir.

Uzun illərdir Xarici İşlər Nazirliyinin fəaliyyətini tənqid edənlər az olmayıb. Təbii ki, bu tənqidçilər sırasında ekspertlər də olub. Çünki Azərbaycanın ən ağrılı məsələsi torpaqlarımızın işğalda qalmasıdır. XİN Dağlıq Qarabağ  məsələsi ilə bağlı illərdir bir çox görüşlər keçirib. Nəticə etibarilə bu gün başa düşülür ki, XİN-nin bu günə qədər gördüyü işlər özünü doğru-düzgün doğrultmayıb. Təbii ki, tam fəaliyyətsizliyini də söyləmək olmaz. Çünki danışıqlar ərəfəsində bir çox qərarlar qəbul olundu və buna beynəlxalq müstəvidə qiymət verildi. Lakin vəziyyətə bu gündən baxanda XİN-in yetərincə fəaiyyət göstərmədiyi  üzə çıxır.

Biz də dəfələrlə qeyd etmişik ki, bu gedişlə Dağlıq Qarabağ məsələsi sülh yolu ilə həll olunan deyil. Birmənalı şəkildə söyləmək olar ki, Dağlıq Qarabağ məsələsi çıxılmaz bir yoldadır. Dağlıq Qarabağ məsələsi ilə bağlı Ermənistanın apardığı siyasət, Paşinyanın verdiyi sərsəm və bəyanatlar, onun münaqişə tərəfi kimi Dağlıq Qarabağı göstərməsi və guya Ermənistan hakimiyyətinin Qarabağ ermənilərinə dəstək verməsini tirajlaması, bu dövlətin məkirli məqsədini açıqlayır.

Bu gün Qarabağdan Ermənistana çəkilən 3-cü yolla bağlı çox danışılır. Son dövrlərdə Qarabağla bağlı ermənilərin verdiyi sərsəm bəyanatlara və Qarabağı heç vaxt qaytarmayacaqlarını demələri və işğal etdikləri ərazilərini daha da genişləndirəcəklərini demələri, ermənilərin ərazilərimizdə geniş vüsətlə yayılması planları Ermənistanın sülhə gəlməyəcəyini göstərməklə yanaşı, Azərbaycan diplomatiyasından daha cəsarətli və sərt gedişlər etməyi tələb edir. Hələ ki, bu görünmür. Dağlıq Qarabağ məsələsi uzandıqca uzanır. Ona görə də, XİN-in 30 ildir apardığı sülh siyasətini kənara qoymaq lazımdır. 2016-cı il aprel əməliyyatlarını geniş miqyasda təkrarlayıb, Qarabağ ərazilərini geri qaytarmaq lazımdır.

Bu gün ölkə ictimaiyyətində bir fikir formalaşıb: “Azərbaycan hərbə əl atmalıdır”. Birmənalı olaraq Qarabağ münaqişəsinin ancaq müharibə yolu ilə həlli gündəmə gətirilməldir. Dünya ictimaiyyəti buna hazırlanmalı və özümüz də buna hazırlaşmalıyıq. Dünya ictimaiyyətinə bu məsələnin aktuallığı çatdırılmalıdır. Tarixi İrəvan torpaqlarımızda da Azərbaycan bayrağının asılacağı məsələsi ictimaiyyətə çatdırılmalı və müharibənin hər an başlanması ilə bağlı psixoloji hazırlıqlar keçilməlidir. /ucnoqta/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…