Azərbaycan mətbuatı – 145

14:58 09-07-2020 | icon 1773 | Mədəniyyət
Azərbaycan mətbuatı – 145

“Cəfər Cabbarlı öz zəngin yaradıcılığı ilə dünya dramaturgiyası zirvəsinə yüksələn dahi sənətkardır”

 /Heydər Əliyev/

 

CƏFƏR CABBARLININ AÇILMAMIŞ JURNALİSTİKA SİRLƏRİ

 

Cəfər Cabbarlı həyat həqiqətlərini bədii gerçəklik müstəvisində müxtəlif ədəbi janrların qəliblərində  ifadə etməyi bacarıan unikal istedad  sahibidir. Hər hansı yazıçının yaradıcılığına hərtərəfli baxışla yanaşanda, onun hansı bir ədəbi janrda daha uğurlu olması meydana çıxır. Cabbarlının zəif əsəri olmayıb, düşüncə, hiss və həyacanlarını ifadə etdiyi bütün əsərlarində yüksək sənət ecası göstərə bilib. 

 

Bir jurnalist, şair,yazıçı, musiqi mətn müəllifi və  bəstəçisi, nəzəriyyəçi, teatr və kino yaradıcısı olmaq etibarı ilə o, bir-birindən kəskin fərqlənən janrların nəzəri tələblərini gözləyərək öz gizli sözünü deməyi bacarıb. Azərbaycanın mənəvi-ruhani yaşam sferasında elə mətləb qalmayıb ki, dahi sənətkar orada öz sözünü deməmiş olsun. 

 

Bəs, Cəfər Cabbarlı buna necə müvəffəq olub? İlk növbədə istifadə etdiyi janrların nəzəri əsaslarını əsaslı surətdə öyrənib. Onun yazdığı bütün nəzm nümunələri qüsursuzdur; nə ritmik, nə qafiyə, nə də məzmun sarıdan bu sənət əsərlərində zərrəcə də əksiklik yoxdur.  Bu sözlər nəsr və dramaturgiya (həm teatr, həm kino) materiallarına da şamil edilə bilər.

 

Elə yazıçılar var ki, əvvəl hekayə kimi qələmə aldığı bir mövzunu genişləndirib povest, ya roman, daha sonra isə səhnə əsəri və kino ssenari şəklinə salıb. Mövzunun eyniyyəti əlavə təfərrüatlar xaric bütün bu əsərlərdə üst-üstə düşür. Cəfər Cabbarlı isə qələmə aldığı mövzunun sakrallığını başqa janrlarda adiləşdirməyi heç ağlına da gətirmirdi. Başqa müəlliflər hansısa bir mövzunu teatr üçün səhnələşdirir, Cabbarlıda mövzu teatr əsəri kimi doğulur. M.F.Axundovun ölümünün 50 illiyi münasibətilə “Hacı Qara” komediyasının əsasında “Sona” və öz səhnə əsərləri olan “Sevil”, “Almas”, “1905-ci ildə” dramlarınının mövzusunda eyni adlı kino-ssenariləri yazıb. Ssenarilər mütləq rusca yazılmalıydı, dahi sənətkar bu dili incəliklərinədək mükəmməl bilirdi və fikirlərini ifadə etməkdə heç bir çətinliyi yox idi. Ssenariləri oxuyanda kinonun tələblərini, imkanlarını həm bir ssenariçi, həm də rejissor kimi necə gözəl mənimsədiyini görməmək olmur.

 

Cəfər Cabbarlı xalqın taleyini sənət qayəsi edən dahi sənətkar olduğu üçün, ilk növbədə yaşam faktını seçib qələmə alarkən, oxucu və tamaşaçının ruhi sfera və idrak mexanizmlərini şüuraltı nəzərə alırdı. Bunun üçün jurnalist müşahidəçiliyi onun köməyinə gəlirdi. Hələ mətbuat orqanlarında rəsmi jurnalist  kimi fəaliyyət göstərmədiyi vaxtlarda da onun jurnalist istedadı özünü tam gerçəkliyilə büruzə verirdi. İlk yaradıcılıq dövrünə aid edilən satirik şeirləri, əslində mənzum felyetonlardı. “Qurtuluş”, “Məktəb”, “Babayi-Əmir”, “Dirilik”, “Molla Nəsrəddin” və s. mətbu orqanlarında çap etdiyi nəzm nümunələrində bədii-poetik istedadla yanaşı, mövzuya yetkin jurnalist baxışını da görmək olur. "Boranlı qış gecəsi", "Bayram saxlayanlara", "Dilənçi" və "Novruz bayramına hazırlaşan müsəlmana töhfə" kimi şeirlərində  o, şair olmaqla yanaşı həm də kəskin qələmli cəsur jurnalist kimi özünü göstərir. Başqalarının bəlkə də çəkindiyi mövzularda da gənc şair öz sözünü deyə bilir."Hürriyyəti-nisvançılara protesto", "Arvadlar deyirlər", "Kişilər deyirlər", "Qızlardan kişilərə protesto" və başqa mənzum felyetonlarında şairin tənqid atəşi ictimai, siyasi məsələlərə doğru yönəlir, dövlət quruluşundakı nöqsanları ifşa edir.

 

 

Yazıçının jurnalist sövqi-təbiisi müşahidə etdiyi hadisələrin həyatiliyini qorumaqla  onu bədii fakta çevirməyi bacarığındandır ki, "Bakı müharibəsi" əsərində 1918-ci ilin martında  baş verən  erməni daşnaqlarının havadarlarından aldığı dəstəklə qürrələnərək xalqımıza  qarşı etdiyi zülmlər təsvir edilir. 16 sentyabr 1919-cu ildə  A.M.Şərifzadənin rejissorluğu ilə "Türk ocağı"nda tamaşaya qoyulmuş bu əsərdə  Nuru Paşanın başçılığıyla  xilaskar türk ordusunun Bakı şəhərini barbar erməni vəhşilərindən xilas etməsini Cəfər Cabbarlı səhnəyə gətirdi. Çox təəssüf olsun ki, əsərin mətni hələ də əlimizdə deyildir.

 

28 aprel bolşevik işğalından sonra, həmfikirləri mühacirətə üz tutsa da, vətəndə qalıb məşəqqətlərə dözməklə, burada xalqına daha çox əyani xidmət göstərmək istədi. Nəşr olunan “Əxbar”(Xəbərlər) qəzetində rəsmi olaraq jurnalist kimi çalışdı. Hələ ki, bolşevik basqısı kəskin olmayan həmin vaxtlarda qəzetdə azad söz demək mümkündü, Cabbarlı bu fürsəti fövtə vermədi. Həm ictimai-siyasi, həm də mədəniyyət faktlarını, jurnalist araşdırmalarını qələmə aldı. Sonra “Kommunist” klişesilə çıxan həmin qəzetdə də jurnalist kimi imzası göründü.

 

Çox  təəssüf ki, Cəfər Cabbarlının jurnalistikası yaxşı öyrənilməyib. Bu ayrıca dissertasiya mövzusudur.

 

Azərbaycan Milli Mətbuatının 145 illiyinin keçirilməsi ilə bağlı Respublika Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamda mətbuat və jurnalistika tariximizə nəzər yetirilmiş, onun inkişafında xidməti olan maarifpərvər ziyalılarımızın, publisistlərin, söz, qələm sahiblərinin əməyi xüsusi vurğulanmışdır. Bu ziyalılar, qüdrətli söz, qələm sərrafları arasında, sübhəsiz ki, dahi Cəfər Cabbarlının öz yeri , öz xüsusi çəkisi vardır.

 

FİRUDİN QURBANSOY

/Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, dosent/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol