Qərbi Azərbaycanlı qaçqınların işi Avropa Məhkəməsinə göndəriləcək
"Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” “1988-ci ildən etibarən Ermənistandan deportasiya olunmuş azərbaycanlıların pozulmuş əmlak hüquqlarının təmin olunması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlərin təşkili” adlı layihənin icrasına başlayır.
Versus.Az xəbər verir ki, bu layihədə 1988-1989-cu illərdə vahid mərkəzdən idarə olunan erməni quldur dəstələri və rayon rəhbərlərinin nəzarəti və iştirakı ilə azərbaycanlıları deportasiya edərək öz tarixi dədə-baba yurdu olan Qərbi Azərbaycandan (Ermənistan) çıxıb getmələri üçün onların evlərinə basqın edərək əmlaklarını qanunsuz ələ keçirmələrindən, pozulmuş əmlak hüquqlarının bərpa olunması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlərin təşkilindən bəhs edilir.
Məlumatda deyilir:
Aparılmış araşdırmaların, elmi-tədqiqat işlərinin, mövcud arxiv sənədlərinin əsasında müəyyən edilmişdir ki, azərbaycanlıların deportasiyası dövründə soydaşlarımızın kolxozlarda olan illik əmək haqları ermənilərə qalmış, bir çoxları dövlət banklarında olan əmanətlərini götürə bilməmiş, məcbur olub öz geniş həyətyanı torpaqlarını, mülklərini və xüsusi evlərini tərk etmişlər. Soydaşlarımızın fərdi təsərrüfatlarındakı əmlak da bütünlüklə ermənilər tərəfindən əvəzi ödənilmədən mənimsənilmişdir. Qaçqın soydaşlarımıza məxsus talanmış, qanunsuz olaraq ələ keçirilmiş əmlaklarının dəyəri təxminən 2,5 milyard ABŞ dolları təşkil etmişdir.
1988-ci ildən Ermənistandan deportasiya olunmuş azərbaycanlıların pozulmuş əmlak hüquqlarının bərpasına nail olmaq, onlara yetirilən maddi və mənəvi ziyanın ödənilməsi öhdəliyini Ermənistan dövlətinin üzərinə qoymaq üçün hazırlanmış material və sənədlər İnsan Hüquqları üzrə Avropa məhkəməsinə göndəriləcək, ermənilərin deportasiya etdikləri qərbi azərbaycanlıların əmlaklarını qanunsuz ələ keçirmələri faktları Avropa və dünya ictimaiyyətinin nəzərinə çatdırılacaq.
Avropa Şurasının üzvü olan Ermənistandan 1988-ci ildən deportasiya olunmuş azərbaycanlıların pozulmuş əmlak hüquqlarının təmin etməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlərin başlanması üçün artıq sənədlərin qəbuluna başlanmışdır. Ölkəmizdə Operativ Qərargahın təyin etdiyi xüsusi karantin rejiminə riayət edərək ilkin müraciətlər üçün aşağıda qeyd olunan mobil nömrə (051-589-10-13) və yaxud mail ünvanı ([email protected]) vasitəsi ilə online növbə götürülür.
Təşkilat tərəfindən qeyd olunan növbəyə uygun olaraq vaxt təyin ediləcək.
Deportasiya qurbanları ilə görüş zamanı Operativ Qərargahın tələb və tövsiyələri diqqətə alınaraq sosial məsafənin qorunması, masqa taxılması, spirt və s kimi gigiyenik qaydalara əməl olunması diqqət mərkəzində olacaq. Toplanmış sənədlər AİHM-nin tələb etdiyi formada hazırlanır, dəymiş ziyan hesablanır və Ermənistan dövlətindən kompensasiya tələb edilir. Bunun üçün 1988-ci ildən Qərbi Azərbaycandan məcburən köçürülən soydaşlarımızın əllərində olan sənəd və sübutlarla 20.08.2020-ci il tarixinə kimi müraciət etmələri xahiş olunur".
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"