“Moskva Elçibəyi Yusif Sərrac obrazında ortaya buraxdı ki...” - LAYİHƏ

08:04 20-06-2018 | icon 5471 | Layihə
“Moskva Elçibəyi Yusif Sərrac obrazında ortaya buraxdı ki...” - LAYİHƏ

QƏZAN MÜBARƏK

 

Sərdar Cəlaloğlu: “Etibar da, Rəhim də Surət Hüseynova sədaqət andı içmişdilər”

 

II hissə

 

 

((Layihənin bundan öncəki DÖYÜŞÇÜlərinin linkləri - Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Arif Paşa 1-ci və 2-ci, Zərdüşt Əlizadə - 1-ci və 2-ci), Sərdar Cəlaloğlu 1-ci)

 

 

““Milli Şura” projesi və itirilən 20 milyard dollar”

 

 

- Biz ayın 18-də gecə getdik Culfanın Yayıcı kəndinə ki, gecə İrana keçək. Məsciddə oturmuşduq, bir də eşitdim ki, sovet qoşunları girib Bakıya. Getdik İrana, orada bizə dedilər ki, sizinkiləri ruslar qırıb. Üç gündən sonra Təbrizin Göy məscidində imam cümə Bakıda Şəhidlərin xatirəsinə bir məclis verdi.

 

- O vaxt “Ayaz Mütəllibov hakimiyyətini sarsıtmaq üçün 5-6 kənd boşaldaq” söhbəti olmuşdumu və bununla bağlı sizdə hansısa informasiya varmı?

 

- Biz Vəzirovun yıxılacağını 1989-cu il noyabr ayında bildik. O vaxtı biz Naxçıvanda 7 noyabr paradının keçirilməsinə icazə vermirdik. Hökumət pis vəziyyətdə qalmışdı. Moskva da paradın keçirilməsində israrlı idi. Onda ikinci katib Bolotinlə danışıqlar oldu. Bakıdan nümayəndə heyəti gəldi - akademik Fərəməz Maqsudov, MK katibi Telman Orucov, Rəhim Rəhimov və başqaları. Bizə dedilər ki, gəlin neytral bir yerdə görüş keçirək. Dedik ki, harda, dedilər Naxçıvanın erməni kəndində. Biz də getdik ora. Orada Telman Orucov bizə dedi ki, tələsməyin, tezliklə Azərbaycanda çox ciddi dəyişikliklər olacaq...

 

- Razılaşdınız onlarla?..

 

- Yox, razılaşmadıq. Telman Orucov dedi ki, sabah Bakıdan adam göndərəcəklər, gəlib sizə hər şeyi deyəcək...

 

- Telman Orucovun dediyi gözlənilən adam gəlib çıxdı?

 

- Doğrudan da üç gündən sonra Bakıdan Nemət Pənahlı gəlib söylədi ki, burada paradın qarşısını alanlar Lənkəranda da paradın qarşısını alıb, bunlar hamısı ermənilərlə birləşib separatizmlə məşğuldular. Bizim haqqımızda olmazın sözlər danışdı...

 

- Deyəsən axı tez-tez vurğulanan “Nemət Pənahlının Telman Orucova işləməsilə bağlı faktlar” öz əksini tapmaqdadır. Amma hər halda bu məsələdə doğrusunu Nemət bəy bilər... Onda siz nə etdiniz?

 

- Biz dedik ki, gəlin kompromisə gedək...

 

- Nə idi bu “kompromis”...

 

- Paradla yanaşı biz də etiraz aksiyası keçirəcəkdik. Deməli, elə oldu ki, camaat paraddan qaça-qaça bizim mitinqə gəlirdi. O vaxt mən bildim ki, Telman Orucovun fikri nədi. Bildim ki, Vəzirovun hakimiyyətdə qalması müşkül məsələdir. Vəzirov 1 yanvar 1990-cı ildə Nişanovla, Girenkoyla Naxçıvana gəldi. O vaxtı sərhədlər dağıdılmışdı, dedilər ki, danışıqlar aparılmalıdır. Yenə də həmin danışıqlarda mən Xalq Cəbhəsini təmsil etmişəm...

 

- Nələr müzakirə etdiniz?

 

- Danışıqlar prosesində Vəzirov mənə vədlər verirdi ki, gəl Bakıya, biz səninlə əməkdaşlıq edək, sənə iş verək. Onda Vəzirova dedim ki, hələ sən özün bax gör hakimiyətdə qala biləcəksənmi? Onda Vəzirov elə bildi ki, mən zarafat edirəm. Üstündən bir az keçməmiş də məlum hadisələr oldu, Vəzirov hakimiyyətdən getdi. Yəni Ayaz Mütəllibovun hakimiyyətə gətiriləcəyilə bağlı Telman Orucov oktyabr ayında bizə məlumat vermişdi....

 

“Müsavat ideyasının başlanğıcında yanlışlıq olduğuna görə imtina etdim”

 

- “Dövlətiniz” süqut edəndən sonra siz də Bakıya gəldiniz...

 

- Cəbhə hakimiyyətə gələndən sonra biz Bakıya gəldik. Partiyanın mərkəzi qərargahı Naxçıvanda olsa da, Azərbaycanın digər rayonlarında da bizim yerli təşkilatlarımız var idi...

 

- Partiya ilə bağlı İsa Qəmbərə hansı təkliflər olmuşdu?

 

- İsa Qəmbərə təklif etdik ki, gəlin bu partiyanı verək sizə, biz də olaq Naxçıvan təşkilatı. İsa bəy dedi ki, bizə Müsavatı bərpa eləmək təklif olunub. O ideyanı da təklif etdi ki, gəlin biryerdə Müsavatı bərpa edək. Mən də razılaşdım, amma o müsavat ideyasının başlanğıcında yanlışlıq olduğuna görə mən bundan imtina etdim.

 

- Deməli siz də Müsavatın bərpasında bir tərəf idiniz?

 

- Müsavatın bərpasını üç tərəf həyata keçirəcəkdi - biz, Əli Kərimlinin yurdçuları və ŞADP (Şimali Azərbaycan Demokrat Partiyası) tərəfdarları. Üçümüz birləşib Müsavatı təsis edəcəkdik. O Müsavatın təsis yığıncağının protokolunu mənə gətirdilər ki, kimlər rəhbərlik edəcək. Baxdım ki, Azərbaycandakı dil-ədəbiyyat İnstitutunun müəllimlərinin hamısını transfer ediblər ora - Vurğun da orada idi, Məmməd İsmayıl da orada idi və başqaları...

 

- Və sonradan Cəbhə hakimiyyətə gəldi. Və sonradan deyirlər ki, Cəbhə hakimiyyətində “zorən müsavatlaşdırma” siyasəti aparıldı. Ümumiyyətlə, Cəbhənin hakimiyyətə gəlməsində, bir az da konkretləşdirsək, Əbülfəz Elçibəyin prezident olmasına təkan verən faktorlar hansılar idi?

 

- Əbülfəz Elçibəyin hakimiyyətə gəlməsində yalnız Cəbhənin rolu olmayıb. Moskva öz nəzarət gücünü itirdiyindən mərkəzdə bir boşluq yaranmışdı. Bu səbəbdən də Azərbaycanda hakimiyyətin dəyişilməsinə müqavimət göstərilmədi. Üstəlik Ayaz Mütəllibovun özü də “QKÇP”-ni müdafiə etdiyinə görə Yeltsinin gözündən düşmüşdü. Moskva Elçibəyi Yusif Sərrac formasında ortaya buraxdı ki, bunun da arxasında Heydər Əliyevi hakimiyyətə gətirmək planını həyata keçirirdi. Cəbhə hakimiyyətə gələn kimi Heydər Əliyev dərhal Naxçıvana gəldi və köhnə kommunistlərin revanş götürməsi prosesi başlandı. Yaradılan “91-lər hərəkatı” bir şirma idi, əslində Heydər Əliyevi hakimiyyətə kommunistlər gətirirdi, ardıcıl olaraq Rusiyadan Ali Sovetin deputatlarından Baybakov, nə bilim daha kimlər gəlirdilər...

 

- Həmin adamlar Naxçıvana hansı statusla gəlirdilər?

 

- Biz Naxçıvanda istidən yanırdıq, Bakıya qaçırdıq, bunlar guya bu istidə istirahətə gəlirdilər Naxçıvana. Həmin dövrdə bütün hadisələrə Moskvadan nəzarət olunurdu. Cəbhənin hakimiyyətə gəlməsinə də, getməsinə də Moskva nəzarət edirdi...

 

- Amma deyirlər ki, Heydər Əliyevin hakimiyyətə gətirilməsi istiqamətində aparılan danışıqlar həm də sizin qardaşınız Qurban Məmmədovun bağında aparılırmış. Nə dərəcədə düzgündür bu informasiya?

 

- Əslinə baxanda Heydər Əliyevə münasibətin özündə də ikili sistem var idi. Bir qrup adam belə düşünürdü ki, Heydər Əliyev hakimiyyətə Elçibəyin yanında ikinci, üçüncü şəxs olaraq gəlməlidir. Başqa bir qrup deyirdi ki, hakimiyyətin birinci şəxsi Heydər Əliyevin özü olmalıdır...

 

- Siz hansı qrupun yanında idiniz?

 

- Biz belə düşünürdük ki, Heydər Əliyevin hakimiyyətə gəlməsi müstəqilliyimiz və suverenliyimiz üçün böyük təhlükə yaradacaq. O zaman bununla bağlı bəyanat da vermişdik. O zamankı hakimiyyət bunu Ayaz Mütəllibovun xeyrinə dəyərləndirərək bəyanatı “Azərbaycan” qəzetində çap etmişdilər...

 

- Amma Heydər Əliyev hakimiyyətə də gəldi, müstəqilliyimiz də, suverenliyimiz də qorundu, üstəlik separatizm də aradan qaldırıldı. Maraqlıdır, onda siz hansı kriteriyaları əsas götürüb belə düşünürdünüz?

 

- O düşüncə Heydər Əliyevin şəxsiyyətilə bağlı deyildi. Sadəcə olaraq Heydər Əliyevi hakimiyyətə gətirən qüvvələrin hədəfində bizim müstəqilliyimiz, suverenliyimiz olub... Heydər Əliyevin hakimiyyətə gəlişində Elçibəy dövrü aralıq bir mərhələ idi...

 

“Elçibəy bunların ruslara işləməsini bilirdi”

 

- Bəs Surət Hüseynov, Əlikram Hümbətov iddialarının ortaya qoyulması nə idi. Və bu həmin Surət Hüseynov idi ki, Cəbhə hakimiyyəti onu “Milli Qəhrəman” etmişdi. Əlikramın timsalında bir ordu deyil, “MTS generalı” formalaşdırmışdı...

 

- Bunların bir yanlış təsəvvürü var - rəqibləri neytrallaşdırmaq üçün ya onları məhv eləmək, gücün çatırsa da onu özünə dost eləmək. Guya Surət Hüseynovun nüfuzu çox idi deyə rəqib kimi neytrallaşdırmaq üçün onu ölkə üzrə prezidentin nəyisə edib ordunu da ona tabe elətdirdilər. Üstəlik “Milli Qəhrəman” etdilər ki, bəlkə hökumətə yaxınlaşa. Elçibəy bilirdi də rusa işləyir bunlar. Ona görə də bu adamlar çox yanlış yol tutdular. O zaman dövlət qəzetində Surtətlə bağlı ikili münasibət ortaya qoyulmuşdu...

 

- Hansı münasibətləri nəzərdə tutursunuz?

 

- Münasibətlər bir-birinə əks xarakter daşıyırdı. Tərəflərdən biri deyirdi ki, “Surət Hüseynovu məhv eləmək lazımdı”, başqa bir tərəfsə onu “xalq qəhrəmanı” kimi təqdir edirdi. Daha radikallarsa Surət Hüseynovun məhv edilməsini vacib element kimi qiymətləndirirdilər. Amma Elçibəy bilirdi ki, hakimiyyəti öz əlində saxlaya bilməyəcək. Ona görə də öz əliylə belə yanlışlıqların yapılmasını istəmirdi. Hakimiyyətdən dinc yolla uzaqlaşmağı daha məqbul variant kimi seçdi. İstənilən halda o gedəcəkdi, onun hakimiyyətdə qalma şansı yox idi...

 

- O zaman güc strukturları Surət Hüseynovu zərəsizləşdirmək üçün bir əməliyyat düzənləmişdi, amma maraqlıdır ki, nədənsə baş tutmadı, niyə?

 

“Surət Hüseynova and içənlər vətənə xəyanət etmişdilər”

 

- Onlar hökumətə yox, Surət Hüseynova and içmişdilər - Etibar müəllim də, Rəhim Qazıyev də orada idi. Çox təəssüf ki, Heydər Əliyev hakimiyyətə gələndən sonra o andı içən adamlar haqqında ciddi tədbirlər görmədi. O adamlar Vətənə xəyanət etmişdilər. Hərbçinin dövləti qoyub, hansısa adama and içməsi nə deməkdir? O adamlar indi də bəlkə vəzifədə qalırlar. Elçibəy hakimiyyəti dönəmində vəzifədə olanların bir-birilə münasibətlərində bir gərginlik hökm sürürdü. Ortalıqda bir naşılıq da var idi. Sülhəddin Tibb Universitetini bitirmişdi, gətirib qoymuşdular “KQB”-yə müavin. Bu baxımdan Elçibəyin səriştəsizliyi də böyük rol oynadı.

 

- Özü də vurğulayırdı ki, “məni İranın və Rusiyanın uşaqları devirdi”...

 

- Kommunistlər idi də o qüvvələr. Elçibəyi keçmiş kommunistlər devirdilər...

 

- Kommunistlərdən “İranın uşaqları” məsələsi nəsə bir az qəribə səslənir...

 

- “İranın uşaqları” deyəndə o qaragüruhu nəzərdə tuturdu, dinçi qrupları. Belə bir söz var ki, “kifayət qədər azadlıq enerjisi olmayan xalq azadlıq mübarizəsinə qalxanda daha ağır şərtlərlə kölə vəziyyətinə düşür”. Bizim xalq da bu günə düşüb...

 

- Dediyiniz kölə halına düşməyimizin səbəbi nədir?

 

- Birincisi, ən patriot təbəqədən olan Qarabağ uğrunda ölümə getməyə hazır olanlar Elçibəy dönəmində döyüşlərdə məhv oldu. İkincisi, Elçibəy hakimiyyətə gələndən sonra böyük bir hissə hakimiyyətin imkanlarından istifadə edərək bəhrələnməyə girişdilər. Üçüncü qrup da hakimiyyət dəyişiləndən sonra  “repressiya “səbəbindən ölkəni tərk elədi. Beləcə əsas hərəkətverici qüvvə olan 20-40 yaş arasında olanlar aşılandı. Bu da hərəkatdakı məhsuldar qüvvələrin tükənməsinə səbəb oldu ki, nəticə belə alındı. Azərbaycanda qalan pensionerlər və uşaqlardır, qalanlar ölkəni tərk ediblər.

 

- ADP-dəki həmsədrlik institutu nəyin göstəricisi idi - iddiaların diktəsinin, yoxsa diktə olunan iddiaların görüntüsü idi bu?

 

- Həmsədrlik institutu Rəsul Quliyev ADP-yə üzv olandan sonra yarandı. Mən sədrlikdən imtina elədim, İlyas İsmayılov oldu sədr, mən oldum baş katib. Sonra Rəsul Quliyev ADP-yə gələndə onun 10 minə yaxın tərəfdarı gəldi partiyaya. Biz gördük ki, Rəsul Quliyevin aşağı bir vəzifədə olmasıyla elektorat razılaşmaycaq, onda yeganə düzgün yol kimi həmsədrlik institutunun yaradılmasına getdik. Biri daxildə, biri də xaricdə partiyanı təmsil eləsin. Sonra da Rəsul Quliyevdən ayrıldıq və həmsədrlik institutu da ləğv edildi.

 

- Niyə hakimiyyətdən vurulanların hamısı ADP-nin başına cəm olurdu, bu nə sirri-ADP idi?

 

- Onlar vurulmamışdılar, onlar YAP-dan imtina edib ADP-yə keçmişdilər...

 

“Bu həmin Telman Orucovdur ki...”

 

 

- Bu həmin Telman Orucov idi ki, rus qoşunlarının Bakıya yeridilməsi üçün münbit şəraitin yaradılmasında onun da adı hallanırdı... Bu həmin Telman Orucov idi ki, sizə “tələsməyin” deyib hansısa məxfi məlumatlar verirdi... Bu həmin Telman Orucovdur ki, “Nemət Pənahlını özünə agent kimi çalışdırırdı”.... Və bu həmin Telman Orucovdur ki, hakimiyyətdən uzaqlaşandan sonra ADP-yə üz tutmuşdu...

 

- Mən sədr olanda ADP-nin başqa bir elektoratı var idi. İlyas İsmayılov sədr olanda başqa bir elektorat, Rəsul Quliyev gələndə başqa bir elektorat , onlar gedəndən sonra da başqa bir elektorat oldu. Mən daha çox idealist, demokratiyaya sədaqətli adamlara önəm verirdim. İlyas İsmayılov qapıları geniş açmanın tərəfdarı kimi çıxış edib, özü də keçmiş rejimdə fəaliyyət göstərdiyinə görə o zamankı adamların partiyaya gəlməsinə müqavimət göstərmirdi. Telman Orucov İlyas İsmayılovun vaxtında gəlib.

 

- Bir zamanlar Qurban Məmmədov öz iddiasını ortaya qoyaraq “ADP-nin Bakıdakı rəhbəri də, Ali Şuranın sədri də özüm olacam. ADP-nin xaricdəki sədri Rəsul Quliyevdirsə, Bakıdakı rəhbəri mən olacam” deyirdi...

 

- O zaman mən həbsxanada olmuşam. Mən həbsxanada olan zamanlarda partiyada müəyyən özbaşınalıqlar da olub. O dediklərinizi də mən sizdən eşidirəm...

 

- Dediklərim “Azadlıq” qəzetinin 1.09.2004-cü il sayında var, açıb baxa bilərsiniz.

Sizi həbs edən də, əfv edən də hakimiyyət olub. Yəni siz azad olmamısınız, əfv edilmisiniz, bağışlanmısınız. Əfvə görə, bağışlanmaya görə bir boyun borcunuz var. Borcunuzu qaytarmısınız, yoxsa hələ kasıbçılıqdır?

 

- Yox bizi elə Qərbin tapşırığıyla həbs elədilər, elə Qərbin tapşırığıyla da buraxdılar. Biz o zaman çox ciddi şəkildə iddia edirdik ki, İsa Qəmbər hakimiyyətə gəlsin. Amma hakimiyyətin saxlanmasıyla seçkilərin nəticəsi Qərbin maraqlarına uyğun oldu. Bizim göstərdiyimiz fəallıq müqabilində Qərb də bizim həbsimizə öz razılığını vermişdi.

 

- ADP gah Rəsul Quliyevi dəstəklədi, gah İlyas İsmayılovu təriflədi, gah İsa Qəmbərin həvarisi kimi çıxış etdi, gah Əli aşiqinə çevrildi, gah da Sərdar Cəlaloğlu bütünə tapındı. Nədir bu İkili qibləyə namaz qılma sevdası, Sərdar bəy?

 

- Yanaşman çox yanlışdır. Büt olsaydım qabiliyyətinə, bacarığına və xalq qarşısında xidmətinə görə məndən milyon qat aşağı olan adamlar kimi özümü aparardım...

 

- Siz özünüzü belə aparmamısınız, amma elektort belə davranıb. Və tutalım heç belə də deyil. Bəs digər opponentlərinizin dəstəklənməsi, necə?

 

- Bəli, amma onu mən eləmişəm. Çünki mən naxçıvanlı idim. Bütün hakimiyyətdə olanlar hamısı naxçıvanlı və cəmiyyətimizdə də belə bir fikir yaranmışdı ki, elə bu naxçıvanlılar hakimiyyəti bir-birinə pas ötürürlər. Ona görə də mən şüurlu şəkildə həmişə arxa planda durmuşam. Məni heç kim ağlına, gücünə, siyasi potensialına və xalq hərəkatında iştirakına görə bir addım da irəli keçə bilməz. Sadaladığın adamlar da bunların içində olmaq şərtilə. Mən hər şeyi şüurlu olaraq etmişəm.

 

“Çəkilişlərə düşmək üçün yürüşlərdə qabağa keçirdilər”

 

- Yürüşlərdə də şüurlu olaraq arxa plana keçirdiniz.

 

- Tamamilə düzdür. Yürüşün 90 faiz işini mən görürdüm, amma 3-cü, 4-cü qrup adamlarla bir yerdə olurdum. Qabaqda gedənlər, KQB-nin adamları da çəkilşə düşmək üçün sinə qabardırdılar. Mən naxçıvanlı olmasaydım, başqa bir regiondan olsaydım, Azərbaycanda məndən başqa heç kim xalqa liderlik edə bilməzdi.

    

- Siz həm də prezidentliyə namizəd olmusunuz. Və etiraf edilməlidir ki, sizin topladığınız səslə müqayisədə digər iddiaçı müxalif opponentlərinizin keçmiş göstəriciləri arasında paralellər aparanda siz qalib əsgərsiniz. Amma sizin vaxtilə dayaq durduqlarınız sizə dayaq durmadılar. Nə baş verdi? Müxalif opponentlərinizin bildirdiyinə görə, sizin namizədliyinizdən daha çox hakmiyyət qazandı. Deyəsən “hakimiyyətin qazancı” sizin həzz mənbəyiniz, opponentlərinizin də qəlb yarası olub?

 

- Mən düşünülmüş şəkildə bu seçkiyə qatıldım ki, Azərbaycan iqtidarı qazansın. Sual edə bilərsən ki, niyə? Çünki Azərbaycan iqtidarının bu seçkidə uduzması həm də Azərbaycanın uduzması olacaqdı. Görürsünüz ki, seçkidən dərhal sonra İlham Əliyev Böyük Britaniyaya getdi. Amma o seçki biabırçı seçki kimi tanınsaydı, həmin addım atılmayacaqdı. Heç əvvəlki seçkilərdə təbriklər belə gəlmirdi, başdan-başa bir formallıq var idi. Amma gördün indi nə cür inteqrasiya getdi. Bu, bir.

İkincisi, bizim strateji müttəfiqimiz var - Türkiyə. Türkiyə hansı addımı atırsa, mən gözüyumulu o addımı atacam. Söhbət seçkinin formal nəticələrindən gedir. Faktiki olaraq bu seçkiləri İlham Əliyev udmuşdu. Ancaq bunun formal tərəfində bir saxtakarlıq var. Faktiki olaraqsa İlham Əliyev qalib gəlmişdi. Onu əsas götürüb bu faktiki nəticəyə kölgə salmaqda nə maraq var? Mənim üçün xalqın maraqları var...

 

“Milli Şura Rusiyanın projesidir”

 

- “Milli Şura” adlanan qurum da iddia edir ki, biz xalqın maraqlarından çıxış edirik...

 

- O müzakirələr bizim partiyada aparılırdı. Biz ora daxil olmadıq. Mən bəyan etdim ki, Milli Şura Rusiyanın proyektidir və bu, Azərbaycana çox böyük təhlükələr vəd edir. Hətta İsa bəy də Milli Şuranın üzvü olmasa da, mənimlə razılaşırdı. Sonradan nə oldu? Putin gəlib Azərbaycan dövlətilə 20 milyard dollarlıq müqavilə bağladı - 10 milyardı öz şirkətinə, 5 milyardı hərbi sənaye kompleksinə - guya bizə silah satacaq, 5 milyarda da guya bizim əsgərlər təlim keçəcək. Məhz həmin 20 milyard alınandan sonra Rüstəm İbrahimbəyov və Milli Şura taleyin ümidinə buraxıldı, söndü getdi. Səncə 20 milyarda dəyərdi çıxıb orada hakimiyyəti söymək? Bunu Amerika da edə bilərdi ki, səndə seçki saxta keçirilib, gəl 30 milyard ver. Hakimiyyətlər özlərini saxlamaq üçün bu yola gedirlər. Mən niyə xalqımın pulunun kiməsə verilməsinə ləbbeyk deməliyəm.

Deyirsən Milli Şura iddia edir. Milli Şuranın seçdiyi lider Moskvanın vətəndaşı olduğu üçün Putinin razılığıyla Azərbaycana gəlməli idi. Onun da, sənin də taleyin Putinin əlindədirsə, sən hansı xalqın maraqlarına xidmətdən danışa bilərsən...

 

- Bəs Cəmil Həsənli faktoru əsasında məsələyə yanaşanda necə?

 

“Cəmil Həsənli də Yusif Sərracdı”

 

- Cəmil Həsənli Yusif Sərracdı. Milli Şura ona görə güclənirdi ki, arxasında Rusiya durmuşdu. Rusiya çəkiləndən sonra Milli Şura sabun köpüyü kimi partladı. Rüstəm gəlməyəndən sonra Cəmil Həsənlini seçməyə məcbur oldular. Vəssalam.

 

- Rüstəm İbrahimbəyovun “Qafqaz triosu”na münasibətiniz.

 

- Bilirsiz, Azərbaycanda bir çox məsələlərə yanaşmada kampaniya xarakterli çıxışların olması sanki bir dəb halını alıb. Mən onun siyasi fəaliyyətini nə qədər pisləyirəmsə, ədəbi fəaliyyətini də bir o qədər təqdir edirəm. Onu Azərbaycan xalqının bir oğlu kimi çox yüksək qiymətləndirirəm. Yeganə adamdır ki, azərbaycanlı olaraq Oskar alıb. Elə qabağımıza kim keçir kəsib basırıq. Bir dəfə rəhmətlik Nizami Süleymanov Azad Mirzəcanzadə haqqında yazmışdı ki, bu adam ermənidir. Durdum getdim Nizami Süleymanovun yanına. Dedim ayə, yekə kişisən, ermənilər deyir ki, Nizaminin qonşusu ermənidir, bu o deməkdi ki, Nizami ermənidir. Onun atası azərbaycan türküdür, anası da başqa millətdəndir. Sən mütləq sübut eləmək istəyirsən ki, bu, ermənidir. Azərbaycanın belə bir möhtəşəm alimini erməniləşdirirsən...

 

- Ermənuilərin siz deyən “möhtəşəm alimləri” ermənilərin maraqlarına xidmət edir, türklərin yox...

 

- Xeyir, elə deyil, qardaşım sənin xəbərin yoxdur. Ermənilərin dünya miqyaslı yazıçıları var - Raffi. Yazır ki, erməni toyuqdan da qorxaqdır, rəzildir. Marksın bir sözü var. Deyir bəzən xalqı öz gözündə utandırmaq lazımdır ki, ayağa qalxsın. Rüstəm İbrahimbəyova medal vermək, göylərə qaldırmaq əvəzinə, hər şeyi tərsinə yozurlar...

 

- Sərdar bəy, deyəsən siz də Rüstəm İbrahimbəyovu Raffiləşdirməklə özünüz də pasifistlərsayağı davranırsınız. Sanki siz də dünya çapına çıxmaq üçün Rüstəm İbrahimbəyov faktorundan əlinizə fürsət düşüb...

 

- Sənin beləcə pafosla danışmaqla məsələ həllini tapmır. Rüstəm İbrahimbəyov milləti neyləyib alçaldır ki? O əsərə görə azərbaycan xalqına kim nə deyib. 3 il bundan qabaq o əsər ərsəyə gəlib, bütün dünya ona baxıb, başqa xalqlardan indiyənə qədər kim yazıb ki, o əsərdə azərbaycan xalqı təhqir olunub. Sadəcə olaraq bu məsələ ictimai rəyi başqa səmtə yönəltməkdən ibarətdir.

 

- Siz özünüz o filmə baxmısınız?

 

- Yox, bütünlükdə o filmə baxmamışam.

 

- Baxılmayan filmin fəhmlə yozumu nədir?

 

- Bütünlükdə xalqın qorxaq göstərilməsi məsələsində onda gərək Sabiri, Cəlili güllələyək.....

 

- 2005-ci ilin dekabrında “Qərb bizi dəstəkləməsə də, biz yenə də Qərbyönümlü siyasət yürüdəcəyik” deyən Sərdar Cəlaloğlunun bugünkü siyasəti hara yönəlib? Və bizim dövlət maraqlarımıza tüpürən Qərbə leylək sədaqəti göstərməyinə dəyərmi?

 

- Qərbyönümlü siyasət nə deməkdir? Elmdə “vesternizasiya” deyilən bu termin təxminən 18-ci əsrdə meydana çıxıb. Bu, hakimiyyət bölgüsü ənənələrinin seçilməsi deməkdir.  Qərbləşmə nə deməkdir? Sənayeləşmə, demokratikləşmə, hakimiyyət bölgüsünün aparılması, insan hüquq və azadlıqlarının qorunması. Bunun hansısa Avropa dövlətinə aidiyyatı yoxdur. Bu, minillik insanlq tarixindən gəlmə bir şeydir. Biz deyirik ki, vesternizasiyaya məruz qalmalıyıq, demirik ki, gedib Qərbə xidmət edək...

 

- Amma biz öz düşüncələrimizdəykən Qərb dünyası da gerçəyi deyil, öz görmək istədiyi demokratiyanı bizə ixrac etmədədir...

 

- Kim sənə deyir ki, onun ixrac etdiyi demokratiyanı götür. Mən “Totalitarizmin metamorfazası” kitabımda da bir fəsli Qərbdə demokratiyanın tənəzzülünə həsr etmişəm. Qərbin nə qədər yanlış yolda olduğuna, Qərbin demokratiya adı altında hansı ölkələrdə nə oyunlar oynadığına, Azərbaycanda demokratik qüvvələrin başına nə oyunlar açdığına və sair bu kimi məsələlərə mən nə kitabda aydınlıq gətirmişəm. Vesternizasiya bir prosesdir, biz bu prosesdən yanayıq. Qərb axı bir ölkə deyil, 54 ölkə təmsil olunur orda. Onda sual edirəm ki, biz bunlardan hansı birisinin agentiyik ki, bizi də bu kontekstdə ittiham edirlər.

 

- Yəni qərbin bugünkü modeli heç də Qərbin kəşfi deyil.

 

- Bəli, bu insanlıq tarixinin ortaya qoyduğu modeldir ki, Qərb də bundan istifadə etməkdədir. Biz də görürük ki, Qərb bu yolu gedib batmayıb, onda biz də gedək. Qərb Azərbaycanda qərbləşmənin əleyhinədir. Mən hakimiyyətdə olsam Qərblə bu şəkildə neft, qaz müqavilələri bağlamaram. Xeyir ola, Gürcüstandan keçən borunun pulunu mən cibimdən qoyam. Biz Azərbaycandan keçən hər kilometrinə 17 dollar alırıq, Gürcüstansa 34 dollar. Niyə? Gürcüstan sahəsindən keçən borunun maliyyələşdirilməsindəki 1,5 milyardı Azərbaycan öz boynuna götürdü, niyə? Bu, Qərbin istəyi idi ki, gerçəkləşdirdi. Neft kontraktlarını ilk dəfə hazırlayan Əbülfəz Elçibəy olub. Elçibəy neft ölkələrindəki rəqəmləri əsas götürərək 55 faiz Azərbaycanın, 45 faizin də konsorsiumun hesabına prinsipini əsas götürmüşdü...

 

- Sədrlikdən niyə istefa vermək istəyirdiniz? Cəbhədaşlarınız bunu 2013-cü ildə heç bir siyasi çəkiyə malik olmadığınızı görməklə bağlayırdılar. ADP-də görən gözlər bağlanmışdı, yoxsa hər kəs öz görmək istədiyini “əsil həqiqət” donunda sırıyırdı?

 

- Bilirsən, hər kəsin bir tərəzisi var. Sənin tərəzin böyükdürsə, orda dağı çəkərsən, balacadırsa, orada ona sığışa biləni çəkə bilərsən. Sərdar Cəlaloğluna qiymət vermək istəyən Sərdar Cəlaloğlu səviyyəsində olmalıdır. Yoxsa kimsə “a” ilə “t”-nı başa düşmədiyi halda durub Sərdar Cəlaloğluna qiymət verir, gülüncdür. Mənim potensialıma qiymət vermək istəyənlər var haa, mənim yazdığım kitabları üst-üstə yığsan onların boylarından da, çəkilərindən də böyükdür. Mən Azərbaycan xalqını “NOBEL”də fizika sahəsində iki dəfə təmsil edən adamam. Mən yüzlərlə nəzəriyyənin müəllifiyəm...

 

- “Yüzlərlə nəzəriyyənin müəllifi, böyük siyasi potensiala və fəlsəfi dünyagörüşünə, dərin analitik təfəkkürə malik” Sərdar Cəlaloğlu nə əcəb bir zamanlar bəh-bəhlə təmsil olunduğu onlarla müxalif birliklərin tez bir zamanda fiaskoya uğrayacağını özü üçün saf-çürük edə bilməyib?

 

- Dediyim kimi birliklər müəyyən hadisələrin effektinin çərçivəsində birlikdir. “Avara termin” deyilən bir şey var. Bəzi ideyalar hansısa bir ölkədə müəyyən nailiyyətlərə gəlib çatır, ancaq bunu başqa bir xalq götürəndə onda həmin ideyalar avara ideya kimi veyillənməyə başlayır. Məsələn, sosialist inqilabı Rusiyada qalib gəldi, ancaq ondan sonra dünyanın heç bir yerində sosialist inqilabı olmadı. Yaxud İrandakı islam inqilabı. İranda qalib gəldi, ikinci bir ölkə olmadı islam inqilabını öz ölkəsində tətbiq edib qalib gəlsin. Çünki avar ideya veyillənirdi. Elə azərbaycanda da narıncı inqilab ideyası bu qəbildən idi. Mən dedim ki, “Azadlıq” blokunu buraxaq, bəzi yoldaşlarsa bunun əksinə çıxdılar. İnkişaf dalğavaridir, siyasi proseslərdə də assimilyasiya və dissimilyasiya, qurulma və dağılma mərhələsi var. Tənəzzüllə tərəqqinin vəhdəti qanunu var, bir təşkilatı buraxmadan başqa bir təşkilatı da yaratmaq olmur. Siyasət standart bir şey deyil. Siyasətdə bir gündə 4 dəfə fikrini dəyişə bilərsən. Leninin məşhur bir sözü var idi: “Bu gün tezdi, sabah gecdi”...

 

“Mən elə yaşda və elə başdayam ki, “paklonnik” ola bilmərəm”

 

 

- Zaman-zaman Azərbaycanın Seçilmişlərini hədəf kimi tənqid etmisiniz. Bəzən bunu bir çoxları həmin Seçilmişlərin adının hesabına sizin gündəmdə qalmağınız kimi də dəyərləndiriblər. Təqdir etdiyiniz Seçilmişlərimiz yoxmu?

 

- Bir var qərəzli, bir də yanğıdan tənqid. Mənim tənqidimdə heç bir qərəz olmayıb. Görəndə ki, kiminsə fəaliyyəti ziyan verir, bəs neyləməliyəm? Mənim indiki durumda müxalifətdən yeganə dəstəklədiyim, şəxsiyyətinə hörmət bəslədiyim adam İlyas İsmayılovdur. İsa Qəmbərə böyük hörmətim var, Pənah Hüseynlə dostluq edirəm, İqbal bəyə, Əli Əliyevə sayğım var. Amma mən elə yaşda və elə başdayam ki, mən “paklonnik” ola bilmərəm.

 

- Deyirlər, rəhmətlik Elçibəy başının üstündə rəhmətlik Atatürk ilə rəhmətlik Heydər Əliyevin portretini asırmış. Elçibəyi bu konuda ittiham edənlər düzmü edirlər? Bəs Sərdar Cəlaloğlu hansı Seçilmişimizin fəaliyyətini özü üçün örnək sanıb portretini başının üstündən asır?

 

- Mən Elçibəyin Kələkidəki və Bakıdakı evində olmuşam. Onu səndən də çox-çox qabaqdan tanıyıram. Elçibəyin Heydər Əliyev haqqında fikirlərini bilirəm. Onun başının üstündə o portret olmayıb...

 

- Hətta Nemət Pənahlı deyilənə görə “belə anlaşılmazlığa görə silahını da çıxarıb ona “bəy, al bu tapançanı, özünü vur” da deyib”...

 

- Qələt eləyərdi Nemət Pənahlı ki, ona silah qaldırardı. Nemət Pənahlı kimdi ki? Elçibəy sənin üçün uşaqdı, ə kişi?..

 

- Siz hikkə dolu sualınızı mənə yox, o hərəkəti edənlərə və onu deyənlərə yönəldin, Sərdar bəy...

 

- Sən nə danışırsan e? Necə silah çəkə bilər ki, 1988-ci ildə Nemət Pənahlı özü Naxçıvanda mənə dedi ki, mən Heydər Əliyevlə 6 dəfə görüşmüşəm və görüşürəm, Səttarxan adına zavodda fəhlə işləyirəm, indi gedirəm Heydər Əliyevdən dəstək alam. Sən nə danışırsan? Bu adam Heydər Əliyevin bilavasitə əlinin altında olan uşaq olub. Heydər Əliyevdən təlimat alan Nemət hansısa portretə görə necə silah çəkə bilərdi? Sən nə danışırsan axı?

 

- Elə hey “siz nə danışırsınız axı?” hikkə dolu sualınızı nəzərə alaraq məlumat üçün bildirim ki, bütün bunlar mənim danışdıqlarım yox, saytımıza müsahibə verən keçmiş müdafiə naziri Rəhim Qazıyevin iştirakçısı olduğu görüşlə bağlı söylədikləridir. Bu söhbəti qapadaq. Bəs siz sonradan Nemət Pənahlının Heydər Əliyevdən təlimat almasıyla bağlı cəbhəçi yoldaşlarınıza məlumat verdiniz?

 

- Onu hamı bilirdi də. Onu Zərdüşt də bilirdi. Azərbaycanda bunu hamı bilirdi... Nemət Elçibəyin üstünə silah çəkdi. Yox əşşi. Pənah onu yeyərdi e?

 

- Sonda, ən çox sevdiyiniz mahnı və ən çox sevdiyiniz rəqs havası hansıdır?

 

- Enrikonun mahnılarını çox sevirəm. Rəqs havalarında da “Heyvagülü” sədaları altında oynamağı sevirəm...

 

İgid Teymurlu
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF