Azərbaycana erməni aqressiyası və maraqlar - MÜSAHİBƏ

15:09 14-07-2020 | icon 436 | Siyasət
Azərbaycana erməni aqressiyası və maraqlar - MÜSAHİBƏ

Musa Ağayev: “Ermənistanı idarə edən qüvvələr Azərbaycana mesaj verirlər ki, bir daha Dağlıq Qarabağda müharibəyə başlama”

 

Regionda erməni özbaşınalığı davam edir. Erməni hərbi hissələri Azərbaycanın dövlət sərhəddini Tovuz istiqamətindən pozaraq, mövqelərimizi ağır silahlardan atəşə tuturlar. Erməni terrorçuları havadarlarının dəstəyi ilə getdikcə daha da azğınlaşsa da, “sülh carçıları”- beynəlxalq ictimaiyyət hələ də susur. Nəhayət, erməni həyasızlığının dünya ictimaiyyətinə çatdırılması və işğalçıya qarşı daha sərt mövqeən çıxış etmək üçün Azərbaycanın atacağı addımlar müzakirə obyektində. Yaranmış vəziyyətə uyğun olaraq hansı addımlar atılmalıdır?

 

Versus.Az xəbər verir ki, Yeni Zaman Partiyasının (YZP) sədri Musa Ağayev müsahibəsində maraqlı nüanslara diqqət çəkib.

 

“Hakimiyyətə düşmən gözü ilə baxılmamalıdır”

 

- Musa müəllim, 30 il erməni və erməni havadarlarının münaqişə ocağına çevirdiyi Azərbaycan bu gün də erməni terroru ilə üz-üzə qalıb. Ölkənin bu ağır durumunda mövcud ictimai-siyasi-hərbi vəziyyəti necə dəyərləndirmək olar?

 

- Əvvəla, bu günlər, 12, 13, 14 iyul tarixlərində və ümumiyyətlə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olan vətənin oğul və qızlarına Allahdan rəhmət diləyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

 

Bu 30 ildə ermənilərin və onların havadarlarının münaqişə ocağına çevirdikləri Azərbaycan, bu gün də erməni terroru ilə üz-üzə qalıb. Bu ağır durumda mövcud ictimai-siyasi vəziyyət, pandemiyanın fəsadları ilə daha çox özünü göstərir. Belə ki, neftin qiymətinin aşağı enməsi dünya iqtisadiyyatını ağr vəziyyətə salıb. Pandemiyanın Azərbaycan iqtisadiyyatına vurduğu zərbəni biz hələ irəliləyən proseslərdə hiss edəcəyik.

Bununla yanaşı bu gün ölkədə ictimai-siyasi vəziyyətin ağırlaşmasında maraqlı olan qüvvələrin təxribatçı manevrləri artıb. İstər ölkə daxilində, istərsə də xaricdən ölkəmizə qarşı təxribat törətmək istəyən qruplaşmalar, xarici dairələrin müəyyən qrupları pandemiya başlayandan daha da aktivləşiblər. Dünyanın yenidən bölüşdürülməsi siyasətinə uyğun olaraq getdikcə əks qüvvələrin şaxələnmə prosesi gedir.

Belə bir durumda ölkədəki hərbi vəziyyət xüsusilə diqqətlə izlənir. Bəli, bizim ordumuz kifayət qədər güclənib. Ordumuz müasir silahlarla təhciz olunub. Lakin düşmən üzərində qələbə çalmaq üçün tək ordunun güclənməsi yetərli deyil. Əminəm ki, böyük qələbəmizi qazanmaq üçün biz bir neçə əsas şərtləri ödəməliyik: onlardan birincisi xalqda, ölkədə vətənpərvərlik hissinin güclü olmasıdırsa, ikinci amil Azərbaycanı müdafiə edən strateji müttəfiqlərinin olması və təbii ki, ordumuzun güclü silahlanmasıdır. Bütün bunlar hamısı kompleks şəklində düzgün formalaşacaqsa, qalib gələcəyik. Əgər kimlərsə, düşmən üzərində qələbənin 3-5 gün ərzində əldə edilməsini deyirsə, bunlar boş sözlərdir. Sübut olunmuş faktdır ki, istənilən münaqişə yalnız güclü ordu, strateji müttəfiqlərin dəstəyi yolu ilə həll oluna bilər. Lakin biz hələ ki, bunlara lazımı səviyyədə nail ola bilməmişik. Strateji əməkdaşlıq etdiyimiz ölkələr tam olaraq bizim yanımızda deyil. Tutaq ki, hansısa dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıdıqları barədə bəyanatlar verirlər. BMT-nin üzvü olandan sonra Azərbaycanın ərazi bütövlüyü bütün dünya dövlətləri tərəfindən tanınır. Amma 20-ci əsrin sonu, 21-ci əsrin əvvəlində Ermənistan kimi işğalçı dövlət qonşu ölkənin 20 faiz torpağını işğal edir və ona qarşı hər hansı sanksiya tətbiq edilmir. Deməli, strateji əməkdaşlıq istədiyimiz səviyyədə qurulmayıb. Bəli, Azərbaycan strateji layihələrdə iştirak edərək dünyanı heyran qoyub, Avropanın enerji təhlükəsizliyi prosesində ön sırada dayanır, bir çox mühüm iqtisadi layihələrdə aparıcı rol alıb. Amma təəssüflər olsun ki, ərazi bütövlüyü məsələsində strateji müttəfiqlərdən dəstək ala bilmirik. Və hesab etmirəm ki, bu gün Qərb dövlətləri bizi dəstəkləyəcəklər. Yaxud, kimlərsə Qərbin region uğrunda savaşında Azərbaycanın NATO-ya, Avropa Birliyinə üzv qəbul olunacağını düşünürsə, bu da yanlışdır. Çünki bu gün Ukraynanı, Gürcüstanı da heç kim orda gözləmir. Sadəcə olaraq Qərbin fikri postsovet ölkələrindən öz maraqları naminə istifadə eləməkdir. Ümumiyyətlə, güclü təşkilatların, dövlətlərin strateji müttəfiqləri olmur. Onlar yalnız başqa ölkələrdən öz strateji maraqları naminə vassal, yaxud hərbi siyasi platform kimi istifadə edirlər. Biz son 10-20 ildə strateji müttəfiq deyəndə, Türkiyəni nəzərdə tutmuşuq. Yaxud, bilirik ki, Sarkisyanın hakimiyyətdən getməsində Qərbin rolu oldu. Eyni zamanda Petrosyanın, Köçəryanın da, hakimiyyətdən getməsi Qərbin işidir. Və bu gün Paşinyanın da arxasında duran SOROS və Qərbin müəyyən dairələridir. Ona görə də bu güclərə qarşı etifarlı müttəfiqlər tapılmalıdır.

 

- Xəbər verildiyi kimi, Azərbaycan dövlət sərhədləri növbəti erməni təxtibatı nəticəsində pozuldu, şəhidlər verdik. Ermənistan və havadarları bu həmlə ilə nəyi nümayiş etdirdi?

 

- Ermənistan Azərbaycanın dövlət sərhədlərini pozdu. Onsuz da Azərbaycanın Dağlıq Qarabağ ərazisi və ondan kənar 7 rayonu işğal altındadır. Bu tərəfdən də Azərbaycanın dövlət sərhəddi Tovuz istiqamətində ağır artilleriya ilə atəşə tutulur. Azərbaycana qarşı növbəti aqressiya nümayiş olunur. Bu müəyyən mənada Ermənistanın düşdüyü ağır iqtisadi, siyasi durumla bağlıdır. Paşinyan bu durumdan necə istifadə edə bilər. Əgər düşünürsə ki, belə bir durumda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını da bu prosesə cəlb edə bilər, bu mümkün olmayacaq. Rusiya başda olmaqla heç kim Paşinyanın təxribatına getməyəcək. Sadəcə olaraq Paşinyanı hakimiyyətdə saxlamaq üçün müəyyən qüvvələr bu aqressiyalara gedir.

Eləcə də Ermənistanı idarə edən qüvvələr Azərbaycana mesaj verirlər ki, bir daha Dağlıq Qarabağda müharibəyə başlama. Belə bir vəziyyətdə Azərbaycanın beynəlxalq təşkilatlardan nəsə gözləməsi də sadəlöhvlük olar. Artıq 30 ildir ki, Azərbaycan ATƏT-in, AŞPA-nın üzvüdür. Və bu günə qədər heç nə baş verməyibsə, bundan sonra da olmayacaq. Onların bu məsələyə reaksiyası bəyanatlardan o tərəfə keçməyəcək.

Hesab edirəm ki, Azərbaycana qarşı olan bu aqressiyaya qarşı xalq bir olmalıdır. Azərbaycanda iqtidar-müxalifət söhbəti olmamalıdır. Azərbaycanın dövlətçiliyinə, ərazi bütövlüyünə qarşı təcavüzünə qarşı müvafiq gücü nümayiş etdirmək lazımdır.

Belə bir ərəfədə məmurların radikallığına son verilməlidir. Hesab edirəm ki, radikal məmurlar o qədər var-dövlət toparlayıblar ki, bunlar xalqın nifrətini qazanıblar. Korrupsioner, rüşvətxor məmur həbsxanada yatmalıdır. Bu məmurlar həbs olunub onların əmlakı dövlətə qaytarılsa, bu, ölkə əhalisinin vətənpərvərlik hissini daha da gücləndirər. Xalqın sosial ədalətsizliyə qarşı məmurlara qarşı kin-kidurətini aradan qaldırar.

 

- Maraqlıdır, Faktaraşdırıcı missiya bu məsələ ilə bağlı hansı bəyanatını hazırlayacaq?

 

- Təbii ki, bu, növbəti saymazlıq və müharibəyə təhrikdir.  ATƏT-in faktaraşdırıcı missiyası 30 ildir münaqişəyə vecsiz yanaşır. Onun missiyası nəyi araşdıracaq, məlum deyil. Sadəcə “atəşkəsi kim pozdu, niyə pozdu” deməklə hansı həqiqəti ortaya qoymağa çalışırlar. Bir həqiqət var ki, Azərbaycanın ərazi bütövlüyü pozulub, torpaqlar işğal olunub. Əksinə, bu gün biz atəşkəsi pozmalıyıq, biz torpaqlarımızı işğaldan azad etmək üçün hücum etməliyik. Atəşkəsi pozanlara qarşı bəyanat verməklə iş bitmir axı. 30 ildir torpaqalrımız işğal altındadır, biz tələb etməli və torpaqlarımızı hərbi yolla qaytarmalıyıq. Bu, Azərbaycana onu diqtə edir ki, biz xalq, milət, dövlət kimi bir olmalıyıq və erməni terroru qarşısında ərazi bütövlüyümüzü təmin etmək üçün öz gücümüzə arxayın olmalıyıq. Eyni zamanda strateji müttəfiqlər bizi dəstəkləməlidir.

 

- Bu gün ictimai-siyasi fəaliyyətimiz (televiziya, sosial media, ədəbiyyat, QHT fəallığı) nə dərəcədə mövcud hərb sisteminə uyğunlaşıb, siyasi güclər bu istiqamətdə nə dərəcədə vahid və sərt mövqe sərgiləyir?

 

- Mən hesab etmirəm ki, ya 20 il əvvəl, ya da bu gün siyasi güclər, QHT-lər, sosial media, televiziya normal şəkildə mövqe nümayiş etdirirlər. Bu yoxdur. Hər şey real olmalıdır və bunu xalq görməlidir. Yəni televiziyada, sosial mediada vətənpərvərlik, patriotizm nümayiş etdirməklə problemin həlli mümkün olan şey deyil. Müharibə dövründə atəşkəs müəyyən mənada saxlansa da, ümumiyyətlə ideoloji müharibə davam edir. Təbii ki, biz bu müharibəni aparmalıyıq. Sadəcə olaraq ermənilər dünya mətbuatında çox mühüm yeri tuturlar. Təəssüflər olsun ki, ermənilər bu sahədə daha çox irəli gedib. Çalışmalıyıq ki, biz də dünya mətbuatında onlardan irəlidə olaq. Biz ideoloji müharibədə də udmalıyıq.

 

“Xaricdə kanallar yaradıb, oradan söyüşlər səsləndirmək heç bir əxlaqa sığışmır”

 

- Belə bir vaxtda xaricdə yaşayan, yaxud orada sığınacaq tapan azərbaycanlılar işğalla bağlı ölkəmizin strateji marağına uyğun toparlanıb çıxış edə bilirmi və bu gün diasporamızın, lobbimizin xaricdə təbliğat maşını necə qurulub?

 

- Bir azərbaycanlı gedib xaricdə siyasi sığınacaq alırsa və guya müxalifətçilik edib, dövlətini tənqid edirsə, bunun əleyhinəyəm. Xüsusilə xaricdə bir çox kanallar yaradıb, oradan kimlərinsə ünvanına tərbiyyəsiz söyüşlər səsləndirmələri heç bir əxlaqa sığışmır, insanlığa sığmır. Maraqlıdır ki, bu istiqamətdə diaspora və lobbimizin fəaliyyəti də görünmür. Görünən odur ki, bizim diasporalar uzun müddət ancaq özlərini reklam eləməklə məşğul olublar. Diasporla iş üzrə Komitənin rəhbərliyi yenilənəndən sonra bu istiqamətdə nələrsə edilir. Amma çox azdır. Mən başa düşə bilmirəm. Əvvəl bu sahədə vəzifə tutan Nazim İbrahimovdan soruşmaq lazımdır: Hanı bizim diasporanın fəaliyyəti, nə işlə məşğul olmusan. 30 ildir ki, ermənilər dünyada bizə qarşı ideoloji müharibə, təxribat aparırlar. Bəs bizim diasporanın, lobbimizin işi hanı!?. Diasporlarımızın fəaliyyəti xaricdə  çoxdan inkişaf etməli idi. Orda diaspora təşkilatları iqtidara müxalifətə bölünməli deyildi. Xaricdə Azərbaycanlılar bir olmalıdır. Amma bu gün xaricdən çıxış edən çoxluq, sanki Azərbaycana düşmən kəsilibmiş kimi, özümüzə qarşı çıxır. Hansı sənin erməni səfirliklərinin, aidiyyatı təşkilatların qarşısında Ermənistan təcavüzünə qarşı etdiyin çıxışlar? Yox, gedib xaricdə hansısa məmurlara qarşı söyüş söyməyi mübarizə sayırsansa, bu mübarizə deyil, bu yaramazlıq, tərbiyəsizlik, heç bir əxlaqa sığmayan davranışdır. Bu, Azərbaycanın adını batırmaqdır. Heç cür bağışlanan məsələ deyil.

 

Bir-iki özünü “ana müxalifət” sayan partiyalar anlamalıdır ki...”

 

- Hökumətin siyasi partiyalarla görüşləri ölkənin siyasi düzənində hansı yeni mərhələdən xəbər verir?

Bu gün hakimiyyət, siyasi partiyalar dövlətin ümummilli maraqlarının qorunması istiqamətində nə dərəcədə birgə hərəkət edə bilir?

 

- Hökumətin siyasi partiyalarla olan görüşlərini dəstəkləyirəm. Yəni, hər bir məsələ dialoq yolu ilə həll olunmalıdır. Ölkə o zaman inkişaf edir ki, ölkədə dialoq mühiti yaradılır. Müxalifətçilik, düşmənçilik demək deyil.  Ya da hakimiyyətə düşmən gözü ilə baxılmamalıdır. Sadəcə olaraq, ölkənin ümumi məsələlərini həll etmək üçün iqtidar-müxalifət dialoqu lazımdır. Əlbəttə ki, bu özünü real işdə göstərməlidir. Bu dialoq görüntü, sui-istifadə kimi olmamalıdır.

 

- Bu gün daha çox müxalifət partiyaları bu dialoqa qarşı çıxır?

 

- “Müxalifət”- deyəndə hansısa bir-iki təşkilatı nəzərə alırlarsa, bu düzgün deyil. Əvvəla, müəyyən etməlidirlər ki, kimləri müxalifət kimi nəzərdə tuturlar. 30 ildir kimlərinsə dediyi, “mən müxalifətdə anayam, atayam, mən nəyəm”, tezisləri ilə əsl müxalifətçilik mövqeyi təyin olunmur. Mən bütün siyasi təşkilatlarla dialoqun tərəfdarıyam. Bir-iki, özünü “ana müxalifət” sayan partiyalar anlamalıdır ki, artıq o dövr qurtarıb. Bununla yanaşı mən yeni müxalifətçiliyin yaranması mərhələsində hər işin rəvan getdiyini də düşünmürəm. Əgər kiminsə ətrafı sosial səhifələrdə birini tərifləyib onu önə çəkirsə, onun müxalifət kimi qavranmasını düzgün saymıram.

Hər kəsin iç üzü məlum oldu. Özünü ayrılıqda əlahiddə güc sayanlar nəyə arxayın olurlar. Həmin kəslər ortaya nə etdiklərini qoysunlar, yaxud, kim nə edib, kim hakimiyyətdə olub, kim olmayıb. Kim konkret proqramla çıxış edib, kim etməyib. Yoxsa kimisə şərləməklə müxalifətçilik qurulmur. Biz real proqramla çıxış edirik.

Bütün bunlarla yanaşı, hesab edirəm ki, müxalifətin ümumi məsələlərdə birlik nümayiş etdirməsi həmişə lazımdır. Və bu, dialoq, ölkənin gələcək ictimai-siyasi inkişafı üçün çox vacibdir. Müxalifətin birliyi ölkənin təhlükəsizliyi, bütövlüyü, islahatların aparılması üçün lazımdır.

 

“Azərbaycan hansısa dəstəyi qazanmalıdır”

 

- Pandemiya ilə bağlı Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilməsi planlaşdırılan BMT BA-nın xüsusi videokonfransı bu dönəmdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından nə dərəcədə əhəmiyətlidir və Azərbaycan bu sessiyada təxribatlara qarşı hansı dəstəyi qazana bilər?

 

- Sözsüz ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilməsi nəzərdə tutulan BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyasının keçirilməsi təqdirəlayiqdir. Bu, pandemiyaya həsr olunsa da, hesab edirəm ki, pandemiya dövründə yaranan problemlər, regional siyasətdə ermənilərin təxribatları qeyd olunacaq. Hesab edirəm ki,  bu sessiyada ərazi-ideoloji nöqteyi nəzərindən Azərbaycan hansısa dəstəyi qazanmalıdır. /ucnoqta/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şimşək, külək, yağış, leysan…

Azərbaycan - Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - FOTO

Qənirə Paşayevanın vətənpərvərliyini yox, qolunu müzakirə obyektinə çevirənlər…

Operativ Qərargah rayonlara gediş-gəliş qadağası ilə bağlı qərar verdi

Azərbaycanda karantin rejimi yumşaldılır

Avqustun 31-dək qüvvədə qalacaq -Sərt karantin

Azərbaycanda daha 647 nəfər COVID-19-dan sağaldı, 241 nəfər yoluxdu

“Kökəlmələr, artıq cəkilər uşaqlıqdan başlayır”

“Ximioterapiya xroniki toksaplazmozun müalicəsində effektli deyil”

"Məktəblər 3 növbə sisteminə keçməlidir"

Şəhid Xəyyam Məmmədovun ata ocağı ziyarət edilib

Çılpaq ekstrim həvəskarı çaya baş vurmağa cəhd etdi - VİDEO

DİM rezidentura imtahanında iştirak edəcək şəxslərə müraciət edib

Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadıldı

Çinin aparıcı həkimləri Bakıda