Ədalət Vəliyev DADP sədri ilə görüşdü

12:04 15-07-2020 | icon 97 | Siyasət
Ədalət Vəliyev DADP sədri ilə görüşdü

Görüşdə siyasi partiyalarla birgə müzakirələrin faydalı olacağı qeyd edilib

 

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) Mətbuat xidmətinin verdiyi məlumata görə, bu gün Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov arasında görüş keçirilib.

 
 
Versus.Az xəbər verir ki, bu barədə DADP-ın mətbuat xidmətindən bildirilib.
 
 
Məlumata görə, görüş zamanı düşmən ölkənin təxribatı nəticəsində son günlər Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginlik, ölkəmizdə koronavirus pandemiyasınına qarşı aparılan preventiv tədbirlər, siyasi partiyaların karantin şəraitində fəaliyyəti və yeni siyasi konfiqurasiyanın formalaşması barədə fikir mübadiləsi aparılıb.
 
 
Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə bilavasitə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər, eləcə də Azərbaycan tərəfinin təşəbbüsü ilə müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində COVİD-19 pandemiyası ilə mübarizə mövzusunda videokonfrans formatında zirvə görüşlərinin keçirilməsi haqda danışıb və eyni zamanda qeyd edib ki, bu gün ölkəmizdə COVİD-19 virusuna yoluxanların sayında tədricən azalma tendensiyası hiss olunmaqdadır.
 
 
Şöbə müdiri onu da bildirib ki, cənab Prezident tərəfindən qəbul edilmiş müvafiq qərarlar nəticəsində koronavirusa yoluxmuş şəxslərin müalicəsi ödənişsizdir, müvafiq 10 müasir modul tipli xəstəxana tikilib, zəruri tibbi avadanlıqlar alınıb, qısa müddət ərzində ölkədə lazımi tibbi ləvazimatların istehsalına başlanılıb, həmçinin iqtisadi sabitliyin və məşğulluqla bağlı problemlərin həlli üçün dövlət dəstək proqramı həyata keçirilib. Eləcə də Azərbaycanın beynəlxalq miqyasda pandemiyaya qarşı mübarizə işinə verdiyi töhfələr qeyd edilib.
Əlisahib Hüseynov da öz növbəsində bu görüşə görə Ədalət Vəliyevə təşəkkürünü bildirib və qeyd edib ki, Azərbaycan dövlətinin pandemiya ilə mübarizə siyasəti effektivdir və bu gün Azərbaycan təcrübəsi dünyanın bir çox ölkələrinə müsbət nümunə kimi təqdim olunur.
 
 
Ədalət Vəliyev və Əlisahib Hüseynov ölkədə formalaşmaqda olan yeni siyasi konfiqurasiyada müxalifət partiyaları ilə yanaşı iqtidaryönümlü partiyaların yeri və rolu haqqında da geniş fikir mübadiləsi aparıblar.
 
Şöbə müdiri yeni siyasi konfiqurasiyanın Prezident İlham Əliyevin təşəbbüsü ilə aparılan köklü struktur və kadr islahatlarının tərkib hissəsi olduğunu qeyd edib və bildirib ki, Prezident Administrasiyasında ilk dəfə olaraq xüsusi struktur bölmənin yaradılması ölkə rəhbərliyinin siyasi partiyalarla müntəzəm iş aparılması, sağlam əməkdaşlığın qurulması işinə verdiyi əhəmiyyətdən irəli gəlir və bu şöbə yeni siyasi konfiqurasiyanın formalaşmasında fəal rol oynayacaq. Ədalət Vəliyev bildirib ki, şöbənin səyləri nəticəsində artıq əksər siyasi partiyalarla konstruktiv əməkdaşlığın möhkəm əsasları qurulub və bu əməkdaşlıq bundan sonra daha da genişləndiriləcək.
 
 
Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov yeni siyasi konfiqurasiyanın formlaşması prosesini yüksək qiymətləndirib. O qeyd edib ki, 2019-2020-ci illər Azərbaycanda böyük siyasi dəyişikliklər, “Ağ inqilab” illəri kimi dəyərləndirilməlidir. Çünki bu son illərdə Prezident İlham Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə həqiqətən də köklü siyasi, iqtisadi islahatların şahidi oluruq. Siyasi islahatların mərkəzində duran əsas yeniliklərdən biri və birincisi də ölkədə yeni siyasi sistemin, yeni siyasi konfiqurasiyanın formalaşdırılmasıdır. 2020-ci ildə bu istiqamətdə kifayət qədər ciddi addımlar atılıb. Belə ki, 6-cı çağırış Milli Məclisin həm tərkibində, həm də rəhbər orqanlarında müxalifət təmsilçilərinə geniş yer verilməsi bunun bariz nümunəsidir. Siyasi partiyaların qeydiyyata alınmasının asanlaşdırılması da yeni siyasi konfiqurasiyanın tərkib hissəsidir. Eləcə də iqtidarla müxalifət arasında siyasi dialoq mühitinin inkişaf etdirilməsi istiqamətində atılan addımları da yeni siyasi konfiqurasiyanın formalaşmasının bir əlaməti kimi, təzahürü kimi qiymətləndirmək lazımdır.
Əlisahib Hüseynov qeyd edib ki, əlbəttə, bütün bunları yüksək dəyərləndiririk və hesab edirik ki, İlham Əliyevin ölkədə yeni siyasi konfiqurasiyanın formalaşması istiqamətində göstərdiyi səylər zamanın çağırışlarına cavab verir. Biz ölkədə yeni siyasi sistemin təşəkkül tapmasının iqtidar üçün də, müxalifət üçün də, cəmiyyət üçün də faydalarını görürük.
 
 
Partiya sədri Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin fəaliyyətinin ölkə siyasətində baş verən proqressiv dəyişikliklərə müsbət təsir göstərdiyini xüsusilə vurğulayıb və qeyd edib ki, bu qurum ölkədə sivil siyasi münasibətlərin, yeni siyasi mədəniyyətin formalaşmasında körpü rolunu oynayır.
Ədalət Vəliyev DADP sədri ilə söhbətində parlamentdə təmsil olunan partiya rəhbərlərinin ötən həftə videokonfrans formatında keçirilən müşavirəsi barədə də məlumat verib. O bu cür çoxtərəfli müzakirələri Azərbaycan iqtidarının siyasi partiyalarla əməkdaşlığa verdiyi dəyərin göstəricisi kimi qiymətləndirib və qeyd edib ki, cənab Prezident təkcə sosial-iqtisadi sahədə deyil, eyni zamanda siyasi sahədə də dərin islahatlar aparır və bu islahatların hərəkətverici qüvvələrindən biri kimi siyasi partiyalara böyük önəm verilir.
Ədalət Vəliyev və Əlisahib Hüseynov Ermənistan silahlı qüvvələrinin dövlət sərhədimizin Tovuz rayonu istiqamətində təxribat törətməsi nəticəsində yaranan gərginlik barədə də fikir mübadiləsi aparıblar. Şöbə müdiri bildirib ki, Ermənistanın sələflərindən fərqlənməyən diktator baş naziri Paşinyan öz hakimiyyətini qorumaq, Ermənistandakı daxili inqilabi situasiyanı önləmək üçün müharibə taktikası seçib və sərhəddəki son təxribat Ermənistanın təcavüzkar və terrorçu mahiyyətini bir daha üzə çıxardı.
 
 
Partiya sədri də öz növbəsində bildirib ki, işğalçı ölkənin avantürist rəhbərliyinin bu cür təhrikçi və davakar hərəkətləri cəzasız qalmayacaq. Əlisahib Hüseynov həmçinin onu da vurğulayıb ki, BMT və ATƏT başda olmaqla bütün beynəlxalq təşkilatlar Ermənistana qarşı sanksiyalar tətbiq edilməsi haqda qərar qəbul etməlidir.
DADP sədri sonda keçmiş döyüşçü kimi, Birinci Qarabağ Müharibəsinin iştirakçısı kimi Ali Baş Komandanımızın əmri ilə hər an döyüşə getməyə hazır olduğunu diqqətə çatdırdı.
 
 
Şöbə müdiri də, partiya sədri də bu formatda görüşlərin bundan sonra da davam etdirilməsinin, ölkə həyatına dair aktual mövzuların siyasi partiyalarla birgə müzakirəsinin faydalı olacağını qeyd ediblər.
 
 
LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputat bu gün vəfat edən jurnalistdən YAZDI

Pis vəkil, yaxşı vəkil və mükəmməl vəkil...

Şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru...

Bu gündən Azərbaycanda Türkiyə ilə birgə genişmiqyaslı hərbi təlimlər başlayır

“Səndən sonra” Təbrizdə - FOTO

Bizim "üçlüy"ümüz...

Qurban bayramının mahiyyət və FƏLSƏFƏSİ

Britaniya parlamentində Tovuz döyüşləri müzakirə olunacaq

Türkiyəli hərbçilər Gəncədə - VİDEO

20 məktəbə yeni direktor təyin edildi - SİYAHI

Azərbaycanda Qurban bayramı qeyd olunur

İlham Əliyevdən Qurban Bayramı ilə bağlı paylaşım - FOTO

Azərbaycan və Türkmənistan prezidentləri arasında telefon danışığı olub

Köhnə nazirlər - Kimlər gedib, kimlər qalıb...

"Ermənistan yenidən təxribatlara əl atarsa, cavabı layiqincə veriləcək"