Məşədi İbadın yarıya qədər oxuduğu “Tarixi Nadir”

19:28 13-01-2018 | icon 1037 | Maraqlı
Məşədi İbadın yarıya qədər oxuduğu “Tarixi Nadir”

Məşhur “Tarixi Nadir” haqda bilmədiyimiz faktlar – kitabın sahibi danışdı

Bütün azərbaycanlıların dilində aforizmə çevrilən kitab Azərbaycanın Masallı rayonunda bir nəfərin evində qorunub saxlanılır. Versus.Az xəbər verir ki, bu barədə Rahim Zakiroğlu Sputnik Azərbaycanda yazıb.

BAKI, 13 iyul — Sputnik. Kitab nəşrinin tarixi çox qədim dövrlərə gedib çıxır. Təbii ki, ilk əvvəl şifahi ədəbiyyat yaranıb, daha sonra yazılı ədəbiyyata köçürülüb. Ən qədim dövrlərdə kitablar daş, papirus, dəri kimi materiallar üzərində yazılıb.

Bizim eranın 105-ci ilində kağız kəşf olunduqdan sonra kitab işi bir qədər sürətlənməyə başladı, daha sonra isə kitab emalatxanaları yaradıldı. Buna N. Tusinin Marağa rəsədxanasının nəzdində fəaliyyət göstərən Marağa Kitab Emalatxanasını misal göstərmək olar.
Təbriz yaxınlığında Rəşidiyyə Universitetinin özünün kitabxanası və kitab emalatxanası da olub. O dövrdə kitabın ərsəyə gəlməsi üçün xəttatlar bir-bir kitabları köçürürdülər. Bu, çox gərgin əmək və vaxt tələb edirdi və elə kitablar olurdu ki, 3-5 ilə başa gəlirdi.

Məşədi İbadın yarıya qədər oxuduğu…

Azərbaycanda isə ilk dəfə 1594-cü ildə Nəsrəddin Tusinin “Təhridi-iqlidis evklidi həndəsənin şərhi” kitabı ərəb dilində çap olunub. Kitabların getdikcə məşhurlaşdığı dövrdə də təbii ki, o vaxt hakimiyyətdə olan hökmdarlar da özləri haqqında kitab çap etdirirdilər.
Belə kitablardan biri də məşhur “Tarixi Nadir” kitabıdır. “Tarixi Nadir” kitabı 1736-1747-ci illərdə hakimiyyətdə olan türk soylu Əfşarlar sülaləsinin banisi Nadir Şah haqqındadır. O, Azərbaycan, Türküstan və Hindistanın şahı olub.

Bəzi tarixçilər ona hərbi nailiyyətlərinə görə “Şərqin Napoleonu” və ya “İkinci Makedoniyalı İskəndər” ləqəblərini veriblər. Dahi Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” operettasında Məşədi İbadın dediyi “Mən özüm “Tarixi Nadir” kitabını yarıya qədər oxumuşam, amma sənin dediyini anlamıram. Bu bisavadlar neyləsin?” ifadəsi də məhz bu kitab haqqındadır.

Məşədi İbadın bu sözləri sonradan məşhur zərbi-məsələ çevrildi. İndi də adətən nəyisə anlamayanda bu cümləni çoxumuz istifadə edirik. Çoxlarımız da “Tarixi Nadir” kitabının 3 səhifədən ibarət olduğunu zənn edirik.

“Usta dedi ki, “Tarixi Nadir” satıram”

Kitabın əslində neçə səhifədən ibarət olması sualı məni Masallının Ərkivan qəsəbəsinə gətirdi. Niyə məhz Ərkivana? Çünki kitab Ərkivan qəsəbə sakini, kəndin din xadimlərindən olan Hacı Həmid Məmmədov tərəfindən qorunur.
Hacı Həmid 1965-ci ildə Masallının Ərkivan qəsəbəsində doğulub. Dini təhsilini isə babası Məmməd kişidən alıb.

“Gənc yaşlarımdan İslam dininə böyük marağım var idi. Keçən əsrin 70-ci illərində babam bizə “Quran” dərsi keçirdi. Yəni bizlərdə “Quran” dərsi deyirlər, amma əslində dini təhsildir. Bir dəfə babam mənə qədim “Qurani-Kərim” hədiyyə etdi. Dediyim kimi, kitab qədimi idi və təmirə ehtiyacı var idi. O vaxtlar kitab təmir edən ustalar çox idi. Kitab təmiri deyəndə, kitabın cırılan hissəsini, üzlüyünü yapışdırıb və ya bərpa etmək, pozulan yazıları xüsusi ustalıqla yenidən bərpa etmək nəzərdə tutulurdu”.

Onu babasından hədiyyə olan “Quran”ı da rayonun Bədəlan kəndindəki bir kitab ustasının yanına aparırlar:
“Bir həftədən sonra “Quran”ı götürməyə gedəndə usta atama dedi ki, “məndə “Tarixi Nadir” kitabı var, satıram”. Təxminən, 1977 və ya 1978-ci illərdə olub bu hadisə. Rəhmətlik atam da o vaxtkı 65 Sovet rubluna bu kitabı mənə aldı. O vaxtdan kitab atamdan yadigar olaraq məndədir”.

147 səhifəlik orijinal tarixi kitab

Maraqlısı budur ki, Hacı Həmidin “Tarixi Nadir” kitabının əslinə sahib olması 2009-cu ildə üzə çıxıb. O, bu illər ərzində həmin kitabı evdə həm atasından yadigar olaraq, həm də qədim kitab kimi qoruyub saxlayıb.

“2009-cu il idi, Həcc ziyarətindən təzə gəlmişdim. Radio kanallarından birində “Dİn və cəmiyyət” mövzusunda müzakirə gedirdi və mən də müsahibə verirdim. Söhbət əsnasında bir söz işlətdim. Xanım aparıcı da qeyri-ixtiyari olaraq “Mən “Tarixi Nadir” kitabını yarıya qədər oxumuşam dediyinizdən heç nə anlamadım” cümləsini işlətdi. Mən sual etdim ki, “”Tarixi Nadir” kitabı neçə səhifədir?” Xanım 3 səhifə olduğunu bildirdi. Mən yenə başqa sualla müraciət etdim: “Xanım, siz şah olsanız, Anadoludan Hindistana qədər ərazini fəth etsəniz, sizin haqqınızda cəmi 3 səhifəlik kitab yazılmasına razı olarsınızmı?”. Xanım “Əlbəttə, xeyr” dedi”.

Sonra həmin aparıcı xanım bu məsələni radioda müzakirəyə çıxaracağını deyir: “Daha sonra mən bildirdim ki, kitab nə az, nə çox, düz 147 səhifədən ibarətdir. Xanım əvvəlcə inanmadı, mən kitabı gətirdim, o, bir neçə şəkilini çəkib apardı Bakıya. Bir müddət sonra isə AMEA-dan bir komissiya gəldi. Kitabın əsl nüsxə, yəni orijinal olmasını təstiq etdilər. Elə ondan sonra da dilimizdən “3 səhifəlik “Tarixi Nadir” kitabı kəlməsi” çıxarıldı. Beləliklə də 2009-cu ildən məşhur “Tarixi Nadir” kitabının əsli meydana çıxdı”.

“Kitabi tarixi cahənkəşan məşhur və Tarixi Nadir”

Məlumat üçün bildirək ki, kitabın əsl adı “Kitabi tarixi cahənkəşan məşhur və Tarixi Nadir”dir. Hicri-qəməri tarixi ilə 1272-ci ildə çap edilib. Kitabın müəllifi Nadir şahın şəxsi münşisi Mirzə Mehdi xandır.

Kitabda bu kitabın əsl nüsxəsi olması haqqında qeyd var və Molla Saleh adlı şəxsin mətbəəsində çap edildiyi bildirilir. Kitabda 3 möhür var, bunlar Şahın möhürü, kitabı çap edən mətbəənin möhürü və kitabı yazan müəllifin möhürüdür.
“Tarixi Nadir” kitabı nəstəliq xətti (Ərəb xəttatlıq növü. Ərəb ölkələrində isə ona “fars xətti” deyirlər-red.) ilə yazılıb. Bu da saray dili deməkdir. Kitab 147 səhifədən ibarətdir və sıx şəkildə yazılıb. Kitabı tərcümə etdikdə, təxminən 400 səhifəlik kitab alınar.

Bundan əlavə kitabda Nadir şahin 11 illik hakimiyyəti vaxtı baş verən hadisələr dəqiq tarixi ilə qeyd olunub, Azərbaycanın bəzi ərazilərinin adları yazılıb. Həmçinin kitabda Nadir şahın Məşhəd şəhərini əfqanlardan azad etməsi, Hindistanı fəth etməsi və s. tarixi hadisələr qeyd olunub. Kitab siyasi xarakterlidir və Nadir şahın hakimiyyətindən 54 il sonra çap edilib.

Əlavə olaraq bildirək ki, Hacı Həmid Məmmədovun daha 2 qədim kitabı var. Bunlar – hicri-qəməri tarixi ilə 1279-cu ildə uşaqlar üçün çap edilən “Qəhrəman” adlı nağıl kitabı və hicri-qəməri tarixi ilə 1282-ci ildə çap olunan, 14 məsumdan bəhs edən “Töhvətül Məcalis” kitablarıdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI