Onun övladları da qeyri-adi gücə malik olublar...
VƏSİLƏ MƏMMƏDOVA
Hazırda erməni işğalı altında olan Şuşa şəhərinin Azərbaycan tarixində özünəməxsus yeri vardır. 8 may 1992-ci ildə Şuşa şəhəri erməni vandalları tərəfindən işğal edilib. Şuşada müxtəlif elm adamları, alimlər, rəssamlar, musiqiçilər yaşayıb yaradıblar.
Tarixən Şuşada pəhləvanlar da şox olub. Bu pəhələvanlardan biri Azərbaycanın məhşur, tanınmış pəhləvanı Qaçay Hüseynov olub.
Qaçay Hüseynov 1930-cu il may ayının 5-də Şuşada anadan olub. Uşaqlıq illərindən idmana həvəsi olan Qaçay Hüseynov güləş və ağırlıqqaldırmada özünü sınamağa başlayır. Az keçmir ki, fiziki cəhətdən inkişaf etmiş pəhləvanın sorağı qonşu obalara və dost xalqlara da gedib çatır.
Qaçay Hüseynov Şuşa şəhər Mədəniyyət şöbəsinin nəzdində fəaliyyət göstərən Milli Xalq oyunları “Şuşa bahadırları” kollektivinin rəhbəri olaraq, tanınmış pəhləvan olub. Respublikamızı qarış-qarış gəzərək, el sənətini ustalıqla nümayiş etdirib.
Pəhləvanın uğurları, şan-şöhrəti hər tərəfə yaylır. Təkcə Azərbaycanda deyil, Respublikamızın hüdudlarında da dəfələrlə çıxışlar edib, bu el sənətini nümayiş etdirib, uğurlar qazanıb.
Pəhləvanın övladları da qeyri adi gücə malik olublar. Oğulları Təvəkkül və Allahverdi Hüseynovlar da ataları ilə bərabər bu ənənəni davam etdiriblər.
1986-cı il noyabrın 23-də Şuşada dünyasın dəyişən Qaçay Hüseynovun 6 övladı təəssüf ki, atalarının məzarını ziyarət edə bilmir...
İnanırıq ki, yurdumuzun əsrarəngiz gözəlliyə malik torpaqlarımız düşmən işğalından azad olunacaq. Erməni işğalı altında olan Şuşamız azad ediləcəyi günü böyük səbirsizliklə gözləyir.