““Beşinci kolon”çuların cavabları verilməlidir” - MÜSAHİBƏ

11:42 24-07-2020 | icon 547 | Siyasət
““Beşinci kolon”çuların cavabları verilməlidir” - MÜSAHİBƏ

Əlisahib Hüseynov: “Rusiya-Ermənistan birgə qoşunlarının yaradılmasına alternativ olaraq Azərbaycan və Türkiyənin də analoji addım atmasına ehtiyac var”

 

İllərdir torpaqları işğalda qalan Azərbaycan ictimaiyyəti bu gün səfərbərlik ruhundadır. Ermənilərin Tovuza hərbi hücumu zamanı düşmən ordumuzun gücünü hiss etməklə yanaşı, Azərbaycan xalqının yüksək vətənpərvərlik hissini, öz ordusunun yanında dayandığını və hər an silaha sarılaraq torpaqlarını işğaldan azad etməyə hazır olduğunu göstərdi. Hadisələr ölkəmizə qarşı məkirli siyasət aparan güclərin də öz niyyətlərindən əl çəkmədiyini göstərdi. Son Qarabağa dəstək aksiyasında baş verən təxribat halları təəssüf doğurmaqla yanaşı, bir çox sualları ortaya çıxardı.

 

Versus.Az xəbər verir ki, Azərbaycan Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov müsahibəsində bir çox məsələlərə aydınlıq gəririb.

 

“Onların bu addımı insanların öz dövlətinə inamını sarsıtmağa hesablanmışdı”

 

- Əlisahib müəllim, 12 iyulda Tovuzda olan erməni təxribatından sonra orduya dəstək məqsədi ilə küçələrə çıxan kütlənin təxribata sürüklənməsində hansı məqsəd güdüldü. Bir çox siyasilər bunun hakimiyyətə qarşı yönəldiyini iddia edir. Məlum vəziyyətlə bağlı olaraq hadisələri necə təhlil etmək olar?

 

- Daxildə təhlükəsizliyimiz üçün heç bir problem görmürəm. DTX kifayət qədər effektiv işləyir və öz işinin öhdəsindən gəlir. Ölkədə nə sosial zəmində qiyam, nə də ki, siyasi baxımdan inqilab ab-havası yoxdur. İyulun 14-də Orduya dəstək yürüşünün sonunda bir qrup təxribatçının zorakılığa yol verərək Milli Məclisin binasına soxulmasını ayaqlanma, qiyam hesab edənlər ciddi şəkildə yanılır. Bu az öncə də dediyim kimi sadəcə bir qrup təxribatçı ünsürlərin və radikal müxalifət fəallarının anarxist davranışının təzahürü idi. Bu hadisə ilə bağlı hüquq-mühafizə orqanları təhqiqat aparırlar. Həmin təxribatın təşəbbüskarları arasından artıq konkret saxlanılanlar da var. Bu adamların günahı sübut olunarsa, onlar qanunlarımızın tələbləri çərçivəsində cəzalandırılacaqlar. Sözün açığı, mən də onların cəzalandırılmalarının tərəfdarıyam. Çünki onlar öz yaramaz hərəkətləri ilə o cür möhtəşəm aksiyanın üzərinə kölgə salmağa, xalqın orduya və Ali Baş Komandana dəstəyinin təsir gücünü azaltmağa çalışdılar. Onların bu addımı insanların öz dövlətinə inamını sarsıtmağa hesablanmışdı. Lakin onlar öz çirkin məqsədlərinə nail ola bilmədilər.


- Bu gün "5-ci kolon" az qala gündəmin əsas mövzusu olaraq çözülür. Nədir “5-ci kolon” və onun təhlükəliliyi bu gün özünü nədə göstərir?

 

- Hazırda “beşinci kolon” kifayət qədər fəallaşıb. Hər qanlı toqquşmadan sonra regionda marağı olan dövlətlər yaranmış vəziyyətdən maksimum yararlanmaq üçün özlərinin Azərbaycandakı təsir, nüfuz agentlərini, əlaltılarını daha da aktivləşdirməyə çalışırlar. Azərbaycanın güclənməsini istəməyən bəzi qonşu ölkələrin və dünya güclərinin maraqlarını həyata keçirməyə çalışan “beşinci kolon” təmsilçiləri təbliğat, mətbuat, sosial şəbəkələr kimi böyük qüvvədən yararlanmağa səy göstərirlər. Azərbaycanda oturub bu resurslardan Azərbaycan əleyhinə istifadə edən, dövlətin vəzifəli şəxsləri və xalqın ləyaqətli insanları haqqında dezinformasiya və qarayaxma təbliğatı aparan“beşinci kolon”çular birbaşa düşmənə xidmət edirlər. Xüsusən də düşmənin dövlət sərhədimizdə təxribat törətdiyi, qanlı toqquşmaların baş verdiyi hazırkı həssas zamanda onların yol verdiyi əməllər təsadüf sayıla bilməz. Xalqın vətənpərvərlik ruhunun coşduğu, orduya və Ali Baş Komandana dəstək nümayiş etdirdiyi həssas və şərəfli bir məqamda “beşinci kolon”un aktivləşməsi zənnimcə, planlaşdırılmış addımdır.

 

Radikal siyasi partiyalar əvvəlki dönəmlərdən fərqli olaraq bu dəfə həmrəylik nümunəsi göstərməyə çalışdılar və düşmənə qarşı ümumi mübarizədə dövlətin yanında olduqlarını bildirdilər. Hətta AXCP sədri Əli Kərimli də bu yöndə paylaşım etdi. Lakin onların həmrəylik davranışı sosial şəbəkə paylaşımından və bəyanatlardan o yana keçmədi. Milli Məclisin binasına “səlib yürüşü” təşkil edənlərin arasında AXCP fəallarının da olduğu üzə çıxandan sonra məlum oldu ki, radikal müxalifətin həmrəylik mesajları sadəcə mif imiş.

 

Mən hesab edirəm ki, biz öz içimizdə gizlənən, müxtəlif ölkələrin qarşısında anti-Azərbaycan xarakterli vəzifələrin, tapşırıqların icrasını boyunlarına götürən milli dönüklərin, “beşinci kolon” təmsilçilərinin layiqli cavablarının verilməsinin zamanı gəlib çatıb.İyulun 15-də Prezidenti İlham Əliyev də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında etdiyi çıxışında bildirdi ki, - “Biz “Beşinci kolon”la bu işi bitirməliyik, belə davam edə bilməz. Yəni, burada dözümlülük qətiyyən yolverilməzdir. Adi günlərdə biz bəzi hallarda gözümüzü yumuruq, deyirik ki, əhəmiyyətsiz şeydir. Amma belə vəziyyətdə bu, düşmənçilikdir. Bu gün bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir. Onlar artıq Azərbaycan xalqı tərəfvbindən dəfələrlə öz yerini görüblər və görəcəklər”. Məncə, Prezidentin bu çıxışından sonra radikal müxalifətin elə də geniş manevr imkanları qalmır. Radikal müxalifətin bundan sonra yalnız iki yolu var: ya siyasətdən tamamən çəkilməli, yadaki radbikallıqdan, destruktivlikdən əl çəkməlidirlər.

 

- Əlisahib müəllim, son aksiyanın hakimiyyət tərəfindən hazırlandığı barədə radikal müxalifət tərəfindən də iddialar irəli sürülür. Bu fikir istər xaricdən yayınlanan müxalifətyönlü internet kanallarda, istərsə də Milli Şura üzvlərinin iddialarında yer alır.  Bununla bağlı nə deyərdiz?

 

- Burada fantaziyalara və fərziyyələrə ehtiyac yoxdur. Hər şey ortadadır və gün kimi aydındır. Orduya dəstək yürüşü heç kimin göstərişi olmadan, sırf xalqın öz istəyi əsasında baş tutmuşdu. O yürüşdə nə iqtidarın, nə də ki, müxalifətin hər hansı bir rolu, təşkilatçılığı yox idi. Xalq özü könüllü şəkildə təşkil olunmuşdu, bir araya gəlmişdi. Çünki ortada Vətən məsələsi, Ordu məsələsi, dövlətlə həmrəylik, düşmənə isə dirəniş göstərmək məsələsi vardı. Odur ki, bu aksiyanın pərdə arxasında hər hansı bir “drijor çubuğu” axtarmaq absurddur. Mən bu iddiaları gülünc və əsassız fərziyyələr hesab edirəm və düşünürəm ki, bütün bunlar xalqla dövlət arasında inamı sarsıtmağa hesablanıb.

 

Hə, əgər siz yürüşün özünü deyil, o yürüşün sonunda birilərinin Milli Məclisin binasına quldurcasına soxulmasını və orada dini şüarların səsləndirilməsini aksiya hesab edirsinizsə, buna aksiya demək olmaz. Bu aksiya deyildi. Bu rəsmən təxribat idi, avantüra idi. Bunun üçün hüquq-mühafizə orqanlarının araşdırmalarının nəticələrini gözləməliyik.

 

O ki, qaldı aksiyanın nəyi ifadə etməsinə, hər kəs artıq bilir ki, iyulun 14-də respublikamızın bölgələrində zəfər, birlik yürüşləri keçirildi. Ən böyük yürüş-aksiya isə Bakıda baş tutdu. Ordumuzun düşmən hücumunu qəhərəmancasına dəf etdiyi gecə döyüşçülərimizə dəstək məqsədilə çox sayda insanlar Şəhidlər Xiyabanına gəldi. Yürüşdə həm Orduya, həm də Ali Baş Komandana dəstək şüarları səsləndirildi. Bu bir milli həmrəylik yürüşü idi və bu yürüş bir daha onu göstərdi ki, xalqımız ağır günlərdə bir nöqtəyə vura bilir. Biz bu aksiyanı həm də xalq-iqtidar birliyinin nümunəsi kimi dəyərləndirməliyik.

 

- Bu gün radikal müxalifət 14 iyulda baş verən təxribatın yuxarıdan baş verdiyini, hakimiyyətin idarə etdiyini və bəzi müxaifət partiyalarının da həmin gün meydanda olmasına xüsusi ironiya ilə yanaşır. Bu barədə nələri söyləmək olar?

 

- Əvvəla icazə verin həmin o təhlilçilərin tamamilə yanlış mülahizə yürütdüklərini qeyd edim. İyulun 14-də Milli Məclisin foyesində baş verən təxribatın yuxarıdan baş vermə ehtimalını irəli sürmək qərəz və populizmdən başqa bir şey deyil. Hakimiyyət məgər özü-özünə qarşı düşməndirmi ki, xalqın Orduya və Ali Baş Komandana dəstək niyyətilə təşkil etdiyi yürüş-aksiyada belə bir anlamsız təxribat törətsin? Bu iddia heç bir sağlam məntiqə sığmır. Kimlərinsə hüquq-mühafizə orqanlarının araşdırmalarının nəticələrini gözləmədən, öncədən Nostradamusluq edib bu olayda hakimiyyətin izlərini axtarmağa çalışması qeyri-ciddilikdən və qeyri-peşəkarlıqdan başqa bir şey deyil. Yürüşün videogörüntülərində Rauf Xələfovun görüntülərinin yer alması hələ o demək deyil ki, bu olayı hakimiyyətin özü təşkil edib. Mən Rauf Xələfovun hadisənin baş verdiyi anlarda orada olmasında qeyri-adi nəsə axtarmağı əsla düzgün hesab etmirəm. DTX-nin zabitinin bu cür kütləvi toplantılara, yürüşlərə, aksiyalara baş çəkməsi də onun öz xidməti vəzifələrini yerinə yetirməsindən irəli gəlir. Bunu başqa istiqamətlərə yozmaq bir tərəfdən diletantlıqdırsa, digər tərəfdən isə qərəzli yanaşmadır.

 

Əlbəttə, hakimiyyətin qolları üzərində ictimai nəzarətin tətbiq edilməsi müsbət hadisə olardı. Mən prinsip etibarilə bunun əleyhinə deyiləm. Ancaq elə xidməti vəzifələr və elə strukturlar da var ki, onlara ictimai nəzarət tətbiq etmək məqsədəuyğun sayılmır. DTX da belə strukturlardan biridir. Dünyanın heç bir ölkəsində xüsusi xidmət orqanlarının fəaliyyəti üzərində geniş ictimai nəzarət tətbiq edilmir. Burada yalnız parlament və ekspert nəzarət mexanizmlərinin yaradılmasından söhbət gedə bilər.


- Son aksiyada hansısa liderin olmasına ehtiyac var idimi. Ziyalılar, millət vəkilləri, ictimai təşkilat rəhbərləri niyə önə çıxmadı?

 

- Bilirsiniz, o aksiya xalqın öz içindən gələn bir hissin təzahür forması idi. O aksiya üçün əvvəlcədən heç bir hazırlıq işi aparılmamışdı. Orduya dəstək yürüşünün nə ssenaristi vardı, nə də ki, təşkilatçısı. Bu spontan şəkildə baş tutmuş bir aksiya idi. Ona görə də həmin aksiyada nə tribuna, nə də çıxışlar, pafoslu nitqlər nəzərdə tutulmuşdu. İnsanlar ora lider axtarışı üçün yığışmamışdılar ki. Ora gələnlər Orduya dəstəklərini ifadə etmək istəyirdilər. Toplaşmağın özü dəstəyin ifadəsi idi. Aksiya iştirakçıları heç kimin gəlişini gözləmirdilər. Onlar millət vəkillərinin, ziyalıların, QHT rəhbərlərinin gəlib orada çıxış etmələri tələbini də irəli sürməmişdilər. Odur ki, o aksiyanı “başsız aksiya” kimi dəyərləndirməyin tərəfdarı deyiləm. Adətən, bu cür könüllü xalq yürüşlərində başçı, lider problemi olmur. Çünki bu cür aksiyalarda hamı bərabər olur. Belə aksiyalarda əsas məsələ xalqın birliyidir. Bəlkə də ziyalılar, xalq artistləri, deputatlar, partiya sədrləri və ictimai təşkilat rəhbərləri bu aksiyaya qatılmış olsaydılar, aksiyanın məqsədi və gedişatı tamam ayrı istiqamətlərə yönləndirilə bilərdi və bu qədər möhtəşəm alınmazdı. Aksiyanın sonundakı təxribat isə istənilən halda baş verə bilərdi. Adətən bütün aksiyalarda hansısa formalarda xırda insidentlər və ya təxribatlar olur. Yaxşı ki, bu aksiyanın sonunda baş verən xoşagəlməz halların qarşısı DİN-in çevik müdaxiləsi, polislərimizin peşəkarlığı nəticəsində dərhal alındı.

 

- Siyasi partiyaların Prezidentə dəstəklə bağlı bəyanatı iqtidar-müxalifət dialoqunda irəliyə doğru addım sayıla bilərmi?

 

- Mən hesab edirəm ki, ümummilli məsələlər ortaya gələndə “iqtidar-müxalifət” anlayışı arxa plana keçməli və siyasi mövqeyindən asılı olmayaraq hər kəs dövlətin yanında yer almalıdır, dövlətlə həmrəylik nümayiş etdirməlidir. Bu bir yazılmamış qanundur və mənəvi borcdur. 43 siyasi partiyanın Azərbaycanın ən çətin məqamında cənab Prezidentin ətrafında birləşdiklərini bəyan etməsinə də məhz bu rakursdan qiymət verməliyik. Ermənistanın Tovuz istiqamətindən dövlət sərhədimizi pozmağa, mövqelərimizi ələ keçirməyə çalışması ölkəmizin suverenliyinə, sərhədlərimizin toxunulmazlığına qarşı çox ciddi təxribat idi. Belə bir təhlükəli məqamda siyasi partiyaların bir araya gəlməsi və həmrəylik nümayiş etdirməsi, Ali Baş Komandana dəstək verməsi çox önəmli idi. Sevindirici haldır ki, siyasi partiyalarımız bu vəzifənin öhdəsindən gəldilər. Bu həqiqətən də olduqca böyük hadisədir. DADP adından mənim də imzaladığım bu bəyanatın mətnində açıq şəkildə qeyd etmişik ki, “Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda istənilən tapşırığı hər an yerinə yetirməyə hazırıq. Biz müsəlləh əsgərik”. Bu, cəmiyyətimiz üçün də çox yaxşı nümunədir. Bu gün cəmiyyətimizdə də çox böyük ruh yüksəkliyi və birlik, həmrəylik əhval-ruhiyyəsi var.

 

- Tovuzda baş verən erməni hərbi təxribatın arxasında hansı xarici güclər dayanırdı?  Ermənistanın Azərbaycana qarşı hərbi müdaxiləsində Rusiyanın rolu nə dərəcədədir?

 

- Dövlət sərhədimizin Tovuz istiqamətində baş verən təxribatın arxasında Rusiyanın dayanması ehtimalı sadəcə ehtimaldır. İndi bir çoxları Tovuz döyüşlərini Azərbaycandan Avropaya, Qərbə, Türkiyəyə keçən qaz-neft layihələrinin Rusiya tərəfindən zərbə altına alınmasına yönəlik hərbi müdaxilə kimi dəyərləndirə bilərlər. Ancaq bunu sübut etmək üçün bizim əlimizdə real faktlar olmalıdır. Belə bir faktlar isə hələlik heç kimdə yoxdur. Mən isə ehtimallarla danışmağı xoşlamıram. Real fakt isə ondan ibarətdir ki, bu təxribatı məhz Ermənistanın silahlı qüvvələri törədib. Özü də kifayət qədər ciddi hazırlanmış, öncədən planlaşdırılmış təxribatdır. Mən hesab edirəm ki, bu təxribatın törədilməsi ilk növbədə Paşinyanın özünün təşəbbüsüdür. Ermənistanın Baş nazirinin ölkəmizə qarşı belə bir təxribatın törədilməsində maraqlı olması üçün kifayət qədər səbəblər və əsaslar da var.

 

O ki qaldı Avropanın Rusiyaya təsirinə, hazırda Avropanın Rusiyaya heç bir təsir imkanları yoxdur. Xüsusən də pandemiyanın yaratdığı fəsadlar və iqtisadi böhrandan sonra Avropa öz canının hayındadır.

 

Rusiyanın hazırki məqamda hər hansı bir təxribata əl atacağını düşünmürəm. Çünki onsuz da Ukraynada, Suriyada, Liviyada ciddi problemlərlə üzləşən Rusiyanın indi də Cənubi Qafqazda yeni bir münaqişəyə qoşulmaq lüksü yoxdur. Putinin Rusiya Silahlı Qüvvələrinin təlimlərinin keçirilməsi barədə göstəriş verməsi bu ölkənin Azərbaycana qarşı hər hansı bir təxribata hazırlaşması anlamına gəlmir. Nəzəri olaraq Rusiyanın hansısa təxribatlar törətməsi mümkündür. Amma praktiki cəhətdən bu gün bu, real səslənmir. Hərçənd ki, Putin həddindən artıq ambisioz şəxsdir və ölkəsinin iqtisadi maraqlarından ötrü hər cürə addımlar ata bilər. Lakin hazırda Rusiya-Ermənistan münasibətlərindəki soyuqluq Putinin “Ermənistan kartı”ndan bizə qarşı istifadə etməsinə imkan vermir. Odur ki, mən Tovuzda baş verən təxribatı ilk növbədə Ermənistanın özünün törətdiyini düşünürəm.

 

“Türkiyə ilə hərbi əlaqələr ən üst səviyyəyə qaldırılmalıdır

 

- Əlisahib müəllim, məlumdur ki, Türkiyə Azərbaycanın strateji müttəfiqidir və Ermənistanın Azərbayacana qarşı apardığı elan olunmamış müharibədə daim ölkəmizi mənəvi qardaş kimi dəstəkləyib. Son təxribatdan sonra Türkiyə Ermənistana qarşı açıq mövqeyini sərgilədi. Belə bir şəraitdə Türkiyə-Azərbaycan konfederasiyasının yaranması ideyasına sizin fikriniz nə olar?

 

- Kifayət qədər maraqlı sualdır. Bilirsiniz, istər Qərb, istərsə də Rusiya regionda Türkiyənin və Azərbaycanın mövcudluğunu həzm etməyə bilərlər. Eləcə də, sevməyə bilərlər. Lakin həm Qərbin, həm də Rusiyanın bu gün hər iki ölkəyə ehtiyacı var. Ona görə də onlar Türkiyə və Azərbaycanı regionun xəritəsindən əsla silə bilməzlər. Əlbəttə, zəiflətməyə və yaxud da, öz təsir dairəsinə salmağa çalışa bilərlər, lakin tamamilə məhv edib sıradan çıxara bilməzlər. Çünki Türkiyə də, Azərbaycan da artıq kifayət qədər oturuşmuş, inkişaf etmiş ölkələrdir. Lakin buna baxmayaraq ölkələrimizin başı üzərindən qara buludlar heç zaman əskik olmur. Varlığımızı təhdid edən bir çox xarici təhlükələrlə üzləşirik. Eləcə də mənfur Ermənistanın həm Azərbaycana, həm də Türkiyəyə qarşı torpaq iddiaları bu gün də davam edir. Bu təhlükələr və təhdidlər fonunda ölkələrimizin gücünün birləşdirilməsi və o cümlədən bütövlükdə Türk Dünyasında inteqrasiya prosesinin sürətləndirilməsi qaçılmaz, labüd məsələyə çevrilir. Ancaq Türkiyə və Azərbaycanın konfederasiya şəklində birləşməsi elə də asan məsələ deyil. Bu barədə əvvəllər də dəfələrlə qızğın müzakirələr gedib, lakin bu istiqamətdə real addımlar atmaq mümkün olmayıb. Görünür bununçün də zamana ehtiyac var.

 

Azərbaycanın həm Qarabağ ın işğaldan azad edilməsi üçün, həm də bundan sonra sərhəddən gələ biləcək hər hansı təhlükəni vaxtında önləyə bilməsi üçün bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi vacibdir. İlk növbədə isə qardaş Türkiyə ilə hərbi əlaqələr ən üst səviyyəyə qaldırılmalıdır. Zənnimcə, Rusiya-Ermənistan birgə qoşunlarının yaradılmasına alternativ olaraq Azərbaycan və Türkiyənin də analoji addımı atmasına ehtiyac var. /ucnoqta/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı