“Müxalifət daşı ətəyindən töküb, parlament seçkiləri ilə bağlı təşkilatlanmalıdır” - MÜSAHİBƏ

21:07 26-06-2018 | icon 911 | Siyasət
“Müxalifət daşı ətəyindən töküb, parlament seçkiləri ilə bağlı təşkilatlanmalıdır” - MÜSAHİBƏ

 

Əli Əliyev: “Bəzi şəxslər ölkə kənarından müəyyən kanallar vasitəsilə tezislər irəli sürüb, gərginlik yaratmaqla məşğuldu”

 

 

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin Versus.Az-a müsahibəsi

 

- Əli bəy, hazırda siyasi düşərgədə bir-birini ittihamlamalar xüsusilə diqqət çəkir. Yaranmış vəziyyəti siyasilərin çaşqınlığı kimi qiymətləndirmək olarmı və sizcə seçki ətrafında dövrə vuran bu 80 gündən sonra kabinetlərdə oturan siyasilər nəyi gözləyir?

 

“Siyasi proseslərin ağırlıq mərkəzi hakimiyyətin daxilindədir”

 

- Bu dəngənin dəyişməsi üçün ölkədə və ölkə ətrafındakı şərtlər də dəyişməlidir. 11 aprel seçki kampaniyasının keçirilmə şərtləri bir daha göstərdi ki, hökumətdəki bir qrup demokratiya adına heç bir addım atmaq istəmir. Hamı fərqindədir ki, bu cür hallar yalnız inqilaba apara bilər və bunun üçün də müəyyən şərtlər var. Böyük prolitar inqilabçısı Lünin hələ bir əsr əvvəl onun şərtlərini bildirib: İnqilab o yerdə baş verir ki, yuxarılar əvvəlki qaydada idarə edə bilmir, aşağılar əvvəlki kimi yaşamaq istəmirlər. Burada qlobal beynəlxalq aləm faktoru da var.  İnqilabın olması ölkənin xeyrinə deyil. Ona görə də bu gün hamı dinc şəkildə prosesləri izləyir. Mən deməzdim ki, cəmiyyətdə hər şey sabitdir, sakitdir. Əslində siyasi proseslərin ağırlıq mərkəzi hakimiyyətin daxilindədir və çox ciddi qarşıdurma var. Biz bunun əlamətlərini görürük.

 

Bu günlərdə mətbuatda nazirlərdən birinin qardaşının ev dustaqlığına atılması barədə məlumatlar yayıldı. Amma üstünə çox gedilmədi. Belə ki nüfuzlu və müəyyən gücü olan nazirlərdən biri yeni təyin olunmuş nazirlərdən birini təhdid etməyə çalışıb. Prezident bundan xəbər tutub və həmin adam cəmiyyətdən təcrid olunsa da, sonra müəyyən adamların xahişi ilə ev dustaqlığına buraxılıb. Bu özü hakimiyyətdə  köhnələrlə yenilərin mübarizəsini göstərir. Bu proseslərə əsasən bu ilin payızında parlament seçkiləri keçiriləcək. Hakimiyyətin daxilində özünü xilas etməyə çalışan tərəf çalışacaq ki, Moskvaya bağlı olan hakimiyyətdaxili qruplaşma ilə parlament müstəvisində də bağlarını kəssin. Bu proses seçkidən sonra hökumət daxilində baş verdi, hazırda isə İcra Hakimiyyətləri korpusunda həyata keçirilir. Hesablamalarıma görə, əgər dəyişiklik müəllifləri davamlı və israrlıdırlarsa, bu proses parlamentə də sıçrayacaq. Yəni köhnə parlament nümayəndələrinin parlamentdən uzaqlaşdırılması üçün payızda məqsədli şəkildə yeni parlament seçkilərinin keçirilməsi mümkündür.

 

Mövcud vəziyyət, həm də ona görə sakit deyil ki, hökumət daxilində İham Əliyev və onun ətrafını hakimiyyətdə dəyişiklik etməkdən çəkindirmək istəyən qüvvələr var ki, onlar Prezidentə müxalifət görüntülü basqılar edirlər. Bəzi şəxslər ölkə kənarından müəyyən kanallar vasitəsilə tezislər irəli sürüb gərginlik yaratmaqla məşğuldular. Regional prinsiplə formalaşmış və Moskvaya bağlanıb, Azərbaycanı somuran klan hakimiyyətdən getməmək üçün bütün vasitələrə əl atır.  Onlar baş verən dəyişikliklərin qarşısını almaq üçün  bütün laylarda mübarizələrini kəskinləşdirməyə çalışırlar və bunu Azərbaycan xalqına “müxalifət-iqtidar, İlham Əliyev-xalq mübarizəsi” kimi təqdim etməyə çalışırlar. Bu gün istərdim ki, xaricdə İlham Əliyevi kəskin tənqid edən şəxslər onun komandasında olan “ikinci”nin, “üçüncü”nün, “dördüncü”nün kim olması barədə də danışsınlar və ölkədə baş verən neqativləri çılpaqlığı ilə ortaya qoysunlar. O halda xaricdə aparılan o təbliğatın ədalətli olmasına inanaram. Regional klanın hakimiyyətdə qalması üçün cildini dəyişib transformasiya edərək Azərbaycanı növbəti dəfə Moskvaya bağlayıb inkişafdan saxlamaq, özünün mədə ehtiyaclarını ödəmək üçün xalqı əridib ölkədən qovmasını, torpaqların işğalda saxlanması kimi cılız niyyətli şəxslərin qiymət almasının tərəfdarıyam.

 

- Hakimiyyətin daxilində “müxalifət görüntülü” basqılardan danışdıniz və xaricdən İlham Əliyevə qarşı olan hücumların təxminən düşünülmüş şəkildə hazırlandığını vurğuladınız. Kimləri və nəyi nəzərdə tutdunuz. Belə qüvvələr daxildə hansı “postları” tutublar?

 

- Xaricdə Azərbaycanın bu vəziyyətdən çıxmasını səmimi istəyənlər var. Elə insanlarla paralel Azərbaycandan idarə olunan və təlimatlandırılan qrupların məqsədləri İlham Əliyevi dəyişikliklərdən çəkindirməkdir. Biz bunu  müxtəlif formalarda - müxalifətin aşağılanması, təhdid, müxalifətin bir araya gəlməsi adı altında müxtəlif formalarda cəmiyyətə verilən mesajlarda görürük ki, hamısı qeyri-səmimidir. Hesab edirəm ki, ölkənin taleyi ölkənin daxilində həll olunacaq. Mən kənarda yaşayan soydaşlarımzın apardığı mübarizəni yüksək qiymətləndirirəm. Onlar bunu etmyə də bilərdilər. Bir halda ki, ölkədən kənarda məskunlaşıb Azərbaycan dövləti haqqında düşünürlər, bunu ancaq alqışlamaq lazımdır. Bu alqış o şəxslərə düşür ki, onlar bunu səmimi edirlər. Pul müqabilində, hansısa siyasi məqsədlər bahasına, nəyincə maraqları xatirinə ölkənin daxilini qarışdırmaq təşəbbüsləri və cəhdləri, bu yolda mübarizə aparan insanların aşağılanması, qətiyyən yolverilməzdir.

 

- Sizcə dediyiniz saxta müxalifətçilik hazırda ictimaiyyətdə hansı durumu yaradıb?

 

- Ölkədə çaşqınlıq yaratmağa təşəbbüs göstərilir. Kimin kim olması sualına cavab tapmaq üçün ictimaiyyətdə problemlər yaradılır və təəssüflər olsun ki, bu xırda korparativ maraqlardan irəli gələn mövqedir. İnsanlarımız fərqində olmalıdır ki, kim kimdir. Etiraf eləmək lazımdır ki, bu gün bunu müəyyən eləmək çox çətindir. Orta  statistik azərbaycanlının efirdən eşitdiyi fikirlər içərisində çeşidləmə aparıb hansının ədalətli, hansının ədalətsiz olmasına qərar verməsi mürəkkəbdir.

 

“Qalanlarını gizlətmək oyunbazlıqdan başqa bir şey deyil”

 

- Sadə vətəndaşın çaşqınlıqda qalmaması üçün məsuliyyət kimin üzərindədir?

 

- Heç kəsin. Hökumətin müxtlif qruplarının bu istiqamətə yönəltdiyi vəsait, yönəltdiyi kadrlar maariflənmə işinin aparılmasına ciddi şəkildə maneə olurlar. Müxalifətin bütün hallarda vəzifəsi cəmiyyətdə aydınlıq yaratmaqdır. Bütün hallarda cəmiyyəti marifləndirmək və proseslərin nəyə görə bu yöndə getməsini izah etməkdir. Bu bizim vəzifəmizdir. Bu gün hamı başa düşməlidir ki, iqtidara  qarşı bir konseledasiyaya ehtiyc var. Hamı anlamalıdır ki, rəqabətdə uğur səmimi mübaizədən keçir. Səmimi mübarizə isə təkcə İlham Əliyev və onun ailəsinə qarşı deyil, bütövlükdə onun komandasını əhatə etməlidir. Yəni İlhm Əliyevi hədəfə alıb qalanlarını gizlətmək oyunbazlıqdan başqa bir şey deyil.

 

- Dediniz ki, müxalifət cəmiyyətdə marifləndirmə işi aparmalıdır. Demokratik düşərgə özü özünə etibar etmirsə, kimin kim olduğunu tanımırsa, ona kim inanacaq, yaxud onun marifləndirmə işi nə effekt verə bilər?

 

- Məsələni sadələşdirərək həll etmək lazımdır. Bu gün bizim rəqibimiz iqtidar partiyasıdır. Ona qarşı kim saf, prinsipial, ardıcıl barışmaz mübarizə aparırsa, o həqiqi müxalifətdir. Bu ardıcıllıq prinsipi hamınn gözü qarşısındadır. Yəni burda kimsə özünü kimdənsə böyük, yaxud kimisə kiçik hesab edə bilməz. Məsələn, Türkiyədə seçkilər oldu. Orda Ərdoğanın prezident olmasının səbəbkarı MHP-dir. Hamı bilir ki, Ərdoğan dünya ölkələri arasında həlledici siyasətçidir. Ancaq onun prezident olmasını həll edən MHP oldu. Bu gün parlamentdə demək olar ki, hamıdan az səs alan MHP olub. Ona görə də  MHP lideri Devlət Baxçalı açıqlama verərkən özünü kiçik partiya adlandırdı. Yəni kimin kiçik olması, kimin böyük olması ölkədə məsələləri həll etmir. Əsas mövqedir. Xüsusən, müxalifətin gücü orta statistik məmurdan az olduğu halda onun hansının güclü, hansının zəif olması məsələsi çox mücərrəd görünür. Məsələnin digər tərəfi odur ki, bu ölkədə kimin nə işlə məşğul olduğunu hamı çox yaxşı bilir. 25 illik müxalifətçilik dönəmində kimin YAP-la hansı məsafədə dayandığını yaxşı bilirik. Bu hakimiyyətin bu qədər güclənməsində kimdə nə qədər günah payı var, hamı yaxşı bilir. Bu hökumətin güclənməsində rol alan, hökumətdən pul alıb şəxsi məqsədləri naminə silahdaşlarını satan adamların bu işdə kimlərəsə məsləhət görməsi tamamilə yanlışdır. Üstəgəl xarici dövlətlərdən maliyyələşən, onların maraqlarını təmin edən xarici dövlətlərin gücü hesabına burda qüvvətlənən müxalifətin bizim kimi müxalifət partiyalarına nəyisə diktə eləməsi gülünc görsənir. Ona görə də burda hamı ortaq məxrəcə gəlməlidir. Kimsə “müxalifətdə 1-ci kimdir, 3-cü, 10 -cu kimdir”- sualına cavab axtarmamalıdır.

 

“Şüarları üst-üstə düşən partiyaların təşkilatlanması  lazımdır”

 

- Görüntü yaradan müxalifət səmimi müxalifətlə iqtidar arasında bir sədd yarada bilibsə, nə edilməlidir?

 

- Kim nə vaxt nə edibsə, onu unutmaq lazımdır. Bu gün şüarları üst-üstə düşən partiyaların təşkilatlanması  lazımdır. Kimsə “mən güclüyəm, filankəs zəifdir” məsələsinin üzərində dayanmaq istəyirsə, onlara sübut eləməyə hazırm ki, bunlar hakimiyyətin bu hala gəlməsində rol alıblar. Bu birləşmə bizim narahat olduğumuz çaşqınlığı aradan qaldıra bilər. Bu bizə müxalifətin ünvanını göstərə bilər. Qarşıdan parlament seçkiləri gəlir. Məntiqli gedişatla oktyabr-noyabr aylarında parlament seçkiləri olacaq. Müxalifət daşı ətəyindən töküb bu parlament seçkiləri ilə bağlı təşkilatlanmalıdır. Hökumət yenə bizi yarı yolada haqlıyacaq, biz də deyəcəyik ki, seçkilərə hazır deyildik. Nə olur olsun, proseslərin iştirakçısı olmalıyıq.

 

- Siz hansı partiyalarla əməkdaşlıq qurmaq istərdiniz?

 

- Səhv etmirəmsə 2008-ci ildə bir təklif vermişdim ki, hakimiyyətə qarşı satqınlıq eləmədən, arxa qapıdan iş görmədən, şəxsi maraqları güdmədən mübarizə aparan partiyalar bir araya gəlməlidir. Sıfır vəziyyətinə gəlmək lazımdır. Hər şeyə yenidən başlamaq lazımdır. Bu hakimiyyətə qarşı bir saziş imzalamaq lazımdır. O sazişdə yeganə bir məsələ hakimiyyətin yola salınması şərti qoyulmalıdr. Ora başqa müddüəları - parlament seçkilərini, küçə yürüşlərini, prezident, bələdiyyə seçkilərini qatmağa ehtiyac yoxdur. Mən o vaxt dostlarıma təklif eləmişdim ki, gəlin ictimai qaydada Qurana əl basaq. Gəlin ictimai qaydada müqavilə imzalayaq. Hamımız kişiyik, qapıları bağlayaq və kişi kimi öhdəlik götürək.

 

- “Ortaya qılınc qoyulsun” yəni, sözünə dönük çıxan isə...

 

- Vaxtilə belə andiçmə prosedurları olub. Bu gün  dünyanın ən güclü təşkilatları olan Masson təşkilatları elə-belə andiçmə kampaniyası düzəltmirlər. Bu həmin adamın sapması halında onun biabır edilməsi, nüfuzdan salınması üçün vasitələrdir. Bu, 100 illərin, 1000 illərin sınağından keçmiş üsullardır. Mən bu şərtlərə razı olmayanlara sadəcə olaraq inanmıram. Əgər kimlərsə bu hakimiyyəti yola salmaq istəyirsə, biz öz adımızdan deyirik ki, istənilən öhdəliyi götürməyə hazırıq. Və zamanında bu təklifi vermişik. Zamanında Azərbaycan müxalifətini seçkilərə don geydirən xarici dövlətlərin Bakıdakı nümayəndələrini boykot etməyə çağırmışam. Sözüm havada qalıb.

 

- Əli bəy, o andiçmədə hansı partiyaları görürsüz. Mümkünsə bir-ikisinin adını çəkin - AMİP, AXCP, Müsavat, ADP, ALDP, ÜMİD?

 

- Mənim üçün fərq eləmir. Bu gün özünü siyasi mübarizədə görən bütün tərəfləri, böyüklüyündən kiçikliyinə qədər, mən deyən prosedurları həyata keçirməyə hazır olan hər bir partiya ilə işləməyə hazırıq. Prosedurlar ixtisar da ola bilər, əlavə də oluna bilər. Yoxsa uşağını xaricdə oxutdurmaq istəyən, əlavə ev almaq, hökumətdən bir güzəşt almaq, mandat almaq istəyənlərlə aldanmağa halım yoxdur. Ona görə də mən tək mübarizə aparmağı daha düzgün sayıram. Ancaq kimsə səmimi mübarizə aparmaq istəyirsə və bu yol müxalifətin toparlanması və cəmiyyətin birliyindən keçirsə bu prosesdə olmağa hazırıq.

 

- Təklif çox maraqlıdır. Amma....bütün olanlardan sonra sizin bu təklifinizə reaksiya verib, çağırışınza gələnlər olacaqmı, məsələ budur...

 

- Mən bu təklifi 10 il qabaq vermişəm. “Belə siyasilər olacaqmı” - sualı başqa bir məsələdir. Amma bu gün özünü rəsmən müxalif sayan xeyli sayda şəxslər var. İstəyirlər gəlsinlər, istəmirlər bu yolda çürüsünlər.

 

“Heç kəs Sərdar bəyin üstünə gəlməyi haqq etmir”

 

- Əli bəy, Sərdar Cəlaloğlu Türkiyə-Azərbaycan Konfederasiyası fikrinə görə ona qarşı kəskin hücumların olduğunu iddia edir. Doğrudanmı bu təpkilər konfederasiya fikrinə görədr?

 

- Mən Sərdar bəyə olan hücumları Konfederasiya ilə əlaqələndirmirəm. Ortada nəsə başqa məsələlər var.  Birdən-birə bu hökumətin hardan yadına düşdü ki, Sərdar bəy Türkiyə-Azərbaycan Konfederasiyasının təşəbbüskarı kimi çıxış edib? Sərdar bəy bu barədə mediada geniş izahatlar verib. Mən də Türkiyə-Azərbaycan Konfederasiyasının tərəfdarıyam. Mən də Türkiyəni Azərbaycanın ən etibarlı tərəfdaşı hesab edirəm. Türkiyə Azərbaycan, Azərbaycan Türkiyə deməkdir. Bu münasibətlərin hansı müstəvidə davam etməsi məsələsinə dair verilən təkliflərin rəngarəngliyi bu münasibətlərə kölgə salmır. Təklif müəlliflərinin təkliflərinə görə heç kəs onları qınaya bilməz. O cümlədən də heç kəs Sərdar bəyin üstünə gəlməyi haqq etmir. Sərdar bəy Azərbaycan siyasətində uzun dövrdür ki, milli maraqları qoruyan və bu istiqamətdə çıxış eliyən azsaylı siyasətçilərimizdəndur. Ancaq ona olan bu hücumun arxasında hansı məqsəd durur, hələ bu günə qədər müəyyən edə bilməmişəm. Görünür ki, bunun arxasında hansısa siyasi məqsədlər durur.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi