Azərbaycan-Türkiyə Birliyini zəruri edən faktlar - MÜSAHİBƏ

11:14 12-08-2020 | icon 1045 | Siyasət
Azərbaycan-Türkiyə Birliyini zəruri edən faktlar - MÜSAHİBƏ

Rauf Məmmədov: Rusiyanın Cənubi Qafqazda apardığı siyasətin strateji xətti azərbaycanlı türklərin bölgədə varlığına son qoymaq...”

 

Cənubi Qafqazın “Kaşşeyi” və onun ətrafında yaradılan “məğlubedilməzlik” xofu artıq region dövlətlərinin iliyinə işləyib. Regionda münaqişələr yaradan “Rusiya mifi”nin məhz Türk silahı ilə dağıdılacağı fikri də ortadadır.

 

Bu gün Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlaması faktı, Türkiyə-Azərbaycan strateji əməkdaşlığının genişləndirilməsi və Qarabağ müharibəsində Azərbaycanla birlikdə torpaqların işğaldan azad edilməsi məsələsini gündəmə gətirib. Bəllidir ki, ermənilərin əlinə silah verən böyük güclər hər vəchlə bu tarixi yaxınlaşmaya imkan vermir və Rusiyanın “əlinə qılınc verib” “keşikdə” dayanmasını təmin edirlər.

 

Bəllidir ki, işğalçı Ermənistan Azərbaycan torpaqlarında yaşayan erməni etniklərini silahlandıraraq torpaqlarımızı işğal etdi və hazırda geri çəkilmək barədə düşünmür. Üstəlik yeni ərazilərə iddia edir.

 

Bu gün Azərbaycanın torpaqları işğal olunur, əhalisi öz yurdunda zorakılıqlara, cinayətlərə, soyqırımlara məruz qoyularaq insanlar didərgin salınır. Amma böyük dövlətlər heç nə olmamış kimi həyasızcasına bizi “tərəf” adlandırıb “sülhə” çağırır. Beləcə Azərbaycan torpaqlarının işğalı faktı gözardı edilir. Bu yanaşmada böyük ədalətsizlik var. Ona görə də Azərbaycanın özünə və dost bildiyi dövlətlərin Hərbi Birliyinə güvənməkdən başqa çarəsi yoxdur. Türkiyə-Azərbaycan Hərbi Birliyinin, Konfederasiyasının yaradılması ideyası bu mənada təsadüfən ortaya çıxmayıb. Azərbaycan ictimaiyyəti bunun üzərinə gedir və tez bir zamanda o möhtəşəm birliyin yaranması zərurətini ortaya atırlar. Çox qəribədir ki, kimlərsə daxildən və kənardan Azərbaycana qarşı edilən haqsızlıqlara göz yumaraq bu Birliyin yaranmasından ehtiyatlanır və  “möhtərəm” Rusiyanı qıcıqlandırmaq istəmirlər.

 

 “Bu dövlətin missiyası Avrasiya məkanında türklərlə savaşıb onları məhv etmək...”

 

Bu və ya digər məsələlərlə bağlı Versus.az-a müsahibə verən politoloq Rauf Məmmədov maraqlı faktlara diqqət çəkib.

 

- Rauf müəllim, bəllidir ki, güclər Azərbaycanla Türkiyənin Hərbi Birlik istəyindən, ümumiyyətlə dostluğundan  narahatdır. Necə hesab edirsiz, bu gün regionda Azərbaycanın Türkiyə ilə birliyini istəməyənlərin yaratdığı xofun əsasında hansı tarixi faktlar dayanır və Türkiyəni regiondan uzaq tutmaq istəyi kimə lazımdır?

 

- Mən bu suallara biz az dərindən, tarixi-mədəni, dini və geosiyasi rakusdan yanaşmaq istəyirəm. Düşünürəm ki, bu yanaşma, mövcud problemi daha dərindən anlamağa yardım edəcəkdir.

Rusiya, imperialist təfəkkürə malik olan bir dövlətdir. Bu, onun xalqının da şüuruna həkk olunub və onun milli mentalitetinin ayrılmaz bir hissəsinə çevrilibdir. Bu, təsadüfi deyildir. Çünki bunun dərin dini və tarixi-ideoloji kökləri vardır. İmperiya, rus dövlətçiliyinin mövcudluq fəlsəfəsidir. Bunu, əksər rus ideoloqları (A.Duqin və digərləri) açıq etiraf edirlər.

Yəqin, siz “Moskva - üçüncü Roma” anlayışı barədə çox eşitmisiniz. Çünki Rusiya KİV-də bu anlayış tez-tez gündəmə gətirilir. Əslində, bu o deməkdir ki, Rusiya özünü üçüncü Roma hesab edir. Bunu, Çar Rusiyası və SSRİ rəhbərliyi (İ.Stalin) qəbul etdiyi kimi, müasir Putin hökuməti də qəbul edir. Yəni, Rusiya özünü 1453-cü ildə türklər tərəfindən varlığına son qoyulan İkinci Bizans Roma imperiyasının varisi hesab edir. Bu baxımdan, Rusiya və onun ortodoksal kilsəsi, özünü dünya ortodokslarının dini və siyasi mərkəzi durumunda təqdim edir. Əslində, Bizans Roma imperiyasının dini mərkəzi, de-yuri bu gün İstanbulda yerləşən Rum ortodoks patriarxlığıdır. Romanın varisliyinə iddialı olan digər bir mərkəz də katolik Vatikandır.

Roma taxt-tacının ilahiləşdirilməsinin təməlində xristian ortodoks dini inanc sistemi mövcuddur. Katoliklərdən fərqli olaraq, ortodokslar, Roma imperatorunun hakimiyyətini ilahi hesab edirlər. Çünki inanca görə, güclü Roma imperiyasının və imperatorunun varlığı, yerin altında buxovlanıb qalan Antixristin üzə çıxmasına mane olur. Əgər bu imperiya çöksə, o zaman, Antixrist meydana çıxaraq Yer üzündə fəlakətlər törədəcəkdir. Nəticədə, Hz. İsa zühur edərək onunla savaşacaq və ona qalib gələcəkdir (Qiyamət savaşı).

Bu inanc sistemi, əksər xristianların, xüsusilə, ortodoksların inancını təşkil edir. Yəni, katoliklərin Roma papasına itaətlərinin, ortodoksların imperatora bağlılıqlarının şüuraltı səviyyəsində bunlar dayanır. Rus xalqının imperiyaya və imperatora bağlılığının kökündə bu arxetiplər dayanır.

İndi gəlin baxaq görək birinci və ikinci Roma imperiyasının varlığına kimlər son verdilər. Birinci Roma imperiyası 4-5 əsrlərdə “xalqların axını” kimi səciyyələndirilən hadisələrin nəticəsində ortadan qalxdı. Asiyadan Avropaya hücum edən hun tayfaları məşhur Atillanın rəhbərliyi altında Romanın varlığına son qoydu. Bir çox german tayfaları da hunlarla birgə bu savaşda Romaya qarşı qalxdılar. Deməli, ilk Roma imperiyasının çöküşündə əsas rolu türklər oynadı.

İkinci Roma imperiyasının varlığına son qoyanlar da yenə səlcuk-türk tayfaları oldu. 1453-cü ildə sultan Fateh Mehmet Bizansın mərkəzi Konstantinapolu ələ keçirib onu İstanbul (İslambul) etməklə və nəhayət, Aya Sofya kilsəsini məscid etməklə İkinci Roma imperiyasının varlığına son qoydu. Deməli, xristianların müqəddəs hesab etdikləri hər iki Roma imperiyasının varlığına son qoyanlar türklər oldular. Buna görə də, xristianların gözündə türklər Yerin altında üzə çıxan Antixristdir. Bundan sonra xristianlar arasında Hz. İsanın gəlişi və Antixristə qalib gələcəyi ilə bağlı ümid və söhbətlər genişləndi. Bu gözləntilər müstəvisində yunan keşişləri tərəfindən “Moskva-üçüncü Roma” ideyası meydana çıxdı. Deməli, Rusiya Bizansın varisi kimi, antixrist, yəni, türk-müsəlmanlarla savaşıb onları məğlub etməli və ilahi missiyasını yerinə yetirməli idi. Bunun üçün indiki Rusiya ərazisində Rusiya dövlətinin yaradılması lazım idi. Bu dövlətin missiyası, Avrasiya məkanında türklərlə savaşıb onları məhv etmək, xristianlaşdırma siyasəti aparmaq, yeni xristian dövlətləri və türklərin Avropa girişinə mane olmaq idi. Bu, Qərbin layihəsi idi. Hollandiyadan Rusiyaya gətirilən I Pyotr indiki Rusiya dövlətinin ilk başlanğıc nöqtəsi idi. Ona qədər olan rus dövlətlərinin əslində indiki rus dövləti ilə heç bir əlaqəsi yox idi. Əslində I Yekatrinaya qədər əksər Rusiya əraziləri əsasən Krım xanlığının və Osmanlının nəzarəti altında olmuşdur.

Rusiya imperiyasını yaradan və onu genişləndirən alman zadəganları olmuşdur. I Yekatrina rus dilində danışa bilməyən alman zadəganın qızı idi. Rus çarları və əksər zadəganları alman mənşəli olmuşlar. Qərb tərəfindən yaradılan və idarə olunan yeni Rusiya layihəsində etnik ruslar (slavyandilli) təzyiqə məruz qalmışlar. Onların bir qismi Sibirə, digər qismi isə Qafqaza sürgün edilmişlər. Bu gün bizim aramızda yaşayan malakan rusları onlardandırlar.

SSRİ-nin yaranması ərəfəsində Rusiyada hakimiyyət əsasən yəhudilərin əlinə keçmişdir. Çünki bolşeviklərin liderlərinin əksəriyyəti yəhudi mənşəli idilər. Polit-büroda oturanların da əksəriyyəti onlar idi. Bu proses, bu günədək bu formada davam edir. 

Bu gün etnik rusçuluq əsasən ortodoks kilsəsinin ətrafında cəmlənibdir. SSRİ dövründə ateizm təbliğatı bu birliyə böyük zərbə vurdu. Bu təbəqə, rus dövlətində çox zəif təmsil olunubdur. Lakin, Qərb tərəfindən əsası qoyulan və I Pyotr ilə həyata keçirilən “Moskva - Üçüncü Roma” layihəsi bu gün də davam etməkdədir.

 

“Türkiyəyə cavab olaraq, Ermənistandan Tovuz təxribatı ortaya çıxdı”

 

- Türkiyənin Cənubi Qafqaza doğru istiqamətlənməsini və  Azərbaycanla strateji yaxınlaşmanı təmin edən müasir geopolitik şərtlər nədir. Bu prosesdə daha hansı maraqlar mövcuddur?

 

- Bu günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Aya Sofyanı məscid elan etməsi, dünyada, həmçinin, Rusiyadakı ortodoksları qıcıqlandırdı. Vladimir Putin “Moskva - Üçüncü Roma” layihəsinin yeni təmsilçisi kimi, bu məsələyə bu və ya digər dərəcədə reaksiya verməli idi. Çünki onun tutduğu məqam (üçüncü Roma imperatoru), bunu etməyə vadar edirdi. Xüsusilə, bu ərəfədə Rusiyanın Suriya və Liviyada Türkiyəyə məğlub olması durumu daha da gərginləşdirirdi. Türkiyəyə cavab olaraq, Ermənistandan Tovuz təxribatı ortaya çıxdı. Bunun ardınca, Türk ordusu hərbi təlimlər adı altında Azərbaycan ərazisinə daxil oldu. Çünki TANAP-TAP layihəsi təhlükə altında qaldı və Türkiyənin türk dövlətlərinə açılan qapısı bağlanılmaq təhlükəsi ilə üzləşdi.  TANAP-TAP layihəsinə Azərbaycan və Türkiyə tərəfindən milyardlarla vəsait qoyulub, Türkiyənin Azərbaycan və Orta Asiya dövlətləri ilə strateji əməkdaşlığı formalaşıbdır. Türkiyə bunlardan belə asanlıqla vaz keçə bilməz. Həmçinin, bir çox Avropa dövlətləri və ABŞ TANAP-TAP layihəsinin gerçəkləşməsində maraqlıdırlar. Çünki bu layihəyə alternativ olan “Şimal axını-2”, “Türk axını” və Qara Dəniz vasitəsilə həyata keçiriləcək digər layihələr Avropanın Rusiyadan və Fransadan asılı qalmasına səbəb olur və nəticədə, Avropa ABŞ-ın nəzarətindən çıxır və ABŞ bir qlobal güc kimi dünya səhnəsindən çəkilir. Bu baxımdan, ABŞ, yəni NATO bu məsələdə müəyyən bir mərhələyə qədər Türkiyənin yanında olacaqdır.

ABŞ-ın məqsədi, bölgədə Rusiya, Fransa, Çin və İran əməkdaşlığı layihələrinin həyata keçməsinin qarşısını almaq və Avrasiya məkanında öz hegemonluğunu qoruyub saxlamaqdır. ABŞ öz məqsədlərinə yalnız Türkiyə vasitəsilə nail ola bilər. Bu baxımdan, Avrasiya məkanında ABŞ-Türkiyə əməkdaşlığı güclənəcəkdir. Türkiyə isə, Avrasiya məkanında aktiv siyasət həyata keçirmək üçün, türkçülük və islam amilindən fəal istifadə edəcəkdir. Çünki bölgənin əsas və güclü ideya mənbələri türkçülük və islam ilə bağlıdır.

 Türkçülük ideyasının genişlənməsi İranın parçalanmasına, Orta Asiya dövlətlərinin Türkiyə ilə yaxınlaşmasına, Türk dövlətlərinin hərbi əməkdaşlığının və konfederativ birliyinin aktuallaşmasına səbəb ola bilər. Buna görə də, türk ordusunun Azərbaycana yerləşməsi ABŞ-ın maraqlarına cavab verir. Növbəti mərhələ türk ordusunun Orta Asiyaya yerləşməsi ola bilər. ABŞ Türkiyə vasitəsilə Çinin Orta Asiyada maraqlarına ciddi zərbə vura bilər. Çinin İrandan aldığı enerjiyə məhdudiyyətlər qoyulsa, Çin iqtisadiyyatı dərhal çökər və daxildə sosial böhranlar baş qaldırar. Bu isə, Çinin Uyğur dövlətinə, Tayvan dövlətinə bölünməsinə şərait yaradar. Bu, eyni zamanda, Qazaxıstan ilə Rusiya münasibətlərinin gərginləşəcəyinə şərait yaradır.

Türkiyənin Ukraynanın yanında olması və Krım məsələsini gündəmə gətirməsi, Rusiyanın içində türk, müsəlman amilinin fəallaşmasına, Qafqazda və Rusiya-Ukrayna sərhədində münaqişələrin yenidən alovlanmasına şərait yarada bilər. Əslində, bunlar, böyük dünya müharibəsinin başlaması deməkdir.

Bu gün Cənubi Qafqazda baş verən hadisələr, Körfəzdə baş verən hadisələrin məntiqi davamıdır. Beyrutda baş verən partlayış və daxili ixtişaşlar, Körfəz ölkələrinin Aralıq Dənizinə çıxışını bağlamaq və Aralıq Dənizi üzərində hegemonluğu ələ almaq məqsədi daşıyırdı. Bu partlayış, Körfəz ölkələri arasında ən böyük zərbəni İrana vurdu. Çünki İran Livan və Hezbullah vasitəsilə Aralıq Dənizinə çıxış əldə edirdi.

İran, həmçinin, Qara Dənizə çıxış üçün, Ermənistan və Gürcüstan ərazisindən istifadə edir. NATO-nun Cənubi Qafqaza daxil olması, İranın Qara Dənizə çıxışını da məhdudlaşdıra və daxildə sosial partlayışa səbəb ola bilər. Bunun üçün, Türkiyə ordusunun Azərbaycana daxil olması İranı da ciddi narahat edir. İran öz etirazını Azərbaycan şiə dindarlarının etirazları vasitəsilə bəyan edə bilər.      

Rusiya, türk ordusunun Azərbaycanda qalmasına etirazını ifadə etmək üçün, yeni separatçılıq, terror, 5-ci kolonun fəallaşması məsələlərindən istifadə edə bilər. Bunun üçün, strateji obyektlərin DTX-nin ciddi nəzarəti altına alınması vacibdir. Onlar arasında Mingəçevir su elektrik stansiyası da ola bilər. Biz, artıq son bir neçə ildə Türkiyə-Azərbaycan yaxınlaşması ərəfəsində bir çox ardıcıl terror hadisələrinin şahidi olmuşuq. Yəni, Rusiya Türkiyənin özünə qarşı birbaşa həmlə etməkdən çəkindiyi üçün, bizi zəif görərək bizə qarşı hər cür təxribatlar etməkdən çəkinmir. Buna görə, Azərbaycan-Türkiyə kəşfiyyatının birgə əməkdaşlığı zərurətdən irəli gəlir.

 

“Türk ordusunun Azərbaycana gəlişi bizim istəyimizdən asılı olan məsələ deyil”

 

- Türkiyə Ordusunun Azərbaycana gəlişini zəruri edən məsələlər nə dərəcədə bizdən asılıdır? Bu, Rusiya-Azərbaycan, eləcə də Türkiyə-Rusiya münasibətlərinə nə kimi təsir göstərə bilər?

 

- Türk ordusunun Azərbaycana gəlişi, bizim istəyimizdən asılı olan məsələ deyildir. Çünki Azərbaycandan keçən layihələr beynəlxalq xarakterlidir və onun qorunması məsələsi də beynəlxalq təhlükəsizliyə bağlı bir məsələdir. Rusiya buna qarşı etirazını birbaşa deyil, dolayı şəkildə bildirəcəkdir. Yenə Ermənistan tərəfdən bütün sərhəd boyunca hərbi təxribatların baş verməsi mümkündür. Çünki Rusiya, Cənubi Qafqazı öz maraq dairəsinə aid olan bölgə hesab edir. Bölgənin SSRİ-nin və ondan da əvvəl Çar Rusiyasının tərkibində 200 il olması, Rusiyanın bölgəni öz xüsusi mülkiyyəti kimi mənimsəməsinə səbəb olubdur. SSRİ-nin dağılmasından sonra Cənubi Qafqaz və digər respublikaların ondan ayrılmasını rus imperiya mentaliteti qəbul edə bilmir və bunu, ona qarşı bir xəyanət kimi dəyərləndirir.

Lakin, Rusiyanın Türkiyə ilə açıq münaqişəyə girməsi çox təhlükəlidir. Bu yaxınlarda V. Jirinovski də bunu dilə gətirdi ki, belə bir münaqişə türk-müsəlman birliyinin meydana çıxmasına və Rusiyanın içindən bölünməsinə səbəb ola bilər. Buna görə də, Rusiya Türkiyə ilə razılaşmağa cəhd edəcəkdir. Rusiya bu məsələdə geriyə çəkilsə, Türkiyə irəliləyəcəkdir. Bu isə, Cənubi Qafqazda Türkiyənin güclənməsinə şərait yaradacaqdır. Lakin, XIX əsrdən meydana çıxan türk-slavyan birliyi ideyası çox gözəl görünsə də, reallaşması qeyri-mümkün görünür. Çünki onların ideoloji təməli bir-birinə zidd olan paradiqmalar üzərində qurulubdur.

 

- Mövcud durum Azərbaycana nəyi diqtə edir və Azərbaycan-Türkiyə Birliyinə qarşı çıxanları qorxudan nədir?

 

- Azərbaycan-Türkiyə münasibətlərinin yaxınlaşması zərurətdən irəli gəlir. Bu zərurət, Azərbaycanın daima öz şimal qonşusu tərəfindən əzilməsi, torpaqlarının əlindən alınıb ermənilərə verilməsi, fiziki və mədəni soyqırımına, terrora məruz qalması ilə bağlıdır. Cənub qonşusu İran da əksər hallarda, bu məsələlərdə Azərbaycanın yanında deyil, Rusiyanın və Ermənistanın yanında olmuşdur. Əsrlər davam edən bu münasibətlər qarşılığında Azərbaycan kənardan özünə dəstək aramışdır. Hər zaman bu dəstəyi Türkiyədən görmüşdür.

 

Son 200 ildə Rusiyanın Cənubi Qafqazda apardığı siyasətin nəticəsi budur:

* Cənubi Qafqazda Azərbaycan ərazilərinin işğalı hesabına xristian Ermənistan dövləti meydana çıxmışdır.

* Cənubi Qafqazda kiçik bir knyazlıqdan böyük bir xristian Gürcüstan dövləti yaradılmışdır.

* Azərbaycan türklərini öz tarixi-mədəni şüurundan ayıran kiril əlifbası tətbiq olunmuşdur.

* Azərbaycanda qarışıq nikahlardan, ruslaşdırma siyasətindən irəli gələn marginal təbəqə formalaşdırılmışdır.

* Azərbaycanda öz tarixi-mədəni ənənələrinə sadiq qalan və milli şüuru daşıyan minlərlə ziyalılar pantürkçü, panislamçı adı altında repressiyaya məruz qalmışdır.

* SSRİ dövründə Azərbaycan türklərinin Sibirə sürgün edilməsi məsələsi gündəmə gəlmişdir. 

* Azərbaycan türkləri öz etnik və dini kimliklərinə görə dəfələrlə ermənilər tərəfindən soyqırımına məruz qalmışlar. 

* Azərbaycan öz zəngin sərvətlərini istehsal və emal etməsinə baxmayaraq, əldə olunan gəlirlərdən Ermənistan və Gürcüstandan daha az paya malik olmuşdur. 

 

Sadalanan bu hallar olanların çox cüzi bir hissəsidir. Onları ümumiləşdirsək görərik ki, Rusiyanın Cənubi Qafqazda apardığı siyasətin strateji xətti, azərbaycanlı türklərin bölgədə varlığına son qoymaq, bölgəni tamamilə xristianlaşdırıb ruslaşdırmaqdır. Son 200 ildə bu sahədə böyük işlər görülmüşdür. Əgər bu templə davam etsələr, yaxın 50-60 ildə öz istəklərinə tamamilə nail ola bilərlər. XX ərin əvvəllərində Azərbaycan ərazisində erməni dövlətini yaradan və bu gün Azərbaycan ərazilərinin 20%-ni işğal altında saxlayan Rusiya indi Ermənistanın Tovuz ərazisinə təcavüzünə şərait yaradır. Əslində, mövcud durum Azərbaycanın varlıq-yoxluq məsələsini gündəmə gətirir.

Sual olunur: Rusiyanın Azərbaycana qarşı bu siyasətinin əsasında nə dayanır: TANAP-TAP layihəsi? Yox, Bəyəm SSRİ dövründə belə bir layihə var idi? Bəs onda niyə Azərbaycan türklərinin Sibirə sürgün edilməsi məsələsini gündəmə gətirmişdilər? Bəs niyə o zaman, Azərbaycan türklərinin Ermənistandan köçürülməsinə göz yumurdular? Bəyəm o zaman Azərbaycan müstəqil dövlət idi və yaxud, müstəqil siyasət aparırdı?

Anlaşılan odur ki, Rusiya bölgədə azərbaycanlıların həm fiziki, həm də mental-mədəni varlığını ortadan qaldırmaq strategiyasından əl çəkməyib. Bu münasibətin təməlində türkçülüyə və islama düşmənçilik üzərində qurulan dövlətçilik fəlsəfəsi dayanır. Bir az əvvəl qeyd etdik, belə bir durumda bizim Türkiyə ilə yaxınlaşmaqdan başqa yolumuz qalmır. Lakin, bu strategiyanın həyata keçirilməsi prosesi ehtyatlı və mərhələli şəkildə olmalıdır.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI