“Bilgə dədə” ləqəbi ilə tanınmış Cavad Heyətin anım günüdür

18:47 12-08-2020 | icon 970 | Mədəniyyət
“Bilgə dədə” ləqəbi ilə tanınmış Cavad Heyətin anım günüdür

Bu gün azərbaycanlı cərrah-alim, Beynəlxalq Cərrahlar Cəmiyyəti İdarə heyətinin üzvü, İranda ilk dəfə açıq ürək əməliyyatını gerçəkləşdirən (İranda eksperimental cərrahiyyənin təməlini qoyan), “Varlıq” jurnalının təsisçisi, türkologiyaya aid 7 cildlik kitabın müəllifi, 5 nüfuzlu elmi qurumun fəxri üzvü, 5 universitetin fəxri doktoru və professoru, “Bilgə dədə” ləqəbi ilə tanınmış Cavad Heyətin anım günüdür.

 

 

 

QƏNİRƏ PAŞAYEVA
/Milli Məclisin Mədəniyyət komitəsinin sədri/

 

Cavad Heyət (Cavad Mirzə Əli oğlu Heyət; 24.05.1925, Təbriz – 12.08.2014, Bakı) Azərbaycan xalqının XX yüzildə yetişdirdiyi böyük şəxsiyyətlərdən hesab olunur. Dünya azərbaycanlıları arasında yüksək səviyyədə tanınır. Türkologiya, tibb elmi və digər sahələrdə əvəzedilməz xidmətləri olub. Alim dogma dilimizlə yanaşı, fars və ingilis dillərini də mükəmməl bilirdi.

 

Cavad Heyət ilk və orta təhsilini Təbriz, Həmədan və Tehranda alıb. Orta hərbi məktəbi bitirdikdən sonra o, Tehran Universitetinə daxil olub; ikinci kursdan ali təhsilini Türkiyənin İstanbul Universitetində davam etdirərək, 1943-1946-cı illərdə burada Tibb fakültəsində oxuyub. İstanbulda tibb tǝlǝbǝsi olarkǝn türkologiya elminǝ dǝ dǝrin maraq bǝslǝyən Cavad Heyət, oradakı böyük türkoloq alim vǝ ǝdiblǝrlǝ yaxın ǝlaqǝlǝr quraraq, bilgisini genişlǝdib vǝ ardından ixtisas üçün Parisǝ cərrahlıq ixtisasını tamamlamaq üçün gedib.

 

Heyət ailəsi Azərbaycanın seçkin ailələrindən biri olub. Ailənin soyadı Mirzə Əlinin məşrutiyyət inqilabının fərmanını Nəcəfdən Təbrizə və Tehrana aparan heyətin başçısı olduğu üçun “Heyət” adı ilə tanınıb. Cavad Heyətin atası Mirzə Əli Heyət və ondan öncəkilər Qacar şahzadələrinin müəllimləri və eyni zamanda onların güvəndiyi şəxslərdən olub. Pəhləvi hakimiyyəti zamanı isə bu nəsilə qarşı hakimiyyətin münasibəti bir qədər dəyişib.

 

Cavad Heyət Mirzə Əli Heyətin 9 övladından biri olub. C.Heyət “Varlıq” dǝrgisinin imtiyazının özündǝn sonra, qardaşıoğlu Rza Heyətin adına keçmǝsini rǝsmi şǝkildǝ vǝsiyyǝt edib. Əmək fəaliyyətinə 1946-cı ildə İstanbul Universitetində başlayan C.Heyət, 1949-cu ilədək burada cərrahlıq klinikasında çalışıb, daha sonra ixtisasını təkmilləşdirmək üçün Paris Universitetinin cərrahlıq kafedrasında işləyib. O, 1952-ci ildə yüksək dərəcəli cərrah ixtisasına yiyələnərək İrana qayıdıb, 1953-cü ildən Tehranda Hidayət və Ədliyyə xəstəxanalarında cərrahlıq klinikaları quraraq onlara başçılıq edib.

Doktor C.Heyət İranda eksperimental cərrahiyyənin təməlini qoyub. 1954-cü ildən etibarən ürək üzərində apardığı əməliyyatlar onu istedadlı cərrah kimi tanıdıb. Doktor 1954-cü ildə qapalı ürək əməliyyatı, 1962-ci ildə isə İranda ilk dəfə açıq ürək cərrahiyyəsini uğurla həyata keçirib. Bundan sonra o, İranda ilk dəfə ürək qapaqlarını dəyişdirmə, heyvanlarda ürək dəyişdirmə, Tehranda ilk dəfə insanda böyrək dəyişdirmə əməliyyatını uğurla həyata keçirdiyinə görə “Birinci Dərəcəli Əmək Ordeni” ilə təltif olunub. Tibb sahəsində qazandığı nailiyyətlər C.Heyətə geniş şöhrət gətirib.

 

Doktor C.Heyət təbabətə dair qiymətli araşdırmaların müəllifi kimi də tanınıb. Onun kitabları tibb sahəsində yazılmış dəyərli vəsait kimi mütəxəssislər tərəfindən daim yüksək qiymətləndirilib. Bir sıra beynəlxalq elmi toplantılarda öz təcrübəsinə əsaslanaraq dərin məzmunlu məruzələrlə çıxış etmiş alimin 100-dən artıq məqaləsi müxtəlif tibb jurnallarında gün üzü görüb. C.Heyət uzun müddət cərrahlığın tədrisi və cərrahların yeni nəslinin formalaşdırılması ilə məşğul olub. C.Heyət bütün həyatını və fəaliyyətini əsasən cərrahlığa, həmin sahə üzrə araşdırmalara sərf edərək İranda nəzəri və eksperimental cərrahiyyənin əsasını qoyub, elmi-nəzəri və əməli uğurlarına görə 1983-cü ildə Paris Beynəlxalq Cərrahlıq Akademiyasının üzvü seçilib. Bundan sonra, 8 ildən artıq Tehranda Azad İslam Universitetinin Cərrahiyyə kafedrasına başçılıq edib. Fars dilində cərrahlıqla bağlı üçcildlik dərsliyin müəllifidir. C.Heyət dostu Prof.Dr. Həmid Nitqi ilə birlikdə İranda elmi türkologiyanın əsasını qoyub.

 

C.Heyətin zəngin və çoxşaxəli səmərəli fəaliyyətində Azərbaycan ədəbiyyatı tarixi, türk xalqlarının keçmişi, milli folklor və eləcə də, islamşünaslığa dair tədqiqatlar önəmli yer tutur. Bu əsərlərdə Azərbaycan dilinin inkişaf mərhələləri, şifahi xalq ədəbiyyatı, ədəbiyyatşünaslıq, folklor, ədəbi tənqid, publisistika və fəlsəfə tarixinin ən müxtəlif məsələlərindən əhatəli bəhs olunur. Mədəniyyətin müxtəlif problemlərinin öyrənilməsinə münasibətdə tarixi həqiqətlərdən çıxış edən alimin ədəbi simpoziumlarda və türkoloji konfranslarda çıxışları həmişə təqdirlə qarşılanıb. Böyük alimin türkologiya sahəsində 300, tibb sahəsində 100 məqaləsi vardır. İranda sonuncu inqilabdan sonra Azərbaycan dilinin elmi tarixi ilə doktor C.Heyət və doktor H.Nitqi məşğul olub. C.Heyət fars dilində çap etdirdiyi “Türk dilinin tarixi və ləhcələri” əsərini Pəhləvi rejimi zamanı İran dilçilik elminin və hakim ideologiyanın Azərbaycan dilinin özünə-məxsus müstəqil və zəngin bir dil olmasını inkar etməsinə cavab olaraq yazıb.

 

Bundan əlavə, Cavad Heyət filologiya və türkologiya sahəsində “Azərbaycan ədəbiyyat tarixinə bir baxış”, “Azərbaycan şifahi xalq ədəbiyyatı”, “Türk dili və ləhcələrinin tarixi”, “İki dilin müqayisəsi” kitablarının müəllifidir. “Varlıq” jurnalı İranda 1979-cu ildən 3 ayda bir dəfə dərc edilən jurnaldır. Azərbaycan və fars dillərində çıxır. “Varlıq” İran islam inqilabından sonra, vətəndaşlara ana dilində jurnal nəşr etdirmək icazəsindən sonra yaradılıb. Jurnalın gün üzü görməsində, özəlliklə C.Heyətin böyük rolu olub. (Prof.Dr. Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Həsən Məcidzadə Savalan, Kərim Məşrutəçi (Sönməz), Mənzuri Xamneyi, Səməd Sərdarniya, Qulamhüseyn Beqdeli jurnalın yaradılmasında və yaşamasında yaxından iştirak edib). C.Heyət bütün ömrü boyu jurnalı şəxsi vəsaiti hesabına nəşr etdirib. Yazıların 80%-i Azərbaycan dilində, 20%-i isə fars dilindədir. Bütün İran cəmiyyətinə hesablanan məqalələr fars dilində verilir. Jurnalda Azərbaycanın müdafiəsi, Qarabağ problemi ilə bağlı məqalələr də yer alır. “Varlıq” jurnalı İranda tanınan və ciddi oxunan nəşrlərdəndir. C.Heyət 12 il “Daneşe pezeşki” (“Tibbi bilik”) jurnalını da nəşr etdirib. Jurnalda onun 70-ə yaxın elmi məqaləsi yayınlanıb. (1976-cı ildə Məhəmməd Rza Pəhləvi səltənətinin 50-ci və İran şahlarının 2500 ildönümü ilə bağlı yazı yayınlamadığı səbəbindən jurnal İranın dövlət təhlükəsizlik orqanı tərəfindən qapadılıb.)

 

C.Heyət BDU-nun, ATU-nun, “Xəzər” Universitetinin fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının, ADPU-nun fəxri professoru, Azərbaycan Cərrahları Elmi Cəmiyyətinin fəxri üzvü olub. Azərbaycan Yazıçılar Birliyinin M.F.Axundov adına mükafatına və “Dədə Qorqud” Assosiasiyasının təsis etdiyi “Məmməd Araz” mükafatına layiq görülüb. Türk Dil Qurumunun fəxri sədri, eləcə də, İstanbul Universitetinin fəxri doktoru olub.

 

C.Heyət II Fəxri Xiyabanda dəfn edilib. RUHU ŞAD OLSUN!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı