“Pənah Hüseynin orda olduğunu bilib birliyə qatılmaqdan imtina etdilər” - MÜSAHİBƏ

18:15 13-08-2020 | icon 674 | Siyasət
“Pənah Hüseynin orda olduğunu bilib birliyə qatılmaqdan imtina etdilər” - MÜSAHİBƏ

İlyas Abdullayev: “Əgər bir deputat açıq tezislə bunları ortaya qoyursa, niyə “5-ci kolon kimdir” deyə axtarış edirik?”

 

Müxalifət düşərgəsi hələ də ən vacib məqamlarda toparlana bilmir. Toparlana bilənlər hansısa “vəlvələdən” əsas məsələdən yayınaraq yekdil ola bilmirlər. Görünən odur ki, köhnə liderlik məfkurəsində olan siyasi partiya sədrləri siyasətçidən çox, “maşa”dırlar. Onlar hələ də ilk təşəbbüsləri təxribatçı siyasətləri ilə dağıdıb “müxalifətin toparlanması” prosesini zədələməklə məşğuldurlar. Belə siyasətçilər ilk navator siyasətçilərin irəli sürdüyü təşəbbüslərə qoşulmaq, müxalifəti eyni fikir ətrafında birləşdirmək əvəzinə, onları əsas məqsəddən yayındırmaq üçün hansısa “havaya” oynamaqla məşğuldur. Azərbaycan siyasi səhnəsində müxalifət partiyalarının dəfələrlə toparlanmaq istəyərkən dərhal da parçalanmaya məruz qalması indiki sosial-ictimai-siyasi mənzərəyə baxanda təsadüfi görünmür.

 

“Müxalifətin birinci toplantısı hansı “maşa” ilə qarışdırılıb?”

 

Məlum məsələ Türkiyə Hərbi qüvvələrinin Azərbaycanda hərbi təlimlər keçirməsindən sonra bir qrup müxalifət partiyalarının toparlanaraq Türkiyə-Azərbaycan arasında strateji əməkdaşlığının müzakirəsi zamanı da ortaya çıxıb.

 

Xəbər verildiyi kimi, Azərbaycanda fəaliyyət göstərən 15 ictimai-siyasi təşkilat AMDP-nın təşəbbüsü ilə Türkiyə silahlı qüvvələrinin Azərbaycanda qalıcı olması və iki qardaş dövlət arasında hərbi-siyasi blokun yaradılmasına həsr olunan onlayn konfrans keçirilib. Müzakirələr uğurla başa çatıb və Türkiyə ilə Azərbaycan prezidentlərinə müraciət qəbul edilib. Bu, təşəbbüskarların eyni mövzu ətrafında keçirdiyi ikinci cəhdindən sonra baş tutub.

 

Müxalifət partiyalarının məlum mövzu ilə bağlı nəyə görə məhz İKİNCİ dəfə tolanması birmənalı qarşılanmır. Versiyalara görə Azərbaycan Milliyyətçi Demokrat Partiyasının (AMDP) təşəbbüsü və ADP sədrinin dəstəyi ilə keçirilən BİRİNCİ tədbirdə müzakirələr əsas mövzunu əhatə etməyib və qəti qərarlar qəbul olunmayıb. Əslində nə baş verib? Müxalifətin birinci toplantısı hansı “maşa” ilə qarışdırılıb?

 

Bu və ya digər məsələlərlə bağlı Versus.az-a müsahibə verən AMDP-nin sədr müavini və AXH Təşkilat Komitəsinin üzvü İlyas Abdullayev maraqlı nüanslara toxunub. O, həmin “maşa”nın kimliyini də ortaya qoyub.

 

Həmişəki kimi “orda filankəslər varsa, mən orda yoxam” məsələsi meydana gəldi

 

- İlyas bəy, məlumdur ki, sizin təşkilatın təşəbbüsü ilə Türkiyə-Azərbaycan hərbi blokunun yaradılması və Türkiyə Ordusunun Azərbaycanda qalıcı olması ilə bağlı əvvəlcə 10 partiyanın iştirakı ilə ADP qərargahında toplantı keçirilib. Sonradan hansısa səbəbdən eyni mövzunu müzakirə etmək üçün 15 başqa partiyanın iştirakı ilə onlayn toplantı keçirmisiz. Birinci konfransda nədə razılığa gələ bilmədiniz və İKİNCi dəfə toplantı keçirmək hansı zərurətdən yarandı?

 

- Azərbaycan Milləyyətçi Demokrat Partiyası (AMDP) və Azərbaycan Xalq Hərəkatı (AXH) ayın 1-dən Türkiyə Cumhur başqanına, Milliyyətçi Demokrat Partiyası başqanına və Ordu rəhbərinə müraciət göndərmişdi. Bu barədə Türkiyənin xəbər saytlarında da məlumatlar yayıldı. Sonradan məsələnin təkcə AMDP, AXH müstəvisində deyil, daha geniş sferada müzakirəyə çıxarılmasının zəruriliyini hiss etdik və dərhal partiyalarla damışıqlara gedildi. Məlumdur ki, ADP sədri Sərdar Cəlaloğlu hər zaman özünün müsahibə və açıqlamalarında Türkiyə-Azərbaycan Birliyinin, Konfederasiyanın yaradılması mövzusuna həssaslıqla yanaşıb, müdafiə edib. Onun tutduğu bu mövqe bizə aydın idi. Biz həmin mövzu ilə bağlı partiyalarla birgə müzakirələr aparıb dəstəyimizi bəyan etmək üçün toplantının keçirilməsi təşəbbüsü ilə Sərdar bəyə müraciət etdik və o, bunu dərhal dəstəklədi. Sonra digər partiyalarla danışıqlara gedildi və toplantının ADP-nin qərərgahında keçirilməsi planlaşdırıldı, vaxtı, saatı hər kəsə elan edildi. Sonra məlum oldu ki, son anda Ağ Partiya və Xalq Partiyaları da tədbirə qatılmağa qərar veriblər. Bu qərarlarını belə əsaslandırıblar ki, partiyalarla tədbir keçirmək haqda əvvəlcədən danışıblarmış. Toplantıda yalnız bir məsələ - hərbi təlimlərdən sonra Türkiyə Ordusunun Azərbaycanda qalıcı olması və gələcəkdə ordu quruculuğu və xarici siyasətlə bağlı Konfederativ qərarların verilməsi ilə bağlı müzakirələr aparılmalı idi. Toplantının təşəbbüskarları olaraq əvvəlcədən hazırladığımız bəyanatı müzakirəyə çıxaracaqdıq. Lakin AXP və digər partiyalar məsələni bir qədər yumşaltmağa çalışdılar. Türkiyə-Azərbaycan Hərbi Əməkdaşlığı məsələsi önə çəkildi. Pənah Hüseyn ölkədəki sosial-siyasi durumun vəziyyəti ilə bağlı müzakirələrin aparılmasını ortaya atdılar. Sonra toplantıda çox fərqli müzakirələr aparıldı, saga-sola mövzudan kənar çıxışlar oldu.

Qeyd edim ki, Pənah Hüseyn öz “facebook” səhifəsində partiyaların görüşü barədə məlumatı paylaşarkən, statusunda toplantıda müzakirəyə çıxarılan əsas məsələyə toxunmayıb. O, ancaq öz təkliflərini, qaldırdığı məsələni yayımlayıb. Yəni Pənah Hüseyn Türkiyə-Azərbaycan əməkdaşlığı, Türkiyə ordusu ilə bağlı bir cümlə də yazmayıb.

Təbii ki, konfransın bu cür gedişi bizi qane etmədi. Eyni zamanda, Milliyyətçi Demokrat Partiyası toplantının təşəbbüskarı olduğu üçün məclisi tərk edə bilmədik. Tədbirin yekununda MDP-nin sədri Qələndər Muxtarlı bu görüşləri davam edəcəyimizi, məsələni geniş ictimaiyyətə, daha geniş məzmunda çatdırmaq üçün müzakirələr aparacağımızı dedi.  Bildirildi ki, biz 10 partiyanın iştirakı ilə keçirilən bu toplantı ilə qane olmayacağıq. O, həm də məsələlərin bu cür yumşaldılmış formasını yox, məsələlərin qəti qoyulmasını tələb edirdi. Bu istiqamətdə fikirlərimizi bildirib, mövqeyimizi ortaya qoyduq. Onu qeyd etməliyəm ki, Sərdar Cəlaloğlu və bizim təşəbbüsümüzlə toplantıya dəvət etdiyimiz bir neçə əsas partiyalar AXH-nin toplantıya qatıldığını bilib müzakirələrdən imtina etdilər. Həmişə olduğu kimi “orda filankəslər varsa, mən orda yoxam” məsələsi meydana gəldi. Və beləcə birinci toplantıda qəti mövqeyimizi ortaya qoymaq üçün tam şəkildə əhatələnə bilmədik. Eyni zamanda toplantıda qoyduğumuz əsas mövzudan yayınmalar oldu. Bununla əlaqədar olaraq biz öz işimizi elan elədiyimiz kimi daha geniş formatda keçirdik və müraciət hazırlayaraq ictimaiyyətə çatdırdıq. Bu müraciət artıq Türkiyə Başqanlığı saytına göndərilib və qəbul olunması ilə bağlı bizə cavab göndərilib.

 

- Bildirirsiniz ki, əsas məqsədinizi ikinci dəfə 15 təşkilatın iştirakı ilə baş tutan toplantıda gerçəkləşdirdiniz. Sizcə məlum toplantı kimləri narahat edib və nəyə görə?

 

- Əslində, cəmiyyətimizdə xalq, çoxluq Türkiyə Ordusunun burda qalıcı olmasının tərəfdarı olsa da, müəyyən qüvvələr var ki, buna qarşıdır və bu toplaşma onların isti yerini narahat edir. Hətta yüksək çinli deputatlardan da buna qarşı fikirlər səsləndirənlər var. Anormal vəziyyət yaranıb. Bütün hakimiyyətlərin əsas vəzifəsi öz xalqını səfərbər etmək, onu ərazi bütövlüyünün bərpasına çağırmaq, insanları milli ruhda saxlamağa yönəlik təbliğatı aparmaqdır. Bizdə isə əksinədir. Bu gün xalq hakimiyyətdən tələb edir ki, düş qabağa, bizi səfərbər et. Bu, xalq tərəfindən çox yaxşı təşəbbüs, istəkdir. Amma hakimiyyətdən gələn laqeyd yanaşma yaxşı hal deyil.

Təbii ki, onların öz vəzifəsini icra edə bilməməsinin səbəbləri var. Nədir bu: Demək, daxildə elə qüvvələr var ki, 30 ildir aparılan balanslaşmış siyasət adı ilə vəziyyəti gərgin olaraq saxlamaqda maraqlıdır. Görünən odur ki, burda balans yox, tərəf var. İndi xalqın dirənişi ora qədər gəlib çıxıb ki, hakimiyyət bununla hesablaşmalıdır. Hakimiyyət daxilindəki bəzi məsələlər bizim partiyalara da sirayət edir. Çünki uzantılar var və bundan da sui-istifadə olunur. Görünən odur ki, bu, diqqəti əsas mövzudan yayındırma, məsələləri başqa istiqamətə yönləndirmə, günün ən mühüm məsələsi olan Türkiyə Ordusunun Azərbaycana girişi və xalqın milli ruhunun, özgüvənin geriyə qaytarılması ideyasından yayındırmaq üçün aparılan siyasətdir.

 

“Pənah Hüseyn ordadırsa, biz yoxuq” deyirsə, bu özü bir göstəricidir”

 

- İlyas bəy, bu gün belə halları əsasən “5-ci kolon” deyilən gizli güclərlə əlaqələndirirlər. Onlar müxalifətdə də var. Pənah Hüseynin toplantını əsas məqsəddən yayındırmasında bu elementlər var?

 

- Pənah Hüseynin adını çəkdim, Tural bəy gəncdir. Hər halda 30 il siyasətdə olandan sonra ölkənin aparıcı müxalifət partiyaları “Pənah Hüseyn ordadırsa, biz yoxuq” deyirsə, bu özü bir göstəricidir. “5-ci kolon” dövlətin, millətin iradəsinə zidd olaraq digər dövlətlərin xüsusi idarələrinin sifarişlərini icra edənlərdir. Biz milli dövlət qurucularının da, millətçi kəsimin də qarşısında duran Rusiyaya bağlı, yaxud Qərbin bəzi idarələrinə bağlı qüvvələrdisə, onların da qarşısında biz dayanırıq. Hər kəs “5-ci kolon”a özünün prizmasından baxır. “5-ci kolon” ümummulli maraqlara, bizim maraqlara qarşı olanlardırsa, milli marqlara qarşı çıxan qüvvələrin də “5-ci kolon”u bizlərik. Məsələyə ümumi dövlət baxışından yanaşanda, “5-ci kolon” var və açq-aşkar sözlərini deyirlər. Əgər bir parlamentin üzvü, komissiya sədri, hakimiyyətin strateji düşüncə mərkəzinin rəhbəri, prezdentin təyin etdiyi dövlətin əsas siyasi yönümünü araşdırıb məruzə edən adam, istiqamətləndirici adam açıq tezislə bunları ortaya qoyursa, niyə “5-ci kolon kimdir” deyə axtarış edirik? Niyə adlarını açıq demirik?

 

- Bəs AMİP niyə sizin ikinci toplantıda qəbul etdiyiniz müraciəti imzalamaqdan imtina etdi. Nə baş verdi?

 

- Toplantı ilə bağlı Arzuxan bəylə danışıqlar aparılmışdı. İclasın vaxtı, saatı, Zoom proqramının kodu deyilmişdi. O da toplantıda çıxışçılardan biri olmalıydı. Sonra AMİP nümayəndəsi dedi ki, Arzuxan bəy avtomobil sürür, canlı qoşula bilmir. Amma nədənsə sabahısı gün zəng edib adının siyahıdan şıxarılmasını istədi. Onu da belə əsaslandırdı ki, siyasi şurada müzakirə etməyiblər, buna necə reaksiya veriləcəyini bilmir. Bilmirəm, toplantıya qatılmağa razılığı necə vermişdi, siyasi şura yoxuydumu onda?.. Bir o təşkilat sonradan öz adının çıxarılmasını istədi.

 

- Bütün bunlar nəyin göstəricisidir. Yenə də siyasətçilərimiz məqsədlər dalınca yox, “pristij” dalınca gedir. Yoxsa, hələ də illərdir öz uğursuzluqlarının səbəblərini təhlil edib öyrənə bilməyiblər?

 

- Yəqin siz düşünmürsüz ki, yatıb səhər yuxudan duran kimi hər şeyin düzəldiyi cəmiyyətin yarandığını görəcəyik. Yaxud hər şey birdən-birə düzələcək, hər kəs milli iradəsini ortaya qoyacaq. Belə bir şərait yoxdur.

 

- Hər halda 30 il müxalifətdə olan siyasi təşkilatların belə bir məqamda növbəti dəfə yanlış siyasət yürütməyə haqqları yoxdur və hər bir məsələ öz adı ilə çağrılmalıdır.

 

- Bəli, elədir. Həyat davam edir. Lakin belə hadisələr təşkilatları, şəxsləri aydınlığa çıxarır. Hamı görür ki, əsas mövqeləri ortaya qoyanlar kimdir, bundan yayınanlar kimdir. Deyərdim ki, özlərini böyük adlandıranlar da bu məsələdə yayınmağa üstünlük verdilər. Biz də üstlərinə getmədik. Bizim baxışımızda böyüklük-kiçiklik yoxdur. Hər kəs özü önə çıxmalıdır. Siyasətdə belə yanaşmalar həmişə olacaq. Bəlkə də özü o toplantıda görsənmək istəmir, amma özünü kiməsə göstərir ki, mən orda yoxam. Bunlar hamısı taktiki gedişlərdir. Proseslər hər bir gizli məsələləri üzə çıxaracaq.

 

Tahirə Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Fransanın başqa dövlətlərdə gərginlik yaratmaq SSENARİSİ

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları