“Ailə həkimi haqqında” qanun Layihəsinə ehtiyac var

11:50 07-07-2023 | icon 862 | Siyasət
“Ailə həkimi haqqında” qanun Layihəsinə ehtiyac var

Məlahət İbrahimqızı: “İcbari tibbi sığortanın daha mükəmməl həyata keçirilməsi üçün bu Layihənin böyük rolu olacaq”

 

Hər bir dövlətin gücü onun iqtisadi, hərbi gücü ilə bərabər həm də əhalisinin sağlamlıq durumu, salamatlılıq vəziyyəti ilə dəyərləndirilir. Bu baxımdan Azərbaycan vətəndaşının, xalqının sağlamlığı dövlət siyasətində ən əsas prioritetlərdən biridir. Daha ətraflı desək sağlam insan və cəmiyyət, güclü dövlətin, iqtisadiyyatın təməl prinsipləri olduğu kimi, sosial-iqtisadi təminatlılıq, məşğulluq, qida təhlükəsizliyi paralel olaraq sağlam insan, sağlam cəmiyyət modelini formalaşdırır. Eləcə də sosial sferada aparıcı istiqamətlərdən olan sağlamlığın qorunması, bərpası düzgün sosial təminata əsaslanan sistem olaraq daim diqqətdə saxlanılmaqla ciddi addımların atılmasını tələb edir.

 

Məlumdur ki, müstəqilliyin yenidən bərpasından ötən 32 il ərzində dövlətin əsas qanunvericilik bazasını və siyasətini formalaşdıran Milli Məclis tərəfindən Səhiyyə sahəsində də çox mühüm qanunlar qəbul edilmişdir. Versus.Az xəbər verir ki, bu istiqamətdə müsahibə verən Məlahət İbrahimqızı əhalini narahat edən mühüm məqamlara diqqət çəkib.

 

- Məlahət xanım, istərdim ümumi olaraq cəmiyyətimizdə əhalinin sağlamlığı və onu təmin edən resursların, vasitələrin nə dərəcədə müasir tələblərə, dünya standartlarına uyğun olmasına toxunasız. Azərbaycanın səhiyyə sistemində əsas diqqət çəkən problemlər hansı sahələri əhatə edir?

 

- Dünyada hər bir dövlətin öz əhalisi qarşısında götürmüş olduğu ən vacib öhtəliklərdən biri sağlamlığın qorunmasıdır. Əhalinin sağlamlığının qorunması dövlətin milli təhlükəsizlik konsepsiyasının bir hissəsidir. Çünki əhalinin sağlamlığı elə demoqrafik sağlamlıq deməkdir. Bir dövlətin demoqrafik siyasəti düzgün aparılmazsa bu, milli təhlükəsizlik doktrinasında ciddi problemlər yaradır. 

Azərbaycan müstəqilliyini qazandığı 32 il ərzində çox çətinliklərdən, keçməkeşli yollardan keçərək dünyanın nüfuzlu dövlətləri sırasına qatılıb. Sovet dövründən başlayan səhiyyə siyasəti, əhalinin sağlamlığının qorunması, müstəqilliyə qovuşduğumuz illərdən bu günə qədər təkmilləşərək, inkişaf edərək getdikcə ən inkişaf etmiş, ildən-ilə çox müsbət təcrübəsi olan dövlətlərin səhiyyə sistemi səviyyəsinə çatır. Bildiyimiz artıq ölkəmizdə bir neçə ildir ki, icbari tibbi sığorta həyata keçirdilir və onun tətbiqi əhalinin sağlamlığının qorunmasında çox mühüm addımdır.

 

- “İcbari tibbi sığorta” nə dərəcədə işləkdir, necə inkişaf edir və əhaliyə nələri vəd edir?

 

- Hesab edirəm ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə aparılan fundamental əsaslı siyasət uğurla həyata keçirdilir və bu siyasətin tərkib hissələrindən biri də icbari tibbi sığortanın tətbiqidir. Artıq icbari sığortanın tətbiqi ölkəmizin bütün bölgələrində həyata keçirdilir. Qeyd etmək lazımdır ki, gənc müstəqil dövlət kimi, eləcə də, 20 faiz torpaqları uzun müddət işğal altında qalan, 1 milyondan çox əhalisi qaçqın-köçkün olan, həm I, həm də II Qarabağ müharibəsinin ağrısını və problemini yaşamış bir ölkə olmasına baxmayaraq, bu gün Azərbaycanda səhiyyə islahatları çox uğurla şəkildə ardıcıl aparılır.

Bu gün icbari sığortanın qısa müddətdə tətbiq olunmasına baxmayaraq uğurlarının şahidi oluruq. Ölkəmizdə icbari tibbi sığorta çərçivəsində ən ağır əməliyyatlar pulsuz aparılır. Vaxtilə Azərbaycan əhalisi kütləvi olaraq qonşu ölkələrə - Rusiyaya, İrana, Gürcüstana, Türkiyəyə və digər yerlərə gedirdilər. Artıq ölkə əhalisinin müalicə üçün xaricə gedən hissəsi öz dövlətimizdə elə icbari sığorta proqramı çərçivəsində müalicə olunurlar.

 

İcbari sığortanın tətbiqi də bir müddət ictimaiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri idi. İcbari tibbi sığortanın tətbiqində ölkədə yüksək səviyyəli səhiyyə xidmətinin təşkil olunması üçün ən vacib üç əsas kompanentin qurulması önəmli idi. Onlardan biri dünyanın ən yüksək səhiyyə-tibb təhsilini almış kadrların yetişdirilməsi idi ki, ötən illər ərzində Azərbaycanın çox dəyərli, savadlı gənclərinin bir qismi Türkiyədə, Avropa ölkələrində yüksək təhsil alaraq geri qayıdıb. İkincisi, ölkənin hər bir yerində səhiyyə infrastrukturunun qurulmasıdır. Bu da bir reallıqdır ki, bu gün ölkəmizin bütün bölgələrində ən yüksək standartlara cavab verən səhiyyə infrastrukturu yaradılmışdır. Eyni zamanda Səhiyyə qanunvericiliyinin təkmilləşdirilməsi icbari tibbi sığortanın uğurla həyata keçirilməsini şərtləndirən kompanentlər idi. Bu faktorlar bütün dünyada, eləcə də qardaş Türkiyədə mərhələli şəkildə həyata keçirildikdən sonra icbari tibbi sığorta tətbiq olunub. 2003-cü ilə qədər Türkiyədə də səhiyyə sistemi arzuolunan səviyyədə deyildi. Amma 2002-ci ildə cənab Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəlməsi ilə artıq əhalinin sağlamlığının qorunması ilə bağlı çox misilsiz nailiyyətlər əldə olundu. Bu gün Azərbaycanda da icbari tibbi sığortanın tətbiqi Türkiyə modelinə uyğun həyata keçirilir. Ona görə də ilk illərdə təbii ki, müəyyən problemlər olacaq. Amma ildən ilə tibb xidməti zərfinə daxil olan xidmətlərin sayı, müalicə üçün lazım olan vəsait də artıb.

 

- Necə hesab edirsiz, dövlət, xalq olaraq Azərbaycan səhiyyə sistemində mövcud problemlərin aradan qaldırılması üçün hansı məsafəni qət etməkdəyik?

 

- Bu gün səhiyyəmizin, əhalinin sağlamlığının qorunmasını çox tənqid edənlər var. Hesab edirəm ki, bu tamamilə ədalətsiz yanaşmadır. Əlbəttə ki, hər bir dövlət, hər bir hökumət, parlament istəyər ki, əhalinin sağlamlığının qorunması, müalicə və profilaktika işi dünyanın ən inkişaf etmiş ölkələrindəki kimi olsun.

Bir haşiyə çıxmaq istəyirəm - ABŞ kimi bir sıra çox inkişaf etmiş ölkələrdə əhalinin səhiyyə xidməti qeyri-qənaətbəxşdir, pulun varsa tibbi xidmət göstərilir. Yəni mükəmməl səhiyyə xidməti heç də hər bir dövlətin gücündən asılı deyil.

Ən əsas amillərdən biri də dövlət başçısının qəti siyasi iradə ortaya qoymasıdır. Ölkəmizdə icbari tibbi sığortanın uğurla aparılması məhz cənab prezidentin bu sahədə göstərdiyi prinsipial siyasi iradə və möhtərəm Birinci vitse-prezidenti diqqət və qayğısının nəticəsidir.

Keçmişə qayıtmaq istərdim - Bilirsiz ki, SSRİ-dən bizə hər şey dağınıq miras şəklində qalmışdı. Lakin bu gün Azərbaycanda həm özəl, həm də dövlət səhiyyə sektorunda ən modern, müasir tibb cihazları, avadanlıqları ilə təhcz olunmuş səhiyyə müəssisələrimiz var. Bölgələrdə diaqnostika mərkəzləri, eləcə də bütün xəstəliklər üzrə müasir üslübda inşa olunmuş səhiyyə strukturu qurulmuşdur. Bu da səhiyyə sahəsində aparılan islahatlar və əhalinin sağlamlığının qorunması ilə bağlı dövlətimizin həyata keçirdiyi siyasət, dövlət başçımızın və birinci vitse-prezidentin əhalinin sağlamlığına göstərdiyi diqqətdir. Hər il ölkəmizdə əhalinin dispanserizasiyası keçirilir. İnsanlar yaşadığı ərazilərdə istədikləri zaman ildə bir dəfə pulsuz tibbi xidmətdən istifadə etmək imkanına malikdirlər.

Bu uğurlarla yanaşı, təbii ki, çatışmazlıqlar, nöqsanlar, edilməmiş, edəcəyimiz çox böyük işlər var. Əlbəttə biz digər inkişaf etmiş ölkələrin illərlə getdiyi yolu qısa müddətdə fəth edə bilmərik. İngiltərə, Almaniya, Avstriya, Fransa, İtaliya kimi ölkələrdə İcbari sığortanın bugünkü yüksək duruma gəlməsi üçün uzun illər yol keçilib. Əlbəttə, tibbi xidmətlə bağlı müəyyən problemlər, çatışmazlıqar, nöqsanlar var. Bu normal sayılır. Amma əsas məsələ odur ki, dövlətin başçısının bu sahədə qəti iradəsi var və hər il biz icbari tibbi sığorta vasitəsi ilə əhalinin sağlamlığının qorunması sahəsində nə qədər irəliləyişlərin olduğunu görürük.

 

- “Repraduktiv sağlamlıq” haqqında qanun, ailələrin tibbi yolla övlad sahibi olmasının qanunla nizamlanması məsələsi də bu gün müzakirə mövzularından biridir.  Burada ailə planlaşdırılması, analığın mühafizəsi kimi önəmli problemlərin həlli dövlət büdcəsindən maliyyənin ayrılması, tibbi sığortanın bu sahəyə yönləndirilməsi də önə çəkilir. Sizcə bu qanunun qəbulu nə dərəcədə əhəmiyətlidir?

 

- Qeyd etdiyim kimi, səhiyyə xidmətinin, əhalinin sağlamlığının qorunmasının daha təkmil, daha keyfiyyətli olması üçün bir neçə kompanent tələb olunur: yüksək ixtisaslı tibbi kadrlar, yüksək səhiyyə infrastrukturu və səhiyyə siyasətinin tətbiqi. Səhiyyə siyasətinin tərkibi əsasən milli qanunvericilikdə müəyyənləşdirilir. Azərbaycan öz müstəqilliyinə yenidən qovuşduqdan sonra bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də çoxsaylı qanunlar qəbul olunub. Artıq Azərbaycan parlamentində yeni qanunların qəbul olunması ilə bərabər, vaxtilə qəbul olunmuş qanunların təkmilləşdirilməsi, daha da inkişaf etdirilməsi, müasir çağırışlara cavab verməsi üçün mükəmməl qanunların qəbul olunması istiqamətində böyük işlər görülür. Və bu gün milli qanunvericilikdə səhiyyə ilə bağlı bir sıra qanunlar ictimaiyyətin müzakirəsinə verilib.

Hesab edirəm ki, bu gün analığın mühafizəsi, analığın qorunması, ailə planlaşdırılması ilə bağlı zəruri ehtiyac duyulan qanunlardan biri “Repraduktiv sağlamlıq haqqında” qanundur. Təəssüf ki, istər parlamentdə, istər ictimaiyyətdə, mediada bu qanunla bağlı peşəkar, qeyri peşəkar, bəzi hallarda aşırı tənqidlər səslənir.

Əslində repraduktiv sağlamlıq analığın mühafizəsidir, ana sağlamlığının  qorunmasıdır. Çünki bir ailənin qurulması, qorunması elə analığın qorunmasından başlayır. Və hər bir ailə kiçik bir dövlətdir. Ailə sağlam olarsa, o ailədə sağlam nəsil dünyaya gələr, sağlam nəslin olması sağlam millət deməkdir, sağlam millət isə dövlətin gücüdür. Yəni bu, birmənalı olaraq bütün dünyada qəbul olunmuş qaydadır. Çünki dövlətin gücü təkcə onun iqtisadi resurslarından asılı deyil.  Sizin də qeyd etdiyiniz kimi, ailə planlaşdırılması, analığın mühafizəsi kimi önəmli problemlərin həlli dövlət büdcəsindən maliyyənin ayrılması, tibbi sığortanın bu sahəyə yönləndirilməsi də önə çəkilir. Dövlətin gücü, bir tərəfdən də ölkənin malik olduğu sərvətlərdir, büdcəsi, iqtisadiyyatıdır, o iqtisadiyyatı quran isə əhalidir- əmək resurslarıdır. İstər cəmiyyətdə, mətbuatda, parlamentdə məsələ müxtəlif yanaşmalarla yozulduğuna görə, bu qanunla bağlı çox ciddi ziddiyyətli məqamlar meydama gəldi. Ona görə də cəmiyyət bu qanunu qəbul edə bilmədi.

Azərbaycanın milli mədəniyyəti əsasən islam və türkçülük dəyərləri üzərində formalaşıb. Qanun layihəsi ilk dəfə gündəmə gələndə bir neçə maddə var idi ki, Azərbaycanın mədəniyyətinə, milli dəyərlərinə xas deyildi və buna görə də qəbul edilmədi. Mən də Azərbaycan xalqının dəyərlərinə zidd olan məsələlər qəbul etməmişəm. Biz öz milli dəyərlərimizi qorumalıyıq.

Lakin “Repraduktiv sağlamlıq haqqında” hazırki qanun layihəsində bütün o ziddiyyətli məqamlar, eləcə də milli dəyərlərə zidd gələn fikirlər, maddələr çıxarılıb. Hesab edirəm ki, bu qanun layihəsi payız sessiyasında yenidən gündəmə gələ bilər.

 

- Səhiyyəmizin zəruri hesab etdiyiniz daha hansı qanunlara ehtiyacı var?

 

- Hesab edirəm ki, yaxın vaxtlarda “Ailə həkimi haqqında” qanun layihəsi hazırlanıb müzakirəyə çıxarılmalıdır. Azərbaycanda icbari tibbi sığorta tətbiq olunubsa, onun daha mükəmməl həyata keçirilməsi üçün “Ailə Həkimi”nin böyük rolu var. Ölkəmizdə AİLƏ HƏKİMİ-nin yetişdirilməsi ilə bağlı Tibb Universitetində,  Həkimlərin Təkmilləşdirmə İnstitunda tədris olunur.  Dünya Bankının xətti ilə Azərbaycanda bir neçə il öncə həkimlər Ailə Həkimi İnstitunun formalaşması üçün bir sıra işlər də görmüşdü. İcbari sığortanın tətbiq olunduğu dövlətlərdə, məsələn Türkiyədə, Baltik ölkələrdə, Rusiyada, Qazaxıstanda, eləcə də Avropa ölkələrində Ailə İnstitutu həkimi var. Azərbaycanda da bu gün səhiyə sahəsində gedən islahatlar çərçivəsində Ailə Həkimi nəzərdə tutulub və artıq bu proses başlanıb. Ailə Həkiminin gələcək funksiyaları, vəzifələri, öhtəlikləri hüquqi tənzimlənməsi vacibdir. Ona görə də hesab edirən ki, Səhiyyə qanunvericiliyi sahəsində “Ailə Həkimi haqqında” qanun layihəsinin hazırlanması, qəbul olunması vacibdir.

Səhiyyə qanunvericiliyində qəbul olunması vacib olan daha bir təklifim “Əhalinin salamatçılığı haqqında” 1992 -də qəbul olunmuş qanunların ekspertizasının keçirilməsidir. Bu ekspertiza ilə boşluqlar, nələrin aradan qaldırılmalı olduğu, bugünkü çağırışlarla nə qədər uzlaşması araşdırılaraq, bu fonda bir Səhiyyə Məcəlləsi hazırlansa yaxşı olar. Çünki Səhiyyə qanunlarının bir çoxu 15-25 il öncə qəbul olunub. Dünyada və Azərbaycanda bu sahədə inkişaf var və hesab edirəm ki, mövcud qanunvericiliyin ekspertizası aparılmalıdır.

 

- Məlumdur ki, Azərbaycana dərman vasitələri xaricdən gətirilir. Əksər insanlar dərmanların keyfiyyətsizliyi, baha olması, bir çox hallarda tapılmaması ilə bağlı şikayətlər edir. Milli Məclisdə müzakirə olunan “Dərman vasitələri haqqında” qanun bu problemlərin, eləcə də dərman bazarında qiymətlərə, dərman qıtlıgına, ona nəzarətin təminatına və sair məsələlərə necə təsir edəcək?

 

- Onunla razıyam ki, dərmanların mütləq əksəriyyəti Azərbaycana xarici ölkələrdən gətirilir və bu gün mətbuatda, ictimaiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri məhz dərmanların baha olması, keyfiyyətsizliyidir. Təbii ki, bu məsələ ilə bağlı müvafiq qurumlar çox ciddi işlər görür. Bu günlərdə “Dərman Vasitələri haqqında” qanun layihəsi Milli Məclisdə gündəmə gəldi və mövcud qanuna 60-dan çox dəyişikliklər oldu. Qanun layihəsinin gündəmə gəlməsində məqsəd mövcud problemlərin aradan qaldırlmasına xidmət edir. Eləcə də burada məqsəd insanların keyfiyyəli dərmanlarla təmin olunması, qiymətlərin əlçatanlığı və sair problemlərin həllidir. Qanunda dərmanların qiymət və keyfiyəti ilə bağlı bir sıra düzəliş və dəyişikliklər oldu ki, bu, dərman təhcizatı ilə bağlı əhalini narahat edən problemlərin həllinə yönəlib.

Əlbəttə, “Dərman vasitələri haqqında” qanuna edilən dəyişikliklərin hər biri əhalinin təhcizatı ilə bağlı üzləşdiyi problemlərin həllinə  yönəlib. Düşünürəm ki, bu dəyişikliklər mövcud problemlərin həllində öz müsbət təsirini göstərəcəkdir.

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...