Azərbaycan şairi Xurşidbanu Natəvanın doğum günüdür

14:01 16-08-2020 | icon 1355 | Ədəbiyyat
Azərbaycan şairi Xurşidbanu Natəvanın doğum günüdür

Bugün sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi, Şuşa şəhərinin qurucusu Pənahəli xanın nəticəsi, əsərləri Azərbaycan Respublikasında dövlət varidatı elan edilən görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın doğum günüdür.

 

Mehdiqulu xan qızı Xurşidbanu Natəvan Cavanşir (15.08.1832 – 01.10.1897) Şuşada dоğulub.
Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını verib. Xurşidbanu ailənin yeganə övladı, həm də Qarabağ xanlığının sоnuncu vərəsəsi оlduğu üçün, оnu sarayda “Dürrü yekta” (“Tək inci”), el arasında isə “Xan qızı” çağırıblar.

 

Xurşidbanu ana tərəfdən Gəncə hakimi Cavad xanın nəslindəndir; anası Bədircahan bəyim Cavad xanın nəvəsi, Uğurlu bəyin qızıdır.

 

Balaca Xurşidbanunun ilk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri оlub. Məktəb yaşına çatdıqda isə evdə, dövrün alim və sənətkarlarından dərs almağa başlayıb. Məşğələ zamanı Xurşidbanu “Quran” ayələrini və dini ehkamları əzbərləməklə yanaşı, dünyəvi elmlərlə də tanış оlub. XIX yüzildə kübar ailələrin uşaqlarına bir qayda оlaraq dоğma dillə yanaşı, ərəb və fars dili də öyrədildiyindən, Xan qızı da bu dilləri öyrənib, оnların vasitəsi ilə klassik şeirin qayda-qanunlarını mənimsəyib. О, gərəkən dərəcədə bilik əldə etdikdən sоnra, ardıcıl surətdə mütaliə ilə məşğul оlub. Dahi Şərq şairlərin ələ düşən nadir kitabları, qiymətli əlyazmaları Xurşidbanunu klassik ədəbiyyata bağlayıb.

 

Natəvanın dünyagörüşünün, bədii zövqünün fоrmalaşmasında yaxın və uzaq qоhumlarının əməyi az оlmayışb. Qasım bəy Zakir, Mirzə Camal Cavanşir Qarabaği, Mirzə Adıgözəl bəy Qarabaği, Əhməd bəy Cavanşir kimi hörmətli və tanınmış şəxsiyyətlər öz yaradıcılıqları, ədəbi söhbət və mübahisələri, eləcə də ağıllı məsləhətləri ilə Xurşidbanuda şeir-sənətə marağı qüvvətləndiriblər.

 

Xarici və daxili durumun ciddi surətdə gərginləşməsi ilə bağlı, xan ailələri üzərində nəzarətin gücləndirildiyi bir vaxtda Xurşidbanu, Vоrоntsоvun şəxsi yavəri kumık türklərindən Xasay bəy Usmiyevlə ailə həyatı qurub. 1850-ci ilin payızındakı toylarından sonra, Xasay bəy Xurşidbanunu Dağıstana öz doğma kəndinə, оradan da Tiflisə aparıb.

 

Həyatının çiçək açdığı bir dövrdə Xurşidbanu Tiflisdə yaşamalı olub. Şəhərin səfalı yerləri, mənzərələri ona xoş gəlsə də, burada yaşamağa məcbur olduğu və çox vaxtları tək qaldığı üçün sıxılıb, Şuşanın qəribliyini çəkib. Natəvan bu şəhərdə rus, gürcü mədəni cəmiyyətləri ilə tanış olub, özü də milli ənənəsi, kübarlara xas davranışı və üç dildə sərbəst danışması ilə cəmiyyətlərdə maraq oyadıb. Bir sıra vilayət və şəhərlərə səyahətə çıxması Xurşidbanunun təfəkkür dairəsinin genişlənməsinə, dünyagörüşünün yeni çalarlar qazanmasına təkan verib. Vladiqafqaza, Dağıstana, Bakıya, Naxçıvana və b. şəhərlərə səfəri zamanı, o, yüksək rütbəli dövlət qulluqçuları, yazıçı, alim və səyyahlarla görüşüb, fikir mübadiləsi aparıb.

 

Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideallara malik şəxsiyyət olub. O, “Məclisi-üns” ədəbi məclisinin başçısı olub, Azərbaycan mədəniyyətində və ictimai həyatında özünəməxsus izlər qoyub. Bu fenomenin meydana gəlmə¬sinin bir neçə əsas səbəbi vardır. Bunlardan biriincisi, şairin soy köküdür. Yəni, Natəvanda iki böyük nəslin Cavanşirlərin və Ziyadoğlu Qacarların qanı vardır. Adlarını çəkdiyimiz bu iki böyük və şərəfli nəslin hər biri dünyaya bir sıra görkəmli ziyalı gətirib (məsələn, Cavanşir nəslindən Əbülfət xan Tutinin, Qasım bəy Zakirin, Ziyadoğlu Qacar nəslindən isə Ziyadi Qarabaği, Müsahib Gəncəvi və başqa şairlərin adlarını çəkmək olar). Maraqlıdır, ki, Ziyadi Qarabaği və Musahib Gəncəvi vaxtilə Qarabağ bəylərbəyisi olublar. Natəvan yaradıcılığının böyük tədqiqatçısı Bəylər Məmmədov “Natəvanın şair qohumları” kitabında (B., 1989) bu məsələni geniş açıqlayıb. Eyni zamanda, Ziyadoğlu Qacar nəslindən çıxan şairlərdən başqa kitablarda da söz açılıb. M.Füzuli adına Respublika Əlyazmalar İnstitutunun fondunda Müsahib Gəncəvinin “divan”ı saxlanılır və bu əsərin üzərində institutun əməkdaşları elmi tədqiqatlar aparır.

 

Natəvanın qızı Xanbikə xanım da anasının yolunu davam etdirərək, qəzəllər və rübailər yazıb; onun bir neçə qəzəli Vasif Quliyevin “Dünənə uzanan cığır” (B., 2000) kitabında çap olunub.

 

Xurşidbanu Natəvan zəmanəsinin görkəmli şəxsiyyətlərindən olub, təkcə Azərbaycanda deyil, bütün Önqafqazda xeyirxahlığı ilə tanınıb. O, kasıblara əl tutub, Şuşaya su kəməri çəkdirib.

 

Natəvan yaradıcılığa təxminən XIX yüzilin 50-ci illərindən başlayıb. İlk vaxtlar onun “Xurşid” imzası ilə yazdığı şeirlərin çoxu itib-batıb, yalnız az bir bölümü bizə gəlib çatıb. 

 

Natəvanın həzin lirikasında sevimli oğlu Mir Abbasın vaxtsız ölümündən sonra kədərli motivlər daha da güclənib. 1870-ci ildən etibarən şair özünə (köməksiz, kimsəsiz, dayaqsız… anlamında işlənən) “Natəvan” təxəllüsü götürərək, dərin məzmunlu qəzəllərini yaradıb. Onun şeirləri hələ sağlığında dildən-dilə düşüb, əlyazma şəklində yayılıb. Xurşidbanunun şeirlərini məzmun cəhətdən şərti olaraq dörd qismə ayırmaq mümkündür: 


- aşiqanə şeirlər, 

- təbiət gözəlliklərinə həsr edilən şeirlər, 

- çağdaşlarına yazdığı mənzumələr, 

- hüznlü şeirlər.

 

Natəvanın fitri istedadının üzə çıxması və çiçəklənməsinin səbəblərindən biri, Şuşanın təkraredilməz yaradıcı iqlimi və mədəniyyət iqlimi, kübar yaradıcılıq mühiti olub. 

 

Xan qızının poeziyası Azərbaycan xanəndələrini də ruhlandırıb. Böyük sənətkarımız Seyid Şuşinskinin Natəvan haqqında xatirəsində qeyd olunur ki, o, şairin qəzəllərini “Segah” üstündə oxuyarmış; və ondan bəri, demək olar ki, bu günə kimi tanınmış Azərbaycan xanəndələri şairin qəzəllərini oxuyub, ilham alırlar.

 

Natəvanın yaradıcılıq fəaliyyəti təkcə şeirlə bitmir; o, rəssamlıqla da məşğul olub, həmçinin, onun nəfis əl işləri, müxtəlif türdə tikmələr bacarığı da olub. Onun bədii tikmələri “Gül dəftəri” (1886) adı ilə ün qazanıb.
Əsərləri (“Ağlaram”, “Olaydı”, “Getdi”, “Sənsiz”, “Ölürəm” və b.) dərin səmimiyyəti, incə lirizmi ilə seçilir. Yüksək sənətkarlıq örnəyi olan şerlərində təkrir, qoşma, rədif, məcaz və s. bədii vasitələr məharətlə işlənib. 
M.N.Nəvvab, S.Ə.Şirvani və başqaları ona şer həsr edib.

 

1858-ci ildə xoşbəxt bir təsadüf Bakıda ünlü fransız yazıçısı Aleksandr Düma ilə Xurşidbanunu rastlaşdırıb. Natəvanın həyat yoldaşı Xasay bəyin fransız dilini yaxşı bilməsi onların arasında dostluq telləri yaradıb. Onlar Abşeronda birgə gəzintiyə çıxıb, ayrılarkən bir-birinə qiymətli hədiyyələr təqdim ediblər. Natəvanın Bakıdan Şıx kəndinə daş yol çəkdirməsi haqqında ilk bilgi də, A.Dümanın “Qafqaza səyahət” kitabında öz əksini tapıb.
Şəxsi həyatındakı problemlər, dövranın haqsızlığı, zalımların sitəmi şairi vaxtsız qocaldıb, onu həyat işığına həsrət qoyub. Ağlamaqdan gözlərinin nuru gedib, bədəni taqətdən düşüb və nəhayət həyata gözlərini əbədi yumub... Xurşidbanu Natəvan Ağdamın İmarət qəbristanlığında dəfn olunub.

 

Xan qızının əlyazmaları, şəxsi geyim və əşyaları nadir eksponat kimi arxiv və müzeylərimizdə saxlanılır. 
Əsərləri dəfələrlə kütləvi tirajlarla nəşr edilib. 

 

Xurşidbanu Natəvana, fərqli sənət sahələrinə aid bir çox əsərlər həsr olunub.


Xurşidbanu Natəvan poeziyası peşəkar Azərbaycan bəstəkarların əsərlərində öz əksini tapıb. Bunun parlaq misalı kimi, tanınmış bəstəkar, Xalq artisti, professor Vasif Adıgözəlovun Natəvanın sözlərinə yazılmış ünlü “Qərənfil” mahnı-romansını göstərə bilərik. Bəstəkar “Xan qızı Natəvan” operasını da yazıb.

 

Həmçinin digər əsərləri göstərə bilərik:

Məmməd Rahim – “Natəvan” poeması,

İlyas Əfəndiyev – “Xurşidbanu Natəvan” pyesi,

Əzizə Cəfərzadə – “Natəvan haqqında hekayələr”,

Məmmədov B. “Xurşidbanu Natəvan”, “Natəvanın şair qohumları” və s…

Adına küçə, klub, kitabxana və məktəb, paytaxt Bakının mərkəzi yerində heykəli var. 

Xan qızı Natəvanın (eləcə də, Üzeyir Bəy Hacıbəyli və BÜLBÜLün) Şuşadakı büstləri ermənilər tərəfindən gülləylə deşik-deşik edilib, sonra başqa metal məmulatlarla birgə Gürcüstanda satışa çıxarılıb. Həmin büstlər Azərbaycan maddi mədəniyyət nümunəsi olmaq etibarı ilə Azərbaycana gətirilib və hazırda Ramiz Mustafayev adına İncəsənət Muzeyinin həyətində saxlanılır. (İnşallah Şuşa azad edildikdən sonra, yenidən öz həqiqi yerinə bərpa olunacaq).


2016-cı il fevralın 18-də Heydər Əliyev Fondunun dəstəyi ilə Belçika Krallığının Vaterlo şəhərində Xurşidbanu Natəvanın abidəsinin açılış törəni keçirilib. (Abidənin müəllifi heykəltəraş İmran Mehdiyevdir).
RUHU ŞAD OLSUN!

 

Qənirə Paşayeva
/Milli Məclisin Mədəniyyət komitəsinin sədri/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”