Daş çatladan iştaha

19:46 07-07-2018 | icon 67 | Kürsü
Daş çatladan iştaha

 

Yaxud, məsuliyyətsizliyin qurbanları

 

 

RAZİ NURULLAYEV

/AXCP sədri/

 

Enerji ilə bağlı baş verən qəza ölkədə bir çox sahələrdə mövcud olan boşluğu üzə çıxardı. Bu boşluqlar isə ən çox xalqa, sadə insanlara, iqtisadiyyata ziyan vurdu. Görünən fakt odur ki, Azərbaycan və azərbaycan xalqı vəzifəli şəxslərin daş çatladan iştahının, korrupsiyasının, özbaşınalığının və cümləyə sığmayan məsuliyyətsizliyinin qurbanı olub.

 

İndi xalq gözləyir ki, bu cinayətlə bağlı qapıçını, gözətçini, gecə növbəsinin müdirini tutmasınlar, iri çaplı günahkarları həbs etsinlər. Bu da baş verməsə, zərrəcə olan inam da itəcək.

 

Elə Gəncə icra başçısı ilə bağlı baş verən hadisəyə də bu kontekstdən yanaşmaq lazımdır. Heç kimə ölüm arzulamıram və Elmar Vəliyevin də sağalmasını istəyirəm. Məsələ burasındadır ki, rayon və icra başçıları özlərini reket kimi aparırlar. Onların bir çoxunun (təbii ki, istisnalar da var) ritorikası keçmiş kolxoz sədrlərinin ritorikası ilə eynidir, elə bil qoyun qabağından gəliblər, yoxsa meşədən çıxıblar. Nə ömürlərində bir kitab oxuyublar, nə teatra gediblər, nə operaya qulaq asıblar, nə də konsertə. Hakim partiyanın təşkil etdiyi konsertə gediblər ki, oxuyan qadın müğənnilərlə tanış olsunlar. Bunlar nə bilir mədəniyyət nədir, incəsənət nədir axı. Tanıdığım icra başçıları içində yüksək əxlaqa və mədəniyyətə malik, işgüzar və qapısı açıq bir nəfəri tanıyıram. Vəziyyət bu qədər acınacaqlıdır.

İcra başçısı vətəndaşları qapısında gözlədib, onlara yuxarıdan aşağı baxır. Axı sən kimsən, heç sənə bir sürü qoyunu həvalə etmərəm. Üstündən kabab və lülə iyisi gələn, rayon və şəhərdə bütün yağlı obyektləri öz əlinə keçirən, rayonda restoranlarda yemək yeyib pul verməyən, Bakıdan gələn qonaqların yemək və qalmaq xərcini restoran və hotel sahiblərinin boynuna qoyan, alınmayanda kənd icra nümayəndələrini yükləyən şəxslərdən icra başçısı olmaz. Sən kimsən ki, belə özbaşınalıq edirsən? Sizin kimilərin dərisini boğazından çıxaracaqlar.

 

Ümumiyyətlə, mənə çatmır ki, niyə yol çəkəni, polisi, həkimi, dəmir-dümürlə məşğul olanı və buna bənzər peşələrdə çalışanları təsərrüfatçı deyib, icra başçısı təyin etdirirlər? O oğurlamağın, dağıtmağın və kobudluğun təsərrüfatçısıdır. Onlar ancaq və ancaq büdcə pullarını talamaqla məşğuldurlar. Hanı onların rayon və şəhərlərə cəlb etdikləri sərmayələr? Axı Prezident də demişdi ki, bunu edə bilməyənlər azad olunacaqlar. Niyə Prezidentə arayış təqdim etmirsiniz?

 

Sərmayələr bir yana, hər rayon və kənd əhalisi arasından çıxan kifayət qədər varlı adamlar var. Onların Rusiyada, Ukraynada, Türkiyədə və digər ölkələrdə sahibkar kimi hörmətləri də var, milyon və milyardları da. Bəs onlar niyə öz doğma kənd və rayonlarına sərmayə qoymurlar? Çünki gərək birinci icra başçısının qarnını və cibini doldurasan, sonra yerdə qalan digər vəzifəli şəxslərin. O, niyə zəhmətlə qazandığı pulları azğın və korrupsionerlərə yedirtməlidir? Heç kim Azərbaycana bu ağır şərtlər altında sərmayə yatırmaz. Digər tərəfdən, o sahibkarın zəmanəti yoxdur ki, sabah onu şərləyib biznesini əlindən almayacaqlar.

 

Problemdən çıxış yolları var.

Birincisi, sahibkarlara azad və şəffaf şərait yaradılması vacibdir. Prezidentin 10-larla verdiyi sərancamlar, yaratdığı qurumlar, apardığı kadr islahatları hələ də bunun öhdəsindən gəlməyib. Sahibkarlar yenə də pis vəziyyətdədir. Heç kəsin pulunun gələcəyinə inamı və etibarı yoxdur deyə, sərmayə yatırmaq istəmir, olanlar isə mal-mülkünü xaricə çıxarır. Məgər bunu görmürsünüz?

Əgər, onlarla iri-çaplı vəzifəli şəxs həbsə göndərilməsə, qeyri-qanuni yollarla topladığı sərvət əlindən alınmasa, bunun qarşısını almaq mümkün olmayacaq. Xalq bundan da ağır günlər yaşayacaq. Amma dözümsüzlük göstərəndə hər şeyi süpürüb atacaq. Normal şərtlər və zəmanət altında varlı azərbaycanlıların ölkəyə yatıracağı sərmayə ilə yüz minlərlə iş yerləri açmaq mümkündür, yüzlərlə zavod və fabriklər tikilə bilər.

 

İkincisi, vəzifəyə təyin edilən adamların təsərrüfatçı və təcrübəli olmasına ehtiyac yoxdur. O şəxslərin güclü menecer, xalqa yanana və xalqın içindən çıxmış olması vacidbir. Onlar özlərinə savadlı və təsərrüfatı bilən müşavirlər götürə bilər. Digər tərəfdən, hər bir rayon üçün starteji yol xəritəsi hazırlanıb, heç bir icra başçısının Amerika kəşf etməsi lazım deyil.

 

Əlavə olaraq, rayon və şəhər icra başçıları icra hakimiyyəti nəzdində Ekspertlər Şurası yarada və ora ağsaqqalları, vətəndaş cəmiyyəti təmsilçilərini, həkim və müəllimləri, gənclərin nümayəndəsini, iqtisadçıları və digərlərini cəlb edə bilər, yalançı Şuralar yox. Hər nazirlik, komitə, icra hakimiyyətləri Şuralar yaradır və özünə sərf edən adamları ora təyin etdirir, seçdirir. Bu, biabırçılıq və özbaşınalıqdır. Özbaşınalıq edənləri isə layiq olduqları yerə göndərməyin zamanı çoxdan çatıb.

 

Üçüncüsü, idarəetmədə diversifikasiya yaratmaq lazımdır. Niyə vəzifələrə ancaq və ancaq iqtidar üzvləri və tərəfdarları təyin olunmalıdır? Yəni bizim demokratiyamız o dərəcədə inkişaf edib ki, bir partiya xalqın sevimlisidir, qalanları isə xalqın düşməni? Xalqa nə qədər düşmənçilik edənlər var, baxın!

 

Bir stansiya yanmaqla, bütün Azərbaycan çökdü. Ölkədə kifayət qədər neytral kadrlar, siyasi partiyalar, təşkilatlar var. Onların da ölkənin inkişafına cəlb edilməsi vacib deyilmi? Hakimiyyət içində də bir-birinə nəzarət edən siyasi baxışların olması çox vacibdir. Başqa məsələ ki, bunu istəmirsiniz. Amma ziyanını da özünüz çəkəcəksiniz. Artıq hər şey göz önündədir.

 

Dördüncüsü, ASAN xidmət mərkəzlərinin funksiyalarının genişləndirlməsinə ehtiyac var. Nə qədər nazirlik, komitə, icralar var ki, müqavimət göstərirlər ki, göstərdikləri xidmətlər ASAN xidmətə verilməsin. Çünki onlar Azərbaycana sağılan inək kimi yanaşırlar. Amma bu “inək” təpiyini qaldırıb ağzınıza vuranda, şikəst olacaqsınız. Bunun üçün də bir çox qurumların ləğv edilərək bu xidmətə verilməsi zərurətə çevrilib.


Beşincisi, icra hakimiyyətlərinə - kolxoz sədrlərinə ehtiyac varmı? Bəs bələdiyyələr nə üçündür? Ya bələdiyyə, ya da icra hakimiyyəti. Bələdiyyələr icra hakimiyyətindən də betərdir hazırda. Çünki xalq ora heç kimi seçməyib, icra hakimiyyətləri onları özləri formalaşdırıb, özü sədr təyin edib və onlar icra hakimiyyətlərinin qapazaltılarıdır. Normal seçki keçirib, bələdiyyələri gücləndirmək və bütün səlahiyyətləri onlara vermək vacib və tələbdir.

 

Altıncısı, ya məmur ol, ya da biznesmen. Mən üzümü xalqa tutub soruşuram - Siz bir nəfər iri-çaplı məmur, nazir, komitə sədri, nə bilim nə sədri tanıyırsınızmı ki, onun şadlıq evi, restoranı, zavodu, fabriki, hoteli, istirahət mərkəzi olmasın? Xeyr, mövcud deyil belə şey. Bu birbaşa qanun pozuntusu deyilmi? Bir sot yerdə ev tikən şəxs bir kərpic qoyan kimi şahin quşu kimi başının üstünü alırsınız, amma özünüz milyonlarla, milyardlarla ölçülən qanunsuzluq edirsiniz. Məgər qanunlar kasıblar üçündür? Buna görə də vəzifəli şəxslərə seçim qoyulmalıdır. Ya vəzifə, ya da biznes. Birmənalı!

 

Yeddincisi, ölkə iqtisadiyyatının şaxələndirlməsi üçün dövlət-özəl sektor əməkdaşlığı vacibdir. Bizim seçki proqramımızda bu xüsusi yer tutan bir bənd idi. Bu barədə çox danışılır, amma kağız üzərində qalmaqda davam edir. Enerji ən strateji sahədir və iqtisadiyyata da hərəkətverici qüvvə odur. Bərpaoluna bilən enerji ilə bağlı dövlət strategiyasi və proqramı var. Bu sahədə ciddi nəzarətə ehtiyac var.

 

Gedin baxın, görün Bakı-Ələt və Bakı-Quba yolu boyunca tikilən günəş-elektrik stansiyaları işləyirmi? Xeyr. Üzərini toz basıb. Bu məsuliyyətsizliyin cəzasını kim çəkəcək? Dövlətin sərmayəsi niyə göyə sovrulub? Bakı-Quba yolu boyunca külək-enerji stansiyaları da sınıb dağılıb. Azərbaycanda bərpaoluna bilən enerji mənbələri çoxdur. Onun üçün də qəza baş verəndən sonra Prezidentin yaratdığı Komissiya bu sahədə ciddi iş aparmalı və xarici mütəxəssisləri cəlb etməlidir. Yerli mütəxəssislər isə məmur-biznesmenlərin maraqlarına və tələbinə uyğun onlara sərf edən plan hazırlayacaqlar.

 

Səkkizincisi, ümumiyyətlə, iqtisadiyyatın inkişafı üçün xarici mütəxəssislər ölkəyə cəlb edilməldir. Bizim proqramımızda bu bənd də qırmızı xətlə keçirdi. Onlara vətəndaşlıq verib vəzifəyə təyin etmək lazımdır. Ən azı yüzlərlə alman, yapon, Cənubi koreyalı mütəxəssislər ölkədə vəzifəyə gətirilməlidir. Mən bunu gözüyumulu edərdim. Bir də heç kimə güzəşt etməzdim. Qanunsuzluq edənlərə ikinci şansı belə tanımaz və onların başına dəmir yumruq endirərdim.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Hatay vilayətində türk dünyası gəncliyinə çağırış edib

Versus.Az Talk TV kollektivini təbrik edir

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

“Müxalifətin içərisinə 30 illik minalar basdırılıb” - MÜSAHİBƏ

“Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır”

İlyas İsmayılovun oğlu öldürüldü

“Və yaxud, “o kimdir ki, onunla bir yerdə olaq, o, hakimiyyətin əlaltısıdır...”” - MÜSAHİBƏ

Xərçəngin yayılmasının ağlagəlməz səbəbləri

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

Azərbaycanda müəllimlərin sertifikatlaşdırılmasına başlanacaq

"At qripi"

Əlil arabasında hərəkət edənlər də istifadə edə biləcək