“Həbsindən bir həftə əvvəl Eldar Həsənova dedim ki...”

12:10 20-08-2020 | icon 617 | Cəmiyyət
“Həbsindən bir həftə əvvəl Eldar Həsənova dedim ki...”

“XİN-dəki dəyişikliklər bizi sevindirir”

 

Azərbaycan Respublikasının Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov “Yeni Müsavat”a geniş müsahibə verib. Mətbuata daim açıq olan diplomat XİN ətrafında baş verənlər, Moldovadakı səfirliyimiz və diasporumuzun durumu, Türkiyə səfirliyi ilə əlaqələr, ümumiyyətlə, diplomatik nümayəndəliklər ətrafında gedən müzakirələrlə bağlı sualları açıq şəkildə cavablandırıb.

 

Versus.Az həmin müsahibəni təqdimedir.

 

- Qüdsi bəy, Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatdan sonra Xarici İşlər Nazirliyi ətrafında gedən müzakirələr hələ də davam edir. Uzun illərdir diplomatiya sahəsində olan şəxs kimi, bu barədə nə deyə bilərsiniz? Səfir olaraq baş verənlər sizə necə təsir edir, belə situasiyada hər hansı bir narahatlığınız varmı?

 

- Aparılan islahatlar məni də çox sevindirir. Mən neçə ildir, bu sahədə fəaliyyət göstərirəm. Bilirsiniz ki, Rusiyada çoxsaylı azərbaycanlılar var, eyni zamanda orada erməni lobbisi güclüdür. Orada işləyəndə daim mürəkkəb proseslərin iştirakçısı olmuşam, ermənilərlə lazımi qaydada mübarizə aparmışıq. Azərbaycan diasporu ilə məşğul olmuşam deyə, həyatda görüb-götürdüyüm, təcrübədən çıxartdığım nəticələr var. Əminəm ki, Azərbaycanda aparılan islahatlar bütün sahələrdə olduğu kimi, XİN-də də lazım idi və tam vaxtında həyata keçirilir. Bu, vətəninə, milli marağına bağlı olan, nə isə etmək, işləmək istəyən biz diplomatlar üçün çox sevindirici bir andır. Bizim çoxsaylı yaxşı diplomatlarımız da var, təəssüflər olsun ki, səriştəsiz diplomatlarımız da mövcuddur. Hansı təsadüflər nəticəsində gəlib XİN-ə düşüblər, bu, başqa məsələdir. Amma siz təsəvvür edin, biz səfirlər yanımıza göndərilən o diplomatlara görə hərdən elə əziyyət çəkirik ki... Diplomatlar 3-4 illik ezamiyyətə gəlirlər ki, səfirin rəhbərliyi altında səfirliyin fəaliyyətini təmin etsinlər. Nəticədə, belə diplomatlara görə səfirlər əziyyət çəkir, buna dözmək məcburiyyətində qalırlar. Çünki vaxtından əvvəl onların qaytarıldığı halda şantaj, şər-böhtan xarakterli yazı-pozu ilə məşğul olurlar. Əvvəllər isə bu hallara XİN tərəfindən birmənalı münasibət göstərilmirdi.

 

- Moldovadakı səfirliyimizdə vəziyyət necədir?

 

- Oktyabrda 4 il olacaq ki, mən burada səfir kimi fəaliyyət göstərirəm. Əksər yerlərdə olduğu kimi, burada da diaspor təşkilatımızın fəaliyyəti formal xarakter daşıyırdı və bir ailənin, bir qrup insanın marağına xidmət edirdi. Mən səfir kimi buraya gələndə diplomatlarımız tövsiyə etdilər ki, diaspor rəhbərinin mövqeyinə xidmət edərək razılaşmağa məcburuq. Əvvəlki səfir Namiq Əliyevin bu səbəbdən böyük problemləri olduğunu bildirdilər. Təsəvvür edirsinizmi? Amma aydın oldu ki, o, güclü diaspor təşkilatı deyil, sadəcə olaraq bir  neçə nəfərin marağını təmsil edir. 15 il ərzində diaspor təşkilatının fəaliyyəti çox zəif olub. Moldovanın hakimiyyət dairələrində, ictimai-siyasi həyatında da azərbaycanlılar təmsil olunmayıb. Amma ermənilər bir çox sahələrdə təmsil olunub. Belə ki, parlamentdə və bələdiyyədə deputatları var, digər dövlət qurumlarında, o cümlədən hüquq-mühafizə orqanlarında, yəni prokurorlar, polislər, həmdə çoxsaylı jurnalistlər fəaliyyət göstərir. Habelə ermənilərin təsiri altında olan informasiya portalları var, məsələn Moldovada “Komsomolskaya pravda”. Onlar sistemli şəkildə fəaliyyət göstərirlər və ölkənin ictimai-siyasi həyatına təsir edə bilirlər, çox aktivdirlər. Həm də maraqlıdır ki, gəncləri də çox fəaldır, hakimiyyətdə təmsil olunublar. Bizimkilərsə bu sahələrdə təmsil olunmayıblar. Bu isə Moldovada yaşayan ziyalı azərbaycanlıların əsas iradlarından biridir ki, bizim azərbaycanlılar erməni icması ilə müqayisədə hakimiyyətdə təmsil olunmayıb, passiv həyat tərzi sürürlər.

 

- Sayları bizimkilərlə müqayisədə nə qədərdir?

 

- Bizdən azdırlar. Məsələn, deyirlər 5 min azərbaycanlı var. Amma mən ilk üç il ərzində diaspora tədbirlərində 20 nəfərdən çox azərbaycanlı görmədim.

 

- Bəs diasporumuzun bugünkü vəziyyəti necədir?

 

- Yaxşıdır. Təqribən bir il əvvəl buradakı azərbaycanlılar dedilər ki, 15 ildir diaspor təşkilatında seçki olmayıb, Şurada olan bəzi insanlar vəfat edib, kvorum belə yoxdur, ona görə də iclas keçirilməlidir. Moldova azərbaycanlıları ayağa qalxdılar ki, təşkilatımızı bizə qaytarsınlar. 4 ay ərzində səfirliyə çoxsaylı insanlar müraciət etdi ki, bizə kömək edin. Biz də əlimizdən gələn köməkliyi göstərdik. Keçən ilin dekabrında və cari ilin avqust ayının 16-da yeni seçkilər oldu. Bu gün artıq vəziyyət xeyli dəyişib. Artıq diasporumuz fəallaşıb, yeni rəhbərlik, Şuraya 11 nəfərdən ibarət gənclər seçildi və Moldovada Azərbaycan diasporu fəallaşır.

Bu gün 800-ə yaxın azərbaycanlı diaspor təşkilatının üzvüdür. 12-14 iyulda erməni silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi təcavüzlə bağlı və Ermənistanın işğalçı siyasətinə etiraz olaraq, eyni zamanda Azərbaycan ordusuna, Ali Baş Komandana dəstək məqsədi ilə Moldovada azərbaycanlılar sülh yürüşü təşkil etdilər. Ermənilər burada da yürüşçülərə qarşı təxribat xarakterli cəhdlər etdilər və aparılan işlər nəticəsində Moldova ictimaiyyəti ermənilərin Moldova-Azərbaycan münasibətlərinə təcavüz cəhdlərini başa düşdü. Bununla yanaşı azərbaycanlı icması təşkilatı adından ermənilərin təxribatı ilə əlaqədar  Moldova hökumətinə hakimiyyətdə fəaliyyət göstərən ermənilərə qarşı tədbirlərin görülməsi ilə bağlı müraciət etdilər. Rəsmi qaydada parlament rəhbərinə müraciət etdilər ki, ermənilər dövlət nümayəndələri olduqları üçün həmin tədbirdə iştirak etməməliydi, onlar iki icmanı qarşı-qarşıya qoyurlar, Azərbaycanın milli maraqlarına toxunurlar, bu da Moldovada gərginlik yaradır. Bu gün burada heç vaxt olmayan şəkildə böyük təbliğat işləri aparılır. Moldova dövləti Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

 

- Qüdsi bəy, Xarici İşlər naziri dəyişib, XİN-də islahatlara start verilib. Səfir olaraq yenilənən bu qurumdan nə gözləyirsiniz?

 

- XİN-dəki dəyişikliklər bizi sevindirir. XİN-də səriştəli və vətənpərvər diplomatlarımız çoxdur. Amma təəssüflər olsun ki, təsadüfi diplomatlar da var. Təsadüfi diplomatlar səfirliklərə düşdüyü halda, səfirliklər lazımi qaydada fəaliyyət göstərə bilmir. Çünki səfirin fəaliyyətini təmin edən onun əməkdaşlarıdır, XİN-dən gələnlərdir. Bu, çox vacib şərtlərdəndir. Biz bundan sonra gözləyirik ki, bizim Diplomatik Akademiyadan çoxlu gənclər XİN-ə qəbul olunacaqdır. Təsadüfi diplomatlar XİN-dən yavaş-yavaş uzaqlaşdırılacaq. Gözləyirik ki, yeni bir diplomatiya nəsli formalaşacaq və o diplomatlar cənab prezidentin xarici siyasətinin icrasını qaydasında aparacaqlar. Əminik ki, həmin diplomatlar düşmənlərimizə qarşı cənab prezident dediyi kimi, hücum diplomatiyasını həyata keçirəcəklər. Çünki hücum diplomatiyası bizə birmənalı şəkildə vacibdir, dünən də lazım idi, bu gün də lazımdır.

 

- Elmar Məmmədyarovla şəxsi tanışlığınız var idi?

 

- Var idi, təbii.

 

- Onun fəaliyyətini necə xarakterizə edərdiniz?

 

- Vallah, qiymət vermək mənə çətindir. O nazir olub, mən səfir. Amma mövcud durum mənə də əziyyət verirdi, bu, şərtdir.

 

- Hansısa formada etirazınızı çatdırmışdınız?

 

- Mən səfir təyin olunanda ilk növbədə, səfirliyin binasının utandırıcı olması, daha sonra səfirliyin təhlükəsizliyinin bərbad vəziyyəti ilə bağlı nəinki şifahi şəkildə, birbaşa nazirliyə rəsmi məktub da yazmışdım. Moldovada ilk səfir İsfəndiyar Vahabzadənin vaxtında səfirliyin inzibati binası alınıbdır, özü də real dəyərindən bir neçə dəfə baha. Təsəvvür edin ki, insanlar evlərinin  pəncərələrini açanda birbaşa bizim səfirliyin həyətinə daxil ola bilərdi. Düzdür, biz son iki il ərzində böyük dəyişikliklər apardıq və bu çatışmazlıqların aradan götürülməsini davam etdiririk.

 

- Serbiyadakı səfirimiz Eldar Həsənovun həbs olunması xəbərini necə qarşıladınız?

 

- Həbsindən bir həftə əvvəl Eldar Həsənovla telefonla danışmışdım. Axı, Ermənistana aparılan silah üç partiyada Moldovadan da gəlib keçmişdi. Eldar Həsənova müraciət etdim ki, ilkin məlumatları verin, biz burada araşdırma aparaq. O, silahların Moldovadan keçirildiyi barədə məlumatının olmadığını bildirdi. Baxmayaraq ki, əvvəlcə özü mənə zəng etmişdi ki, “sizdən də keçib, məlumatlı olasan”.

 

Bilirəm ki, Eldar Həsənovun Moldovada yaxın dostu iş adamı Vüqar Novruzovdur. Onları uzun illər dostluq münasibətləri bağlayır, Moldova Eldar Həsənov üçün Rumıniyada səfir olarkən ən sevimli yerlərdən biri olub.

 

- Hulusi Kılıç Türkiyəni Moldovada təmsil edəndə Türkiyə və Azərbaycan səfirlikləri birgə fəaliyyət göstərirdilər. İndi vəziyyət necədir, böyükelçi Gürol Sökmensüerlə yaxın əməkdaşlıq, koordinasiyalı fəaliyyət varmı?

 

- Əməkdaşlıq indi də davam edir. Amma pandemiya səbəbindən biz bunu nümayiş etdirə bilmirik. Məsələn, Azərbaycandan rəsmi səfərlər olduğu halda, həmişə Türkiyə səfiri mənimlə hava limanına gedib, qarşılanma mərasiminə qatılırdı, yaxud ziyafətlərdə birgə iştirak edirdik. O cümlədən, Türkiyə rəsmiləri bura gəldiyi halda, biz həmişə bir yerdə qarşılayır-yola salardıq. Bu, artıq bir adət-ənənəyə çevrilib. Hulusi Kılıçdan əvvəl də belə olub, sonra da. Məsələn, bir il əvvəl Rəcəb Tayyib Ərdoğan Moldovada rəsmi səfərdə olarkən mən də qardaş ölkənin səfiri olaraq qarşılanma mərasimində iştirak edirdim. Gürol bəy çox fəal səfirdir, bizim yaxın dostluq münasibətimiz var.

 

- Diaspor təşkilatlarımızın əlaqələri necədir?

 

- Türk diasporu azərbaycanlılarla qarşılıqlı təmasdadırlar. Həm işgüzar, həm dostluq əlaqələri var. Məsələn, 28 May tədbirində əgər bizim 800 qonağımız olursa, onun 150-170 nəfəri həmişə türk qardaşlarımız olur, bu, artıq ənənədir.

 

- Moldova və Azərbaycan arasında ticarət əlaqələri hansı səviyyədədir?

 

- Moldovada Türkiyə iş adamları həddindən artıq çoxdur, tikinti, hotelçilik sahəsində, ticarət mərkəzləri var. Həmçinin şəxsi klinikaları olan həkimlər çalışır. Azərbaycanla Moldova arasında ticari göstəricilər ilbəil yüksəlir. Moldova tərəfinin böyük marağı var ki, Azərbaycan investorları gəlsin, burada iş qursunlar. Eyni zamanda, Moldova iş adamlarının Azərbaycanda qoyacağı sərmayənin qorunması üçün gələcəkdə dövlətlərarası sazişin imzalanması da gözlənilir. Pandemiya bu məsələyə maneçilik törətdi. İqtisadiyyatın, ticarətin, humanitar əlaqələrin inkişaf etdirilməsi üçün əməkdaşlıqla bağlı hökumətlərarası komissiya var. O komissiyanın iclası olmalıdır. Moldova prezidentinin Azərbaycana rəsmi səfəri gözlənilir və nazirlər, dövlət orqanlarının rəhbərləri onu müşayiət edəcəklər. Bir çox sazişlər 17-20 il əvvəl imzalanıb, yeni sazişlərin imzalanması gözlənilir. Həmçinin çoxsaylı biznesmenlər prezidenti müşayiət edəcəklər ki, azərbaycanlı investorlarla görüşsünlər, Bakıda biznes forum keçirilsin və bizim investorları Moldovada sərmayə qoymağa cəlb eləsinlər. Yaxın zamanlarda yollar açılan kimi, Moldovanın Xarici İşlər naziri Azərbaycana səfər etməsi planlaşdırılır, əməkdaşlıq protokolunun imzalanması gözlənilir. Ola bilsin payızda səfər baş tutsun. 

 

- Yeni Xarici İşlər naziri Ceyhun Bayramovla bağlı fikirləriniz maraqlıdır...

 

- Böyük iş təcrübəsinə malikdir. Əminəm ki, yeni nazirimizin rəhbərliyi altında ölkə rəhbərinin qarşıya qoyduğu tapşırıqları layiqincə yerinə yetirəcəyik. Biz səfirlər də bacardığımız qədər çalışacağıq ki, nazirimizin apardığı islahatlar uğurla həyata keçsin. Təbii ki, bizim hər hansı sualımız olarsa, nazirimizə zəng edirik, problemlərimizi deyirik və həllini tapır.  İşlərimizdəki çatışmazlıqları soruşur və dəstək vermək üçün əlindən gələni edir, bu isə sevindirici haldır. Məsələn, bu yaxınlarda səfirlərin təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görməklə bağlı tapşırıqlar verildi. Bir sözlə, artıq XİN-in və diplomatik nümayəndəliklərimizin fəaliyyəti çox aktivləşib.

 

- Hesab olunur ki, XİN daxilində baş verənlər, həbslərdən sonra qanunsuzluqlara yol vermiş bəzi səfirlər xaricdə sığınacaq ala bilər. Ən azı keçmiş səfir Arif Məmmədov nümunəsi var. Bu barədə hansısa məlumatınız varmı?

 

- Mən təəssüf edirəm ki, bizim Arif Məmmədov kimi diplomatlarımız da var idi. Bizim yaxşı, vətənpərvər, milli maraqlarımıza qulluq edən diplomatlarımızla bərabər, axsaq diplomatlarımız da mövcuddur. Hər şeyə qulluq etməyə hazırdırlar, milli maraqdan başqa, belələri də var. Bizim Prezidentimiz Azərbaycan diplomatlarına bütün şəraiti yaradıb. Yüksək səviyyədə maaş alırıq, yüksək səviyyədə sosial təminatımız var. Fəaliyyət göstərdikləri müddətdə diplomatlara lazımı şərait yaradılır, mənzillər, maşınlar, tibbi təminat, uşaqların təhsilhaqqı verilir. Yəni Ermənistanla müqayisədə bizdə təminat üç dəfə yüksəkdir. Yadımdadır, cənab Prezident on il əvvəl səfirlərimizlə görüşü zamanı çıxışında bildirdi ki, mən bu şəraiti sizə yaradıram ki, dövlətimizə, milli maraqlarımıza və azərbaycanlılara xidmət edəsiniz, heç kimdən asılı qalmayasınız, yüksək səviyyədə fəaliyyət göstərəsiniz, müdafiədə yox, hücumda olasınız. Təbliğat sahəsində bizim səfirliklərimiz böyük işlər aparmalıdır. Ermənilərin saxta təbliğatını alt-üst etmək, həqiqətlərimizi dünya ictimaiyyətinə göstərmək üçün ciddi işlər görülməlidir. Həm də səfirliklə bu işləri diaspor təşkilatları ilə birgə aparmalıdır. Diaspor təşkilatları səfirliklərin vacib qollarından biridir. Əgər səfir fəaliyyətə başladığı andan onun konsulu öz vətəndaşlarına arayış alveri ilə məşğul olacaqsa, insanların rüşvət vermək məcburiyyətində qalmaları üçün onlara problemlər yaradılacaqsa, get-gələ salınacaqsa, o səfirliyə vətəndaşlar hörmət etməz. Əgər səfirlik olaraq biz azərbaycanlıların problemlərini həll etməyi, onların hüquqlarının qorunması ilə məşğul olmağı bacarmayacağıqsa, onda o azərbaycanlı nə səfirliyi, nə də tarixi vətənini sevə bilməz. Bu, düşmənin marağına xidmət etmək deməkdir. Təəssüf ki, belə hallar da var. Belə səfirlərlə bağlı yəqin ki, ölçülər götürüləcək. Səfirlik hər bir azərbaycanlının evi, onun arxasında dayanan qüvvə kimi olmalıdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...