""MayoMed"də limfa sistemi xəstəlikləri aradan qaldıran bütün prosedurlar mümkündür" - MÜSAHİBƏ

07:34 24-08-2020 | icon 1227 | Sağlamlıq
""MayoMed"də limfa sistemi xəstəlikləri aradan qaldıran bütün prosedurlar mümkündür" - MÜSAHİBƏ

Nərminə Abbasova: “Yetər ki, xəstələr sağalmaq istəyində olsunlar və həkim məsləhətinə əməl etsinlər”

 

Azərbaycan Prezidentinin ölkədə COVİD-19 pandemiyası ilə mübarizəyə çağırışı, başladılan #evdəqal kampaniyası və Operativ Qərargahın tətbiq etdiyi karantin qaydalarına dövlət obyektləri ilə yanaşı özəl obyekt rəhbərləri də əməl etdi. Məqsəd birdir – Azərbaycanın COVİD-19 bəlasından az itki ilə çıxmasına nail olmaq.

 

Karantin qaydalarının yumşaldılmasından sonra xəstəxanaların, digər idarə və obyektlərin müəyyən qaydalara əməl olunması şərti ilə fəaliyyəti aktivləşdi. Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının təsisçisi və baş həkimi NƏRMİNƏ ABBASOVA bu və digər məsələlərlə bağlı Versus.Az-a müsahibə verib.

 

- Nərminə xanım, gəlin öncə rəhbəri olduğunuz bu klinikanın yaranma tarixindən danışaq.

 

- Mayomed Fizioterapiya və Reabilitasiya Klinikası 2013-cü ildə təsis olunub. Fəaliyyətə başladığı gündən fizioterapiya və reabilitasiya mərkəzi kimi tanınıb. Məqsədimiz fizioterapiyanın bütün sahələrini əhatə etmək və onların inkişafına nail olmaqdır. Digər klinikalardan fərqli olaraq, Mayomeddə bütün xəstəliklərin fizioterapevtik müalicəsi təşkil olunub.

 

- Fizioterapiya deyəndə nələr nəzərdə tutulur?

 

- Fizioterapiya deyəndə, adətən, sinir sistemi xəstəlikləri və oynaq xəstəliklərinin müalicəsi nəzərdə tutulur. Amma əslində bu, belə deyil. Ümumiyyətlə, uroloji xəstəliklər, mədə-bağırsaq sistemi, limfa sistemi və sair xəstəliklərdə fizioterapiyadan uğurla istifadə olunur.

Yeri gəlmişkən, limfa sistemi xəstəlikləri bu gün çox geniş yayılıb. Bizim klinikada limfa sistemi xəstəlikləri aradan qaldırmaq üçün bütün prosedurlar mümkündür. Məsələn, limfadrenaj. Bu, həm avadanlıqlar vasitəsilə, həm də massajlar vasitəsilə həyata keçirilir. Bu müalicə habelə medikamentoz yolla təşkil olunmuşdur. Eyni zamanda, pnevmomassaj aparatımız var. Limfa sisteminin təmizlənməsi üçün çox gözəl vasitədir.

Bundan başqa, limfa xəstəliklərinin əl ilə müalicəsi də həyata keçirilir. Onu da deyim ki, limfodrenaj üçün istifadə etdiyimiz avadanlıqlar bir çox klinikalarda yoxdur. Klinikamızda hirudoterapiya (zəli ilə müalicə) vasitəsilə də qan və limfa sisteminin təmizlənməsi həyata keçirilir.

 

- Əsasən hansı problemlərlə müraciət edirlər?

 

- Ən çox dayaq-hərəkət sistemi xəstəlikləri ilə müraciətlər olur. Buraya daxildir revmatoid artrit, revmatizm, artroz, osteoparoz və sair. Bu xəstəliklərin müalicəsində bir sıra aparatlardan istifadə edilir. Məsələn, burulğanlı vanna - hidromassaj. Çox əhəmiyyətli müalicə metodudur. Əsasən, şəkərli diabet xəstələrinin aşağı ətraf problemlərində bu üsuldan istifadə edirik.

Oynaq xəstəliklərində - skalioz, kifoz, osteoxandroz, onurğa yırtıqlarının müalicəsində həm medikamentoz müalicə, həm də fizioterapiya tətbiq olunur.

Qeyd edim ki, klinikamızda zərbə-dalğa terapiyası da geniş tətbiq edilir. Bunu həyata keçirən aparat klinikamız açılan gündən mövcuddur. Ən çox daban mahmızı xəstəliyində istifadə olunur.

Bununla yanaşı, istilik müalicələri də tətbiq olunur. Buraya vulkan palçıqları və  parafin müalicəsi aiddir. Onların vasitəsilə yumşaltma prosesi aparılır, daha sonra zərbə-dalğa terapiyası çox gözəl effekt verir.

Çox istifadə etdiyimiz vasitələrdən biri də fonofarezdir. Həm əzələlərin, həm sümüklərin müalicəsində uğurla istifadə olunur.

Lazer terapiyasını - osteoparozda, artrozlarda, radikulitlərdə istifadə edirik.

 

- Nərminə xanım, pandemiyalı bir dönəmdə yaşayırıq. Xəstəlik isə karantinə baxmır. Bu müddətdə xəstələrlə necə əlaqə qurdunuz?

 

- Öncə onu deyim ki, birmənalı olaraq hər bir vətəndaşın təhlükəsizliyinin qorunması və ölkədə ola biləcək növbəti dalğanın nəzarətdən çıxmaması, eləcə də səhiyyə sistemində digər xəstəliklərdən əziyyət çəkən insanların təcili vəziyyətlərində müalicəsinin təşkili üçün məcburiyyət qarşısında hökumət tərəfindən sərtləşmənin aparılması təqdirəlayiq və düzgün addım idi. Əlbəttə ki, bu addımlar nəticəsində epidemioloji vəziyyətdə dəyişmələrin müsbət tendensiyaya dönməsi və yenidən yumşalmanın davam etdirilməsi hər birimizin arzusudur.

Sərt karantin vaxtı xəstələrlə necə əlaqə saxlamağımıza, klinikamıza müraciət edənlərlə necə ünsiyyət qurmağımıza gəlincə, karantin şərtləri hər birimiz üçün keçərlidir. Biz də həmin ərəfədə MoyoMed klinikası olaraq fəaliyyətimizi şərtlərə uyğun davam etdirdik. Belə ki hər kəs kimi biz də xəstələrimizlə onlayn görüşlər keçirdik. Bu fəaliyyətimizlə Azərbaycan Prezidentinin Koronavirusla mübarizəyə etdiyi çağırışlara dəstək olduq. Bildiyimiz kimi, Azərbaycanda koronavirusla mübarizədə bütün mümkün qabaqlayıcı və operativ tədbirlər həyata keçirildi, hansı ki, bu gün bu tədbirlər yumşaldılmış formada davam etdirilir. Bu yöndə görülən prafilaktik tədbirlərlə hətta bir çox ölkələri qabaqlamışıq. Bu da cənab Prezident İlham Əliyevin təxirəsalınmaz göstərişləri, karantinlə bağlı qadağaların sərtləşdirməsi ilə bağlı tapşırıqları və xalqının qayğısına qalmasının nəticəsidir.

 

- Maraqlıdır, xəstələrlə və sağlıq durumu ilə bağlı müraciət edənlərlə onlayın görüşün nə kimi əhəmiyyəti ola bilərdi? Axı bu, sıradan bir konfrans, tədbir, müşavirə deyil.

 

- Təbii ki, müayinə yoxdursa, diaqnoz da qoyulmur, dərman perapartları da tövsiyə edilmir. Biz sadəcə pandemiya və karantin dövründə vəziyyətdən gərginləşən insanlarla söhbətləşərək mənəvi dəstəyimizi göstərirdik. Eyni zamanda, evdə qalmaqla bağlı təbliğat aparırdıq. Məsləhət edirdik ki, evdə özlərinə məşğuliyyət tapsınlar, “evdəqal”ı bir tətil kimi qəbul edib, günlərini evdən çıxmadan da maraqlı etsinlər. Tövsiyyəmiz bu idi ki, evdə idmanla məşğul olsunlar, televizora baxsınlar, kitab oxusunlar, internetdən faydalı istifadə etsinlər. Onlara müxtəlif idman hərəkətlərindən ibarət videolar göndərir, gündəlik diqqətdə saxlayırdıq. Yetər ki, evdən çıxmasınlar, özlərini və yaxınlarını qorusunlar. Bu bir gerçəklikdir ki, həmrəy və səbirli olarıqsa, qaydalara düzgün əməl edəriksə, əlbəttə ki, bu qlobal problemdən də qurtulacağıq.

 

- Karantin qaydalarından sonra klinikada həyat necədir?

 

- Klinikamızın fəaliyyəti karantin şərtləri çərçivəsində davam edir. Bakıda və bakıətrafı qəsəbə və kəndlərdə yaşayan insanlar müayinələrə gəlir. Xəstələrimizi qəbul edib müalicələrinin bundan sonrakı davamını müəyyənləşdiririk. Bununla yanaşı rayonlarımızda yaşayan, hansı ki, karantinə görə yollar bağlandığı üçün gələ bilmirlər, onlarla əvvəlki qaydada, yəni onlayn şəkildə əlaqə saxlayıb bir həkim kimi tövsiyyələrimizi veririk.

Həyatda insana lazım olan ən böyük nemət cansağlığıdır. Biz həkimlərin də borcu vətəndaşlarımızın sağlamlığının keşiyində durmaqdır. Yetər ki, xəstələr sağalmaq istəyində olsunlar və həkim məsləhətinə əməl etsinlər.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı