Təbriklər və uğurlar Modern.az...
Saytınız daima nüfuzlu, oxunaqlı, reytinqli və uzun ömürlü olsun!
ŞƏHRİZAD SÜLEYMAN
/Abu-Dabi Universitetinin müəllimi,
Tədqiqatçı, şərqşünas-alim/
Bu gün mənim üçün əziz və doğma olan, 2014-cü ilin əvvəllərindən əməkdaşlıq etdiyim, Azərbaycan internet mediasında layiqli yeri və öz oxucu kütləsi olan, özünəməxsus orijinallığı ilə seçilən, operativ xəbərlərin ünvanı Modern.az informasiya agentliyi 11 yaşını qeyd edir. Yarandığı gündən öz oxucularını dəqiq və operativ xəbərlərlə məlimatlandıran Modern.az saytı internet mediada rəqabətin çoxaldığı bir vaxtda fərqlənməyi, gündəmdə qalmağı bacarıb. Saytın fərqli təqdimatları, layihələri, müxtəlif janrlı materialları, Azərbaycanda baş verən hadisələrə qərəzsiz, obyektiv yanaşma tərzi, bitərəf mövqeyi geniş oxucu auditoriyası tərəfindən hər zaman müsbət qarşılanıb.
Bu illər ərzində uğurlu yol qət edən, geniş izləyici auditoriyasına malik və özünəməxsus dəsti-xətti olan Modern.az xəbər saytı milli dəyərlərimizə, qədim irsimizə, ölkəmizin tarixinə, etnoqrafiyasına, folkloruna silsilə məqalələr həsr edir, ağrılı günlərimizin, əsir ellərimizin iniltisini xronoloji faktlarla, şahidlərin dili ilə oxucusuna çatdırır, Qarabağı fotolarda və yaddaşlarda xatırladır, ölkə əhəmiyyətli problemləri işıqlandırır, müxtəlif səpkili maraqlı reportajlar, müsahibələr yayımlayır, cəmiyyətə, ölkəyə, mədəniyyətə, mediaya, ədəbi mühitə geniş yer verir.
Modern.az eyni zamanda Türk dünyası ilə bağlı xəbərləri, dünyada baş verən ən vacib hadisələri də öz oxucularına operativ şəkildə çatdırır. Saytda yayımlanan analitik məlumatlar, mühüm əhəmiyyət kəsb edən müxtəlif səpkili hesabatlar, siyasi, iqtisadi təhlillər Modern.az-ın özünəməxsus məziyyətləridir və bütün bu fərqliliklərlə oxucunu özünə cəlb edir, rəğbət qazanır.
Xarici ölkələrdə azərbaycançılıq ideologiyasının təbliği və onun təməl prinsiplərinin ölkə ictimaiyyətinə çatdırılmasında ilklərə imza atan Modern.az xaricdə yaşayan ziyalı soydaşlarımıza, azərbaycançılıq ideyasını öz əməlləri ilə yaşadan vətənpərvər aydınlarımıza məxsusi diqqət göstərir. Bu illər ərzində xaricdə yaşayan azərbaycanlı və Əbu-Dabi Universitetində çalışan müəllimə, tədqiqatçı-alim olaraq sevimli Modern.az mənə daim diqqət göstərib, saytda xeyli sayda köşə yazılarım, ərəb dünyası ilə bağlı silsilə araşdrmalarım, ədəbi məqalələrim, müxtəlif ölkələrdən, maraqlı məkanlardan reportajlarım, bədii tərcümələrim, müəllifi olduğum şeirlərim, ata-baba yurdum Cəbrayıl rayonu ilə bağlı uşaqlıq xatirələrim yayımlanıb.
Düzgün seçilmiş informasiya siyasəti nəticəsində bu gün Azərbaycanda ən çox oxunan, sevilən və nüfuzlu kütləvi informasiya vasitələrindən biri olan Modern.az internet portalında ölkə və dünyanın maraqlı insanları haqda portret yazılar, yaxın və uzaq tarixin ən qaranlıq məqamları ilə bağlı mühüm yeniliklər işıq üzü görür. Yarandığı gündən obyektiv informasiyalar, dəqiq xəbərlər yayımlayan, baş verən hadisələrə mütəxəssis və ekspert rəyləri, müəllif yazıları, maraqlı layihə və rubrikaları ilə ölkənin internet media məkanında populyarlıq qazanan Modern.az xəbər agentliyi oxucu zövqünün formalaşmasında mühüm rol oynayır.
Sevimli və doğma Modern.az 11 yaşın mübarək! Modern.az-ın bu xoş və əlamətdar günü münasibətilə saytın rəhbəri, Parlament Jurnalistləri Birliyinin sədri, əməkdar jurnalist Elşad Eyvazlını, baş redaktor Əfqan Qafarlını, eləcə də saytın bütün əməkdaşlarını səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları və müvəffəqiyyətlər arzu edirəm. Saytınız daima nüfuzlu, oxunaqlı, reytinqli və uzun ömürlü olsun!
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"