“Heç bir ölkə pandemiyanın bitdiyini deyə bilməz” - ÜST
“Heç bir ölkə pandemiyanın bitdiyini deyə bilməz. Bu koronavirusun asanlıqla yayıldığını unutmamalıyıq, bu, hər yaşdan olan insan üçün ölümcüldür, buna həssas yanaşmalıyıq”.
Versus.az xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus İsveçrədə keçirilən növbəti brifinqdə çıxışı zamanı deyib.
Pandemiya dövründə məktəblərin və iş yerlərinin açılmasından danışan Qebreyesus karantin qaydalarına ciddi əməl etməyin vacibliyini bir daha dünya ictimaiyyətinə çatdırıb:
“ÜST iqtisadiyyatla bağlı sahələri və cəmiyyətləri yenidən açmaq üçün göstərilən səyləri tamamilə dəstəkləyir. Biz pandemiya dövründə məktəblərin və iş yerlərinin açılmasını dəstəkləyirik, lakin karantin qaydalarına ciddi əməl etməyi unutmamalıyıq.
ÜST rəhbəri qeyd edib ki, sanitar-gigiyenik qaydalara nə qədər ciddi yanaşılsa, digər məhdudiyyətlərin aradan qaldırılması bir o qədər tez baş tutar. Qebreyesus əlavə edib ki, karantin qaydalarına əməl etməmək məhdudiyyətlərin yenidən ağırlaşmasına səbəb ola bilər.
ÜST həmçinin COVİD-19-un səhiyyə sistemlərinə təsiri ilə bağlı ilkin araşdırmanın nəticələrini də elan edib. Bildirilib ki, pandemiya dünya ölkələrinin 90 faizində səhiyyə sistemlərinin işində ciddi pozuntulara səbəb olub. Son yarım ildə həkimlər koronavirusa qarşı mübarizə yolunda təcili yardıma ehtiyacı olan xəstələrə kömək etmək üçün hansı tibbi xidmətləri sonraya saxlamaq kimi çətin seçim etməli olublar.
Ekspertlərin gəldiyi nəticələr dünyanın beş qitəsində yerləşən 105 ölkədən alınmış məlumatlara əsaslanır. 2020-ci ilin mart-iyun aylarında demək olar ki, hər bir ölkədə (daha dəqiq desək, bütün ölkələrin 90 faizində) tibbi xidmətlərin təqdim edilməsində fasilələr yaranıb. Gəlir səviyyəsi aşağı və orta olan dövlətlər daha böyük çətinliklərlə üzləşiblər.
Hesabatlardan məlum olur ki, həm maliyyə, həm də kadr resurslarının məhdud olması səbəbindən əvvəlcədən planlaşdırılan tibbi tədbirlərin çoxundan imtina etmək zərurəti yaranıb. İlk növbədə həm evdə, həm də tibb müəssisələrində immunlaşdırma ilə bağlı problemlər çoxalıb. İnfeksion xəstəliklərin diaqnostikası və müalicəsi, ailə planlaşdırması və kontrasepsiya tədbirləri, psixi xəstəliklərin profilaktikası və müalicəsi, xərçəngin diaqnostikası və müalicəsi sahəsində çətinliklər olub. Ölkələr malyariyanın diaqnostikası və müalicəsi, vərəmin aşkar edilməsi və müalicəsi, habelə antiretrovirus müalicəsi sahələrində çətinliklər yarandığını bildiriblər.
Ekspertlərin fikrincə, səhiyyə sistemlərinin işində əngəllərin səbəbləri klassik tələb-təklif formuluna uyğun gəlir: koronavirus pandemiyası dövründə stasionar müalicəyə ehtiyacın kəskin artdığı bir şəraitdə ambulator xidmətlərə tələb azalıb. İnsanlar kəskin zərurət olmadığı hallarda həkimlərə müraciət etməməyə üstünlük verirlər. Bundan əlavə, həkimlərin və digər tibb işçilərin çoxunun təcili olaraq ixtisasını dəyişməsi və COVİD-19-a qarşı mübarizə ilə məşğul olması zərurəti yaranıb. Zəruri avadanlıq və tibbi təyinatlı mallarla təchizat sahəsində fasilələr də əhaliyə tibbi xidmətlərin həcminin azalmasında mühüm rol oynayıb.
Qeyd edək ki, Çindən başlayan yeni tip koronavirusa bu günə qədər dünyada 25 milyon 935 mindən çox insan yoluxub, 861 mindən çox insan isə bu virusdan dünyasını dəyişib. Yoluxma sayına görə ilk üçlükdə ABŞ, Braziliya, Hindistan yer alıb. Rusiya 1 milyona yaxın yoluxma ilə dördüncü sıradadır.
Koronavirusdan ən çox əziyyət çəkən ölkələr Çin, İran, İtaliya və Cənubi Koreya hesab olunur.
Beləliklə, Azərbaycanla sərhəd olan İranda koronovirusla bağlı vəziyyət kritik həddə qalmaqda davam edir. Ötən həftə İran prezidenti Həsən Ruhani ölkədə COVID-19-un ikinci dalğasının birinciyə nisbətən daha çətin olduğuna diqqət çəkib. Ruhani adıçəkilən virusdan hər yeddi dəqiqədə bir nəfərin dünyasını dəyişdiyini diqqətə çatdırıb. O bildirib ki, cəmiyyət sosial məsafəyə və gigiyena qaydalarına əməl etməsə, İran koronavirus pandemiyasının üçüncü dalğası ilə üz-üzə qalacaq.
Ölkəmizlə qonşu ölkə olan Türkiyədə də getdikcə yoluxma sayı artmaqdadır. Qeyd edək ki, Türkiyədə bir çox karantin qaydaları ləğv edilmişdi. Nəticədə yoluxma sayı artmağa başladı. Hökumət yenidən karantin qaydalarına geri dönüş etmək məcburiyyətində qalıb. Məsələn, əgər iyul ayından toyların keçirilməsinə icazə verilmişdisə, artıq 14 validə sünnət, nişan kimi məclislərin keçirilməsinə qadağa qoyulub. Toylar isə müəyyən məhdudiyyətlərlə yalnız 1 saat ərzində keçirilə bilər.
Avropada da koronavirus pandemiyası ilə bağlı vəziyyət getdikcə ilkin vəziyyətinə qayıtmaqdadır. İngiltərədə, Fransada, Almaniyada, Çexiyada karantin qaydaları yenidən tətbiq edilməyə başlayıb. Bu isə etiraz aksiyalarına səbəb olub.
Epidemiyadan ən çox zərər çəkən İtaliya isə koronavirusun ikinci dalğasından ehtiyatlanaraq, bir çox tədbirlər həyata keçirir. Məsələn, ölkəyə gələn sərnişinlər hava limanındaca məcburi şəkildə testlərdən keçirilir.
Azərbaycana gəldikdə isə sentyabrın 1-nə olan məlumata görə ölkədə 143 nəfərdə yeni yoluxma faktı aşkarlanıb, 2 nəfər isə dünyasını dəyişib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları avqustun 31-dən sərt karantin rejimi zonasından çıxarılıb. Yoluxma hallarının yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda sərt karantin rejimi qüvvədə qalmaqdadır.
Toy, nişan, yas mərasimləri, eləcə də kütləvi tədbirlərin keçirilməsi ölkə üzrə - yəni bölgənin sərt və ya xüsusi karantin rejimində olmasından asılı olmayaraq, qadağandır. Bu qaydaları pozanlar üçün nəzərdə tutulan cəzalar ölkə üzrə qüvvədə qalır.
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər rayon və şəhərlərində qapalı kafe və restoranların fəaliyyətinə icazə verilir, Bu zaman müştərilər sosial məsafə qaydalarına əməl etməli və qida qəbulu istisna olmaqla maskadan istifadə etməlidirlər.
Bundan başqa, masalar arasındakı sosial məsafə və sanitar-epidemioloji qaydalar gözlənilməlidir.
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək həyata keçirilir. Bu bölgələrdə qapalı məkanların müştərilərə yerində xidmət verməsi qadağandır.
Ölkə üzrə bütün ictimai iaşə obyektrlərində sosial məsafə saxlanılmaqla bir masa arxasında 6 nəfər əyləşə bilər.
Həftəsonu ictimai nəqliyyatın hərəkətı ölkə üzrə dayandırılır. Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadası istisna olmaqla, şəhərlərarası və rayonlararası gediş-gəliş açıqdır.
İri ticarət mərkəzləri, mollar, idman və əyləncə mərkəzlərinin fəaliyyəti ölkə üzrə qadağandır. Bu qadağalar sərt karantin rejiminin ləğv edildiyi bölgələrdə də qüvvədə qalır.
Ölkə üzrə bütün bölgələrdə qapalı yerlərdə maska taxmaq tələbi qalmaqdadır. Buna görə nəzərdə tutulmuş cərimələr də qüvvədədir.
Ekspertlər qeyd edir ki, karantin qaydalarında yumşalma tədricən olmalıdır. Əks halda, Avropa ölkələrində olduğu kimi Azərbaycanda da pandemiya ilə bağlı vəziyyət pisləşə bilər. Hətta qeyd olunur ki, Avropadakı vəziyyət ölkəmizə də təsirsiz ötüşməyəcək, bu səbəbdən ehtiyatlı davranmaq, karantin qaydalarına ciddi əməl etmək lazımdır. "Yeni Müsavat/
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"