Elçiliyə gecə saat 1-də gedən, Cəfər Cabbarlının qızını alan, baba olduğunu eşidəndə dünyasını dəyişən YAZIÇI
Versus.az Kulis.az-a istinadən yazıçı dramaturq Seyfəddin Dağlı haqda maraqlı faktları təqdim edir:
Görkəmli yazıçı-satirik, şair, jurnalist, tərcüməçi və dramaturq Seyfəddin Əlağa oğlu Abbasov avqustun 27-də 1921-ci ildə Xızıda anadan olub. O, 13 günlük olanda anası Qəmər xanım vəfat edib. Kənddə hansı qadının balaca uşağı varmışsa, körpəni aparırmışlar onun yanına ki, süd versin.
***
Seyfəddinin atası Əlağa Abbasov dövlət qulluqçusu olub, müxtəlif rayonlara işləməyə göndərilib. Elə buna görə də uşaq ata babası Bəhlul kişinin ümidinə qalıb. Bəhlul kişi savadsız adam idi. Amma xeyirxah, əliaçıq, səxavətli olmasıyla özünə hörmət qazanmışdı. Seyfəddin hələ kiçik ikən ailəsi ilə birgə Bakıya köçüb. Orta məktəbi də elə bu şəhərdə oxuyub.
Ancaq iş elə gətirir ki, Seyfəddin uşaq ikən Bəhlul kişi dünyasını dəyişir. O, atasıgillə yaşamağa başlayır. Atasının ikinci evlilikdən beş uşağı dünyaya gəlmişdi: iki oğlan, üç qız. Analığı Seyfəddinlə pis rəftar etmirdi. Amma hər halda, doğma ananın da yerini vermir.
***
Seyfəddin Cəfər Cabbarlının xətrini çox istəyər, ona inanardı. Ona görə də uşaqlıqda hərdən acıq eləyəndə onlara gedərmiş. Cəfər Cabbarlı isə onu əzizləyər "Nə olub? İncidiblər səni? Gəl, qal bizdə, mənim oğlum ol" deyərmiş. Çox-çox illər ötəndən, Seyfəddin Dağlı uşaq vaxtı oyunlar oynadığı Cəfər Cabbarlının qızı Gülarə ilə ailə qurandan sonra keçmiş günləri yada salıb zarafatla deyir: "O vaxt Cəfər əmi mənə deyirdi ki, gəl qal bizdə. Yəqin elə o vaxtdan qızını mənə vermək istəyirmiş".
Seyfəddinin on üç yaşı olanda Cəfər Cabbarlı da dünyasını dəyişir. Ondan sonra Seyfəddin daha əvvəlki kimi onlara tez-tez getmir. Başı dərslərinə qarışır. Orta məktəbi bitirib, əvvəlcə texnikumda təhsil alır. İlk iş yeri "Kommunist" qəzetinin redaksiyası olur. Bədii yaradıcılığa isə, orta məktəbdə oxuduğu illərdə başlayır.
***
Günlərin birində Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarəyə elçi düşür. Bunun üçün o, Cəfər Cabbarlının həyat yoldaşı Sona xanımın direktor olduğu Teatr Muzeyinə gedib: "İstəyirəm, Gülarənin taleyini mənim taleyimlə bağlayasan", deyir. Sona xanım isə "Mən qızımı sənə verərəm", - deyir. - "Ancaq gərək əvvəlcə Gülarənin özüylə danışasan. Onun fikrini öyrənəsən, biləsən, səninlə ailə qurmağa razıdır, ya yox."
Bir müddət sonra onların bir oğlu olur. Seyfəddin babasının xatirəsinə ehtiram olaraq uşağın adını Bəhlul qoyur. Sonra isə oğlu Altay, qızı Qəmər doğulur".
***
O, 1956-1959-cu illərdə Dövlət Radio Komitəsində baş redaktor, sonralar isə "Bakı" telestudiyasının direktoru və sədr müavini vəzifələrində işləyir. Seyfəddinin jurnalistlik fəaliyyətinin böyük bir hissəsi "Kirpi" jurnalıyla bağlı olub.
1983-cü il yanvarın 16-da qızı Qəməri doğum evinə aparırlar. Seyfəddin oğul nəvəsi olduğunu eşidib çox sevinir. Ancaq həmin ərəfədə özünün vəziyyəti yaxşı olmur. Ürək ağrıları daha da güclənir. Həmin gün yanvarın 18-i qaynı Aydın gəlib onu həkimə aparmalı imiş. Yuxudan oyanan yazıçı əl-üzünü yuyanda ürək ağrıları şiddətlənir. Həyat yoldaşı qonşuluqda yaşayan Nəriman Həsənzadəgilə qaçıb xəbər verir. "Təcili yardım" xeyli vaxtdan sonra gəlib çıxır. Lakin, bu zaman artıq seyfəddin Dağlı dünyasını dəyişir. Qızı Qəmərə isə düz bir ay atasının ölüm xəbərini demirlər.
***
O, dünyasını dəyişəndən sonra qəribə mistik hadisə baş verir. Son kitabının qonorarı üçün nəşriyyatın direktoru, rəhmətlik Əjdər Xanbabayev onun evinə zəng vurub ailə üzvlərinə deyir ki, gəlin Seyfəddinin qonorarını alın. Oğlu gedir və məlum olur ki, atası ölümündən iki gün əvvəl gedib qonorarını alıb. Amma pulları hara qoyduğu məlum deyildi. Bir axşam ailə üzvləri oturub söhbət etdikləri zaman elə bil sirli bir əl kitab rəfindəki kitablardan birini götürüb yerə atır və pullar ətrafa səpələnir. Bu, onun "Azərnəşr"dən aldığı qonorar idi.
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"