"Bu Layihə ölkədə müəyyən ödənişlərlə bağlı imkanları daha da artıracaq"
Mahir Abbaszadə: "Emissiya edilmiş ödəniş kartlarının ümumi sayı 13.6 mln ədəd olub"
"“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının qanun layihəsi Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin maliyyə inklüzivliyinin gücləndirilməsi və 26 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş ödəniş xidmətləri üzrə hüquqi bazanın təkmilləşdirilməsi prioritetinin icrası çərçivəsində hazırlanmışdır”.
Versus.Az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Mahir Abbaszadə layihənin təqdimatında bildirib.
Deputat qeyd edib ki, 2023-cü il 1 yanvar tarixinə ölkədə emissiya edilmiş ödəniş kartlarının ümumi sayı – 13.6 mln ədəd olmuşdur. Onun sözlərinə görə, bu, son 5 il ərzində 2 dəfə artım deməkdir:
"2022-də ödəniş kartları ilə aparılan nəğdsiz əməliyyatların həcmi 24.4 mlrd manat, əməliyyatların sayı 460 mln ədəd olub. Layihə ödəniş xidmətlərinin növlərini, bu xidmətlərin göstərilməsi zamanı ödəniş xidməti təchizatçılarının hüquq və vəzifələrini, ödəniş təşkilatları, elektron pul təşkilatları və ödəniş sistemi operatorlarının yaradılması və fəaliyyətlərinin iqtisadi, hüquqi və təşkilati əsaslarını, bu təşkilatlar üzərində həyata keçirilən dövlət tənzimlənməsi və nəzarətinin əsas aspektlərini, habelə ödəniş sistemlərinin təhlükəsiz və effektiv fəaliyyətinin təmin edilməsi üzrə tələbləri müəyyən edir”.
Deputat layihənin hazırlanması zamanı Avropa Parlamenti və Avropa Şurası tərəfindən qəbul olunmuş “Daxili bazarda ödəniş xidmətləri” və “Elektron pul təşkilatlarının fəaliyyətinin təşkil edilməsi və prudensial nəzarət haqqında” adlı direktivlər, habelə qabaqcıl ölkələrin ödəniş sistemləri sahəsində təcrübələri əsas götürüldüyünü deyib:
“Layihənin hazırlanmasında texniki ekspertiza çərçivəsində Dünya Bankının, habelə Beynəlxalq Maliyyə Korporasiyasının ekspertləri cəlb olunmuşdur. Beynəlxalq təcrübənin təhlili məqsədilə qabaqcıl Avropa ölkələri ilə yanaşı, Gürcüstan, Türkiyə kimi yaxın qonşu ölkələrin təcrübələri də yaxından araşdırılmışdır. Qüvvədə olan qanunvericilikdə banklar, xarici bankların yerli filialları və poçt rabitəsinin milli operatoru istisna olmaqla, digər təşkilatlar tərəfindən ödəniş xidmətlərinin göstərilməsinin hüquqi əsası müəyyən edilməmişdir. Lakin artıq uzun müddətdir ki, ödəniş xidmətləri bazarında bir sıra təşkilatlar əhalidən üçüncü tərəflərin xeyrinə, xüsusilə də kütləvi xidmətlər üzrə ödənişlərin ödəniş terminalları infrastrukturu və internet şəbəkəsi üzərindən toplanılmasını həyata keçirirlər. Sayı 30-dan çox olan, geniş əhali kütləsi ilə işləyən bu təşkilatların fəaliyyətlərinin tənzimlənməməsi və nəzarət siyasətinin həyata keçirilməməsi bu sahədə potensial risklərin baş verməsi ehtimalını artırır. Beynəlxalq təcrübədə elektron pul və ödəniş təşkilatı kimi klassifikasiya olunan bu tip təşkilatlar tərəfindən ödəniş xidmətlərinin göstərilməsi fəaliyyəti lisenziyalaşdırılır, üzərlərində tənzimləmə və nəzarət həyata keçirilir. Bundan irəli gələrək, Layihəyə elektron pul və ödəniş təşkilatının fəaliyyətinin lisenziyalaşdırılması, onların nizamnamə və məcmu kapitala sahib olmaları ilə bağlı anoloji müddəalar daxil edilmişdir. Amma eyni zamanda qeyd etmək istərdim ki, bank sahəsindən fərqli olaraq bu sahədə fəaliyyətə sərt nəzarətin aparılması gözlənilmir.
Eyni zamanda, Layihədə beynəlxalq təcrübədə geniş istifadə olunan və ödəniş aləti kimi çıxış edən elektron pulun emissiyası və istifadəsinin hüquqi əsasları və tənzimləmə mexanizmləri müəyyən edilmişdir. Belə ki, müasir dövrdə elektron pul, mobil pul kisələri maliyyə inklüzivliyinin artırılmasında və müxtəlif pərakəndə ödənişlərin nağdsız dövriyyəyə cəlb olunmasında böyük rol oynayır. Bu baxımdan Layihəyə elektron pul emitenti ilə elektron pul sahibi arasındakı qarşılıqlı münasibətləri və emitentin hüquq və vəzifələrini tənzimləyən müddəalar daxil edilmişdir.
Ödəniş xidməti istifadəçilərinin hüquqi müdafiəsini gücləndirmək və ödəniş xidmətlərindən daha effektiv və təhlükəsiz formada istifadəni təmin etmək məqsədi ilə Layihədə ödəniş xidmətləri üzrə məlumatlandırma qaydaları, ödəniş sərəncamının icrası və icrasından imtina, avtorizə edilməmiş və ya səhv icra edilmiş ödəniş əməliyyatları üzrə məbləğlərin geri gaytarılması prosedurları, habelə ödəniş xidməti təchizatçılarının və ödəniş xidməti istifadəçilərinin hüquq və vəzifələri və məsuliyyət dərəcələri müəyyən edilmişdir. Vətəndaşlardan yığılan vəsaitin və vətəndaşların elektron pul kisələrində olan vəsaitin təhlükəsizliyinin qorunması da layihədə öz əksini tapmışdır”.
M.Abbaszadə layihənin qəbul olunmasının ölkədə ödəniş xidmətlərinə çıxış imkanlarının genişləndirilməsinə, nağdsız ödənişlərin əhatə dairəsinin innovativ texnologiyalar və rəqəmsal ödəniş alətləri əsasında daha da artırılmasına təkan verəcəyini deyib:
“Layihə innovativ onlayn və mobil ödənişlərin inkişafını, daha etibarlı və təhlükəsiz fəaliyyətini və istehlakçıların daha etibarlı müdafiəsini təşviq edəcəkdir. Ümumilikdə, Layihə ölkənin yeni ödəniş ekosisteminin yaradılmasını, ödəniş bazarında yeniliyi, rəqabəti və effektivliyi təmin edəcəkdir. İstehlakçılar üçün əlverişli ödəniş xidmətləri üzrə geniş seçim imkanları yaradılacaq, onların hüquqları daha etibarlı hüquqi baza əsasında tənzimlənəcəkdir”.
Qeyd edək ki, Layihə ikinci oxunuşda qəbul olunub.
Tahirə Qafarlı
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"