İş adamı Azərbaycanda bitkiçiliyin inkişafından YAZDI

14:07 15-09-2020 | icon 920 | İqtisadiyyat
İş adamı Azərbaycanda bitkiçiliyin inkişafından YAZDI

KTN-nin yeni komandasının fəaliyyətini qənaətbəxş saymaq olar


MÜRVƏT HƏSƏNLLİ

 

Karbohidrogen ehtiyatlarının qiymətləri ucuzlaşdıqdan sonra Azərbaycan hakimiyyəti iqtisadiyyatı şaxələndirmək strategiyasına start verdi. Baxmayaraq ki, prezident İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra bu siyasət də yürüdülür, müxtəlif layihələr həyata keçirilir, özəlliklə yollar, su anbarları tikilərək, aqrar sektorun infrastrukturu yaradılırdı. Dünya bazarında neft və qazın qiymətləri ucuzlaşdıqdan sonra isə qeyri-neft sektorunun inkişafı dövrün ən mühüm tələbinə çevrilmişdi. Təsadüfi deyil ki, 2016-ci ildən etibarən iqtisadiyyatın şaxələndirilməsi proqramları üçün xüsusi yol xəritələri hazırlanmış və önümüzdəki 5 il ərzində onların həyata keçirilməsi qarşıya məqsəd kimi qoyulmuşdu.

 

Hazırlanan yol xəritələrindən biri də aqrar sektorla bağlı idi. Aqrar sektorun mühüm sahəsi kimi bitkiçiliyin inkişafı başlıca yerlərdən birini tutmuşdu. Etiraf edək ki, aqrar sektor üzrə strateji planların əsası 2016-ci ildə Prezidentin imzaladığı Yol Xəritələrindən əvvəl gündəmə gəlmiş, sözsüz ki, bu erkənçi davranış ölkə başçısının Kənd Təsərrüfatı Nazirliyinə (KTN) xüsusi tapşırığı əsasında baş tutmuşdu. 2013-cü ildə KTN-nin əvvəlki rəhbərliyi tərəfindən hazırlanmış strateji planda 4 əsas istiqamət müəyyənləşdirilmişdi: bitkiçiliyin inkişafı; heyvandarlığın inkişafı; boş torpaq sahələrinin saxlanılması və kənd təsərrüfatı məhsullarının satışının marketinqi ilə bağlı məsələlər.

 

Göründüyü kimi, hələ 2013-də aqrar strategiyamızın ilk prioriteti bitkiçiliyin inkişafı olmuşdu. Bu da səbəbsiz deyil. Bitkiçilik elə bir sahədir ki, aqrar təsərrüfatın digər sektorları, yüngül və qida sənayesi də onunla birbaşa bağlıdır. Zira, yem olmasa, quşçuluqdan, ətçilikdən, ümumiyyətlə, heyvandarlıqdan və qida sektorunun digər sahələrindən danışmağa dəyməz. Bir iş adamı və kənd təsərrüfatı mütəxəssisi kimi deyə bilərəm ki, heyvandarlıqda məhsuldarlığın 2/3-i yemlə bağlıdır. Loru dillə desək, heyvanlar əslində yedikləri yemi ətə çevirən canlı zovadlardan başqa bir şey deyil. Bu mənada yemi heyvandarlıq sektorunun xammalı sayanlar yanılmırlar.

 

Geyindiyimiz geyimlərin də mühüm hissəsi bitkiçiliyin son məhsullarıdır. Məsələn, pambıq yığılmasaydı, tekstil fabrikləri işləməz, insanlar ev və geyim əşyalarından məhrum olardılar. Təsadüfi deyil ki, bu aqro-strateji məhsulun yetişdirilməsi və yığılması Azərbaycan hakimiyyətinin ən başlıca hədəflərindən birinə çevrilmişdir. Ölkə rəhbəri İlham Əliyevin hər il pambıqçılığın inkişafı ilə bağlı keçirdiyi müşavirələr bu sektorun inkişafına göstərilən xüsusi diqqətin ən bariz nümunəsidir.

 

Kənd təsərrüfatının qida sektorunda oynadığı roldan danışmaq isə velosipedin yenidən kəşfi, bilinən kəndə bələdçilik olardı ki, bu barədə çox dayanmaq istəmirəm. Çünki məktəb uşaqları belə, bu iki anlayışın əslində eyni olduğundan xəbərdardırlar.

 

O başqa məsələdir ki, Cənab prezidentin tapşırığı ilə hələ 2013-cü ildə aqrar strategiyamız hazırlanmasına baxmayaraq, bundan əvvəlki KTN rəhbərliyi qarşıya qoyulan hədəfləri yetərincə reallaşdıra bilməmiş və bunun nəticəsində də ölkə rəhbərliyi tərəfindən yeni kadrlarla əvəzlənmişdi. KTN-nin yeni rəhbərliyi isə bu istiqamətdə ciddi addımlar atmış, aqrar sektorun inkişafında misilsiz xidmətlər göstərmişdi. İnam Kərimovun nazir təyin olunduqdan sonra atdığı bir sıra addımlar 2013-cü ildən bəri qarşıya qoyulan bir çox hədəflərin reallaşmasına səbəb olmuşdu. Xüsusilə də bitikçilik sahəsində bu tərəqqi rəsmi statistik məlumatlarla da təsdiqlənir.

 

Dövlət Statistika Komitəsinin bu ilin ilk iki ayı ilə bağlı hesabatına görə, təkcə yanvar-fevral aylarında respublikada 27,4 milyon manatlıq bitkiçilik məhsulları istehsal edilib. Bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 12,7 faiz çoxdur. Sözsüz ki, yanvar-fevral ayları kənd təsərrüfatı üçün hesabat dövrü deyil. Çünki bu aylarda istehsal olunan məhsulların çeşidliliyi o qədər də çox deyil. Odur ki, əsl real rəqəmlər daxil olduğumuz payız aylarında ortaya çıxacaq. Məhz bu səbəbdən də biz KTN-nin fəaliyyətinə yalnız ötən ilin yekunlarına dair məlumatlar əsasında qiymət verə bilərik. Dövrlər Statistika Komitəsinin məlumatına görə, bir əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə ötən ilin müvafiq dövründə kənd təsərrüfatının ümumi məhsulu 7,2 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 11,4 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 3,2 faiz artmışdır. Bu məlumat aqrar sektorda artımın əsasən bitkiçilik sektoruyla bağlı olduğunu göstərir. Bitkiçilikdə əsas inkişaf edən sahə isə pomidorçuluq olmuşdu.

 

Rəsmi statistikaya inansaq, bu ilin birinci rübündə Azərbaycan 73,3 milyon ABŞ dolları dəyərində 59 min ton pomidor ixrac edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 23,7 milyon ABŞ dolları (47,7%) və 17,1 min ton (40,9%) çoxdur.

 

Hesabat dövründə pomidor ixracı Azərbaycanın ümumi ixracının 1,2%-ni təşkil edib.

 

Bənzər yüksəlişlərlə digər illərdə də şahid oluruq. Bu məlumatlar həm də onu göstərir ki, Azərbaycan son illərdə görülən mühüm işlərin sayəsində idxalçı dövlətdən ixracçı dövlətə çevrilib. Nəzərə alsaq ki, Prezidentin 2016-cı ildə imzaladığı Yol Xəritələrinin əsas məqsədi də elə bu idi, zənnimcə, KTN-nin yeni komandasının fəaliyyətini qənaətbəxş saymaq olar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı