“Qurban Məmmədovu təhlükə gözləyir”

18:40 17-09-2020 | icon 556 | Cəmiyyət
“Qurban Məmmədovu təhlükə gözləyir”

Vüqar Məmmədov: “Qurban bəy özü illərdir Ramiz Mehdiyevin “ÇƏTƏSİ” tərəfindən təqiblərə, təzyiqlərə məruz qoyulur”

 

Xəbər verildiyi kimi “Azərifreedom” kanalının rəhbəri Qurban Məmmədov Türkiyədə saxlanılıb. Bu barədə Qurban Məmmədovun oğlu Qoşqar Məmmədovun məlumat yaydığı bildirilib.

 

Versus.Az xəbər verir ki, Qurban Məmmədovun bacısı oğlu Vüqar Məmmədov açıqlamasında bildirib ki, Q.Məmmədovun Türkiyədə saxlanması ilə bağlı dolaşan fikirlər təzadlıdır.

 

Belə ki, o, Q.Məmmədovun gah Türkiyədə saxlanıldığı, gah da Londona qayıtdığı barədə məlumatlar yayıldığını və hansının dəqiq olduğunu bilmədiyini deyib:

 

“Qurban bəy 10 günə yaxın idi ki, mütəmadi olaraq öz televiziyası vasitəsi ilə Azərbaycana gəlmək istədiyini və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı dövlətin ona dəstək durmasını xahiş edirdi. Qurban Məmmədov Azərbaycanda təhlükəsizliyi təmin olunacağı təqdirdə barəsində müxtəlif ittihamlar irəli sürülməsinə baxmayaraq, açığa çıxmaq istədiyini demişdi. Lakin onun saxlanılması məsələsi tam aydın deyil. Amma hesab etsək ki, Qurban Məmmədov həqiqətən də Azərbaycana gələrkən Türkiyə sərhəddində tutulub, burda da qeyri-adi heç nə yoxdur. Çünki hər hansı bir şəxs interpol tərəfindən axtarışa verilirsə, harada olmasından asılı olmayaraq yaxalanaraq ekstradisiya olunmalıdır. Bu, beynəlxalq hüquqa əsasən qanunidir və bu məsələnin Türkiyə-Azərbaycan münasibətlərinə heç bir mənfi təsiri ola bilməz”.

 

V.Məmmədov onu da bildirib ki, Q.Məmmədovun Azərbaycanda ona qarşı irəli sürülən ittihamlarla həbs olunacağı absurddur:

 

“Çünki Qurban Məmmədov heç bir cinayət törətməyib. Əksinə, Qurban bəy özü illərdir Ramiz Mehdiyevin “ÇƏTƏSİ” tərəfindən təqiblərə, təzyiqlərə məruz qoyulur. Bu gün onun ölkəni tərk etməsinə səbəb onlardır. O “çətə” tam zəifləməsə də, “əjdahanın ana başı” olan Ramiz Mehdiyev vurulduğundan bizdə ümid yaranıb. Ümid edirik ki, istintaq düzgün aparılarsa, prokurorluğun Qurban Məmmədova qarşı ittihamnaməsindəki maddələrin heç biri öz təsdiqini tapmayacaq. Yox, prokurorluq orqanlarında yenə “5 ci kolon” üzvləri olacaqsa, onlar istintaqı öz bildikləri kimi aparacaqlar və 1990, 1998, 2013-cü illərdə olduğu kimi, Qurban Məmmədov növbəti dəfə qanunsuz həbs olunacaq”.

 

V.Məmmədov bildirib ki, dayısı Q.Məmmədov istər azadlıqda, istər həbsdə olarkən daim təqib olunub:

 

“Qurban Məmmədovun həyatına qəsd olunması ilə bağlı əlimizdə kifayət qədər faktlar var. İstər çöldə, istərsə də həbsdə olanda bir neçə dəfə onu öldürməyə cəhd ediblər. Həbsxanada üstünə bıçaq, lezvayla hücum çəkiblər. Təbii ki, onun Azərbaycana gəlməsi üçün təhlükəsizliyinə təminat verməlidirlər. Hökumət bu təminatı verərsə, Qurban bəyin axtarışa verilməsinə də ehtiyac yoxdur. Çünki özü gələcək”.

 

V.Məmmədov qeyd edib ki, Q.Məmmədovun İngiltərəyə qayıtması, hətta axşam efirə çıxacağı ilə bağlı məlumatlar alsa da, bu da dəqiq deyil:

 

“Mən Türkiyənin onu niyə geri qaytardığını deyə bilmərəm. Amma hər halda məsələni Azərbaycan, Türkiyə dövlətləri, İngiltərə daha yaxşı bilir. Yaxud Qurban Məmmədov Türkiyəyə qədər gəlibsə, ehtimal yarana bilər ki, artıq ona təhlükəsizlik təminatı verilib. Amma nəzərə almaq lazımdır ki, Qurban Məmmədov Türkiyəyə gəlib. Türkiyə isə başqa bir dövlətdir. Ola bilsin ki, Qurban Məmmədov İngiltərədə sığınacaq aldığına görə geri qaytarılıb. Dəqiq məlumatımız yoxdur. Əgər bu təminat verilibsə, hökumət açıq şəkildə elan etməlidir. Əks halda Qurban Məmmədovu burada təhlükə gözləyir”.

 

Qeyd:

Sentyabrın 8-də Azərbaycan Baş Prokurorluğunun yaydığı məlumata əsasən, Qurban Məmmədov, Orduxan Bəbirov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı və Süleyman Süleymanlı Cinayət Məcəlləsinin 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 281.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) maddələri ilə ittiham edilirlər.

 

Qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının vətəndaşları və burada yaşayan vətəndaşlığı olmayan şəxslər ölkə hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycanın, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, Azərbaycanın Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.

Həmin şəxslər barəsində istintaq orqanının təqdimatına əsasən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib və barələrində beynəlxalq axtarış elan edilib.

İstintaq idarəsi tərəfindən qeyd edilən şəxslər barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə, icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə, həmçinin “İnterpol”un Milli Mərkəzi Bürosuna göndərilib. /"Həftə İçi"/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...