“Əgər Rusiya bu işə qarışsa, özü itirəcək” - MÜSAHİBƏ

15:50 22-09-2020 | icon 363 | Siyasət
“Əgər Rusiya bu işə qarışsa, özü itirəcək” - MÜSAHİBƏ

Hafiz Hacıyev: “Rusiya ermənilərə dəstək verirsə, bizim də Türkiyə kimi qardaşımız var

 

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və müharibə ritorikası davam edir. Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqları öz təxribatları ilə sıfıra endirən Ermənistan və Paşinyan hökuməti məkrli siyasətindən əl çəkmir. Bu gün Azərbaycan şəhidlər verir. Beynəlxalq təşkilatlar isə erməni terroruna qarşı susmaqla regionda vəziyyətin daha da ağırlaşmasına şərait yaradırlar. Prezident İlham Əliyevin Ermənistanın işğalçılıq siyasəti və beynəlxalq ictimaiyyətin bu məsələyə loyal yanaşması ilə bağlı kəskin mövqeyi ortada. Nə baş verir?

 

“Bizim bir şərtimiz var - ermənilər torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar”

 

Versus.Az xəbər verir ki, Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev müsahibəsində maraqlı nüanslara diqqət çəkib.

 

- Hafiz müəllim, bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistanın - Paşinyanın danışıqları pozan təxribatları hansı xüsusatları ilə diqqəti çəkir və bu nəyə yönəlikdir?

 

- Ermənistanın cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir. Paşinyan deyir ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu, formatı dəyişdirmək cəhdidir və buna Azərbaycan heç vaxt razı ola bilməz. Ermənistanın işğal edilmiş torpaqlarda məskunlaşdırma aparması bütün beynəlxalq konvensiyalara  ziddir, qanunsuzdur, cinayətdir. Bunu Paşinyan rejimi şüurlu şəkildə edir. Azərbaycanı təxribata çəkirlər. Digər tərəfdən, erməni quldurlarının qədim tarixi şəhərimiz Şuşada qondarma rejimin  dırnaqarası rəhbərinin guya andiçmə mərasiminin keçirilməsi növbəti təxribat, açıq təhqirdir. Düşmən tərəfinin hansısa komediya tipli təlimlər keçirməsi açıq təxribatdır. İyul hadisələri açıq silahlı təxribatdır. Artıq Minsk qrupunun həmsədr ölkələrinin birinin yüksək vəzifəli rəsmisi açıq bildirib ki, atəşkəsi Ermənistan tərəfi pozub. İyul təxribatından sonra avqust ayında mülki vətəndaşlara qarşı terror aktları, hərbçilərimizə qarşı hərbi təxribat törətmək üçün diversiya qrupu göndərilib və o diversiya qrupunun başçısı tutulub. Cənab Prezidentin də dediyi kimi, burda məqsəd danışıqları pozmaq, ondan sonra Azərbaycanı ittiham etmək və status-kvonu dəyişməz saxlamaqdır.

Azərbaycan Prezidentinin təxribatlarla bağlı mövqeyi bəllidir. Prezident qeyd edir ki, belə təxribatlar olduğu üçün danışıqlar haqda danışmaq məsuliyyətsizlikdir. Prezident çıxışlarında bildirib ki, Azərbaycan danışıqlardan imtina etmir, ancaq Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmir.  Cənab Prezident bildirib ki, özümüz-özümüzü aldatmamalıyıq, xalqımızı aldatmamalıyıq. Danışıqlar getmir. Siyasi cəhətdən bu qüsurlu və ziyanlı bəyanatlar danışıqlar üçün yer qoymur. Prezident onu da bildirb ki, bizim bir şərtimiz var – ermənilər bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar, bu,  BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır.

Bu gün Ermənistan yeni böyük müharibəyə hazırlaşır. Onların təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını, öz müttəfiqlərini bu işlərə cəlb etmək üçün zondaj aparılır. Ermənistan təcavüzkar dövlətdir, terrorizmə sponsorluq edən ölkədir. Ermənistan bizim üçün daim təhlükə mənbəyidir. Prezidentin də dediyi kimi, əgər Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan da beynəlxalq hüququ gözləməyəcək. Əgər Bizə qarşı ciddi təxribat    törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq. Artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur. Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq.

 

- Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək iddiası ortada. Bu məkirli siyasətin bu günə qədər davam etdirən erməni işğalçıları nəyə ümid edir?

 

“Düşdüyü böhranlı vəziyyəti ört-basdır etmək üçün min oyundan çıxır”

 

- Ermənistanın bugünkü rəhbərliyi ölkəni uçuruma aparır. Ermənistanın indiki rəhbərliyi  məsuliyyətsizdir, addımlarının nəyə gətirib çıxara biləcəyini düzgün təhlil edə bilmir. Cənab Prezidentin də dediyi kimi, Ermənistan siyasətinin əsas qayəsi özlərini alçaltmaqdır, özlərindən məzlum, yazıq xalq imici düzəltməkdir, ağlaşmaqdır və ondan-bundan nə isə imtiyaz, ianə, qrant, kömək qoparmaqdır.

Ona görə də bu gün Ermənistan özünün düşdüyü böhranlı vəziyyəti ört-basdır etmək üçün min oyundan çıxır.  Ermənisatan yaxşı bilir ki, işğalda saxladığı torpaqlar Azərbaycanın əzəli torpaqlarıdır və gec-tez özünə qaytarılacaq.  Bilirlər ki, illərdir Dağlıq Qarabağda həyata keçirdikləri qanunsuz əməlləri ifşa olunacaq və cənab Prezidentin müsahibəsində dediyi kimi, heç kimə bir metr torpaq da verilməyəcək. Ermənilər bunu bilir və son günlər ardıcıl təxribatlara əl atırlar.

Cənab Prezident çox net şəkildə öz mövqeyini ortaya qoydu. Bildirdi ki, biz danışıqları danışıq xatirinə davam etdirə bilmərik. Torpaqlarımızın azad edilməsi üçün güclü ordumuz var və biz torpaqlarımızı işğaldan azad edəcəyik. Bunu ermənilər bilir və hazırda Türkiyə hərbçilərinin Azərbaycanda olmasından narahatlıq keçirirlər və  vəziyyətdən çıxmaq üçün bütün yollara əl atırlar. Hətta Paşinyanın arvadının gəlib Qarbağda erməni qızlarından ibarət dəstə yaratması özü də onların vahiməyə düşmələrindən xəbər verir. Bunlar bilirlər ki, Azərbayan öz torpaqlarının işğaldan azad edilməsi məqsqədindən geri çəkilməyəcək və belə bir ərəfədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından açıq dəstək ala bilməmələrindən də narahatdırlar. Ermənistan vəziyyətən çıxmaq üçün Suriyadan, Livandan muzdlu dəstələri, PKK terrorçularını işğalda saxladığı ərazilərə gətirdirlər. Erməni xalqını sakitləşdirmək üçün belə bir canfəşanlıq edir, təxribatlara əl atırlar. Düşünürəm ki, ermənilər növbəti təxribatlarını törədən kimi burunları qırıb geri döndərəcəyik. Düşməni İrəvana qədər qovub, torpaqlarımızı işğaldan azad edəcəyik.

 

- Ermənistan müharibəni alovlandırmaq üçün var gücü ilə çalışır...

 

- Artıq müharibənin qaçılmaz olduğu ortadadır. Biz gec-tez torpaqlarımızı işğaldan azad etməliyik. Bu, istər 1 ilə baş versin, istər 5 aya... Bu məsələlər cənab Prezidentin çıxışlarında öz əksini tapıb. İrəvan torpaqlarının Azərbaycanın olması, ermənilərin danışıqlardan yayınması, arvadını ortaya atması eyforiyadan əmələ gəlir. Qeyd-şərtsiz torpaqlar işğaldan azad edilməlidir. Əgər ermənilər qırılmaq istəmirlərsə, işğaldan əl çəkməlidirlər. Əks halda Azərbaycan ərazilərində bir dənə də erməni qalmayacaq. Erməni işğalçılarının sonsuz təxribatları getdikcə bizim ədalətli müharibəni yaxınlaşdırır. Əgər müharibə olacaqsa, biz də Ali Baş Komandanın əmrinə tabe olaraq silaha sarılıb torpaqlarımızı işğaldan azad edəcəyik.  Cənab Prezidentin çağırışı bizim üçün qanundur və bu məsələdə müxalifət-iqtidar söhbəti yoxdur.

 

- Hafiz müəllim, Ermənistanın Dağlıq Qarabağda seçki keçirməsi, körpülər salması, apardığı köç siyasəti, dünyanın gözü qarşısında baş verir. O zaman beynəlxalq ictimaiyyət işğal faktının aradan qaldırılması üçün niyə öz təsir gücündən istifadə etmir, səbəb nədir?

 

- Paşinyan Soros rejiminin məhsuludur. Bu gün Ermənistanda söz sahibi Sorosdur. Paşinyanın hakimiyyət komandasının bütün üzvləri ya Soros Fondundan, ya “Transperensy”dən, ya da ki, o biri insan hüquqları təşkilatlarındandır. Ona görə də bəzi beynəlxalq təşkilatlar və QHT-lər bu gün Ermənistanda baş vermiş despotik hərəkətlərə göz yumurlar. Məsələn, Ermənistanda bir jurnalist aclıq edib həbsxanada ölüb, Ermənistanda iki keçmiş prezident sırf siyasi fəaliyyətlərinə görə məsuliyyətə cəlb edilib, əsas müxalifət partiyasının liderinin deputat toxunulmazlığı götürülüb, buna heç bir reaksiya vermirlər. Avropa Şurası niyə susur? Ermənistan üzrə məruzəçilər niyə susurlar? “Freedom House”, “Human Rights Watch”, “Amnesty International” niyə susur?

Göründüyü kimi, dünyada ikilistandartlar var. Azərbaycan torpaqları 30 ildir işğal edilib. Torpaqların işğaldan azad olunması ilə bağlı BMT-nin qətnamələri var. Lakin bu qətnamələrə əməl edilmir. Ermənilər dünyada saymazlıq, ərköyünlük nümayiş etdirirlər. Onların arxasında müəyyən qüvvələr var ki, onlara arxayın olaraq öz işğalçı siyasətlərini davam etdirirlər. Dünyanı yalandan inandırmaq istəyirlər ki, Qarabağ ermənilərin olub. Bunun üçün də bütün yollara əl atırlar. Tarix saxtalaşdırılır, tarixi abidələrimiz erməniləşdirilir. Bu gün isə Qarabağda əhalinin sayını artırmaq üçün Livan, Suriya və başqa yerlərdən erməni ailələri köçürdülür. Amma  cənab İlham Əliyevin də dediyi kimi, əgər bunlar beynəlxalq hüquqa məhəl qoymurlarsa, biz niyə buna dözməliyik? Əgər onlar BMT qətnamələrinə əhəmiyyət vermirsə, ATƏT-in Minsk qrupunun byanatlarını ayaqlar altına atırlarsa, biz niyə ermənilərin bu məkirinə dözməliyik.

 

Bu baxımdan Ermənistanın digər dövlətlərdən yalançı ümidverici vədlər alması heç bir nəticə verməyəcək. Dünya bizim məsələyə ədalətsiz yanaşır. Ədalətli olsaydı, Azərbaycan torpaqları işğaldan azad edilərdi. Lakin bizim güclü ordumuz var və biz torpaqlarımızı işğaldan azad edəcəyik. Beynəlxalq təşkilatlar isə bizim haqq səsimizi müdafiə etmirlər. Bu mənada biz beynəlxalq təşkilatların boş bəyanatlarına da uymamalıyıq. İnanıram ki, biz müharibəyə başlasaq, 5-10 günə torpaqlarımzı işğaldan azad edəcəyik.

 

- Siz də qeyd etdiniz ki, beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycana qarşı terroruna susur. Lakin əgər biz öz torpaqlarımızı işğaldan azad etməyə qalxsaq təpkilər başlayacaq,  tərəflər sülhə dəvət ediləcək. Bu prosesdə də Rusiyanın təhlükəli tərəf olduğu deyilir. Buna fikriniz?

 

- Əgər Rusiya bu işə qarışsa özü itirəcək. Lakin bu gün Rusiyanın başı özünün problemlərinə, eləcə də Belarusiya, Ukrayna, Kırım, Gürcüstanda başı qarışıb. Digər tərəfdən, əgər Rusiya ermənilərə dəstək verirsə, bizim də Türkiyə kimi qardaşımız var. Bu üzdən kimin Ermənistanın yanında olmasından, yaxud beynəlxalq təşkilatların nə deməsindən narahat olmamalıyıq. Müharibə itki deməkdir. Lakin biz torpaqlarımızı nə yolla olursa olsun, işğaldan azad etməliyik. Bundan sonra kimin nə deyib deməməyinin heç bir mənası yoxdur. Hər halda, Türkiyənin Azərbaycanla birlikdə addımlaması, Pakistanın Azərbaycana dostluğu bizə əsas verir deyək  ki, biz qısa müddətdə torpaqlarımızı işğaldan azad edəcəyik. Hər halda biz başqasının torpaqlarına göz dikməmişik. Biz kimlərdənsə torpaq ummuruq, biz öz torpaqlarımzı terrorçulardan azad etmək istəyirik. Heç bir xarici dövlət bu məsələyə qarışa bilməz. Tutaq ki, Rusiya bizə nə deyə bilər, deyəcəklər ki, sən niyə gedib torpaqlarını işğaldan azad edirsən?! Burda heç bir arqument yoxdur. Ermənilər havadarlarının dəstəyinə arxalanmaqla yanaşı, Azərbaycanın sülhsevərliyindən, münaqişənin danışıqlar yolu ilə həll edilməsi istəyindən bəhrələnərək bildilkləri oyunları qururlar. Amma artıq yetər və düşmən öz haqq etdiyi cavabı almalıdır. Biz münaqişənin danışıqlar yolu ilə həlli üçün çox güzəştə getdik. Bu güzəştlərimiz torpaqlarımızın itkisi ilə nəticələnə bilməz.  Bizim güclü ordumuz var, güclü ordusu olan Türkiyə kimi qardaşımız, Pakistan kimi dostumuz var. Beynəlxalq qanun bizim tərəfimizdədir. Biz kiminsə ərazisinə göz dikməmişik, biz ərazilərimizi terrordan təmizləyirik. Biz torpaqlarımızı işğaldan azad edəndən sonra cəbnab Prezidentin də dediyi kimi, dağıdılmış əraziləri, şəhərlərimizi, rayonlarımızı yenidən bərpa edəcəyik, məscidlərimiz bərpa olunacaq. Gərək müsəlnman dövlətləti də bu məsələyə reaksiya versinlər.

 

“Ordumuza arxadan zərbə vuranlara elə zərbə vuracağıq ki...”

 

- Müsəlman dövlətlərinin erməni terroruna qarşı hər hansı təpkisi görünürmü?

 

- Ermənistan uğursuz ölkədir. İqtisadiyyat çöküb, bazar məhdud, əhali azalır, hər hansı bir investisiya üçün cəlbedici deyil. Müsəlman ölkələrinin burda hansı marağı ola bilər? Azərbaycan İslam həmrəyliyi işində həmişə çox fəal olub. Prezidentin xarici siyasət istiqamətləri ilə çıxışlarında əsas prioritetlərdən biri müsəlman ölkələri ilə əlaqələrdir. Azərbaycanı BMT-də ən çox dəstəkləyən ölkələr də müsəlman ölkələridir. İƏT Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə düzgün mövqe sərgiləyir. Müsəlman ölkələri bilməlidirlər ki, Ermənistan işğal edilmiş torpaqlarda müsəlman dini abidələrinə qarşı soyqırımı törədib. Dini tarixi abidələr dağıdılıb, müsəlman müqəddəsləri təhqir edilib. Hələlik ciddi dəstək görünmür. Ümid edirəm ki, müsəlman dövlətləri Ermənistana öz təpkisini bildirəcək. Hələlik Türkiyə, Pakistan bizi ən çox dəstəkləyən ölkələrdir. Tovuz hadisələri bir daha göstərdi ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, növbəti Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının təzahürü idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bir daha təşəkkürümü bildirmək istəyirəm. Prezidentin də dediyi kimi, biz həmişə Türkiyənin yanındayıq və bütün məsələlərdə Türkiyənin yanında olacağıq. Bizim birliyimiz böyük sərvətimizdir. Türkiyə ilə bizi ortaq tarix, ortaq etnik köklər, din, dil, mədəniyyət birləşdirir. Son illər ərzində Türkiyə-Azərbaycan birgə hərbi təlimlərin sayı ciddi şəkildə artıb. Bu təlimlər həm Azərbaycan, həm də Türkiyəyə lazımdır, regional sabitliyə lazımdır. Çünki Ermənistan regional sabitlik üçün təhdiddir. Prezidentin də dediyi kimi, Naxçıvanda təlimlər keçirilib və təlimlərin birində Türkiyənin Müdafiə naziri iştirak edib. Bəli, bu, Tovuz hadisələrinə təsadüf edib. Bu, təsadüfidir, ya təsadüfi deyil- Ermənistan özü baş çıxarsın. Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan istiqamətindən İrəvana təqribən 70-80 kilometr məsafə var. Bunu onlar bilirlər, psixoloji stress keçirirlər, müxtəlif qapıları döyüb yardım istəyirlər.

Azərbaycanın Türkiyə ilə sıx əlaqələri bundan sonra da “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edəcək. Prezidentin də bəyan etdiyi kimi, Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır.

 

- Belə bir ərəfədə Azərbaycanın daxilində nə dərəcədə həmrəylik var. Bir qədər öncə “5-ci kolon”dan danışılırdı, bu “kolon”un Azərbaycanda özəklərinin olduğu qeyd olunurdu, hakimiyyət çevirilişinə cəhddən danışılırdı. İndi durum necədir?

 

- Ramiz Mehdiyev və onun cib müxalifəti yenə cənab Prezidentin çıxışlarına ironiya ilə yanaşırlar. Çünki Ramiz Mehdiyev razı olmaz ki, gedib işğalda qalan rayonlarda onun qohumlarının qulaqlarını kəsək. “5-ci kolon” öz cibb müxalifətini fəallaşdırıb. Bu müxalifət heç bir prosesə qoşulmur və hətta Türk ordusunun Azərbaycana gəlişini istəmirlər. Biz ayıq-sayıq olmalıyıq və dövlət başçısının yanında dayanmalıyıq. Biz belə qüvvələrə imkan verməyəcəyik ki, aktivləşsinlər. Bizim partiyamız qurultaya hazırlaşır. Buna baxmayaraq biz öz fəaliyyətinizi bu istiqamətə yönəldib Prezidentin ətrafında birləşməklə ordumuza mane olmaq isətəyənlərə, ona arxadan zərbə vuranlara elə zərbə vuracağıq ki, bir daha yerindən qalxa bilməyəcəklər. /“Həftəiçi”/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı