“Gözlənilməz hal yaşandı”
Koronavirus dövründə demək olar ki, hər şey dəyişdi. Dünya ölkələrinin sərhədlərinin biri-birinin üzünə bağlı olması xeyli çətinliklər ortaya çıxardı.
Versus.az modern.az-a istinadən bir neçə ərəb ölkəsindəki Azərbaycan diaspor rəhbərlərinin bu məqamla bağlı fikirlərini təqdim edir.
Birləşmiş Ərəb Əmirliklərinin Sinerget (Synergate) şirkətində MDB ölkələri üzrə koordinator Zülfiyyə Xəlilovanın sözlərinə görə, gözlənilməz bir hal yaşandı:
“Biz ölkəmizə aid olan nə varsa, açıq formada təbliğ etməyə alışmışdıq. Tez-tez bir araya gəlib görüşlər keçirirdik. Ancaq pandemiya dönəmində bu görüşlərdə, tədbirlərdə doğmalarımızı bir arada görmək mümkün olmadı. Onlayn görüşlər keçirməyə başladıq. İlk vaxtlarda bunu bacara bilməyəcəyimizi düşünürdük. Ancaq pandemiyanın nə zaman bitəcəyi bəlli olmadığından biz də görüşlərimizi ZOOM-da keçirməli olduq. Təbii ki, bu çətin vaxtlarda Diasporla İş üzrə Dövlət Komitəsi bizi tək buraxmadı. Hər nə dəstək lazım olurdusa, dərhal yardım edilirdi. Hesab edirəm ki, Azərbaycan diasporu pandemiya dönəmində üzərinə düşən işi layiqincə görməyə çalışdı”.
"Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov bildirib ki, bütün dünyada olduğu kimi, onlar da yeni davranış, yeni ifadə sistemində yaşamaq məcburiyyətində qalıb:
“Diaspor olaraq fəaliyyətimiz Azərbaycanı, Azərbaycan dilini, mədəniyyətini, ölkəmizlə bağlı həqiqətləri təbliğ etməkdir. Biz bu müddət ərzində bütün işlərimizi onlayn görməyə başladıq. Zərurət olmadıqca, evdən çıxmamağa qərar verdik. Günün əksər vaxtlarında internet üzərindən görüşlər keçirirdik. Bizim diaspor mərkəzimizdə 300-dən çox tələbə təhsil alır.
27 ölkədən olan tələbələrin arasında azərbaycanlılar da var. Azərbaycan dili ödənişsiz tədris olunur. Pandemiya dönəmində bu dərslər evdən onlayn, yumşalma olandan sonra isə mərkəzdən onlayn dərslər keçirilib.
Bu, bizim üçün çətin idi. İlk dəfə idi ki, belə vəziyyətlə üz-üzə qalmışdıq. Tələbələrlə bağlı daha çox işlərimiz oldu. Mən həm də Qahirə Universitetində doktoram. Azərbycan dilini tədris edirəm. Təbii ki onlayn dərslər adi dərslərin yerini vermir. Ona görə də bu pandemiya dönəmində daha çox çalışdıq. Biz diaspor olaraq əsasən təhsillə bağlı çalışdıq. Misir-Azərbaycan cəmiyyətini qurmağa nail olduq. Düşünürəm ki, bu şəkildə cəmiyyət indiyə kimi olmayıb. Pandemiya dövründə daha çox işlər gördük. Dövlətimizin təbliği baxımından üzərimizə düşən hər bir işi həyata keçirdik. Daimi olaraq azərbaycanlılarla əlaqədə olduq. Səfirliyimiz də 24 saat ərzində bizə dəstək olurdu. Diasporla İş üzrə Dövlət Komitəsi bu çətin vaxtlarda bizə hər cür yardım etdilər. Bərabər şəkildə insanlara yardım etdik. Bir növ bu çətin vaxtlarda birlik və həmrəylik nümayiş etdirə bildik”.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"