Yüksək Səviyyəli İclasdakı YÜKSƏK SƏVİYYƏLİ ÇIXIŞ

21:39 23-09-2020 | icon 175 | Siyasət
Yüksək Səviyyəli İclasdakı YÜKSƏK SƏVİYYƏLİ ÇIXIŞ

Dünya özü cavab versin və bundan sonra baş verəcəklərə görə bizi qınamasın

QƏNİRƏ PAŞAYEVA
/Milli Məclisin Mədəniyyət komitəsinin sədri/

 

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasdakı çıxışında da həmişə olduğu kimi bəşəri və milli mövqeni universal şəkildə uzlaşdıraraq, örnək bir çıxış etdi. Bəşəri və milli mövqenin uzlaşdırılması dedikdə, məmnuniyyətlə vurğulaya bilərik ki, dövlətimizin, xalqımızın maraqları həmişə humanizm, birgəyaşayış, beynəlxalq hüquq normaların hörmət ruhunda olub. Azərbaycan paytaxtı Bakı, ən azı son iki onillik ərzində sivilizasiyalar və mədəniyyətlərarası dialoq, tolerantlıq ünvanına çevrilib – bu mənada dünya paytaxtı halına gəlib, deyə bilərik. Əlbəttə, bu mənəvi status, tarixi köklərə əsaslanır.

 

Bakının, ümumən Azərbaycanın sivilizasiyalar və mədəniyyətlərarası dialoq, tolerantlıq mövzusunda örnək sayılmalı böyük ənənələri var. Bəlli olduğu kimi, hələ ən qədim dövrlərdən Şərq və Qərb sivilizasiya tipləri daha çox diqqət çəkib və daha çox yayğınlaşıb. Biz Şərqlə Qərbin qovuşuğunda yerləşən ölkə olaraq, özünəxas mədəni irsə malikik. Biz zaman-zaman yeni sivilizasiya dalğaları ilə “görüş”sək də, heç vaxt bir öncəki elmi başarıların, dini, mədəni-mənəvi dəyərlərin dağılmasına yol verməmişik – əksinə, onları qoruyub saxlamış, inkişaf etdirmiş və yeni intibah üçün gücümüzün yetdiyi qədər zəmin yaratmışıq. İşə baxın ki, bizim torpaq-larımıza göz dikən, Qarabağda “ikinci erməni dövləti “yaratmağa çalışanlar məhz bizim qonaqpərvərliyimiz, tolerantlığımız, xeyirxahlığımız sayəsində tarixin sərt döngələrində it-bat olmaqdan qurtulub, bizim hesabımıza “dövlət” olub, bizim hesabımıza ayaqda dura biliblər...

 

Ermənistanın işğalçılıq siyasəti nəinki yalnız Azərbaycana ziyan vurur – bu xeyirhaxlığın cəzasız qalmadığı kimi mənfi bir presedent yaradır – daha hansısa xalq, ölkə bizim ermənilərə etdiyimiz tarixi yaxşılıqları etməkdən, qonaqpərvərlik göstərməkdən çəkinməkdə haqlı olacaq...

 

Biz xalq, dövlət, mədəniyyət və ölkə miqyasında heç vaxt, müəyyən sosial genotipə malik olan, sosial stereotip kimi çıxış edən, dünyada sabit yer tutan insanların sosial-tarixi və mədəni ümumiliyinə (onların hüquqlarına, mədəniyyətinə) qarşı çıxmamışıq. Tam tərsinə, özümüz zaman-zaman belə münasibətsizliklərdən itkilərə məruz qalmışıq. Nəinki uzaq keçmişlərdə, XX yüzilin sonları, XXI yüzilin əvvəllərində, elə günümüzdə də anti-bəşəri, qeyri-humanist davranışlarla üz-üzə qalmaqdayıq...

 

Məhz həmin BMT-nin üzvü olan Ermənistanın BMT üzvü olan Azərbaycan torpaqlarını işğaldan azad etməsini tələb edən 4 BMT Qətnaməsi bugünədək icra edilməyib... Və bu ilin iyulundan başlayan, BMT Baş katibinin xüsusi narahatlıq ifadə etdiyi sərhəd toqquşması (Ermənistanın növbəti hücum cəhdi) özlüyündə “həll edilməmiş münaqişə”lərin, “elanolunmamış müharibə”lərin, faşizmin, nasizmin, təcavüzkarlığın daşıyıcısı olan Ermənistanın regional və bəşəri təhdid olduğunu açıq-aydın göstərməkdədir. Qlobal pandemiya fonunda baş verən olaylar, özəlliklə düşündürücüdür. Ona görə də, Azərbaycan Prezidentinin BMT-nin yubiley tədbirində çıxışı, o çıxışda qaldırılan məsələlər, dəqiq qiymətləndirmələr və çağırışlar yalnız bizi Azərbaycan vətəndaşları üçün deyil, düşünən hər kəs üçün – tərəqqipərvər insanlar üçün önəm ərz edir. Beləliklə, gələk BMT-nin 75 illik yubileyi ilə bağlı Yüksək Səviyyəli İclasına. Fikirlərimizi cənab Prezidentin fikirləri, çağırışları və onlardan irəli gələn məsələlər əsasında bildirməyə çalışaq. BMT-nin gücləndirilməsinə və islahata ehtiyac var.

 

Azərbaycan 75 yaşlı BMT-dən məhz yaşına, statusuna, mandat-missiyasına və tərəqqipərvər bəşəriyyətin ehtiyaclarına uyğun müdrik və qətiyyətli qərarlar gözləyir. Burada qətiyyət sözünü, Anadolulu qardaşlarımız demiş, altını cızaraq söyləmiş olaq – 822, 853, 874, 884 saylı Qətnamələri yada salsaq, qətiyyətin nə qədər önəmli olduğunu daha aydın görərik. Gəlin bu Qətnamələr haqqında qısaca da olsa, xatırlatma edək:

822 saylı Qətnamə - 30 aprel 1993-cü ildə qəbul edilmiş Qətnamə Kəlbəcərin işğalından sonra qəbul edilib. Qətnamə bölgədəki hərbi əməliyyatlara son verməyi, erməni qoşunlarının Kəlbəcərdən və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaq-larından geri çəkilməsini tələb edirdi. 853 saylı Qətnamə - 29 iyul 1993-cü ildə qəbul edilmiş Qətnamə bölgədəki hərbi əməliyyatlara son verməyi, erməni qoşunlarının Ağdamı və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarınından geri çəkilməsini tələb edirdi. Qətnamə, həmçinin 822 saylı qətnaməyə də əməl edilməsini tələb edirdi. 874 saylı Qətnamə - 14 oktyabr 1993-cü ildə qəbul edilmiş Qətnamə atəşkəs imzalanmasını, hərbi əməliyyatları dayandıraraq erməni qoşunlarının son dövrlərdə işğal etdiyi Füzuli (23 avqust 1993), Cəbrayıl (26 avqust 1993), Qubadlı (30 sentyabr 1993) və digər ərazlərdən geri çəkilməsini tələb edirdi. Qətnamədə həmçinin öncəki 822 və 853 saylı qətnamələrə əməl edilməsi tələbi də öz əksini tapmışdı. 884 saylı Qətnamə - 12 noyabr 1993-cü ildə qəbul edilmiş Qətnamədə tərəflər arasında yenidən hərbi əməliyyatların bərpası ilə sonuclanan atəşkəs pozulmaları qınanılır, Ermənistan Respublikasından ermənilərin qondarma respublika üzərindəki bütün təsir vasitələrindən istifadə etməsi istənilirdi. Qətnamə də hərbi əməliyyatların dərhal dayandırılması tələb edilir, son dövrdə işğal edilmiş Zəngilan rayonu da daxil olmaqla, digər rayonlardan erməni silahlı dəstələrinin çıxması tələb edilirdi. Sonda isə öncə qəbul edilmiş 822, 853, 874 saylı qətnamələrə əməl edilməsi tələb edilirdi.

 

BMT-nin gücləndirilməsi və çağdaşlaşdırılması, o cümlədən Baş Assambleyanın canlandırılması, beynəlxalq barışa, təhlükəsizliyə töhfə vermək sahəsində təşkilatın demokratik, məsuliyyətli, şəffaf və ədalətli təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılması zəruridir. İslahatlar BMT-nin qlobal iqtisadi idarəçilikdə rolunun gücləndirilməsinə də gətirib çıxarmalıdır. Bu, Qoşulmama Hərəkatının sədri olan Azərbaycan Prezidentinin çağırışıdır. Azərbaycan adından nə deyirik? Respublikamız öz dövlət müstəqilliyini bərpa etdikdən az sonra – 02 mart 1992-ci ildə BMT-yə üzv olub. Azərbaycan, Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları müstəqilliyi ən yüksək dəyər olaraq qəbul edir. 30 ilə yaxın müstəqilliyi dövründə Azərbaycan Respublikası müxtəlif sahələrdə çox böyük tərəqqiyə nail olub ki, bu nailiyyətlərin içində dünya birliyinin etibarlı üzvü olaraq beynəlxalq humanitar dəstək, xeyirxahlıq, qlobal təhdidlərə qarşı təşəbbüskarlıq və məsuliyyət özünəməxsus yer tutur. Qoşulmama Hərəkatına üzv dövlətlər adından danışır Azərbaycan... Bəlli olduğu kimi, respublikamız 120 ölkənin yekdil qərarı ilə 2016-cı ildə Qoşulmama Hərəkatının üzv seçilib. Bu Hərəkat BMT-dən sonra ən böyük beynəlxalq platformadır. 2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində Bakıda keçirilmiş XVIII Zirvə toplantısında Azərbaycan sədrliyi öz üzərinə götürüb. Beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara, demək olar, həmişə ehtiyac var; günümüz dünyasında isə bu ehtiyac daha çox hiss olunur. Məhz bu baxımdan Qoşulmama Hərəkatının rolu böyük önəm daşıyır. Qoşulmama Hərəkatı BMT-nin rolunun gücləndirilməsinə çox böyük önəm verir və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir. İnsan hüquqlarının pozulması, maliyyə böhranları və ekologiyanın pisləşməsi ilə müşahidə olunan silahlı münaqişələr, təcavüzkar, işğalçı siyasət(lər), terrorçuluq, separatizm, beynəlxalq mütəşəkkil cinayətkarlıq və ekstremizm nə zamandır tərəqqipərvər bəşəriyyata təhdid təşkil edir; son illər isə bəlkə daha artıq dərəcədə özünü göstərən bu təhdid, dünyada milyonlarla insana mənfi təsir etməkdədir... “Qoşulmama Hərəkatı artmaqda olan, BMT Nizamnaməsini və beynəlxalq hüququ sarsıdan, birtərəflilik və birtərəfli tədbirlərdən istifadə halları ilə bağlı ciddi narahatlığını vurğulayır. BMT çərçivəsində çoxtərəfli qərar qəbul olunması prosesinin təşviqi, qorunması, canlandırılması, islahatların aparılması və gücləndirilməsinə sadiqliyini bir daha qeyd edir”. Yeri gəlmişkən, BMT-nin 75 illik yubileyini özünün 65 illik yubileyi ilə Qoşulmama Hərəkatı izləyir. Hərəkatın təməl prinsiplərini özündə əks etdirən “Bandunq Bəyan-naməsi”nin qəbul edilməsindən 65 il keçir. Bu 65 il ərzində “Bandunq Prinsipləri” onlara sadiqliyini açıqlayan dövlətləri “soyuq müharibə” dönəmində düzgün istiqamətdə yönləndirib. Bir daha işağlçılıq haqqında. Ərkəsöyün işğalçının adı: Ermənistan BMT Nizamnaməsini qəbul etmiş bütün üzv dövlətlər hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı zor dili ilə danışmaqdan, güclə hədələməkdən güc tətbiqindən çəkinmək öhdəliyi götürüb; ancaq Ermənistan BMT-yə üzv olduqdan sonra da (üzvlükdən öncə olduğu kimi), qəbul etdiyi Nizamnamənin, bayaq da vurğuladığımız kimi, müvafiq qətnamələrin onunçün ciddi önəm daşımadığını sübut edirmişcəsinə davranıb. Öz öhdəliklərini kobud şəkildə pozan Ermənistan Azərbaycana qarşı hərbi güc tətbiq edib – elanolunmamış müharibə aparıb... – “Ermənistan işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirmişdir. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan Xocalı soyqırımını törətmişdir. Ondan çox ölkə Xocalı soyqırımını tanımışdır”...

 

Beynəlxalq hüquqa sayğısızlıq edən Ermənistan daha nə edir? – İşğalçı Ermənistan, beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti həyata keçirməkdədir. Ermənistan Azərbaycana məxsus tarixi, dini abidələrə qarşı vandalizm törədib. Ermənistan qoşunların təmas xətti və ErmənistanAzərbaycan dövlət sərhəddi boyunca mülki əhalini qəsdən hədəf alır, hərbi təxribatlar törədir, qanlı avantüralara imza atır. Cari ilin iyulunda Tovuz rayonunun artilleriya atəşinə məruz qalması sonucunda Azərbaycan hərbçiləri və mülki şəxsimiz həlak edildi, mülki məqsədlər üçün çəkilmiş infrastruktura ciddi zərər vuruldu. – Yəni, Ermənistanın təcavüzkarlığı aralıqsız – zaman, məkan bilmədən davam və (təəssüf ki) inkişaf edir. Əlbəttə, Azərbaycanın özünümüdafiə hüququ var; əlbəttə, Azərbaycanın iqtisadi və hərbi gücü var; ancaq təəssüflər ki, dünya birliyi bir çox halalrda işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycanı eyni tutur...

 

Bütün şərtlərə, şərtsizliklərə baxmayaraq, Azərbaycan birmənalı şəkildə bildirir ki, respublikanın ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz! Bu bizim qırmızı xəttimizdir! Və nəhayət! Ermənistan müharibəyə hazırlaşır. Ermənistanın demokrat libaslı, ancaq işğalçı zehniyyətli Baş naziri, Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış “könüllü dəstələri”nin yaradıldığını elan edib. Bu, sülhə, beynəlxalq hüquq normalarına münasibətdə özünün əliqanlı diktator sələflərindən fərqlənməyən Ermənistan rəhbərliyinin, yeni təcavüzkar niyyətini açıq şəkildə büruzə verir. İşğalçı ölkənin müdafiə naziri Tonoyan Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” açıqlamaları ilə hədələyir; erməni rəsmiləri tez-tez Mingəçevir su anbarını, bir az da irəli gedərək, hətta Bakını, neft yataqlarını vurmaqdan danışır. İşğalçı ölkə beynəlxalq neft, qaz və dəmir yolu xətlərini hədəf aldıqlarını bu ilin iyulunda Tovuza hücumla bir daha nümayiş etdirmiş oldu. Ermənistan Beynəlxalq Sülh Günündə belə silahı yerə qoymadı və yenə Tovuz istiqamətində kövrək atəşkəsi pozdu və bir hərbçimiz şəhid oldu, bir həbrçimiz yaralandı. Belə bir “qonşu”ya 30 ilə yaxın dözən Azərbaycan daha nə etməldir? Dünya özü cavab versin və bundan sonra baş verəcəklərə görə bizi qınamasın!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Paşinyan uduzduğunu başa düşür və bilir ki, erməni xalqı onu asacaq”

Rəsmləri ilə hər kəsi valeh etdi - MÜSAHİBƏ

“Danışıqlara, sülhə məhz Paşinyan dəvət olunmalıdır” - MÜSAHİBƏ

Azərbaycan səni unutmayacaq - VİDEO

“Ordumuz öz işini qüsursuz şəkildə həyata keçirir”

“Daha 13 kənd işğaldan azad edildi”

Dahi şair, mənzum dramaturgiyanın banisinin doğum günüdür

“Düşmən hücumu nəticəsində yaralanan azyaşlı həlak oldu”

Düşmən Naftalan - Tərtər rayonlarını atəşə tutur

Türkiyə Prezidenti Avropanın sonunun yaxınlaşdığını bildirdi

Ermənilərin cəhdi baş tutmadı - VİDEO

Vitse-prezidentdən işğaldan azad edilmiş ərazilərimizlə bağlı paylaşım - FOTO

Xalq artisti Qarabağ haqqında xatirələrini bölüşüb - VİDEO

Səkkiz rayonumuz Ermənistan tərəfindən atəşə tutulur

XİN-dən Ermənistanın yenidən atəşkəsi pozması ilə bağlı BƏYANAT