Tarixi abidələrin üzərinə qanunsuz quraşdırılmış reklamlar söküldü
Bakının Səbail rayonunda tarixi binalar və memarlıq abidələri üzərində həyata keçirilən qanunsuzluqlara qarşı mübarizə tədbirləri davam edir.
Versus.Az xəbər verir ki, bununla bağlı Səbail Rayon İcra Hakimiyyəti məliumat yayıb.
Bildirilib ki, Səbail rayonunun mərkəzi hissəsində XIX və XX əsrin tarixi binaları və memarlıq abidələri üzərində həyata keçirilən qanunsuzluqlara qarşı mübarizə tədbirləri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən intensiv şəkildə davam edir.
Tarixi binalar və memarlıq abidələri üzərində xüsusi icazə sənədi olmayan və heç bir qaydaya riayət etməyən işıqlı reklamların qoyulmasının, konstruksiyaların kobud şəkildə pozulmasının, divarların deşilməsinin, daşların korlanmasının qarşısı qətiyyətlə alınır:
“Qeyd etmək istəyirik ki, qaydalara uyğun quraşdırılmayan reklam lövhələri şəhərimizin estetik görkəminə kölgə salır.
Bildiririk ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, reklam qurğuları (reklam) tarix və mədəniyyət abidələrinin ərazilərində və mühafizə zonalarında, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada yerləşdirilə bilər.
“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 26.3 maddəsinə əsasən, reklam qurğuları (reklam) tarix və mədəniyyət abidələrinin ərazilərində, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində müvafiq icra hakimiyyəti orqanının razılığı ilə, tarix və mədəniyyət abidələrinin mühafizə zonasında isə müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yerləşdirilə bilər”.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"