Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib.
Mətbuat Şurasından Versus.Az-a verilən xəbərə görə, MŞ sədri Əflatun Amaşov gündəlikdəki məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.
İclasda öncə MŞ-nin 2020-ci ilin 8 ayı ərzində gördüyü işlərə dair hesabatı dinlənilib. Ə.Amaşov bildirib ki, Şuranın fəaliyyətində iki ənənəvi xətt olub. Ümumi fəaliyyətin 57,2 faizini təşkil edən şikayətlərin araşdırılması və 42,8 faizlə müxtəlif istiqamətləri əhatə edən işlər.
Ə. Amaşov bildirib ki, 2020-ci ilin yanvar-avqust ayları ərzində Şuraya ümumilikdə 376 müraciət daxil olub. Onlardan 251-i bilavasitə kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətlərdir. 125 müraciət digər məsələlərlə bağlıdır.
Şikayətlərin KİV-lər üzrə təsnifatına gəlincə, Ə.Amaşov bildirib ki, internet xəbər portallarından şikayətlər ümumi şikayətlərin 65,8, informasiya agentliklərindən şikayətlər 18,1, qəzetlərdən şikayətlər 15,1, jurrnallardan şikayətlər isə bir faizini təşkil edib.
Ə.Amaşov bildirib ki, iyunun 26-da Prezident İlham Əliyev “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanununun tətbiqi və Azərbaycan Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Dəyişikliyə əsasən İnzibati Xətalar Məcəlləsinə yeni maddə (533-1) əlavə edilib: “Bu maddə kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması ilə bağlı cərimələrin nəzərdə tutur. Belə ki, kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək. Mətbuat Şurasının sədri və müavinlərinə həmin cərimələrin tətbiqi üçün protolol tərtib edərək məhkəməyə göndərmək səlahiyyəti verilib.
Ə.Amaşov MŞ-nin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” 30 iyun 2020-ci il tarixli Prezident Sərəncamından irəli gələn fəaliyyətə də həssas yanaşdığını diqqətə çatdırıb. Mətbuat Şurasına təltiflərlə bağlı jurnalistlərdən gələn müraciətlər sistemləşdirilərək Prezident Administrasiyasına göndərilib.
MŞ sədri həyat və yaradıcılıqlarında, fəaliyyətlərində mətbuat amilinin ön planda olduğu tarixi şəxsiyyətlərimizin irsinin yaşadılmasına hər zaman xüsusi diqqət yetirildiyini bildirib. O deyib ki, bu şəxsiyyətlər mətbu sözün daşıdığı missiyanın böyüklüyünü əməli işləri ilə dəyərləndirib, mövcud istiqamətdə əsl fədakarlıq göstəriblər. “Belə dəyərli simalardan ikisinin – Nəriman Nərimanovun və Əziz Əliyevin adına mükafat təsis etməyi düşünürük”.
O əlavə edib ki, hər iki mükafatın ilk laureatlarının dünyanı cənginə almış koronavirus infeksiyası ilə mübarizədə aktivliyi ilə seçilmiş tibb işçilərinin, tibb ictimaiyyətinin nümayəndələrinin olması vacibdir.
Ə.Amaşov MŞ-nin Vahid KİV Bankının yaradılması ilə əlaqədar təklifinin olduğunu vurğulayıb. “Biz belə düşünürük ki, bu sistem media və əmək fəaliyyəti ilə bağlı qurumların bazalarına inteqrasiya olunmuş sistem olmalıdır. Jurnalistika strateji sahədir. Bu sahədə çalışan hər bir şəxs barədə bilgilər həmin sistemə daxil edilməlidir. Bu, sahəyə fundamental yanaşmanı təmin edəcək və sui-istifadələrin də qarşısını alacaqdır. Prosesin reallaşması üçün həm media ictimaiyyətinin, həm də müvafiq qurumların iradəsinin olması şərtdir”.
İclasda Mətbuat Şurasına yeni üzvlərin qəbulu məsələsi müzakirə edildi. Qərara alındı ki, namizəd təşkilatlar barədə məlumatlar İdarə Heyətinin üzvlərinin hər birinə ayrılıqda təqdim edilsin və tezliklə İdarə Heyətinin bununla əlaqədar ayrıca iclası keçirilsin.