Aktyor olmaq istəyən Milli Qəhrəman - FOTO
Şəhid olanda çantasından “Hophopnamə” çıxıb
Versus.Az Kulis.az-a istinadən Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Şirin Mirzəyev haqqında maraqlı faktları təqdim edir.
Əslən Şuşadan olan Şirin Mirzəyev Xankəndində doğulub. Orta məktəbi bitirdikdən sonra Bakıda yerləşən Daxili Qoşunlar alayında hərbi xidmət keçib, bundan sonra Leninqrad şəhərindəki Ali Siyasi Hərbi məktəbdə, daha sonra Hərbi Siyasi Akademiyada təhsil alıb.
***
1990-1991-ci illərdə Qarabağda ermənilərin təxribatları artdığından könüllü hərbi birləşmənin yaradılması artıq zəruri idi. Onun kimi peşəkar hərbçilərə vətənin böyük ehtiyacı olduğu zamanda polkovnik-leytenant Şirin Mirzəyev Ağdama gəldi və dərhal respublikamızda ilk nizami taborunu yaratdı.
***
Onun sərkərdəlik qabiliyyəti nəticəsində Fərrux, Pircamal, Qazançı, Ballıqaya, Qaraşlar, Bəşirli, Sırxavənd, Ağbulaq, Dəhraz, Naxçıvanik kəndləri erməni quldurlarından azad edildi.
Ş.Mirzəyev Ağdam rayonunun həm hərbi komissarı, həm də alay komandiri kimi məsul vəzifələri yerinə yetirib.
Aydın, güclü, təsiredici səsə malik olan Şirin Mirzəyev ilk günlərdən komanda verərkən rus sözlərindən istifadə etməməsi göstərirdi ki, öz dilini yaxşı bilir və ona hörmət edir.
***
Şəxsi həyətə daxil olan əsgər və zabitlər ona hörmət və məhəbbət əlaməti olaraq özlərini “Mirzəyevçilər” adlandırırdı.
***
Şirin Mirzəyevin bir devizi vardı: “Azərbaycanın hər qarış torpağı bizim Vətənimizdir”. Məhz buna görə də Umudlunun müdafiəsini öz üzərinə götürmüşdü.
Şirin Mirzəyevin sevdiyi taktikalardan biri də qorunan ərazilərə daha çox yerli adamları cəlb etmək idi. Məqsədi etibarlı müdafiə xətti qurmaq idi. Buna görə də hər zaman öz əsgərlərinin önündə gedir və bununla, ətrafındakılara, xüsusilə, yerlərdəki komandirlərə şəxsi nümunə göstərirdi.
***
Özünü fərqləndirməzdi. Əsgərlərinin yediyi yeməkdən yeyər, geyindiyi paltardan geyinər, yatdığı yataqda yatardı. Yemək vaxtı ilk növbədə mətbəxə nəzarət edər, sonra gəlib öz əsgərlərilə bir masa arxasında əyləşərdi. Heç vaxt özünü əsgərlərindən ayırmazdı.
Gənc əsgərlərin qızğın döyüşlərdə iştirakına icazə vermirdi. Əsgərlərindən biri xatirələrində deyir: “Şirin Mirzəyev biz mülki vertolyotdan düşəndə, bir-bir həm hamını sayır, həm də əsgərlərə son tapşırıqlarını verirdi. Məni görən kimi əhvalı dəyişdi və dərhal soruşdu ki, səni buraya kim gətirib, axı mən tapşırmışdım, gənc əsgərləri döyüşə göndərməsinlər. Dedim, mən özüm könüllü gəlmişəm. Onsuz da daha gec idi. Yerimə başqa adam gələ bilməzdi...”
***
Şirin Mirzəyev peşəkar kadr kimi hərbin bütün incəliklərinə bələd idi. Tapançadan çox sərrast atəş açır, qəfildən geri dönüb hədəfi dəqiqliklə vurur və deyirdi ki, hər bir zabit bunu bacarmalıdır.
***
Orta məktəbdə oxuyanda ədəbiyyata, incəsənətə daha çox meyl göstərib. Onun ən böyük arzusu aktyor olmaq idi.
Məktəbi bitirən ili sənədlərini İncəsənət Universitetinə versə də, müsabiqədən keçməmişdi.
1976-cı ildə öz sinif yoldaşı Flora Qasımova ilə ailə qurur. Bu evlilikdən onların iki övladı dünyaya gəlir.
***
Həyat yoldaşı Flora Qasımova Şirin Mirzəyevlə bağlı xatirələrindən bəhs edərkən deyir: “Birinci kursda oxuyurduq, bir gün qaldığım yataqxanaya məni görməyə gələn sinif, parta yoldaşım Şirin Mirzəyevi görüb çox sevinmişdim. Hal-əhval tutub, məktəb illərindən danışmışdıq. Xankəndidə evimizdən məktəbə gedən yolun üzərindəki həyətdə böyük bir it var idi və məktəbə gedən uşaqları görəndə az qalırdı zəncirini qırıb onlara hücum etsin. Mən də itdən qorxurdum. Qış olanda səhər tezdən qaranlıq olduğu üçün Şirin Mirzəyev mən qorxmayım deyə gəlib dururdu küçənin başında və məktəbə bir yerdə gedirdik”.
İncəsənətə bağlı adam idi, teatrı, kinonu çox sevirdi. Nə zaman baxsan, əlində kitab olurdu, gününün çoxunu kitabxanada keçirirdi. Füzulidən, Mirzə Ələkbər Sabirdən şeirlər deyərdi.
***
Qarabağı qarış-qarış gəzməyi çox xoşlayırdı. Hələ məktəb illərində məhəllə uşaqlarına qoşulub piyada Xankəndidən Laçına kimi getmişdi.
Qarabağda baş verən hadisələr ona çox pis təsir etmişdi. Hadisələr başlayanda Dağıstanın Xalq şairi Rəsul Həmzətova, SSRİ Xalq artisti rəqqas Mahmud Esenbayevə məktub yazmışdı ki, qırğını dayandırmağa kömək edin.
***
Həyat yoldaşı Flora Qasımova: “Hadisələr başlayan zaman biz Moskvada idik, Şirin Lenin adına Ali Hərbi Akademiyada oxuyurdu. O, Azərbaycanın Xalq yazıçısı, SSRİ xalq deputatı Mirzə İbrahimovla görüşmüşdü. Gələndə danışdı ki, Mirzə İbrahimov deyir, çalışmaq lazımdır qan tökülməsin. Amma ermənilər qan tökürdülər. Onun qardaşı oğlanlarını möhkəm döymüşdülər, onlardan biri sonradan infarkt keçirdi, indi əlildir. Təsadüfən qəbiristanlıqda silah gizlədən ermənilərin əməllərinə şahid olduqlarına görə”.
Şirin Mirzəyev Daxili Qoşunlarda çalışanda Qarabağ bölgəsində bir batalyonları var idi. Ezamiyyə vərəqi yazdırıb gedirdi hadisələri öyrənməyə. Erməni dilini təmiz bildiyi üçün ermənilər onu tanıya bilmirdi. Hətta ən çətin vaxtda azərbaycanlıların evlərini yandırılmasının, talan edilməsinin şahidi olub. Gedib qəbiristanlığa baxmış, görmüşdü ki, qəbiristanlıqdakı bütün başdaşlarını sındırıblar, o cümlədən də atasının başdaşını. O, atasının sınan başdaşını götürüb Kərkicahanda yaşayan bacısıgilə aparmışdı.
***
Silahın, hərbi geyimlərin qıt olduğu zamanlarda Şirin müəllim qısa müddətdə silah tapıb alır, əsgərləri geyimlərlə təmin edirdi. Adətən hərbçilərin çantalarında diş, ayaqqabı fırçası, dəsmal olur. Şirin müəllimin çantasında bunlarla bərabər Sabirin “Hophopnamə”si də var idi. O, şeir deməyi çox sevirdi, “Hophopnamə”dəki bütün şeirləri əzbər bilirdi. Şəhid olanda əşyalarının içərisində iki nüsxə “Hophopnamə” çıxıb.
Şirin Mirzəyev 18 iyun 1992-ci ildə Sırxavənd istiqamətində aparılan döyüş əməliyyatı zamanı minaya düşərək həlak olub. Ölümündən sonra 1994-cü ildə Azərbaycanın Milli Qəhrəmanı adı ilə təltif edilib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"