İqtidarla dialoq və ondan qaçan müxalifətin iddiaları

22:27 30-09-2020 | icon 1041 | Siyasət
İqtidarla dialoq və ondan qaçan müxalifətin iddiaları

“Durduqları “zirvədə” onları da görən yoxdur”

 

Hərbi vəziyyətin elan olunduğu bir ölkədə siyasi sabitliyin qorunması, iqtidar-müxalifət dialoqu müstəvisində bütün siyasi qüvvələrin vahid mövqedən çıxış etməsi əsas faktor kimi ortaya çıxır. Azərbaycan əsgərlərinin Ermənistanın təxribatçı qüvvələrinə qarşı əks-hücumlara başladığı bir vaxtda bəzi siyasi partiyaların, təşkilatların iqtidar-müxalifət arasında düşmənçilik axtarışı yolverilməz məqam kimi qeyd edilir. Dialoq tərəfdarı olan 50-dən çox siyasi partiya sivil mübarizə yolunu seçməklə iqtidarla həmrəklik nümayiş etdirir. Lakin dialoqdan qaçanlar hələ də iqtidarı müxalifətə düşmən hesab edən çıxışları ilə diqqət şəkir. AXCP sədri Əli Kərimlinin Osmanqızına müsahibəsində dialoqdan deyil, iqtidarın müxalifətlə düşmənçilik etdiyini ifadə etməsi isə bu cəbhənin niyə konstruktiv mövqedən qaçması sualını doğurur.

 

Niyə AXCP, Milli Şura dialoqa gəlmir və doğurdanmı iqtidar müxalifətlə düşmənçilik edir? Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən siyasilər maraqlı nüanslara toxunublar.

 

 

“Onun müxəlifət haqqında danışmağa nə hüquqi, nə də mənəvi haqqı yoxdur”

 

BAXCP sədrinin müavini Elçin Mirzəbəyli bildirib ki, Əli Kərimlinin bütövlükdə müxəlifət haqqında danışmağa hüquqi, mənəvi haqqı yoxdur. Onun fikrincə, Ə.Kərimli və dəstəsi Azərbaycan müxalifətinin əsasən ideoloji dönüklərdən ibarət olan kiçik bir hissəsini təmsil edir.

E.Mirzəbərli eyni zamanda bildirib ki, 1990-cı illərin sonundan Əli Kərimlinin yürütdüyü siyasi xətt müxalifətin parçalanmasına, düşərgə daxilində ziddiyyətlərin dərinləşməsinə xidmət edib ki, bu da onun ümumilikdə müxalifətin adından çıxış etməsinə mənəvi baxımdan heç bir hüquq vermir:

 

“Ölkədə etimadlı, sivil siyasi münasibətlərin formalaşmasına Əli Kərimli adlı zatın vurduğu zərbələrin sayı-hesabı yoxdur. Bəsit siyasi ritorika yütməkdən başqa əlindən bir iş gəlməyən, eqosu imkanlarını dəfələrlə aşan bu klassik primitivizm nümunəsinin və onun adı ilə birlikdə quru “Yurd”da qaldığı partiyasınin ölkənin siyasi həyatında yalnız bir missiyası var - Azərbaycana qarşı həyata keçirilən kampaniya üçün bəhanələr yaratmaq, vəssalam”.

 

E.Mirzəbəyli bildirib ki, beynəlxalq hüquqi sənəd sayılan heç bir beynəlxalq konvensiyada “siyasi məhbus” deyilən konkret hüquqi anlayış yoxdur. Hətta insan hüquqları ilə bağlı əsas istinad mənbəyi olan “Vətəndaş və siyasi hüquqlar haqqında” Pakt və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın özündə də “siyasi məhbus” anlayışı ilə bağlı konkret termin və müəyyənləşdirmələr yer almayıb.

 

Yalnız Beynəlxalq Amnistiya və digər bu kimi qlobal  mərkəzlərin əlində yumşaq güc aləti funksiyasını yerinə yetirən təşkilatlar “siyasi məhbus” anlayışını öz maraqlarına və strateji məqsədlərinə uyğun şəkildə tövsif edirlər. Avropa Şurası Parlament Assambleyasının bununla bağlı 2012-ci ildə qəbul etdiyi 1900 saylı qətnaməsi var:

 

“Qətnamədə qeyd olunur ki, bir sıra təşkilatlar, siyasətçilər və vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən geniş istifadə olunan belə terminlərlə bağlı aydın və dəqiq müəyyənləşdirmə aparılmalıdır. 1900 saylı qətnamə tövsiyə xarakterlidir və “siyasi məhbus” anlayışının dəqiq sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı normativ hüquqi aktların qəbul edilməsini quruma üzv olan ölkələrin öhdəsinə buraxılır. Nəinki Azərbaycanın, hətta Avropa məkanında daxil olan ölkələrin qanunvericilik akrlarında belə dəqiq sərhədləri müəyyənləşdirməmiş bir siyasi terminin hüquqi anlayış kimi ifadə olunması boşboğazlıqdan başqa bir şey deyil. Əli Kərimlinin “siyasi məhbus” adlandırmaqla qazanc mənbəyinə çevirmək istədiyi şəxslərə gəldikdə isə onlar haqqında hüquqi baxımdan “həbslərində siyasi motivlərin olduğu iddia edilən şəxslər” kimi danışıla bilər. Burada da ölçü Əli Kərimlinin ritorikası deyil, beynəlxalq hüquq, Azərbaycan Konstitusiyası və hüquqi-normativ aktlar əsas götürülməlidir”.

 

E.Mirzəbəyli bildirib ki, bu gün Əli Kərimli və onunla eyni xətti bölüşənlərin “siyasi məhbus” siyahılarında şəxsiyyət əleyhinə ağır cinayət törətmiş, ölkənin konstitusiya quruluşunu dəyişməyə çağırışlar edən, dövlətə silah qaldıran şəxslərin adlarının yer alması da sübuta yetirir ki, bu mövzu üzərindən yürüdülən siyasət verilən sifarişlərə uyğun qalxıb enmələrlə müşayiət olunan təzyiq kampaniyalarının elementlərindən başqa bir şey deyil:

 

“Əgər Azərbaycanda adları belə siyahılarda yer alan şəxslərin hamısı əfv, amnistiya, yaxud məhkəmə qərarlarından sonra azadlığa buraxılsalar belə, bir neçə aydan sonra biz təxminən eyni sayda insanı əhatə edən siyahıların ortaya çıxmasının şahidi olacağıq. Necə ki, oluruq”.

 

Əli Kərimlinin “xalqı düşünməsi” ilə bağlı iddialarına gəldikdə isə neftin qiymətinin aşağı düşməsini, COVİD-19 pandemiyasının daha çox can alması ehtimalını, bu səbəbdən xüsusi karantin rejiminin uzadılmasını toy-bayram edən adamların xalq necə “düşündükləri” göz qabağındadır:

 

“Hələ Əli Kərimlinin ətrafının işğalçı Ermənistanın hərbi təxribatlarının artdığı bir zamanda insanlara orduya və dövlətə inamsızlığı təşviq edən təbliğatlarından danışmıram. Əgər Əli Kərimlinin müavini Seymur Həzi Azərbaycanın gənc övladları hakimiyyətin siyasi maraqlarının planlarına qurban gedir” deyə ölkənin ərazi bütövlüyünün təmin olunması kimi müqayisəyə gəlməz milli bir məsələni, mücadiləni gözdən salmağa çalışırsa, o zaman onların yer aldığı ünvan xalqın yanı deyil, düşmənin səngəridir”.

 

 

“Kimlərsə müxalifət daxilində birincilik uğrunda mübarizə aparır”

 

ALDP sədri Fuad Əliyev bildirib ki, bu gün kimlərsə müxalifətdə özlərindən başqa heç kimi görmək istəmirlər. Kimlərsə müxalifət daxilində birincilik uğrunda mübarizə aparır. Bu da onların ən böyük səhvidir. Heç kim özünü müxalifət naziri kimi aparmasın.

 

Partiya sədri müxalifət partiyası olaraq təbii olaraq siyasi mübarizələrinin  iqtidara gəlmək olduğunu deyib. Eyni zamanda bunun üçün dünyada qəbul olunan yeganə bir yolu – seçkiləri seçdiklərini qeyd edib:

 

“İqtidar rəqib olsa belə, onlarla dialoqa getmək lazımdır. Maraqlıdır ki, dialoqu inkar edən bu kəsim həmişə başqa ölkələri misal çəkirlər. Amma çəkdikləri misallarda nədənsə müxalifətin iqtidarla dialoqa getdiyini demirlər. Çünki bu onların apardığı siyasətlə üst-üstə düşmür”.

 

O ki qaldı “siyasi məhbus” məsələsi ilə bağlı yaranan mübahisələrə, ALDP sədri bildirib ki, bu məsələ ilə yanaşı, daim insanları narahat edən sosial problemləri aidiyyatı yerlərdə, eləcə də mətbuatda qaldırırlar:

 

“Kimlər bunu görmürsə, ya qərəzlidirlər, ya da ki, elə “yüksək zirvədədirlər” ki, heç kimi görmürlər. Onu da bilsinlər ki, durduqları “zirvədə” onları da görən yoxdur”.

 

 

 

“Bizdə iqtidar-müxalifət münasibətlərinin sivil məcraya düşəcəyinə ümidlər yaranır”

 

ADP sədrinin müavini Taliyət Əliyev bildirib ki, ölkədə iqtidar-müxalifət münasibətləri sivil cəmiyyətlərə xas olmayan tərzdə idi.

 

Son dövrlər Azərbaycan hakimiyyəti tərəfindən ölkədə yeni siyasi münasibətlər sisteminin yaradılmasına edilən cəhdləri nəzərə alanda bizdə də iqtidar-müxalifət münasibətlərinin sivil məcraya düşəcəyinə ümidlər yaranır:

 

“Amma bunun üçün ölkədə xeyli işlər görülməli digər sahələrlə yanaşı ölkədə köklü islahatlar da aparılmalıdır. Yox əgər bu islahatlar sözdən əmələ keçməyəcəksə, onda bu gün edilən cəhdlər imitasiyadan başqa bir şey olmayacaq və nəticə etibarı ilə beynəlxalq qurumların Azərbaycan hakimiyyətinə münasibəti də dəyişməyəcək. Bu gün ölkədə kifayət qədər müxalifət partiyaları var ki, onlar xalqın sözünü deyir və ölkədə mövcud olan problemlərin həll edilməsi istiqamətində mübarizəsini davam etdirir”.

 

Siyasi məhbus məsələsinə gəlincə, T.Əliyev bildirib ki, ADP olaraq bu günə qədər ölkədə həyata keçirilən bütün siyasi motivli həbslərə öz qətiyyətli mövqelərini, münasibətlərini bildiriblər və siyasi məhbusların azadlığa buraxılması üçün davamlı olaraq hakimiyyətə çağırışlar edilib:

 

“Sonuncu belə bir bəyanatımız Müsavatçı Tofiq Yaqublunun azadlığa buraxılmasından 3-4 gün öncəyə təsadüf edir”.

 

 

“Xalq kəskin ritorika ilə gedənlərin sonda hansı nəticələri ortaya qoyduğunu görüb”

 

Siyasi təhlilçi, Aydın Quliyev bildirib ki, Azərbaycan müxalifətinin böyük səhvlərindən biri hər kəsin özünü əsas və həlledici müxalifət saymağındadır.

 

Onun fikrincə, bu, əksəriyyət partiyalara aiddir:

 

“Onlar yanlış olaraq belə hesab edirlər ki, kim ən sərt, radikal və barışmaz ritorika ilə danışırsa onun cəmiyyət arasında sosial bazası bir o qədər genişdir. 20 il əvvəl həqiqətən belə idi. İndi isə cəmiyyət haqlı olaraq hesab edir ki, ən kəskin danışanlar yox, gələcəyə yönəlik daha prakrik iş platforması təqdim edənlər daha faydalı ola bilər. Xalq 25-30 il ancaq kəskin ritorika ilə gedənlərin sonda hansı nəticələri ortaya qoyduğunu görüb”.

 

A.Quliyev hesab edir ki, beynəlxalq təşkilatların Azərbaycan hakimiyyətinə münasibətinin, bu hakimiyyətin AXCP-yə hansı münasibətdə olması ilə ölçülmür:

 

“Sərt siyasi ritorika ilə hərəkət edən partiyaların keçmişini bizim cəmiyyətlə bərabər elə həmin beynəlxalq dairələr də görüb və xatırlayırlar. Beynəlxalq dairələrin Azərbaycan hakimiyyəti ilə münasibətləri AXCP və digər bu kimi partiyalara heç bir aidiyyatı yoxdur. Doğrudur, beynəlxalq dairələr bütün növ müxalifətlə bağlı norma və qanunlara uyğun olmayan davranışlar olanda bu barədə mövqelərini bildirirlər. Ancaq "beynəlxalq dairələr Azərbaycan hakimiyyəti ilə münasibətlərini bizə baxaraq təyin edirlər" kimi qənaətlər qeyri-real və özündən müştəbehlikdir”.

 

 

 

“Axı iqtidar heç bir yasaq qoymadan onları da dialoqa dəvət edib”

 

Yurddaş Partiyasının sədri Mais Səfərli bildirib ki, Əli Kərimlinin guya Azərbaycanda iqtidar-müxalifət münasibətlərinin düşmənçilik səviyyəsində olması ilə bağlı fikirləri kökündən yanlışdır.

 

O, bu açıqlamanın özündə böyük bir qərəzin olduğunu deyib:

 

“Hər kəs yaxşı bilir ki, bu gün Azərbaycanda Prezident tərəfindən yeni siyasi kurs aparılır. Azərbaycanda dövlət həyatının bütün sahələrində hərtərəfli islahatların aparıldığını hamımız görürük. Bu islahatlar içərisində siyasi sferada aparılan dəyişikliklər də göz önündədir. Bunun ən bariz nümunəsi iqtidar-müxalifət münasibətlərinin normallaşdırılması istiqmətində atılan addımlardır. Mən hakimiyyətlə partiyalar arasında dialoqu nəzərdə tuturam. Bildiyiniz kimi 2018-ci il növbədənkənar Prezident seçkilərindən sonra Prezident İlham Əliyev açılım elan etdi və siyasi mövqeyindən, baxışlarından asılı olmayaraq bütün partiyaları dialoqa dəvət etdi. Bu dialoqun, təmasların davam etməsi üçün Prezident Admnistrasiyasında yeni bir şöbə - siyasi partiayalarla və qanunvericilik hakimiyyəti ilə iş şöbəsi  də yaradıldı. Bu şöbə ilə siyasi partiyalar arasında mütəmadi əlaqələr qurulur. Mən öz partiyamız və əməkdaşlıq etdiyimiz partiyalar adından deyə bilərərm ki, burda çox ciddi nəticələr əldə olunub. Əvvəllər partiya olaraq ölkəmizin qarşısında duran problemlərlə bağlı hər hansı bir müzakirə aparmaq üçün əlimiz iqtidarın hansısa bir şöbəsinə çatmırdı. Amma dediyim kimi, indi belə bir şöbə yaranıb, iqtidarla bu münasibətlər davam edir. Bildiyiniz kimi çox siyasi partiyalar siyasi arenaya gələ bilmirdi, dövlət qeydiyyatı məsələlərində onların qarşısında müəyyən əngəllər var idi. Bu əngəllər də aradan götürülüb. Bu yumşalma, münasibətlərin sağlam zəmin əsasında qurulması artıq göz qabağındadır, bunu görməmək mümkün deyil”.

 

Bu gün Müsavatla Əli Kərimlinin partiyasının bu dialodan yaxalarını kənara çəkdiklərini vurğulayan M.Səfərli iqtidarın AXCP-Müsavat cütlüyünə də dəvət edib:

 

“Axı  iqtidar heç bir yasaq qoymadan onları da dialoqa dəvət edib. Getsinlər, bir-birinə əl uzatsınlar, internet televiziyalarında, küçələrdə qaldırdıqları məsələləri masa arxasında müzakirəyə çıxarsalar. Əlbəttə ki, bundan özləri də udacaq, cəmiyyət də. Məncə yeni siyasi kursun mənası da budur. Mən demirəm ki, biz birdən-birə Avropa cəmiyyətinə çevriləcəyik. Cəmiyyətimizdə Avropada olduğu kimi harmonik münasibətlər olacaq. Biz yenicə müstəqilliyimizi əldə etmiş dövlətik və bir dövlətin çoxlu sayda düşmənləri var. Erməni şəbəkələri, ermənipərəst qüvvələr hər tərəfdən Azərbaycana hücum edirlər, onların burda da əlaltıları var. Belə bir şəraitdə əlbəttə ki, biz birdən-birə gedib Avropa səviyyəsinə çata bilmərik.  Bütün bunları nəzərə alıb gedib masa arxasında münasibətləri çözmək lazımdır. Yaranmış bu şəraitdən ilk növbədə yaxalarını kənara çəkən qüvvələr yararlana bilərlər. Durub mətbuatda, sosial şəbəkələrdə bol-bol Azərbaycanda münasibətlərin pis vəziyyətdə olduğunu deməkdənsə, iqtidarın uzatdığı barış əlini tutsunlar. Gedin problemləri masada qaldırın. Hər bir məsələ ilə bağlı durub açıqlamalar verib münasibətləri gərginləşdirməyə nə ehtiyac var? Əgər səmimisizsə, gedin dialoqda iştirak edin, istədiyiniz məsələləri qaldırn. Bizim partiya həmişə o şöbənin müdiri Ədalət Vəliyevlə görüşmüşük, ölkənin bütün probleməri barədə danışmışıq. Mən əminəm ki, Ədalət Vəliyev bizim söhbətlərin hamsını cənab İlham Əliyevə çatdırır. Prezidentin də bu məsələlərə diqqəti çox böyükdür. Və Prezident də səmimi şəkildə bu məsələlərin tənzimlənməsini, yoluna qoyulmasını istəyir. Biz nümunəvi dövlətə çevrilmək istəyiriksə, ilk növbədə münasibətlərimizdəki o əngəlləri aradan qaldırmalıyıq. Əks halda düşmənlər ayaq açacaq və münasibətlərin gərginliyindəın yaralanacaqlar. Partiyaların böyük əksəriyyəti bu məsələlərdə normal münasibət sərgilədilər, bu münasibətlər çox məsələlərdə özünü göstərdi. İyul ayında ermənilər Tovuzda təxribat törədərkən partiyaların böyük əksəriyyəti iqtidarla birləşərək, öz mövqeyimizi bildirdi. Düşmən də bunu görür. Əgər ölkədə möhkəm vətəndaş birliyi varsa, o ölkəyə qalib gəlmək olmaz. Hamımız bu birliyə doğru getməliyik”.

 

 

 

“Ortada iqtidar-müxalifət dialoqu var”

 

Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, iqtidarın müxalifətə qarşı  bu günə qədər yürütdüyü sərt və aqressiv siyasəti bəlkə də düşmən mövqeyi adlandırmaq olardı.

 

Onun sözlərinə görə, ancaq son dönəmlərdə iqtidarın özünün elan etdiyi yumuşalma və islahat kursu çərçivəsində bu sahədə bir çox irəliləyişlər var:

 

“Nəticədən asılı olmayaraq ortada bir iqtidar-müxalifət dialoqu var. Bu dialoq çərçivəsində hakimiyyət bəzi müsbət addımlar atıb və ümid etmək istəyirəm ki, bu addımlar davam edəcək. Nəticədə də nəhayət ki, uzun illərdən sonra normal iqtidar-müxalifət münasibətləri formalaşacaq. Hazırda mən bu münasibətlərin düşmənçilik səviyyəsində olduğunu deyə bilmərəm. Onda doğrudur ki, bəzi partiyalarla iqtidar arasında münasibətlər xeyli gərgindir”.

 

T.Abbaslı, Azərbaycanda hələ də siyasi məhbus probleminin olması fikrini qəbul etdiklərini deyib. Partiya sədri hesab edir ki, hazırda Azərbaycanda 200-ə yaxın siyasi məhbus mövcuddur:

 

“Biz iqtidardan və ölkə başçısından tez bir zamanda böyük əfv fərmanı verilməsini və bu məsələnin birdəfəlik həll edilməsinin tərəfdarıyıq. O ki, qaldı “siyasi məhbus” probleminin səsləndirilməsinə, deyə bilərəm ki, biz AĞ Partiya olaraq bu problemi daim səsləndirir və bunun həll olunması istiqamətində fikir və təkliflərimizi səsləndiririk. Kimlərsə bunu görmürsə və ya görməzlikdən gərirsə, bu bizim problem deyil. Həm də biz zatən bu problemləri kimlərəsə xoş gəlmək üçün etmirik. Odur ki, bu məsələ bizi çox da narahat etmir”. /hafta.az/

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol