“Ali Baş Komandanın mövqeyi dəyişməzdir” - MÜSAHİBƏ

14:37 02-10-2020 | icon 858 | Siyasət
“Ali Baş Komandanın mövqeyi dəyişməzdir” - MÜSAHİBƏ

Elman Nəsirov: “Bu gün Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında öz qəhrəmanlıq tarixini yazır”

 

Azərbaycanın Şanlı Ordusu Ali Baş Komandanın əmri ilə 30 ildir erməni işğalı altında qalan Azərbaycan torpaqlarının azadlığı naminə əks-hücumunu davam etdirir. Belə bir mərhələdə təəssüf doğuran məqam dünya güclərinin bu müharibəyə ikili yanaşmalarından əl çəkməməsidir. Azərbaycan dövləti dünya ictimaiyyətinin gözlərindən qətməyi silmək üçün yenə də mütərəqqi təkliflərini verir və düşmənə ölmədən Azərbaycan ərazilərini tərk etmək imkanı yaradır. Lakin beynəlxalq təşkilatlar və ATƏT-in Minsk Qrupu dövlətlərinin başçıları ikili yanaşmalardan əl çəkmirlər. Belə davam edərsə, proseslər hansı istiqamətdə inkişaf edə bilər və onlar nəyi bilməlidirlər?

 

Versus.Az xəbər verir ki, millət vəkili Elman Nəsirov müsahibəsində bir çox mübahisəli məsələlərə aydınlıq gətirib.

 

- Elman müəllim, bu gün Azərbaycan Ordusu Ermənistanın ölkəmizə qarşı hərbi təxribatlarına cavab olaraq əks hücuma keçib. Azərbaycanın bu haqq işinə birmənalı yanaşmaların olmadığı da bəllidir. Beynəlxalq ictimaiyyətin bu müharibəyə qarşı yanaşmalarına diqqət yetirsək, bu gün beynəlxalq təşkilatlar, ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri nəyi anlamalı və bizim haqq işimizə hansı münasibəti sərgiləməlidir və sərgiləyir?

 

- İndiki vəziyyətdə ilk növbədə terminalogiya məsələlərinə diqqət yetirməliyik. Münaqişənin başlandığı 1988-ci ildən ta 2020-ci il sentyabrın 27-nə qədər Qarabağ münaqişəsi “Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi”adlanmalıdır. Amma 27 sentyabrdan başlayaraq bu, “münaqişə” adlandırıla bilməz. Bu, klassik müharibədir və artıq Ermənistan-Azərbaycan müharibəsindən söhbət gedir.

 

İkincisi, böyük dövlətlər və liderlərinin, beynəlxalq təşkilatların Azərbaycan Prezidentinə müraciətlərində iki yanaşma var: “atəşkəs rejiminə əməl edilmə və diplomatik danışıqların başlanması”, bu müharibənin hərbi  həlli variantı yoxdur”. Paşinyan “Rossiya 1” kanalına müsahibəsində qeyd elədi ki, bu münaqişənin hərbi  həll variantı yoxdur. Gözünün içinə qədər yalan danışır!  Hələ təkcə 20-ci, 21-ci əsrin müharibələri  göstərir ki, bütün münaqişə və müharibələr öz həllini 99 faiz hərbi yolla tapır. Hansı dövlət “hərbi yolla həlli yoxdur” ifadəsini işlədirsə, bu o deməkdir ki, onun hərbi gücü, hərbi potensialı yoxdur və ona görə də belə ifadələr işlədir.

 

Yanlış yanaşmalardan biri də “bütün müharibələr sülh ilə yekunlaşır” fikri ilə bağlıdır. Hesab edirəm ki, bu da yanlışdır. Çünki bütün müharibələr qalib və məğlubla yekunlaşır və sonda qalib, məğlubu sülhə məcbur edir. Bəli, bu müharibənin də gedişatında sülh imzalanacaq.  Lakin cənab Prezident də söylədi ki, biz sülhü imzalamağa hazırıq, amma bir şərtlə ki, eməni silahlı qüvvələri bizim işğal olunmuş ərazilərimizdən çıxarılmalıdır. Deməli, Azərbaycan silahlı qüvvələri Ermənistan Ordusuna ölümcül zərbəni endirib Ermənistan rəhbərliyini məcbur edəcək ki, silahlı qüvvələrini ərazilərimizdən çıxarsınlar. Ona görə də bütün müharibələr sülhlə yekunlaşmır, bütün müharibələr qalibin məğlubu sülhə məcbur etməsi ilə yekunlaşır. Bu daha böyük ifadədir.

Onu da qeyd edim ki, beynəlxalq münasibətlərdə, dövlətlərarası münasibətlərin belə tipləri var: müttəfiqlik münasibətləri, düşmənçilik münasibətləri, neytral vəziyyət və strateji tərəfdaşlıq münasibətləri. Bəzi dövlətlər üçün “strateji tərəfdaşlıq münasibətləri” gözdən pərdə asmaqdır. Çünki müharibə və müharibə vəziyyətində ya müttəfiq, ya düşmən, ya da neytral dövlətlər olur. Bunlar “strateji tərəfdaş” deyəndə nəyi nəzərdə tuturlar, onu anlaya bilmirəm. Bunlar özünü hər iki tərəfə xoş göstərmək istəyənlərdir. Yəni bu gün bizdə ölüm-dirim müharibəsi gedir. Bu halda hansı strateji mövqedən söhbət gedə bilər: ya müttəfiqim ol, ya  düşmənim ol, ya da neytral qal.

 

Bu gün cənab Prezident də yaralı əsgərlərimizlə görüşündə söylədi ki, Azərbaycanın müttəfiqi Türkiyə, Pakistan, Əfqanıstan və Ermənistana gedən silahların qarşısını dəfələrlə kəsdiyinə görə Gürcüstandır. Belə bir mərhələdə xeyli dövlətlər kənarda qalır. Bir çoxları özünü tərəfdaş kimi aparır, amma guya nə Ermənistanın, nə də  Azərbaycanın xətrinə dəymirlər. Fikir verirsinizsə bu gün Azərbaycan Prezidentinə zəng edən tərəflər – BMT-nin baş katibi, Fransa prezidenti, Almaniyanın kansleri, Avropa Şurası İttifaqı və digəriləri “atəşkəs, sülh danışıqları” ifadəsini səsləndirdilər, biri demədi ki, “ay Ermənistan, sən işğalçı qüvvələrini başqasının torpaqlarından çıxart, biz də Azərbaycan tərəfinə deyərik ki, sülh danışıqlarına başlasın”. Bunu demirlər, buna təminat vermirlər və 30 ildir ki, bu vəziyyət qalır. Azərbaycan Prezidenti BMT Təhlükəsizlik Şurasına son xəbərdarlığını elədi. Dedi ki, erməni hərbçiləri yeni ərazilər uğrunda yeni müharibələrə başlamaq istəyirlər. bunlar üçün 20 faiz torpağın işğalı azdır. Yeni torpaqları işğal etmək istəyirlər. Prezident bütün bunların anonsunu verdi. Xatırladım ki, Paşinyan BMT Təhlükəsizlik Şurasının 75 illik tədbirindəki çıxışında demişdi ki, BMT baş katibi Quteresin indiki pandemiya şəraitində qlobal atəşkəslə bağlı təşəbbüsünü dəstəkləyir və ona məmnuniyyətlə qoşulurlar. BMT tribunasından Quteresin təşəbbüsünə qoşulduğunu bəyan edən bir dövlət, 2 gün sonra 27 sentyabrda hərbi təxribatını həyata keçirir. Buna nə ad vermək olar?! Paşinyan onu da aldatmaq istədi, beynəlxalq ictimaiyyətin gözünə kül üfürdü. Bu son 3-4 günün hadisələridir və 30 ildir Ermənistan dövləti eyni yanaşma ilə məşğuldur. Ona görə də Azərbayacan dövlətinin prinsipial və qətiyyətli mövqeyi var. Ali Baş Komandanın mövqeyi dəyişməzdir, biz bu işləri yarımçıq qoyan deyilik. O vaxta qədər biz hücumu davam etdirəcəyik ki, düşmən ağ bayrağı qaldıracaq, işğala son qoyacağı ilə razılaşacaq və işğal olunmuş ərazilərdən öz qüvvələrini çıxaracaq. Bu, dəyişməz prinsipdir.

 

- Sentyabrın 29-dan 30-na keçən gecə BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı apardığı gizli müzakirədə Azərbaycana münasibətdə nələrin meydana çıxdığı bir daha bəlli oldu. Prezidentin son çıxışlarını beynəlxalq təşkilatlardan verilən boş bəyanatlara tutarlı cavab hesab etməklə yanaşı, haqq işimizlə bağlı dünyaya hansı gerçəkliyi anlatmalıyıq?

 

- Bəli, cənab Prezident söylədi ki, bizim işimiz haqq işidir, biz heç kimin torpağında döyüş aparmırıq, biz öz torpağımızda döyüşürük. Bizim də məqsədimiz  torpaqlarımızı işğaldan azd etməkdir.

Fikir verdinizsə, BMT Təhlükəsizlik Şurasının gizli toplantısı keçirildi. Bu toplantını keçirənlər birinci növbətə özlərinə sual verməli idilər ki, bu münaqişə niyə müharibəyə çevrildi. Niyə BMT özünü görməzliyə vurur, niyə riyakarlıq edir? Məlumdur ki, bu təşkilat 1993-cü ildə münaqişə ilə bağlı 4 qətnamə qəbul edib və qətnamələrdə erməni işğalçı qüvvələrin tam, dərhal və qeyd-şərtsiz çıxarılması məsələsini qoyub. Amma  üstündən 27 il keçsə də, Ermənistana “gözün üstə qaşın var” deyən yoxdur. Deməli, cinayəti edib cəzasız qalan ermənilərin arxayınçılıq sindromu da bundan formalaşıb.  Bu səbəbdən də Ermənistan dövləti belə növbəti azğınlığa imza atır. Bilir ki, BMT bu halda nə edəcək, ATƏT nə edəcək və beynəlxalq təşkilatlar nə qədər dişsizdir. O bilir ki, ATƏT-in Minsk qrupu heç kimə məlum olmayan, mənasız bir bəyanat verəcək.

Ona görə də Azərbaycan Prezidenti yaralı əsgərlərimizlə görüşündə dedi ki, biz bu 30 ildə ona görə dözürdük ki,   ona görə sülh danışıqlarına gedirdik ki, içərimizdə bir inam var idi. Bizə hər zaman söyləyirdülər ki, bir az da dözün, mütləq məsələni dinc yolla, siyasi danışıqlarla həll edəcəyik. Amma bütün ümidlər öldü. Həm də ona görə tükəndi ki, nəinki torpaqlarımızın dinc yolla azad olunması mümkün olacaqdı, hətta bizə qarşı yeni ərazi iddiaları ortaya qoyurdular. Tovuz istiqamətində hücuma keçib şəhəri işğal etmək istədilər, Qazağı işğal etmək istəyirdilər, kəmərləri işğal etmək istəyirdilər. Bütün bunlar dünyanın gözü qarşısında baş verirdi. Ona görə də Azərbaycanın atdığı addımlar məcburi addımlar idi. Bu əks hücumdur və bu yolda Azərbaycanın dayanması mümkün deyil. Bu o halda mümkündür ki, Ermənistan ordusu ağ bayraq qaldırsın, Ermənistan hərbi qüvvələri Azərbaycan torpaqlarından çıxarılsın və Azərbaycan torpaqlarını tərk etmələri barədə Ermənistan rəhbərliyində qərar qəbul olunsun. Bundan sonra bəli, danışıqlara başlamaq mümkündür. Ali baş Komandan da bu mövqeyini bütün beynəlxalq təşkilatlara çatdırıb.

 

- Elman müəllim, təbii ki, bu gün bütün Azərbaycan  ölkə başçısının, Ali Baş Komandanın ətrafında sıx birləşib. Ordunun yanındadır, inanır və bu zəfər yürüşündən qürur duyur. Amma bu sevinc hissləri ilə yanaşı, insanlarda bir səksəkə, qorxu hissi də var ki, birdən bu beynəlxalq təşkilatların hansısa bir təsiri ilə nəsə baş verər, yenə də dayanarıq.  İstərdim ictimaiyyətə bu qorxunu alt edən fikirlərinizi deyəsiz.

 

- Bəli, bu gün bizim dəmir iradəli Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında öz qəhrəmanlıq tarixini yazır. Bu gün hər bir əsgərimiz bir Qəhrəmandır, şücayət nümayiş etdirir. Cənab Prezident belə igidlər yetişdirən anaların qarşısında baş əydiyini söylədi.  Doğrudan da bu gün Ali Baş Komandan güclü, Ordumuz güclü və bu ordunun arxasında dayanan xalqımız var ki, O səfərbərdir. Bizdə vətənpərvərlik ruhu özünün pik nöqtəsindədir. Bütün bu reallıqlar fonunda bizim qələbələrimiz labüddür. Amma həqiqətən də 30 illərin təcrübəsi, xüsusilə aprel döyüşlərində də biz bu təcrübəni yaşadıq. Beynəlxalq təşkilatlar bir çox hallarda cürbəcür yollardan istifadə edirlər ki, bu prosesin məntiqi sonluğu olmasın. Bu vəziyyətdə belə nigarançılıqlar ortaya çıxır.  Amma bu dəfə vəziyyət kökündən fərqlidir. Bu dəfə səbr kasası daşdı. Artıq işğalçı dövlət qondarma rejimin qondarma parlamentini Azərbaycanın qədim şəhəri, mədəniyyət beşiyimiz olan Şuşaya köçürmək istəyir.  Bununla da bizim millətin milli mənliyini təhqir edir. Bu halda ordumuzun zəfər yürüşünün qarşısı alınmazdır. Bu gün münaqişəni ümumiyyətlə unudan, münaqişənin həlli ilə bağlı Azərbaycan Prezidentini axtarmayan dövlətlərin liderləri Azərbaycan Prezidentinə zəng edib xahiş edirlər ki, bu döyüşləri dayandırsın. Yeri gəlmişkən, bu gün Ermənistanın baş naziri ayrı-ayrı dövlət başçılarına – Rusiyaya, İrana, Fransaya zəng edib, qarşılarında diz çöküb yalvarır ki, ay aman kömək edin, münaqişəni dayandırın.

Lakin bu bizim haqq işimizdir. Bu gün cəmiyyətimiz Prezidentin ətrafında bir yumruq kimi birləşib və vahid məqsəd ətrafında mübarizə aparır. Azərbaycan xalqının, Azərbaycan ordusunun, Ali Baş Komandanın birliyini görən ayrı-ayrı xarici dövlətlər, təşkilatlar bundan nəticə çıxaracaqlar. Görəcəklər ki, daha fərqli bir zamandır, Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. İndi beynəlxalq təşkilatlar Azərbaycan Prezidentinə yox, Ermənistan baş nazirinə zəng edib ondan tələb etməlidirlər ki, öz ordusuna silahı yerə qoymağı əmr etsin. Belə olan vəziyyətdə sülh çox yaxında olar, bütün regionda sülh yaranar və bu, Ermənistanın özü üçün də bir nicat yolu olar. Ermənistanın sonrakı taleyi bundan asılıdır. Azərbaycan Prezidenti qeyd edib ki, Dağlıq Qarabağda etnik yaşayan ermənilər də digər Azərbaycan vətəndaşları kimi eyni hüquqa malik olacaqlar və onlara yüksək muxtariyyat verməyə hazırıq. Ona görə də daha Azərbaycan Prezidentinə zəng eləyib müəyyən xahişləri etməyin də mənası yoxdur. Ermənistan baş naziri bunu  etməyəcəyi təqdirdə sadəcə o zaman neytral dayansınlar.  Desinlər ki, biz daha heç nəyə qarışa bilmirik. Ondan sonra biz yenə də beynəlxalq hüquqa söykənərək, BMT-nin 51-ci maddəsinə istinad edərək fərdi və kollektiv müdafiə hüququmuzdan istifadə edirik və prosesi reallaşdırırıq. Qələbə bizimlədir! /hafta.az/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”