Makrondan siyasi maraqların əsiri olan ORTAÇAPLI SİYASƏTÇİ davranışı

21:01 02-10-2020 | icon 327 | Siyasət
Makrondan siyasi maraqların əsiri olan ORTAÇAPLI SİYASƏTÇİ davranışı

Qənirə Paşayeva: "Makron Fransanın deyil, Ermənistanın prezidenti kimi danışır"

 

"Silahlı Qüvvələrimiz Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarında əks-hücum əməliyyatları başlayandan bəri Fransa Prezidentinin tutduğu mövqe və verdiyi bəyanatlar, onun ATƏT-in Minsk qrupunun həmsədri kimi ən azı neytral durmalıykən, ədalətli vasitəçilik missiyasının tələblərini kobudcasına pozduğunu göstərir. Bu, nəinki vasitəçilik missiyası, sülhyaratma meyli, ədalətli nizamlama axtarışıdır, əksinə, işğalçını açıq-açığına müdafiə etməkdir. Hətta, vasitəçilik missiyası olmasaydı belə, bir Avropa ölkəsinin beynəlxalq hüququn elementar prinsiplərindən uzaq davranması təəssüf doğurur və qəbul edilməzdir".

 

Versus.Az xəbər verir ki, bunu Makronun sərsəm bəyanatıyla bağlı açıqlamasında millət vəkili Qənirə Paşayeva bildirib.

 

Millət vəkili qeyd edib ki, Fransa dövlətinin başçısı bilməlidir ki, onun qəbuledilməz, ədalətsiz açıqlamaları mənfi presedent yaradır və heç kəs zəmanət verə bilməz ki, gələcəkdə Farnsa və ya bir başqa dövlət də bu mənfi presedentin acısını yaşamayacaq:

 

"Şarl de Qollun öz silahdaşları, o cümlədən Azərbaycanlı Əhmədiyyə Cəbrayılovla birgə Fransanın suverenliyinin bərpası və azadlıq uğrunda apardığı mübarizə çox da uzaq tarixdə baş verməyib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözü ilə desək, tarix bilgisi zəif olan Makron, tarix bilgisini təkmilləşdirsə, öz böyük sələfinin örnəyini yada salsa, pis olmazdı.

Bütün bu ümumi hallarla yanaşı, əlbəttə, faktiki olaraq, vasitəçilik missiyası etibar edilmiş Fransa dövləti və onun Prezidenti, tərəflərindən birinə açıq, birmənalı dəstək verirsə, dövlət (dövlətçilik) ləyaqəti, siyasi mədəniyyət göstərərək, vasitəçilikdən çəkildiyini bəyan etməlidir. Çünki tərəflərə yanaşmada balansı pozmaq, bunu hətta nümayişkaranə pozmaq heç bir vasitəçiyə baş ucalığı gətirməz, onun tarixinə qara ləkə olaraq düşər. Coğrafi ortamdan, Avropadakı böyük tarixi olaylardan təsirlənən mədəni irsə, Viktor Hüqo kimi böyük ədəbi irsə malik ölkəyə başçılıq edən Emmanüel Makron, hazırda məhz bu səbatsız yolu tutmaqdadır..."

 

Q.Paşayevanın sözlərinə görə, heç şübhəsiz ki, Makronun heç bir diplomatik və vasitəçilik missiyasına cavab verməyən mövqeyi, Fransada qarşıdan gələn seçkilərlə də sıx bağlıdır və bu ölkədə yaşayan erməni diasporunun səslərinin qazanılmasına yönəlib:

 

"Açıq demək gərəkirsə, Makron bu gün Ermənistanla Azərbaycan arasında ədalətli nizamlanma üçün vasitəçiliklə deyil, seçki kampaniyası ilə məşğuldur. O, Güney Qafqazda barış uğrunda deyil, Fransadakı erməni seçicilərinin səsi uğrunda mübarizə aparır.

Makron unutmamalıdır ki, növbəti seçkiləri ali maraq kimi güdmək peşəkar dövlət xadiminə xas davranış sayıla bilməz, bu, yalnız cari siyasi maraqların əsiri olan ortaçaplı siyasətçininn davranışı ola bilər.

Fransa Prezidentinin dini-ideoloji və digər “səbəb”ləri önplana keçirərək, erməni seçicilərini, ermənilərin əsilsiz təbliğatının təsiri altına düşmüş bəzi seçiciləri düşünməsini səbatlı hal saymasaq da, xatırlatmaq istərdik ki, Fransada yalnız ermənilər yaşamır, çoxsaylı müsəlman seçicilər də yaşayır. Biz, Fransanın seçicilərinə bu dövlətin müsəlman ölkələrinə tarixi münasibətsizliyini – elə ötən yüzillikdə Əlcəzairə, çağdaş dönəmdə Liviya və b. ölkələrə istismarçı yanaşmasını, bunun nəticəsində, milyonlarla günahsız insanın öldürülməsini, ölkələrin talan olunmasını xatırlatmaq məqsədində deyilik. Biz, insanlara dini, milli və digər kateqoriyalarla yanaşılmasını deyil, məhz haqlı, ədalətli və hüquqa əsaslanan münasibəti düzgün sayırıq.

Ermənistan-Azərbaycan müharibəsinin tarixcəsinə bələd olmaq, kimin haqlı, kimin haqsız olduğunu, işğalçılığa heç bir hüquqi don geyindərməyin mümkünsüzlüyünü bilmək vasitəçi dövlətin mənəvi və hüquqi borcu sayılamlıdır. O zaman, Makron zəhmət çəkib, Ermənistanla Azərbaycan arasında baş verənlərə Fransanın iç məsələsini, öz siyasi çıxarlarını deyil, beynəlxalq hüququ şamil etməlidir. 

Bu bir gerçəklikdir ki Makronun davranış və açıqlamaları onun Qərbi Avropanın ən nüfuzlu dövlətlərindən birinə başçılıq etmək üçün tələb olunan keyfiyyətlərə malik olmadığını göstərir. Biz buna təəssüf edirik. Təəssüf edirik, etiraz edirik ki, aşağı səviyyəli sarı mətbuatın yaydığı saxta xəbərlərin Fransa kimi ölkənin başçısının dilindən səslənməsi, ilk növbədə, Fransa xalqı üçün başucalığı gətirmir".

 

Millət vəkili bir neçə digər məqama da toxunub:

 

"Müstəqil Azərbaycan dövlətinin Fransa ilə dostluq münasibətləri yüksək səviyyədə olub:

- Ölkəmizdə fransızdilli orta və ali məktəb var;

Fransa şirkətləri Azərbaycandakı neft müqaviələrinin iştirakçısı olub;

Ümummilli lider Heydər Əliyev 1993-cü ildə Prezident kimi ilk xarici səfərini məhz Fransaya edib;

cənab İlham Əliyev də 2003-də ilk xarici səfərini Fransaya edib;

bu gün də, Azərbaycan Fransadakı tarixi abidələrin bərpa və yenidənqurması prosesində fəal iştirak edir.

 

Bütün bu və bu qəbildən olan hadisələr fonunda, Makron hökumətinin tutduğu mövqenin (daha doğrusu, mövqesizliyin, mahiyyətsiz davranışın) təəssüf doğurduğunu bir daha vurğulayır, bunun ilk növbədə, Fransanın maraqlarına zidd olduğunu demək istərdim. Belə getsə, gələcəkdə heç bir ölkə Fransa kimi bir vasitəçiyə etibar etməyəcək. Demək, Makron yalnız Fransanın bugünkü imicinə deyil, gələcəyinə də zərbə vurmaqdadır...

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı