“Erməni işğalçılarını torpaqlarımızdan iti qovan kimi qovacağıq” - MÜSAHİBƏ

16:21 05-10-2020 | icon 719 | Siyasət
“Erməni işğalçılarını torpaqlarımızdan iti qovan kimi qovacağıq” - MÜSAHİBƏ

Məlahət Həsənova: “İndiyə qədər işğalçıya, “sən işğalçısan, dur” deyən olmayıb, o zaman cavab versinlər”

 

Azərbaycanın şanlı ordusu Ali Baş Komandanın rəhbərliyi, xalqın monolit birliyi ilə Ermənistanın hərbi təxribatlarına öz layiqli cavabını verir. Torpaqlarımız azad olunur. Dağlıq Qarabağda aparılan sülh danışıqlarını özünün təxribatları ilə mənasız edən Ermənistan siyasi hakimiyyəti isə hər vəchlə növbəti cinayətləri ilə müharibəni genişləndirməyə çalışır. 30 ildir Azərbaycana qarşı edilən cinayətlərə susan ATƏT-in Minsk Qrupunun fəaliyyətinin əhəmiyyətsizliyi faktı ortaya qoyulsa da, yenə də Azərbaycanı cəfəng bəyanatları ilə haqq işindən yayındırmağa çalışırlar. Lakin Prezidentin də öz çıxışında dediyi kimi, bu missiya Azərbaycanın hüquqlarına hörmətsizliyi və saymazlığı bu quruma qarşı bütün inamı sarsıtdı və Azərbaycan öz ordusunun qüdrəti ilə torpaqlarını işğaldan azad etməkdə qərarlıdır.

 

Oktyabrın 4-də Cəbrayıl rayonunun işğaldan azad olunmasından sonra Prezident İlham Əliyevin xalqa müraciətində bu qətiyyətli mövqe bir daha bəyan olundu. Prezident dedi ki, erməni işğalçılarını torpaqlarımızdan iti qovan kimi qovacağıq. Eyni zamanda beynəlxalq təşkilatların havadarlarını bu gün Ordunun erməni quldurlarına verdiyi dərsdən nəticə çıxarmağa çağırdı. Lakin Fransa öz erməni siyasətindən, BMT TŞ-sı özünün ikiüzlü siyasətindən və yanlış informasiya təbliğatından əl çəkmir. Belə bir gərgin şəraitdə rəşadətli Azərbaycan Ordusu xaricdən gələn təsirlərə məhəl qoymur və Ali Baş Komandanın erməni diplomatlarına, ikiüzlü beynəlxal təşkilatlarının qarşısında düyünlədiyi yumruğu ona inamla irəliləmək üçün güc verir.

 

Versus.Az xəbər verir ki, millət vəkili Məlahət Həsənova müsahibəsində mövcud durumla bağlı maraqlı nüanslara diqqət çəkib.

 

- Məlahət xanım, Azərbaycan Ordusu işğal olunmuş ərazilərini azad etmək üçün düşmənin təxribatlarına əks həmlələrlə cavab verir və uğurla irəliləyir. Beynəlxalq təşkilatlar həqiqəti görmək istəmir, öz bəyanatlarında bu prosesin əleyhinə işləyirlər. Beynəlxalq təşkilatlar bu cür mövqe ilə nəyə nail olmağa çağırır?

 

 - Son günlər beynəlxalq təşkilatlar dırnaqarası fəallıq göstərirlər. Guya 30 ildir regionda çırtdan dövlət olan Ermənistanın öz havadarlarının dəstəyi ilə Azərbaycanın 20 faiz torpaqlarını necə işğal etdiyini bilmirlər. Beynəlxalq təşkilatlar 28 ildir Ermənistanın regonda törətdiyi cinayətlərə qarşı susqunluq göstəriblər. Amma Azərbaycan dövləti, xalqı adından danışan Prezidentimiz bu günə qədər bütün beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşıb və işğalçını daim sülhə dəvət edib. O cümlədən ümid edib ki, beynəlxalq təşkilatlar nəhayət, işğalçını haqqa dəvət edəcək. ATƏT-in Minsk Qrupu deyilən qruma Ermənistan-Azərbaycan arasında münaqişənin həll olunması ilə bağlı mandat verilib. Bu qrupda olan 3 həmsədr dövlət - Rusiya, Fransa Amerika Minsk Qrupunda münaqişənin sülh yolu ilə həll olunması ilə bağlı öhdəlik götürüb və onu yerinə yetirməlidir. Prezidentdimiz həmişə sülh prinsiplərinə sadiqlik göstərib. Bilirik ki, BMT-də təmsil olunan həmsədr dövlətlərin iştirakı ilə BMT TŞ-da Ermənistan hərbi qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması, Qarabağın Azərbaycan torpaqları kimi tanınması, qaçqınların öz yurduna qayıtması ilə bağlı maddələr əks olunub. Amma bütün bunlar sözdə qalıb. Halbuki dünyada elə bir beynəlxalq təşkilat yoxdur ki, Azərbaycanın ərazi bütövlüyünü tanımasın. Hətta Ermənistan özü də Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Təəssüflər ölsun ki, dünyanın nüfuzlu dövlətləri, təşkilatları bu maddələri yalnız sənədlərdə dəstəkləyiblər. İndiyə qədər işğalçıya, “sən işğalçısan, dur” deyən olmayıb. O zaman cavab versinlər, bu sənədləri, qətnamələri, qərarları nəyə görə qəbul ediblər. Amma bu beynəlxalq təşkilatlar, dünyanın supergücləri ermənipərəst mövqelərindən kənara çıxa bilmədiklərinə görə özləri qəbul etdikləri sənədlərə hörmətsizlik edirlər. Beynəlxalq təşkilatlar sənədlərə əməl etmədiyinə görə Ermənistan siyasi hakimiyyəti daha da azğınlaşır. Beynəlxalq təşkilatlar özləri düşünməlidir ki,  artıq dünya əvvəlki dünya deyil. Dünya artıq virtual məkanda baş verən prosesləri çox yaxından izləyə bilir və hər kəs həqiqətin harda olduğunu görür. Ona görə də riyakar, ikiüzlü mövqe göstərən beynəlxalq təşkilatların yalnış siyasətini müxtəlif formalarda ört-basdır edə bilməyəcəklər.

 

- Ermənistanın Paşinyan hökumətinin indiki durumunu necə izah etmək olar. Paşinyan və onun ordusu terrorçu hərəkətləri ilə nəyə nail olmağa çalışır?

 

- İki ildir Ermənistanın rəhbərliyinə küçədən təsadüfi adam gəlib. Bu adam dünyada özünə “demokratik” imic imitasiya eləmək istəyir. Demokratik imici olan lider isə ilk növbədə işğalçılıq siyasətindən əl çəkməli idi. Və birinci növbədə öz dövlətinin üzərindən “işğalçı” sözünü götürməli idi. Lakin Paşinyan əvvəlki sələflərindən də irəli getdi. Paşinyan hakimiyyətə gələndən sonra bu prinsiplərə qarşı çıxaraq daha çox cinayətlər törətdi, beynəlxalq qanunları pozdu. Paşinyan nəinki danışıqlar prosesini pozdu, eyni zamanda müxtəlif hərbi təxribatlar da törətməklə müharibəni qızışdırdı. Gah oğlunu Qarabağa əsgər göndərdi, sonra Şuşada seçki keçirib yallı getdi, parlamenti Şuşaya köçürməyi qərarlaşdırdı. Xanımının əlinə silah verərək Azərbaycana tərəf tuşladı. Bu həmin o vaxt idi ki, Tovuz istiqamətində ermənilərin törətdiyi təxribatlar nəticəsində Azərbaycanda mülki şəxslər öldürülürdü. Üstəlik Paşinyan utanmazcasına “Qarabağ Ermənistanındır, nöqtə” dedi. Prezidentin də çıxışında dediyi kimi, bu təxribatlarla erməni baş nazir Azərbaycan ictimaiyyətini təhqir etdi, hiddətləndirdi, qıcıqlandırdı. Düzdür, bu təxribatların cavabı hər dəfə verilirdi. Bu dəfə sentyabrın 27-də Azərbaycan təxribatlara qarşı əks həmləyə keçdi və düşmənin dərsini verdi. Bu günə qədər susqunluq göstərən dilləri lal, qulaqları kar, gözləri kor beynəlxalq təşkilatların dilləri ağızlarında durmur. Və yenə də ikiüzlü riyakar mövqedədirlər. Deyirlər ki, əməliyyatları dayandırın, yenə də danışıqlara başlayın.

 

- Ölkə ictimaiyyətinin belə bəyanatlara reaksiyası nədir və mövcud şəraitdə vəziyyət necədir, nəyə inanırlar?

 

- Ermənistan Azərbaycan şəhərlərini raket atəşinə tutur, mülki əhali ölür, yaralanır. Amma yenə də deyilmir ki, “işğalçı Ermənistan, işğaldan əl çək!” Təbii ki, hər bir Azərbaycan vətəndaşı uzun illərdən bəri davam edən iğala son qoymalıydı. Hər kəs “son damla qanımız tökülənə qədər şəhid olacağıq, amma torpaqlarımzı geri alacağıq” deyir. Azərbaycana zəng edən, bəyanatlar verən dövlətlər, beynəlxalq təşkilatlar öz ölkələrində problemlərini həll edə bilmir, bura zəng edirlər ki, aman günüdür savaşı dayandırın. Deyir özünə umac ova bilmir başqasına ərişdə kəsirlər. Təbii  ki, bu da ermənilərin oyunlarıdır. Emənilər qorxaq, fitnəkar, xain xislətə malikdirlər. Amma havadarlarının dəstəyi ilə  hərərkət edirlər. Makron kimi riyakar havadarlarına arxalanırlar. Lakin bu, artıq Azərbaycan xalqının qəti iradəsidir ki, erməni işğalçısının, terrorçusunun ayağı bizim torpaqlarda qalmamalıdır. O torpaqlarda bizim ulularımızın məzarı, ruhları var. Artıq Azərbaycan xalqı öz Prezidentinin başçılığı ilə öz haqqını bərpa edərək, torpaqlarını işaldan azad edəcək. Və bütün xalq Ali Baş Komandanın ətrafında səfərbərdir. Artıq beynəlxalq təşilatlar, dövlətlər kənara dursunlar, necə ki susmuşdular, indi də eləcə sussunlar.

 

- Bizə qarşı saymazlıq göstərən bu qurumları bu mövqeyindən əl çəkdirmək üçün hansı addımlara əl atılır və atılmalıdır?

 

- Biz onların iç üzünü ifşa eləməliyik. Azərbaycan bu 30 ildə çox əziyyət çəkdi. Biz itirdiklərimizi Vətən uğrunda savaşaraq bərpa etməliyik. Müqayisə etsək, heç ən böyük müharibələrdə belə bir qəddarlıq edilmirdi. İnsanlarımızı erməni cinayətkarlığının cəzasız qalmasından cana doyub. Biz yaralı əsgərlərimizlə görüşürük, o əsgərlərdə olan ruh yüksəkliyi bu zamanın o zaman olmadığını göstərir. Onları düşmən yarası yox, illərdir əsarət altında qalan və böyük Ermənistan iddiası ilə Azərbaycanın üzərinə silahlı dəstə ilə gələn terrorçularını dayandırmaq, düşməni torpaqlarımızdan tamamilə qovmaq amalı düşündürür. Bu gün Azərbaycan xalqı məhz bu amal ətrafında sıx birləşib. Allaha şükür ki, ordumuz çox böyük uğurlarla irəliyə doğru gedir. Ordumuza inanırıq. Ölkə vətəndaşları Prezidentin ətrafında sıx birləşib və hər dəfə vətəndaşlarla görüşümüzdə bunu möhtərəm Prezidentə çatdırmağımızı xahş edirlər.

 

- Məlahət xanım, bu gün bizim haqq səsimizi, haqsızlığımız kimi təqdim edən ermənipərəst media və onun Makron kimi havadarları müharibəyə görə məsuliyyəti Azərbaycanın üzərinə qoymaq istəyir. Bir sıra ermənipərəst dövlətlərin mediası reportajlar hazırlayaraq guya erməni əhalisinin “öz vətəni” uğrunda savaşdığını, qadınların sona qədər döyüşən əsgərlərin yanında qalacağını, evindən çıxarmaq istəmədiyini ifadə edən süjetlər tirajlayırlar. Nəzərə alsaq ki, erməni erməniləiyini edir və yalanlar uydurmaq onun köhnə işidir, deməli, cinayətkar bildiyini edəcək. O zaman düşmənlə danışdığımız bu hərb dillə yanaşı, dünya ictimaiyyəti ilə necə işlənilməlidir?

 

- İstər Azərbaycan ictimaiyyəti, ziyalıları, mediamız, onsuz da bu günlərdə mediamız çox aktivdir - hər kəs müxtəlif dillərdə çıxışlar etməli, daim dünyaya çıxaraq Azərbaycanın haqq səsini çatdırmalıyıq. Biz beynəlxalq təşkilatların bizim haqqımızı tanımalarını tələb etməliyik. Bu gün görünən odur ki, bu, hərbdən keçir. Ermənistan Azərbaycana qarşı təxribatçı, işğalçı, əməlindən əl çəkməyəcək. Nə qədər ki, mülki əhaimizi atəşə tutub öldürüblər, bu belə də davam edəcək. Bütün bunlar dünyaya, elə düşməni dəstəkləyən təşkilatların qarşısına fakt kimi qoyulmalıdır. Elə bu günlərdə beynəlxalq hüquq konvensiyalara məhəl qoymayan düşmənin Gəncəyə, Beyləqana, Ağcabədiyə, Tərtərə, Mingəçevirə atdığı raketlərin törətdiyi dağıntı və insan təlafatları barədə susmamalıyıq. Prezident son çıxışında, xarici mediaya müsahibsində bu məsələyə çox gözəl qətiyyətli şəkildə toxundu. Dedi ki, artıq bundan o tərəfə yol yoxdur. Paşinyan indi də gedib Şuşada yallı getsin, gedə bilirsə...

Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz düşməni dalana dirəyib. Siz yəqin ki, Paşinyanın Moskvanın Rossiya 1 kanalında “60 dəqiqə” verilişində necə rəzil durumda olduğunu gördünüz. Bu gün Ermənistanın rəsmilərinin öz sosial səhifələrində paylaşdıqları arqumentlərə baxanda da bu millətin necə xəstə təfəkkürlü olduğunu görmək olur. Onlar eramızdan əvvəl bizim ərazilərimizdə yaşadıqlarını iddia edən saxta tarix düzəldib, bu yerlərin Ermənistanın olması ilə bağlı yalanlar uydururlar. Bunlar o qədər ibtidai təşəkkürlüdürlər ki, 300 il əvvələ aid xəritələr hazırlayıb ona istinad edirlər. Onda gərək Amerika xəritədən silinsin, çünki hələ o vaxt yaranmamışdı. Bunların təfəkkürləri xəstədir. Ona görə də bu gün Makron kimi erməni xislətinə malik olan, erməni ruhlu siyasətçilər erməni xalqını ələ salıblar. Erməni xalqı öz sərsəm dövlət başçılarının girovuna çevrilib.

 

- Milli Məclisdə Makronun ATƏT-in Minsk qrupundan çıxarılması məsələsi qaldırıldı. Torpaqlarımızın sərhədlərini tanıyan Fransanın döyüşü dayandırb işğalçı ilə danışıqlara getmək, öz torpaqlarını müafiə edən ölkəni ittihamlaması kimi absurd yanaşması var. Belə mövqeli dövlət rəsmisinin təbii ki, fikirləri ciddi qəbul oluna bilməz. Makronun Minsk qrupundan çıxarılması mümkündürmü?

 

- Bu barədə cənab Prezidentimiz Əl-cəzirə kanalına müsahibəsində və bundan əvvəlki çıxışlarında da deyilib. Bildirib ki, bu savaş Ermənistanın təhriki, Azərbaycan əhalisinin iradəsi ilə olan bir məsələdir. Bir sözlə, Azərbaycan xalqı öz taleyini erməni ruhlu bir dövlətin başçısına bağlaya bilməz. 30 ildir Azərbaycan çox böyük haqsızlıqla üzləşib, indi də hansısa fransızın dediyi fikirlər əhalinin hiddətini artırıb. Fransa tam ermənipərəst dövlətdir və orada erməni diasporasının, lobbisini xüsusi təsir gücü var. Ermənilər orada seçkilərə təsir edə bilirlər. Bir neçə dəfə erməni soyqırım məsələsini parlamentə çıxarıblar və onu tanıdıqlarını deyiblər. Hətta kim “soyqırım olmayıb desə, ona qarşı cinayət işi açılacaq” deyə qərar da verilmişdi. Avropanın mərkəzində, demokratik ölkə sayılan Fransada belə bir qərarın qəbul olunması ağlasığmazdır. Azərbaycan xalqı da haqlı olaraq hesab edir ki, belə bir erməni heç vaxt Azərbaycanın haqqını eşitməz və daha çox onun hüquqlarını pozmağa xidmət edə bilər. Buna görə də Fransa həmsədr olduğu dövrdə heç vaxt Azərbaycanla bağlı ədalətli mövqe sərgiləməyib. Bu gün Azərbaycan parlamenti, Azərbaycan ictimaiyyəti tələb edir və xalqın tələbi Prezidentin qətiyyətli mövqeyi ilə ifadə edilir. Dünən Prezidentimiz çxışında çox gözəl vurğuladı ki, kimin ermənilərə qarşı sevgisi istəyi varsa öz torpaqlarından onlara yer verə bilər. Makron da ermənilərə belə dəstək vermək istəyirsə, ikinci Ermənistan dövlətini öz ərazilərində qursunlar, bizim ərazilərdə ermənilərə veriləcək torpaq yoxdur.

 

- Beynəlxalq təşkilatlar, dövlətər Azərbaycan sərhədlərini bütöv şəkildə tanıyıb. Bu gün öz hüququnun əksinə gedərək Qarabağın işğaldan azad olunmasına qarşı çıxış etməsi verdiyi bəyanatların öz gücünü avtomatik olaraq itirir. Deməli, bu dəfə Azərbaycan torpaqlarının erməni işğalından azad olunmasına dəstək verən beynəlxalq aləmin qarşısında hansı tələbi qoymalıyıq və qoyulur?

 

- Prezident işğalçı dövlətin işğalçı siyasətini bütün beynəlxalq tədbirlərdə ifşa edib. Prezident hər bir hesabat xarakterli çıxışları ilə Azərbaycan xalqına deyirdi ki, səbr et, Azərbaycan öz sözünü deyəcək. Dövlət başçısının ən böyük vəzifələrindən biri ölkənin, xalqının  təhlükəsizliyinə cavabdeh şəxs kimi işğalçıya öz dərsini verməkdir və Ali Baş Komandan bunu edir.

Bu gün 7-dən -77-yə qədər bütün xalq Ali Baş Komandanın arxasında dayanıb. Bu gün o gündür ki, 10 milyonluq xalqın sözü birdir. Hər bir vətəndaşımız bütün varlığı ilə Prezidentin o çıxışını dəstəkləyir. Hesab edirəm ki, istər beynəlxalq təşkilatlar, dövlətlər xalqımızın iradəsini sındıra bilməz. Bu, bizim haqq işimizdir, ədaləti bərpa edirik, biz öz torpaqlarımzı qoruyuruq. Bir sıra xarici jurnalistlərin yalan reportajlarının hansı ideya altında hazırlandığı bəllidir. Dünyanın inkişaf etmiş ölkələrində hansı medianı qurdalasan qurucusunun, pul verəninin, strateqlərinin erməni olduğu önə çıxacaq. Erməni əsilli insanlar Rusiyada, Amerikada, Fransada təsiredici gücə malikdir. O ölkələrdə azərbaycanlılar da yaşayır, fəaliyyət göstərirlər.

Düzdür, səfərbər olmuşuq, amma dünyanın nüfuzlu yerlərində mötəbər idarələrdə təmsil olunub böyük bir auditoriyaya təsir etmək gücünə sahiblənməmişik. İdeoloji müharibədə qalib gəlməsi üçün dünyada yaşayan azərbaycanlıların daha yüksək yerlərdə yer alması və sözünün keçməsi üçün imkanların yaradılması, təşkilatanması istiqamətində strateji işlər görməlidir. Biz Prezidentimizdən nümunə götürməliyik. Prezidentin nümunəsi bizə örnəkdir. Alimlərimiz, ziyalılarımız çıxışlar etməlidirlər. Amma xaricdə yaşayan ziyalılarımızda arxayınçılıq var. Təkcə “Qarabağ bizimdir” deməklə dayanmaq olmaz. Bir olmalıyıq, səsimizi, tələblərimizi çatdırmalıyıq. /hafta.az/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin