“Azərbaycanda ORDU, XALQ, ALİ BAŞ KOMANDAN VƏHDƏTİ mövcuddur” - MÜSAHİBƏ

12:08 15-10-2020 | icon 851 | Müharibə
“Azərbaycanda ORDU, XALQ, ALİ BAŞ KOMANDAN VƏHDƏTİ mövcuddur” - MÜSAHİBƏ

Rəşad Süleymanov: “Orduda maddi təminatımız ən yüksək səviyyədədir, motivasiya xüsusilə yüksəkdir”

 

Ermənistanın Azərbaycana qarşı hərbi hücumları, hərbi təxribatları davam edir. Ermənistan strateji müttəfiqi olan Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla “humanist atəşkəs” razılaşması bağlasa da, ona qəti şəkildə əməl etmir. Bu razılaşmadan çox keçmədi, gecə saat 02:00 radələrində Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni qadağan olunmuş raketlə atəş atəşə tutdu. Bununla da Ermənistan Azərbaycanda növbəti genosid aktını həyata keçirdi. Düşmənin raket zərbəsi nəticəsində yaşayış evləri dağıdıldı, çoxlu yaralı, ölənlər oldu. Ermənistanın Azərbaycana qarşı illərlə davam edən cinayət əməllərinin qarşısı alınmadıqca, ona “dur” deyilmədikcə, beynəlxalq təşkilatların sanksiyaları ilə üzləşmədikcə daha da azğınlaşır. Belə bir vəziyyətdə Azərbaycan Ordusu öz torpağının, vətəndaşlarının təhlükəsizliyini qorumaq, bərpa etmək üçün hansı gücə arxalanmalıdır, necə hərəkət etməlidir?

 

Versus.Az xəbər verir ki, hərbi ekspert Rəşad Süleymanov müsahibəsində Azərbaycanda elan olunan hərbi vəziyətin tələblərə və gündəmi zəbt edən digər nüanslara diqqət çəkib.

 

- Rəşad bəy, 27 sentyabr tarixi Azərbaycan Ordusunun işğalçı Ermənistanın ölkəmizə hərbi müdaxiləsinə qarşı əks-hücumlarının başlanğıcı kimi qiymətləndirilməklə yanaşı, hərb tariximizdə hansı yeni səhifəni açmış oldu. Ordumuzun bugünkü gücü necə qiymətləndirilməlidir?

 

- Bu gün Azərbaycan Ordusunun işğalçıya qarşı sentyabrın 27-dən başlayan əks-hücumunu yüksək texnologiyaların tətbiq olunduğu mühribə kimi xarakterizə edə bilərəm. Çünki bu müharibə 5-ci nəsl silahlarla silahlanan Azərbaycan ordusu ilə 2-ci nəsl silahlara sahib Ermənistan silahlı qüvvələri arasında olan bir hərbi əməliyyatdır. Azərbaycan Ordusu tabeliyində olan müasir silahları tətbiq etməklə döyüşlərin ilk saatından başlayaraq düşmənə ağır zərbələr endirdi. Düşmənin çox sayda texnikasını, artilleriya sistemini, ilk olaraq hava hücumundan müdafiə sistemini məhv etdi. Hansı ki, onların içərisində S-300 raket kompleksi və rəsmi məlumatlara görə, Rusiyadan alınmış For-2MK tipli raket kompleksi də var. Döyüş əməliyyatları zamanı düşməndən çoxlu sayda qənimətlər götürülüb - tanklar, piyada döyüş maşınları, eləcə də döyüş meydanında düşmənin yüzlərlə canlı qüvvəsi məhv edilib.

 

Bu gün Azərbaycan ordusu müharibəni yeni texnoloji yanaşmalar əsasında aparır. Bu, əvvəldə də qeyd etdiyim kimi yüksək texnologiyanın tətbiqi əsasında aparılır. Ordumuz, Ali Baş Komandanın da qeyd etdiyi kimi, “maksimum nəticə, minumum itki” prinsipinə əsaslanır. Bu da onu göstərir ki, Azərbaycan ordusu 15 il müddətində öz hərbi büdcəsini yüksələn xətt üzrə artırıb və Azərbaycan uzun illər müasir tipli silahların alınması, pilotsuz uçuş sistemlərinin əldə edilməsinə diqqət yetirib. Bu kimi addımlar bu gün öz bəhrəsini verir və sözdə deyil, artıq əməldə Azərbaycan ordusu öz imkanlarını, döyüş qabiliyyətini sübut edir. Ötən gün Amerika Ordusunun generallarından biri açıqlamasında belə bir maraqlı nüansı qeyd etmişdi ki, Azərbaycanın Qarabağda apardığı müharibə öyrənilməsi və gələcək doktrinaların, taktikaların dəyişdirilməsi baxımından əhəmiyyət daşıyır. Azərbaycan Ordusu tam hərbi qaydalara uyğun olaraq müharibə aparır.

Bu gün Ordumuzun şəxsi heyətində böyük ruh yüksəkiliyi var. Azərbaycanda ORDU, XALQ, ALİ BAŞ KOMANDAN VƏHDƏTİ mövcuddur. Xalq-Ordu birliyində böyük bir bağ yaranıb, artıq insanlar könüllü şəkildə döyüşə getmək və ərazi bütövlüyümüzü qısa müddətdə təmin etmək üçün ayaqdadırlar, gecə-gündüz əsgərin yanındadırlar. Azərbaycan Ordusu, şəxsi heyət heç bir çətinliklərdən qorxmur, döyüşmək üçün irəli atılır və düşmənin canlı qüvvəsini məhv edir. Məhz bunun nəticəsidir ki, döyüş bölgəsində minlərlə düşmən meyiti qalıb və düşmən tərəfi meyidlərinə da sahib çıxmaq istəmir. Ən strateji yüksəkliklər ələ keçirilib və bu da bizim üşün qarşıda yeni plastarmlar açır. Bu gedişlə qısa bir müddətdə düşmənin müqavimətinin tam olaraq qırılması və ərazilərimizin azad edilməsinin şahidi olacağıq. Artıq düşmənin müqavimət əmsalının aşağı düşdüyünü müşahidə edirik. Onların özünün çəkdiyi videomateriallardan da görünür ki, erməni ordusunda ruh yüksəkliyi yoxdur. Ermənilər ordan-burdan yığdıqları 5-3 terrorçunu Qarabağa gətiriblər, onlar da tab gətirmədən məhv edilirlər. Bu gün Azərbaycanda mövcud olan psixoloji, hərbi, həm də ərazi üstünlüyü Ordumuzun növbəti uğurlarının əldə edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

 

- Döyüşün silahların gücü ilə deyil, əsgərin yüksək döyüş ruhu ilə qazanıldığı deyilir. Siz də qeyd etdiniz ki, bu ruh Azərbaycan ordusunda var və ictimaiyyət bunu görür, hiss edur və öz ordusunun arxasındadır. Hərbi ekspert kimi fikriniz maraqlıdır, sizcə, Qələbənin təmin olunmasının formulu nədir?

 

- Qələbənin təmin olunmasında tələb olunan bir formul var: canlı qüvvə, yəni Ordunun düşünən beyni və vuran əli, plyus texniki imkanları, plyus təminatı, plyus motivasiyası... Bu faktorlar təmin olunursa, gələcək uğur mütləq təmin olunur. Bu dünyada da qəbul olunmuş bir aksiomdur. Azərbaycan ordusunda bunların hamısı var. Allaha şükür ki, canlı qüvvə sarıdan Ermənistanla müqayisədə 10 dəfə artıq imkanlarımız var. Bayaq da qeyd etdiyim kimi, Azərbaycanda 5-ci nəsil silahlardan istifadə edilir və bəzi silahlar hələ ki, istifadə edilmir. Yəqin ki, zamanı gələndə onları da istifadə edəcəyik. Qarabağın, işğal altında olan ərazilərimzin başına-ayağına baxsaq, cəmi bir neçə yüz kiolometrdir, ona görə də hələ ki, o silahlara ehtiyac yoxdur. Bundan əlavə Orduda maddi təminatımız ən yüksək səviyyədədir, motivasiya xüsusilə yüksəkdir. Kiçikdən böyüyə, 7-dən 77-yə, hamının yüksək döyüş ruhu var, hamı torpaqların tezliklə işğaldan azad olunmasını istəyir. Əgər xalqda belə bir döyüş ruhu varsa, demək orduda daha çoxdur. Bunlar bir-biri ilə sintez olunmuş, bir-biri ilə əlaqəli olan proseslərdir. Onların hamısı Azərbaycanda cəmləşir və bu motivasiyanın üzərinə, yüksək texnologiyanı gəldikdə, artıq bizim qələbə potensialımız real görünür. Ermənistan ordan-burdan yalvar-yaxarla, telefon zəngləri ilə, cənab Prezidentin də dediyi kimi, o adam qalmayıb ona ağız açmasın, dabanını yalamasın ki, Azərbaycan münaqişəni dayandırsın. Reallıq budur, düşmən uduzduğunu yaxşı bilir və dərk edir.

 

- Bu gün ŞƏHİDLƏRimiz var. Bildiyimə görə siz də ailə olaraq şəhidlər vermisiz, bütövlükdə Azərbaycan şəhidləri bizim üçün müqəddəsdir, əzizdir. Amma bir reallıq da var ki, torpağın azadlığı şəhidlərsiz də olmur. Necə hesab edirsiz, cismani olaraq torpaq uğrunda verdiyimiz qurbanlar bu torpağa, millətə, xalqa hansı ruhu, hissi qazandırır?

 

- Müharibədə şəhid olmalıdır və olur. Kimsə düşünürsə ki, müharibə itkisiz ola bilər, bu doğru deyil. İtki vermədən düşmən üzərində qələbə çalmaq mümkün deyil. Ermənilər danışıqlar adı altında illərdir işğal olunmuş ərazilərimizdə çox möhkəm müdafiə ehkamları qurublar. Bu gün ərazilərimizi işğaldan azad etməyə qalxan əsgərimiz o istehkamları çox böyük igidlik göstərərək yarıb keçir. Terrorçuların qurduğu həmin yuvaların beton piltələrlə mühafizə olunduğunu nəzərə alsaq, itkilərin olması labüddür. Hansı ki, əks-hücum əməliyyatlarında qəbul olunmuş standartlar var ki, müdafiə olunan tərəf nə qədər itki verə bilər, hücum edən tərəf nə qədər itki verə bilər. Lakin  bununla belə Azərbaycan Ordusunun verdiyi itkilər düşmənin ordusunun verdiyi itkilərdən dəfələrlə azdır. Bununla belə döyüşdə verdiyimiz itkilər Azərbaycan cəmiyyətini ağrıtmır. Bəli, orduda döyüşən əsgər hər birimizin canımız, qanımız olan vətəndaşımızdır. Əsgərimizin barmağına dəyən daş, bizim ürəyimizi qanadır, ağrıdır. Amma əgər bu gün şəhid atası deyirsə ki, mən ikinci övladımı da götürüb özüm də döyüşməyə gedərəm, təki döyüş dayanmasın, torpaqlarımızı azad edək, bu o deməkdir ki, artıq insanlar nə bahasına olursa-olsun, münaqişənin həll edilməsini, torpaqların azad edilməsini və gələcək nəsillərə saxlanılmasını istəmir. Bu gün Azərbaycanda müharibə əhval-ruhiyəsi var və bu ruh, mənim özümü dərk etməyə başladığım 30 il ərzində gördüym ən güclü ruhdur. Azərbaycanda xalqın belə birliyi, ruhu olmayıb, xalqın bu cür torpaq uğrunda savaşmaq, müharibə istəyi  olmayıb. Əgər cəbhə zonasında olan insanlar öz evində olan bahalı xalçasını çıxardıb əsgərə verir və deyirsə ki, yerə sər, üstündə yat deyirsə, əgər sonuncu çörəyini əsgər üçün daşıyırsa, güllənin altında əsgərin yanında olursa, o xalq məğlub olmaz. O xalq mütləq qələbə çalmalıdır. Allah şəhidlərimizə rəhmət eləsin, müharibə şəhidlərsiz olmur. Atatürkün məşhur bir ifadəsi var: - “Analar əsgər doğacaqdır, amma Çanaqqala doğulmayacaqdır!”

Yada salaq, 1990-cı ildə əhalimiz 6.6 milyon nəfər idi, indi isə 10 milyondur. Əhalimiz artıb, amma torpaq doğulmur, artmır. Minlərlə insanımız şəhid olacaq, amma torpaqlarımızı azad edəcəyik. Bu münaqişəni gələcək nəslə ötürmək olmaz. Hər bir şəhid bizim əzizimizdir, canımızdır, gözümüzdür, amma işğalda olan torpaqlarımız alındıqca, biz onların da qisasını alırıq. Bunu əyani şəkildə görə bilirik. Bu gün Azərbaycan ordusu düşmənə elə zərbələr endirib ki, ermənilər qorxu içindədirlər. Artıq Xankəndində hər bir uğultunu dron hesab edirlər. Bir zərbəyə düşmənin onlarla canlı qüvvəsi məhv edilir, hərbi texnologiyaları sıradan çıxarılır. Yəni düşmənə həm maddi zərər yetirilir, həm də canlı qüvvəsi məhv edilir. Yəni bu gün artıq bizim hər bir şəhidimizin qisasını ordumuz artıqlaması ilə alır və hətta o vəziyyətə çatıb ki, düşmən öz meyitlərini də götürmək istəmir.

 

- Deyir, torpaq uğrunda ölən varsa vətəndir. Təbii ki, biz bu gün torpaqlarımızın erməni işğalından azad olunması uğrunda savaşa qalxmışıq. Biz sülh istəyən millətik. Amma Ermənistan torpaqlarımızı işğal etməklə bizə müharibədən başqa yol qoymur. Bu gün də Ermənistan özünün cinayətlərini ört-basdır edir və Azərbaycanı hərbi əməliyyatlara görə qınaq obyektinə çevirməyə cəhd edir. Bununla bağlı nə söyləyərdiz?

 

- Qarabağ Azərbaycandır, müharibə Azərbaycan torpaqlarında gedir. Xankəndi, Şuşa, Əsgərən, Hadrut və digər işğalda qalan ərazilər bizimdir. Şəhər bizimdir, dağıdarıq da, tikərik də. Necə ki, Cocuqmərcanlını yenidən tikdik, qəsəbələr saldıq, o yerlərdə də bunu edəcəyik. Ermənilər beynəlxalq konvensiyalara, beynəlxalq hüquqa məhəl qoymadan və başqasının torpağını işğal etdiyi bəs deyilmiş kimi, həmin ərazilərə xaricdən köçürülmələr edib. Bilməliydi ki, adamları başqasının ərazisində məskunlaşdırır. Bilməliydi ki, Azərbaycan o yerləri ya xoşluqla, ya da zorla düşməndən alacaq. Torpaq bizimdir, nə vaxtsa gətirib burda məskunlaşdırdıqları ermənilərin indi getmək vaxtlarıdır. Cənab Prezident də deyib ki, biz Azərbaycan torpaqlarında ikinci bir Ermənistan dövlətinin yaranmasına imkan verməyəcəyik. Bütün dünyada yaşadıqları yerləri var, getsinlər onları dəstəkləyən ölkələrdə özlərinə dövlət yaradıb yaşasınlar.

Azərbaycan əsgəri mülki əhaliyə atəş açmır. Biz humanist müharibə aparırıq. Azərbaycan bunu dəfələrlə bəyan edib ki, Azərbaycanın qanunlarına tabe olub, Azərbaycan hökumətinin yuridiksiyasını qəbul edib yaşamaq istəyəcəklərsə yaşasınlar, yaşamayacaqlarsa yol açıqdır. Bu gün ermənilərə keçmişdə olduğu kimi nə muxtariyyat hüququnun verilməsi var, nə status- kvo var, nə də cəbhə xətti var. Bunların nazı ilə oynasaq gərək bir 30 ildə gözləyək. Bu da mümkün deyil. Bu münaqişəni övladlarımıza yox, nəvələrimizə ötürməyə haqqımız yoxdur. Amma Azərbaycan qanunlarını qəbul etməyənlərin burda yaşamağa haqqı yoxdur.

 

- Ermənistan qadağan olunmuş raket atəşi ilə Gəncə şəhərinin yaşayış evlərini bombaladı. Ailələr, qadınar, uşqalar qətlə yetirildi. Bu hadisə o zaman baş verdi ki, Ermənistan Rusiyanın vasitəçiliyi ilə atəşkəsə imza atdı və sonra yenə də xaincəsinə hərəkət etdi, gecə yatdığı yerdə dinc əhalini, uşaqları öldürdü. Belə olan surətdə beynəlxalq ictimaiyyətdən sadəcə “biz təəssüf edirik” ifadəsi nəyi ifadə edir?

 

- Tarixə nəzər salsaq görəcəyik ki, Ermənistan belə bir cinayəti 1992-ci ildə Xocalıda törətmişdi. Ermənistanın Azərbaycan qarşı törətdiyi genosidlər çoxdur və bunu görə bilmək üçün yaxın tariximizə nəzər salmaq yetər. Yəni erməninin Azərbaycan, türkə olan münasibəti bəllidir. Lakin həmişə danışıqlardan istifadə edərək öz himayədarlarının dəstəyi ilə öz silahlı qüvvələrini gücləndirib, sonradan birtərəfli qaydada atəşkəsi pozublar, danışıqlar bəhanəsi ilə ərazilərimizi ələ keçirib Azərbaycana ziyanlar vurublar. Biz indiyə qədər ermənilərin bu hiyləsini görmüşük. İndi də “humanitar atəşkəs”ə görə döyüş meydanında olan cəsədlərin götürülməsi, yaralıların götürülməsi, əsirlərlə bağlı məsələlər həll olunmalı idi. Bu müvəqqəti müəyyən edilmiş bir proses idi. Lakin erməni mənfurları elə ilk saatdan buna tabe olmadı, nəinki döyüş mövqelərimizi, Gəncə şəhərini, Mingəçeviri və digər rayonlarımzı da karset başlıqlı raketlərlə atəşə tutdu. Hansı ki, 111 ölkə öz arsenalında olan bu tip raketlərin istifadəsini qadağan edib və ləğv etmə prosesindədir. Bundan başqa oktyabrın 10-da Gəncəyə Toçka-u raketi endrdi. Gəncədə raket zərbəsi ilə qətlə yetirilən insanlar mülki vətəndaşlardır. Düşmən ballistik raketlərlə mülki əhalini hədəfə alır. Erməni öz mənfur xislətini bu gün də göstərir. Erməni həmişə bu tip addımları atmağa çalışıb. Bunu birinci Qarabağ müharubəsində, sonrakı dövrdə də edib.

 

- Rəşad bəy, “karsetli” silah nədir?

 

- Karsetli silahlar o silahlara deyilir ki, bir mərminin içində ayrıca 70-74 karset – bomba olur. Atılanda dağılır ərazilərə və partlamadan qala bilir. Tutaq ki, suya düşür, torpağa batır, kola ilişir. Sonralar kimsə bilmədən ona toxunanda partlayır, insanlar ölür. Ermənilər kanallar vasitəsi ilə də o cür silahları bizə tərəf axıdır. Belə silahların qurbanı xüsusilə uşaqlar olur. Düşmən görün hansı addımlara əl atır. Azərbaycan ordusu bu tip silahlardan, ümumiyyətlə istifadə eləmir. Azərbaycan beynəlxalq konvensiyalara qoşulmadan belə, qadağan olunmuş silahları ləğv edib. Amma Ermənistan hansı silah qadağandır ondan istifadə edir, hətta istehsalı ilə də məşğuldir. Ermənilər özləri də etiraf edirlər ki, mülki insanları qırmaqla Azərbaycanda narazılıq yaratmaq istəyirlər.

Xatırlayırsızsa, 5-6 il qabaq Serj Sarkisyanın bir müsahibəsi yayımlanmışdı. Orda Sarkisyan deyirdi ki, biz mülki əhalini qırmaqla insanların gözünü qırırdıq, ondan sonra hücum edəndə qarşımızda heç kəs qalmırdı, hamı qaçıb gedirdi. Bu adam özünün iç xislətini göstərir ki, mülki əhalini hədəfə almaqla insanlar arasında təşviş yaratmağa çalışırlar. Belə hallar nəticə etibarilə onların əlinə işləyirdi. Dünya isə buna göz yumur.

 

- Erməninin xisləti bəllidir və o, öz mənfur addımlarından əl çəkməyəcək. Təkcə 1992-ci ildə Xocalı soyqırımını törətmiş terrorçu ermənidən bundan artıq nə gözləmək olar. Amma dünyanın sülh, demokratiya, insan haqları müdafiəçiləri olan beynəlxalq qurumları da var və onlar niyə bu məsələdə laqeyddirlər?

 

- Beynəlxalq təşkilatlar ermənilərin bu terroruna susurlar. Elə bil bunlar gülməşəkər millətdir və onlara söz demək olmaz. Bunların havadarları başlarına sığal çəkib dururlar. Üstəlik, nəinki cinayətkara laqeyd yanaşırlar, hətta Rusiyadan Ermənistana silah-sursat, raket kompleksi, raketlər üçün döyüş sursatları göndərirlər. Hətta Fransadan, Amerikadan gələn könüllülər Ermənistana dəstək üçün döyüşmək istəyiblər. İndi onların meyidləri ortaya çıxır. Nə olsun ki, familiyasının axırı “yan”dır, axı o ABŞ vətəndaşıdır və dünya bunu görməli, ölçü götürməlidir. Qəribə yanaşmaları var: bir müsəlman əlinə avtomat alanda bu olur terrorçu, bəlkə də o öz kəndini, el-obasını qoruyurdu. Erməni keşişi əlində avtomat alıb döyüşə gedir, üstəlik də şəkil çəkdirib Ermənistan ordusuna dəstək verdiyini göstərir, amma ona terrorçu deyən yoxdur. Cənab “başbilənlər”, o keşiş əlinə avtomat alıb gəlib burda xaç çevirmir ey, o öldürməyə gəlir!. Bunların hansı kitabında, müqəddəs kəlamında yazılıb ki, dinc insanı öldür. Lakin artıq dünyanın da çarəsiz qaldığı bu problemi Ordumuz özü həll edəcək. Və ordumuz sözünü deyir, sonuncu nəfərimizə qədər döyüşəcəyik.

 

- Məlum “atəşkəs” məsələsindən sonra Azərbaycan ictimaiyyətində bir səbirsizlik və qəzəb hissi baş qaldırdı. Heç kəs atəşkəslə razılaşmadı, çünki bunu düşmənin növbəti hiyləsi olduğunu bilir.

 

- Belə atəşkəslə heç kim razılaşmır. Deyir ki, övladım şəhid olub, indi də özüm gedəcəm, niyə atəşkəs olmalıdır?! Bizim insanların səbr kasası dolub. Artıq “lazım“da gəlib, o da əlində silah Qarabağdadır. Bu gün cəbhədə 1990-cu ildə döyüşənlərin uşaqları döyüşür. Qarabağdan qundaqda gələnlər, indi tankın üstündə Qarabağa gedir. Artıq biz bunu o biri nəsillərə ötürməməliyik, öz məsələmizi birdəfəlik həll etməliyik. Bizim ölkəmizdə ikinci erməni dövləti olmayacaq.

Amma müharibə görməyən insanlar fikirləşirlər ki, hər gün hansısa rayon alınmalıdır, yaxud, “niyə dayandıq, niyə getmirik” - deyə, soruşurlar. Hər kəs bilməlidir ki, bu müharibədir və alınan hər hansı bir kənddə möhkəmlənmədən onun alındığını elan etmək olmaz. Cənab Prezident də dedi ki, biz nəyin nə zaman, necə olacağını bilirik.

Döyüşlər gedir, uğurlarımız var. Rəsmi məlumatları gözləmək lazımdır, ruhdan düşmək olmaz. Rəsmi məlumatlara inanmalıyıq. İnşallah, hər şey yaxşı olacaq və bu günlərdə şad xəbərlər alacağıq. /hafta.az/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı