“Bunları etməklə avitaminozdan qoruna bilərsiz”
Nərminə Abbasova: “Vitamin əskikliyi qan analizləri ilə də asanlıqla təyin olunur”
Həyati vacib vitamin və mineralların defisiti AVİTAMİNOZ adlanır. Avitaminoz elə bir haldır ki, uzun müddət insan vitaminsizlik vəziyyətində olduqda peşəkar həkim onun elə xarici görünüşünə baxdıqda vitamin defisitini təyin edə bilər.
Bugünlərdə Versus.Az-ın oxucularını D vitamini çatışmazlığı ilə bağlı məlumatlandıran Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi NƏRMİNƏ ABBASOVA bu dəfə avitaminozdan bəhs edəcək.
Nərminə Abbasova deyir ki, vitamin əskikliyi qan analizləri ilə də asanlıqla təyin olunur:
“Amma təəssüf ki, bizim vətəndaşlar özlərində hər cür xəstəliyi axtarıb hər cür müayinələrdən keçməyə hazır olduqları halda vitamin əskikliyi barədə bilmək istəmir, maraqlanmır və defisitə dair analizlər vermir. Bir çoxları qanazlığı, dəmir defisiti və D vitamini defisitini tanıyır və yoxlayır. Əslində isə orqanizm bu 1-2 vitamin üzərində qurulmayıb. Bədəninizin avitaminoza verdiyi 8 ciddi siqnala da diqqət yetirin, o zaman biləcəksiz ki, bu siqnallar nəyin əskikliyini göstərir. Əminəm ki, bu əlamətlərdən azı 5-i sizdə var”.
Nərminə xanım deyir ki, əgər dırnaq qırılır, saçlar quruyub sınırsa, dişlər tökülürsə bu, BİOTİN – B7 çatışmazlığından irəli gəlir:
“Biotin bizə onun üçün lazımdır ki, qəbul etdiyimiz qidanı enerjiyə çevirsin və həyati vacib proseslər üçün istifadə olunsun. Biotin əskikliyinin digər əlamətləri əzələ qıcolmaları, əl-ayağın keyiməsi, tez yorulma, gücsüzlük, səbəbsiz əzələ, bədən ağrılarıdır. Bu əlamətlərə daha çox hamilələr, siqaret çəkənlər, içki içənlər, dieta saxlayanlarda rast gəlinsə də, indi daha çox adamda var. Uzun müddət antibiotik, qıcolma və nevroloji dərmanlar qəbul edənlərdə də biotin çatışmır.
Orqanizmdə biotini artırmaq üçün yumurta sarısı, brokkoli, banan, süd, süd məhsulları, subtropik meyvələr, mal qaraciyəri, qarğıdalı, yarma, yulaf, balıq yemək lazımdır”.
Həkim-terapevt qeyd edir ki, əgər ağzın künclərində quruma və çat, dodaqlarda yara, çat varsa, bu, dəmir və B qrup vitaminlər defisitdir:
“Xüsusən ağzının küncləri quru, çat olan insanlarda B 1 – tiamin, B 2 – riboflavin, B 6- piridoksin çatışmır.
Digər əlamətlər: susuzluq, ağızda quruma və ya çox ağız suyu axma, ağzın içində ağrılı yaralar, stomatit olur. B qrup vitamin çatışmadıqda insanda nevroloji xəstəliklərin çoxu yaranır.
B qrup vitaminlərlə zəngin qidalar: tam paxladan çörək, maya, balıq, qoz, qaraciyər, kakao, qara şokolad, banan, qarabaşaq, süd məhsulları, yumurta, badam, qoz. Hər gün ən azından bir ovuc yemək lazımdır. Qida ilə ala bilməyəcəksizsə, həkim sizə vitamin tabletləri, iynələri yazmalıdır”.
Nərminə xanım bildirdi ki, əgər hər gün dişi yuyanda, hətta yumayanda diş əti qanayırsa, deməli vitaminlərin şahı C vitamin çatışmır:
“Bu isə olduqca təhlükəli məqamdır. Çünki bu vitamin immunitetin vəziyyətinə cavabdehdir. Bir adı da askorbin turşusu olan C vitamini uzun müddət defisit olduqda ən ağır hallardan biri olan ÇİNQA (SİNQA) xəstəliyi yaradır.
Digər əlamətləri: yaraların sağalmaması, əzələ zəifliyi, bədəndə gücsüzlük, arıqlama, bədəndə, ayaqlarda göyərmələrin yaranması, əsəbilik, iştahsızlıqdır.
Ümumiyyətlə, qidasında meyvə-tərəvəz az olan, yaxşı qidalanmayan hər kəsdə C defisiti ola bilər. Onu da deyim ki, orqanizmdə bu vitamin özü hasil olmur, mütləq kənardan daxil olmalıdır. Qeyd edim ki, C vitaminlə zəngin qidalar çoxdur. Bunlar Limon, kivi, itburnu, portağal, ananas, göyərti, səbzələr, kələmlər, bolqar bibəri və sairdir”.
Məlum olduğu kimi bir çox insanlar getdkcə görmə qabiliyyətlərinin zəifləməsini qocalıqla əlaqələndirirlər. Ancaq o da məlimdur ki, hətta qoca insanların əksəriyyətində görmə heç də zəif olmur.
Nərimə xanım deyir ki, görmədə problem varsa, bunun üzərindən belə də olmalıymış kimi keçmək olmaz. Çünki gözlərdə zəiflik mütləq vitamin defisitinə bağlıdır:
“Hava qaralanda görmənin pisləşməsinə toyuq korluğu deyilir. Gözün ağında ağ ləkələr də uzun müddət A vitamin - retinol əsklikliyində olur. A vitamin əskikliyi az rast gəlinsə də, indi geniş yayılıb. A vitamini dərman əlavələri kimi qəbul etmək həkim göstərişi olmadan olmaz. Çünki retinol orqanizmdə toplanır, onun çoxluğu toksiki zəhərlənmə verir. A vitamini ilə zəngin qidalar tünd rəngli göy-göyərti, narıncı rəngdə meyvələr, tərəvəzlər, eləcə də mal əti, heyvani qidalar və yağlardır”.
Həkim deyir ki, vitaminsizliyin birinci əlaməti başda, dəridə özünü göstərir. Onun sözlərinə görə, indi də baş dibində kəpək, seboreya olmayan insan azdır:
“Bu hallar B2, B3, B6 vitamini əskikliyində olur. Belə xəstələrin qan analizi onlarda niasin, riboflavin, piridoksinin azlığını göstərir. Qida ilə aradan qaldırmaq üçün paxlalılar, ət, balıq, toxum, buğda, qoz, çərəz, dəniz məhsulları yemək lazımdır.
Sadaladıqlarımdan da gördüyünüz kimi, hər kəsdə rast gəlinən bu zahiri siqnallar vitamin defisiti ilə bağlıdır”.
Nərminə xanım bildirdi ki, bu problemi qidalanma və yaxşı pəhrizlə düzəlmək olur:
“Əsl avitominozu qida rejiminə korreksiya verməklə müalicə etmək demək olar ki, mümkün deyil. Bu zaman həkim nəzarətində böyük dozalarda qana vitamin vurulması həyata keçirilir. Vitamin iynə ilə damara və əzələyə vurulur. Lakin bununla müalicə yekunlaşmır. Vitamin qəbulu az miqdarda olsa da, daha bir neçə həftə davam edir. Eyni zamanda avitaminoz zamanı yaranan xəstəliklərin müalicəsi aparılır.
Əsas profilaktik tədbirlərdən düzgün qidalanmaq, təmiz günəşli havada çoxlu gəzmək, həzm orqanlarının müalicəsisini qeyd etmək olar. Bunları etməklə avitaminozdan qoruna bilərsiz”.
DİQQƏT!
Həkim-terapevt Nərminə Abbasova avitaminozdan əziyyət çəkənləri müalicə üçün Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:
TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96
ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.
LƏMAN
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"