BAYRAQLAŞAN ŞUŞA, ŞUŞALAŞAN BAYRAQ...

11:32 09-11-2020 | icon 377 | Cəmiyyət
BAYRAQLAŞAN ŞUŞA, ŞUŞALAŞAN BAYRAQ...

Builki Bayraq Günümüz bir başqadır

 

QƏNİRƏ PAŞAYEVA
/Milli Məclisin Komitə sədri/

 

Bu gün Bayraq Günümüzdür. 10 ildir bu günü rəsmi dövlət bayramı kimi qeyd edirik. Bayrağımız kimi onun günü də həmişə əziz olub; ancaq builki Bayraq Günümüz bir başqadır.

 

Bu Bayraq Günümüzdə bayram yiyəsi bayrağımız Şuşada dalğalandı. Dünyanın ən gözəl bayrağı dünyanın ən gözəl şəhərindədir artıq! Əlbəttə, mən Azərbaycan Dünyasının ən gözəllərini, ən əzizlərini nəzərdə tuturam.

 

Hər xalqın bayrağı, şəhəri özünə əzizdir və bu normaldır, başadüşüləndir. Anormal olan o idi ki uğursuz bir dövlətin əslsiz bayrağı, üstəlik qondarma rejimin qondarma “bayrağ”ı ilə 28 il boyunca qoşa dalğalanırdı Şuşada...

 

28 il! Bir insan ömrüdür! Bir şəhər üçün də, qoca tarix üçün də 28 il “gəldi keçdi” – gözqırpımı kimi bir olaydır; ancaq mənimlə eyni nəslə mənsub azərbaycanlılar üçün bu 28 il ömrümüzə qaranlıq çökdü...

 

Şuşanın dağları başı dumanlıdır, ancaq bizlər o dumanı heç zaman qara təsəvvür etməmişik – elə bilmişik Şuşanın dumanı, buludu ancaq ağ ola bilər...

 

Bir tərəfdən də, 28 illik işğal günlərində, Şuşanın Şuşabilməz ermənilərlə davada olduğunu, onlara buludun ən qarasını, qışın ən soyuğunu, istinin ən bürkülüsünü “bəxş etdiyi”ni düşünmüşük. İnanırsız, məndə belə təsəvvür vardı ki Şuşanın dağı-daşı, ağacı, quşu, gülü-çiçəyi, xarıbülbülü... xilaskar Azərbaycan əsgərinə yol göstərəcək, köməkçi olacaq...

 

Təbiəti, iqlimi, yeri-göyü və əlbəttə, babaların ruhu ilə öz həqiqi sakinlərini səsləyib, dururdu Şuşa! Budur, bu il, 11-ci ayın 8-ci günündə, Şuşanın azadlığını Azərbaycanın Ali Baş Komandanı dünyaya duyurdu! Azərbaycan əsəgəri bir əlində Silah, bir əlində Bayraq, sinəsində manqal kimi Ürək, vücuduna hakim kəsilən yenilməz Ruhla Şuşaya girdi! Necə deyərlər, “Ruh bədənə qovuşdu”!..

 

Şuşa haqqında çox yazılıb, çox deyilib, daha çox yazılacaq, deyiləcək! Nə gizlədim, dünəndə qalmayan dünənki azadlıq xəbərinin şüurlarda dərin dərkinin hələ tam baş vermədiyini düşünürəm. Möcüzə kimi həqiqət, həqiqət kimi möcüzədi Şuşanın azadlığı! Biz 8 noyabra hələ çox qayıdacaq, çox xitab edəcək, dönüb-dönüb bir də vurulacaq, bir də ruhlanacağıq bu gündən! Cənab Prezidentin Şuşa müjdəsini verməmişdən öncə Fəxri Xiyabanda Ümummilli liderin məzarını və Şəhidlər Xiyabanını ziyarət etməsi günümüzə xüsusi məna qatdı, qələbəmizin məzmununu dərinləşdirdi. Tarixə, siyasi-ideoloji irsə, mənəvi dəyərlərə ehtiram, şəhidlərin ruhuna dərin sayğı vardı bu ziyarətlərdə. Bəlkə rəmzlərlə çox bağlamaq düzgün olmaz, ancaq 8 mayda – 9 may Faşizm üzərində Qələbə Günündən öncə işğal olunan əziz şəhərimizin 8 noyabrda – 9 noyabr Dövlət Bayrağı Günündən öncə azad olunması da təsadüfdən çox təvafüq təsiri bağışlayır.

 

Başqa bir təvafüqlük: Ermənistan silahlı qüvvələrinin yalnız Ağdamı işğalını 43 gün ərzində çətinliklə gerçəkləşdirə bildiyi halda, biz sentyabrın 27-dən keçən 43 gün ərzində artıq Şuşanı azad edəcək qədər uzun bir zəfər yürüyüşü gerçəkləşdirdik. Özü də, 30 ilə yaxın quraşdırılmış mühəndis istehkam qurğularını, təbii və sünii sığınacaqları, eşalonlaşmış müdafiə xətlərini yara-yara, yoxuş qalxa-qalxa! Əgər Ermənistan 90-cı illərdə 43 günə yalnız bir şəhər və ona bitişik yaşayış məntəqələrimizi öz havadarlarının ciddi hərbi-siyasi dəstəyi ilə işğal etmişdisə, biz təkbaşına, məhz özümüzə güvənərək, öz hərbçilərimizin fədakarlığı, canı-qanı bahasına 4 şəhərimizi, 3 qəsəbəmizi, 200-dən artıq kəndimizi, neçə yüksəkliyimizi müdafiə istehkamlarını yara-yara azad etdik.

 

Əsgərlərimiz müqəddəs bayrağımızı azad edilən şəhər və kəndlərimizdə dalağlandırmağı müqəddəs vəzifə bilir, bu bilincdə haqlıdırlar! Onların güclü biləkləri, yenilməz ruhu daşıyır o bayrağı! Bayrağımız da əsgərimizə güc verir, ruh bəxş edir! Şair nə gözəl demiş: -Ey, mavi göylərin bəyaz və qızıl süsü, Bacımın gəlinliyi, şəhidimin son örtüsü. İşıq-işıq, dalğa-dalğa bayrağım, Sənin dastanını oxudum, sənin dastanını yazacağam… (Arif Nihat Asya) Azərbaycan oğulları Şuşada dastan yazdı! Müzəffər Azərbaycan Ordusu bayrama bayram qatdı! Ali Baş Komandanımız “Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik” dedi.

 

Yenə, Ali Baş Komandanın sözüdür: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Biz səni dirçəldəcəyik!” Bu sözlərin Vətən, Bayraq mövzulu bir yazı üçün ən yaxşı sonluq olduğunu düşünürəm…

DÖVLƏTİMİZ VAR OLSUN!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...