Kəpənəklər azalıb

09:22 18-09-2018 | icon 45 | Sosial
Kəpənəklər azalıb

Azərbaycanda son illər ərzində həşəratlar sinfinin dünyada ən geniş yayılmış çoxsaylı qruplarından biri olan kəpənəklərin sayı azalıb.

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun "Quru onurğasızları" laboratoriyasının kiçik elmi işçisi Nigar Yusifova bildirib.

N.Yusifovanın sözlərinə görə, hazırkı dövrdə kəpənəklərin azalmasına təsir göstərən əsas səbəblərdən biri onların öz təbii yaşayış mühitini itirməsidir:

 

"Ətraf mühitdə baş verən dəyişikliklərə son dərəcə həssas orqanizmlər olan kəpənəklərin öz təbii yaşayış mühitini itirməsinin başlıca səbəbi respublikamızın bölgələrinin meşə və açıqlıq ərazilərində istirahət zonalarının salınması nəticəsində ərazinin antropogen təsirə məruz qalmasıdır. Digər tərəfdən, otlaq və çəmənlik ərazilərdə müxtəlif kənd təsərrüfatı əhəmiyyətli iri və xırdabuynuzlu heyvanların otarılması, çəmənlik ərazilərin əkin üçün istifadə edilməsi həmin ərazidə bitki örtüyünün zəifləməsinə gətirib çıxarır. Nəticədə kəpənəklərin nəsil artırması və qidalanması üçün xarakterik olan bitkilər məhv olur və bu da öz növbəsində onların sayına öz mənfi təsirini göstərir".

 

O əlavə edib ki, yerli və xarici həvəskar kolleksiyaçılar tərəfindən iriölçülü nadir rast gəlinən növlərin tutulması da kəpənəklərin sayının azalmasına səbəb olan amillərdəndir.

 

Elmi işçi qeyd edib ki, hazırda Azərbaycan faunasında gündüz kəpənəklərinin 248 növ və 42 yarımnövünə rast gəlinir:

 

"Faunamızda rast gəlinən kəpənəklərin 16 növü və 2 yarımnövü Azərbaycanın “Qırmızı Kitab”ının II nəşrinə (2013) daxil edilib. Bu növlərdən biri – "Parnassius apollo" dünya üzrə həssas növ kateqoriyası altında Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin Qırmızı Siyahısına salınıb. Faunamızda elə xarakter növləri qeyd edə bilərik ki, onlara dünyanın heç bir yerində rast gəlinmir. Məsələn, "Brahmaea christophi" adlanan subendem növ yalnız respublikamızın cənub regionunda yayılıb. Son illərdə faunamızda nadir rast gəlinən növlərdən "Apatura iris", "Nymphalis antiopa", "Danaus chrysippus" və "Argynnis alexandra"nı qeyd edə bilərik. "Apatura iris", "Nymphalis antiopa", "Danaus chrysippus" növlərinə Böyük və Kiçik Qafqaz dağlarının, "Argynnis alexandra" növünə isə Talış dağlarının 1500-2500 m yüksəkliklərində rast gəlinir".

 

Kəpənəklərin sayının azalmasının yaratdığı mənfi nəticələrdən danışan N.Yusifova bildirib ki, bu, onlarla qidalanan suda-quruda yaşayanların, sürünənlərin, quşların, məməlilərin və kəpənəklərlə tozlanan bitkilərin sayına da mənfi təsir edir.

Kəpənəklərin çiçəkli bitkilərin tozlanmasında böyük rol oynadığını söyləyən tədqiqatçı deyib ki, təbiətdə bitən yabanı bitkilərin 80%-i həşəratlar vasitəsilə tozlanma hesabına böyüyüb inkişaf edirlər:

 

"Belə ki, kəpənəklər bitkiləri tozlandırmasına görə arılardan sonra ikinci yeri tutur. Onlar birinci dərəcəli konsumentlər olmaqla trofik zəncirdə çox mühüm rol oynayırlar. Belə ki, kəpənəklərin tırtılları, həmçinin yetkin fərdləri həşəratla qidalanan onurğalı heyvanların qidasını təşkil edir (suda-quruda yaşayanlar, sürünənlər, quşlar, məməlilər). Həmçinin bu canlılar ətraf mühitin bioindikatoru funksiyasını yerinə yetirirlər. Bəzi növlərin tırtılları isə mədəni və yabanı bitkilərə ciddi zərər vurur".

 

Kəpənəklərin sayının azalmasının qarşısının alınması üçün görülməsi vacib olan tədbirləri də açıqlayan N.Yusifova hesab edir ki, nadir, sayı azalmaqda olan və nəsli kəsilmək təhlükəsi qarşısında qalan kəpənək növlərinin yayıldığı ərazilərdə xüsusi mühafizə olunan təbiət ərazilərinin (dövlət qoruqları, milli parklar, dövlət yasaqlıqları) yaradılması vacibdir: "Xüsusilə sayı azalmaqda olan nadir növlərin kolleksionerlər tərəfindən kütləvi şəkildə tutulmasına qadağa qoyulması məqsədəuyğundur. Əkin sahələrində məhsuldarlığın artırılması üçün ziyanverici həşəratlara qarşı tətbiq olunan pestisidlərin istifadəsinə nəzarət edilməlidir".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

ALDP sədrindən müstəqillik təbriki

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

İqbal Ağazadə xalqı təbrik etdi