İrəliləyən ordumuza bu məqamda dayanmaq lazım idimi? - TƏHLİL

20:21 11-11-2020 | icon 842 | Siyasət
İrəliləyən ordumuza bu məqamda dayanmaq lazım idimi? - TƏHLİL

Bəhruz Məhərrəmov: “Sülhməramlılar yalnız postmüharibə dövrü adaptasiya prosesi üçün lazımdır”

 

“Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların dayandırılması barədə saziş Azərbaycanın tarixi qələbəsi və müzəffər Azərbaycan ordusunun düşməni sülhə məcbur etməsidir”.

 

Bu barədə Versus.az-a millət vəkili Bəhruz Məhərrəmov şərhində bildirib.

 

Millət vəkili hesab edir ki, saziş tam mənada yekun sülh müqaviləsi anlamına gəlməsə də, bu sənədin bölgədə hərbi-siyasi proseslərin sonrakı mərhələsi üçün yol xəritəsi olacağı aydındır və onun imzalanması Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə bərabər həm də Cənubi Qafqazın güc mərkəzinə çevrilməsinin rəsmiləşməsi deməkdir:

 

“Lakin, təəssüf ki, bəzi hallarda bu sənədə skeptik yanaşmalar müşahidə etməkdəyik, baxmayaraq ki, bunun üçün ciddi və real əsaslar yoxdur. Razılaşmanın şərtləri ilə bağlı narahatlıqlar ifadə edərkən əvvəlcə bu narahatlıqların nədən ibarət olmasını aydınlaşdırmalıyıq. Sual doğuran məqam nələrdir və ümumiyyətlə, həqiqətən də hansısa narahatlığa ehtiyac varmı? Suallara cavab verməzdən əvvəl 30 il öncəyə dönək - münaqişə başlayarkən vəziyyət necə idi, bu illər ərzində israrla davam etdirdiyimiz danışıqların predmeti nə idi və biz nə istəyirdik?

Münaqişə başlayarkən, 1991-ci ilin 26 noyabrınadək Dağlıq Qarabağın yüksək statuslu bir muxtariyyəti var idi. Ermənistan və bu dövlətin dəstəklədiyi Qarabağdakı separatçılar da məhz bu yüksək muxtariyyətdən ilhamlanaraq münaqişəni başladılar, Azərbaycanın o zamankı mürəkkəb daxili siyasi vəziyyətindən istifadə edərək nəinki Dağlıq Qarabağ, habelə ətraf rayonları ələ keçirdilər. Etiraf edək ki, atəşkəsdən sonra başlanan uzun bir danışıqlar prosesində biz çox da məqbul olmayan şərtlə - ermənilərə ən yüksək muxtariyyət verməklə sülhə hazır idik. Nəinki hazır idik, hətta azı 25 il ərzində biz özümüzü erməni hərbi-siyasi rəhbərliyinin ərköyünlüyünə dözməyə məcbur edirdik. Bu uzunmüddətli danışıqlarda nəyə ümid edirdik? - Torpaqlarımızın işğaldan azad edilməsinə, əvəzində isə Dağlıq Qarabağ ermənilərinin ən yüksək statusla muxtariyyatına. Bəs bu gün, barəsində danışdığımız sazişlə nəyə nail olduq? Bütün ərazilərimizin işğaldan azad olunmasına! Dağlıq Qarabağın hər hansı statusundan isə söhbət getmir və cənab Prezidentin də dediyi kimi, gedə də bilməz. Bir sözlə, biz 27 illik gözləntimizdən xeyli irəlidəyik. Üstəlik, prosesə diplomatik səylərlə yox, döyüş meydanında, 30 illik intiqamımızı artıqlaması ilə al-ala, şərəfli bir yolla, qisasımızı qiyamətə qoymadan nail olmuşuq”.

 

Millət vəkili eyni zamanda son günün ən çox ortaya atılan “irəliləyən ordumuza bu məqamda dayanmaq lazım idimi” sualına aydınlıq gətirib:

 

“Əvvəlcə ondan başlayaq ki, qarşıdan qarlı qış gəlir, əlbəttə heç bir amil müzəffər Azərbaycan ordusu üçün maneə deyil və əsgərimiz hara qədər lazımdır irəliləyəcəkdi, lakin, Kəlbəcər və Laçın istiqamətində qış şəraitində irəliləmə ordumuzun itkilərini bir neçə dəfə artıra bilərdi. Əgər biz Kəlbəcər və Laçın kimi çətin relyefli böyük rayonları döyüşsüz və tam itkisiz ala biliriksə, niyə bundan imtina etməliyik? Unutmayaq ki, insan potensialımız bizim ən qiymətli nemətimizdir, üstəlik hər oğul bir evin çırağı, bir nəslin işığıdır, onların varlığını təhlükəyə atmadan lazımi nəticəni əldə edə biliriksə, məncə mübahisəyə yer olmamalıdır. Digər tərəfdən, biz sonrakı mərhələdə ermənilərin özlərini necə aparacağını bilmirik. Lazım gəldiyində Ali Baş komandan orduya yenidən “vur” əmri verərsə, bu razılaşma ilə qoruya bildiyimiz həmin igidlərin hər biri sonrakı mərhələdə bir tarix yazacaq”.

 

“Bu missiyanın fəaliyyəti üzərində beynəlxalq nəzarət olacaq”

 

Bəhruz Məhərrəmov geniş müzakirə olunan başqa bir məqamı önə çəkib. Bu, Azərbaycan ərazisinə Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlıdır:

 

“Təəssüflə qeyd edim ki, nədənsə bəzi dairələr bu məsələləri erməni və muzdlu rus mediasının təbliğatı prizmasından qiymətləndirir. Lakin ondan başlayaq ki, bu, Azərbaycan ərazisində rus hərbi bazasının qurulması deyil, yalnız müvəqqəti sülhməramlı missiyadır və bu missiyanın fəaliyyəti üzərində beynəlxalq nəzarət olacaq. Missiyanın qarşısında tapşırıqlar konkretdir, özfəaliyyət və suverenliyimizə hörmətsizlikdən söhbət gedə bilməz. Üstəlik regionda güclü Türkiyə amili var – həm Azərbaycanın ən vacib müttəfiqi kimi, həm də atəşkəs nəzarət mərkəzinin fəaliyyətində mühim rola malik iştirakçı kimi. Daha da vacib olanı budur ki, Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Azərbaycan Prezidentinin də açıq formada dediyi kimi, heç kim bizi heç nəyə məcbur edə bilməz. Bir sözlə, ölkəmizin suveren hüquqları barədə son söz yalnız bizimdir və bizim olaraq da qalır. Sülhməramlılar yalnız postmüharibə dövrü adaptasiya prosesi üçün lazımdır, üstəlik, erməni xüsusi xidmət orqanlarının Xankəndi yaxud bölgədə hər hansı başqa bir yaşayış məskənində ikinci Sumqayıt hadisələrini törətmə ehtimalını sıfıra endirir və yaxud, bu məsələdə Azərbaycanın məsuliyyətini ortadan qaldırır.

 

“İndiyə kimi nə zaman “bölgədə erməni yaşaya bilməz” iddiasında olmuşuq ki?”

 

Daha bir məqam, bölgədə ermənilərin mövcudluğunun davam etdirməsinə gəlincə, biz indiyə kimi nə zaman “bölgədə erməni yaşaya bilməz” iddiasında olmuşuq ki? Dövlət başçısının özü dəfələrlə birgəyaşayışın mümkünlüyünə inandığını dilə gətirib və buna hazır olduğumuzu bəyan edib. Lakin burada yaşamaq hüququ olan ermənilərin buna hazır olub olmaması, yəni bölgəyə qayıdıb-qayıtmaması onların öz qərarıdır. Biz sadəcə bunun üçün müvafiq şəraiti yaradacağımızı Laçından dəhliz imkanı yaratmaqla göstəririk. Yeri gəlmişkən, hesab edirəm ki, Laçın dəhlizi məsələsində də populizmdən uzaq durmalıyıq.  Birincisi, biz bu dəhlizi kiməsə vermirik, bu ərazi Azərbaycanın suveren torpağı olaraq qalır. Sadəcə, post müharibə dövründə əraziyə gəlmək hüququ olan ermənilərin sülhməramlıların nəzarətində gediş gəlişi üçün bu koridorun mövculuğu beynəlxalq hüquqa uyğun zəruri prosedurdur. Lakin Azərbaycan bu prosedurdan da qazanclı çıxaraq əvəzində Naxçıvanla Azərbaycanın qərb rayonları arasında dəhlizin açılmasına nail oldu. Hesab edirəm ki, Naxçıvana dəhliz Ermənistanı təslimetmə razılaşmasında Prezident İlham Əliyevin məharətli diplomatik manevrinin ən vacib nəticələrindən biridir.

Əlbətdə Laçın və Naxçıvan dəhlizlərinin əhəmiyyətlərini müqayisə etsək, aydın görünür ki, heç bir statusu olmayan və hətta əvvəlki sayda erməninin yaşamaq istəyib-istəməyəcəyi sual altında olan bir bölgə üçün uzun vədəli bir prespektivi olmayan Laçın dəhlizindən fərqli olaraq Naxçıvan dəhlizi bütövlükdə Türk dünyası üçün taleyüklü əhəmiyyət daşıyacaq. 

Bütün bunları ümumiləşdirərək, bir daha əminliklə demək olar ki, razılaşma Azərbycanın hərbi qələbəsini və düşmənin kapitulyasiyasını rəsmiləşdirən sənəddir. Buna başqa don geydirmək, yaxud siyasi mübarizə arqumentinə çevirmək şanlı Azərbaycan ordusunun 44 günlük şərəfli zəfər yürşünə kölgə salmağa cəhd kimi qiymətləndirilə bilər”.

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı