Növbədənkənar prezident seçkisində ən şanslı və ən güclü – SORĞU

14:54 09-02-2018 | icon 693 | Siyasət
Növbədənkənar prezident seçkisində ən şanslı və ən güclü – SORĞU

Növbədənkənar Prezident seçkisi aprelin 11-də keçiriləcək. Seçkidə iştirak edəcək namizədlər artıq yavaş-yavaş bəlli olur. Maraqlıdır, Prezident olmağa kim layiqdir, güclüdür, kimin seçilmək şansı çoxdur və kim yaxşı idarəçidir?

Versus.Az bu sualla namizəd və qeyri-namizəd olan siyasilərə, ictimai fəaliyyəti ilə seçilən insanlara müraciət edib.

“Müxalifət seçkiyə parçalanmış, zəif halda qatılır”

ALDP sədri Fuad Əliyev bildirib ki, namizədlərin şansını normal, demokratik keçirilən seçkilər üzə çıxara bilər. O, təbii olaraq, bir namizəd kimi, özünü prezidentliyə layiq hesab edib:

“Müxalifətdən olan namizədlər iqtidardan olan namizədlə bərabər imkanlara malik deyil. Hər bir namizədin gücü seçicilərə düzgün ismarıcın verilməsindən və onun komandasının işindən asılıdır”.

F.Əliyev seçkidə qalib olmağın bir neçə məqamdan asılı olduğunu deyib. Onun fikrincə, normal seçki keçirilərsə, bu kimi suallara aydınlıq gətiriləcək:

“Müxalifətin seçkidə pərakəndə iştirakı yolverilməzdir. Vahid bir namizəd seçilməlidir ki, bütün müxalifət partiyaları onun ətrafında birləşib müəyyən güc toplaya bilsin. Təəssüf ki, bu baş vermir və müxalifət seçkiyə parçalanmış, zəif halda qatılır.

Bundan başqa bəzi partiyalar seçkiyə qatılmamaqla yanaşı, çalışırlar ki, seçkidə iştirak edən namizədləri aşağılasınlar. Bu onu göstərir ki, Azərbaycan müxalifətində birlikdən danışmaq tezdir. Ona görə də bu müxalifət hakimiyyətə qalib gələ bilmir”.

“Ən real və layiqli namizəd Prezident İlham Əliyevdir”

Siayasi ekspert Nəzakət Məmmədova bildirib ki, bu gün ən real və layiqli namizəd Prezident İlham Əliyevdir:

“Artıq o, öz fəaliyyəti ilə bunu təsdiqləyib. Sübut edib ki, çətin beynəlxalq şəraitdə dövləti ağır sınaqlardan çıxarmağa qadir olan güclü liderdir”.

N.Məmmədova hesab edir ki, Prezident İlham Əliyev artıq həyata keçirdiyi əhəmiyyətli layihələrlə, böyük güc mərkəzlərinə sinə gərib dövlətin maraqlarını önə çəkməklə öz gücünü təsdiq edib:

“Bu gün Azərbaycana qarşı xaricdən müəyyən təzyiqlər varsa, bu da ölkə başçısının müstəqil siyasət aparmasına görədir. Əgər o, hansısa güclərin qarşısında “bəli, baş üstə” desəydi, yəqin ki, vəziyyət başqa cür olardı. Prezidentliyə ən layiq olan bu namizədin ən böyük göstəricisi ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyünü güzəştə getməyəcəyini açıq şəkildə bəyan edir”.

Politoloq bu gün seçki ilə bağlı müxalifət düşərgəsində səslənən “demokratik seçki mühiti yaradılmalıdır”, fikirlərinə də birmənalı yanaşmayıb. Bildirib ki, seçki prosesi başlamamış belə yanaşmaların irəli sürülməsi qərəzin göstəricisidir:

“Onlar “seçki mühiti”- deyəndə nəyi nəzərdə tuturlar? Əgər seçkilərə start verilməyibsə, demokratik mühitin yaradılmayacağını haradan bilirlər? Bu gün mitinq keçirməyə icazə verilir, xarici diplomatlarla görüşlər keçirməyə şərait yaradılır, xaricdən gələn diplomatlar müxalifətlə rahat şəraitdə görüşə bilir, təşviqat-təbliağat kampaniyasına normal şərait yaradılırsa, bunlar hansı mühitdən narazılıq edirlər? Dövlət namizədlər üçün hər cür şəraiti yaratdığı halda, belə fikirlərin səslənməsi bəhanədir”.

Bütün bunlarla yanaşı, N.Məmmədova hesab edir ki, müxalifət fos-major vəziyyətləri nəzərə almalıydı. Çünki seçkinin 6 ay qabağa çəkilməsinin məqsədəuyğun olması ilə bağlı əvvəldən müzakirələr aparılmışdı.

“Müxalifət təşkilatlanmasa, mən bu seçkidən uğur gözləmirəm”

VİP sədri Əli Əliyev bildirib ki, bir namizəd kimi təbii olaraq bu posta daha çox özünü layiq bilir:

“Ancaq əminəm ki, bu gün müxalifət düşərgəsində heç bir namizədin hakimiyyəti bütövlükdə idarə eləmək üçün potensialı və gücü mövcud deyil. Ona görə də hesab edirəm ki, müxalifət partiyaları təşkilatlanmalı vahid konanda ilə hərəkət etməlidir.

Bu gün hələlik hakimiyyətin dəyişməsini real görmürəm. Müxalifət bir araya gəlməyənə qədər, insan resurslarından düzgün istifadə etməyənə qədər, apardığı siyasətin beynəlxalq təşkilatları inandırmayana qədər heç bir hakimiyyər dəyişikliyi olmayacaq. Beləcə, müxalifət düşərgəsində olanların hamısı bu düşərgənin birincisi olmaq uğrunda mübarizə aparacaqlar. “Mən müxalifətdə birinciyəm” tezisi əksər partiyaların mübarizə tezisi olacaq. Müxalifət təşkilatlanmasa, mən bu seçkidən uğur gözləmirəm”.

“İkinci güclü namizəd mənəm”

MMP sədri Hafiz Hacıyev bu seçkidə ən güclü namizədin hazırki Prezident İlham Əliyev olduğunu bildirib:

“Prezidentliyə ən güclü və şanslı namizəd kimi qardaşım İlham Əliyevi görürəm. Aparılan hesablamalara görə İlham Əliyevdən sonra ikinci güclü namizəd mənəm”.

H.Hacıyev məsələyə “heç kəs öz ayranına turş deməz” prizmasından yanaşaraq, seçimi xalqın ixtiyarına verməyi daha doğru hesab edib:

“Əlbəttə ki, mən də namizədliyimi vermişəm və deyəcəyəm ki, məndən yaxşısı yoxdur. Amma özümü tərifləsəm, hər halda bu təvazökarlıqdan kənara çıxacaqdır.

Seçkidə xalq bu barədə öz sözünü deyəcək. Desəm ki, məndən başqa yaxşısı yoxdur, bu da ironiyaya səbəb ola bilər. Bütün hallarda xalqın seçiminə hörmətlə yanaşacam”.

“Bu formada hökumət rəhbəri seçilə bilməz”

Əlil Qadınlar Cəmiyyətinin prezidenti Məhluqə Rəhimova bildirib ki, şantajla məşğul olan partiya rəhbərlərinin prezidentliyə namizədliyini dəstəkləyə bilməzlər. O, bəzi müxalifət partiyalarının seçkidən-seçkiyə fəaliyyətə başladığını deyib. Bildirib ki, bu formada hökumət rəhbəri seçilə bilməz:

“Hər kəs müxalifət olduğunu deyə bilər. Amma  istənilən partiya  hər zaman seçkiyə hazır olmalı və fəaliyyətini bu istiqamətdə qurmağı bacarmalıdır. Amma baxırsan ki, bəziləri seçkiyə qatılmaqdan imtina edir. Axı, sənin seçkidə iştirak eləməməyinin başqasına nə aidiyyatı var. Bu sənin özünün fəaliyyətsizliyindir. Biz hesab edirik ki, ən layiqli, ən güclü və ən şanslı namizəd ölkənin indiki prezidenti İlham Əliyevdir. Bunu bizə çəkinmədən söyləməyə əsas verən çoxlu səbəblər var. Bu, ölkədə gedən inkişaf, həyata keçirilən islahatlar, sosial məsələlərin həlli, regionların inkişafına dəstək proqramları və sair digər sahələrdə görülən işlərdir. Açıq söyləyəcəm, Əlil Qadınlar Cəmiyyəti olaraq, 220 min əlil insan, onların ailələri onlara göstərilən diqqət və qayğını unutmaz və hər birimiz cənab Prezidentə səs verəcəyik. Biz onun arxasındayıq, dəstəkçisiyik. Eyni zamanda biz bu gün Azərbaycanda keçiriləcək şəffaf seçkilərə maneə olacaq qara kampaniyaların qarşısını almalıyıq”.

“Kiçik bir referendum keçirib…”

Müəllim, dosent Ağasəf İmran bildirib ki, bu seçkidə iqtidar nümayəndəsi ən şanslıdır və ən güclüdür:

“Müxalifət öz rəftarı ilə və iqtidarın təsiri ilə tamamilə nüfuzdan düşüb. Azərbaycanda inzibati idarəçilik mövcud olduğu üçün hakimiyyət kimdədirsə, güc də ondadır”.

A.İmran seçki ilə bağlı belə bir təkliflə də çıxış edib:

“Təklif edərdim ki, seçkilərə gedib artıq xərc çəkməyə dəyməz. Əvvəlcə kiçik bir referendum keçirib müəyyən etmək olardı ki, hazırkı prezident qalsın, ya getsin. Əgər getsin deyənlər çox olarsa, onda seçkilərə getmək olardı”.

“Heç kəsin prezident olmaq şansı yoxdur”

ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, sadalanan keyfiyyətləri birləşdirəndə müxalifətdə elə bir namizəd yoxdur:

“Bəzi adamların şansı var, amma bizim arzu etdiyimiz prezident olmaq keyfiyyətləri yoxdur. Bəzi adamların müsbət keyfiyyətləri var, amma onun da prezident olmaq şansı yoxdur. Azərbaycan müxalifətində heç kəsin prezident olmaq şansı yoxdur. Beynəlxalq konnektura dəyşilərsə, hakimiyyət dəyişilmələri baş verə bilər və bu zaman kim daha böyük fazada qüvvələri ətrafında toplaya bilərsə, o da seçkidə qalib gələ bilər”.

S.Cəlaloğlu müxalifətdə Prezidentliyə layiq kimi özünü və İsa Qəmbəri görüb:

“Prezidenliyə layiq olan adam vətəninə və millətinə bağlı və düşkün  adamdır. Mən özüm qanımla, canımla millətimə bağlı olan adamam. Hakimiyyətə də vəzifə üçün gəlmirəm. Mənə Elçibəyin  vaxtında da, Naxçıvanda və burda olanda da Heydər Əliyev vəzifə təklif ediblər. Vəzifə mənim kimi adamlar üçün hədəf deyil.  Dostlarım deyəndə ki, niyə vəzifəyə getmirsən, deyirdim ki, mən nə nazir olub başqalarına yuxarıdan aşağı baxmayacam, nə də korrupsiya eləməyəcəmsə, o vəzifə nəyimə lazımdır. Vəzifə mənim siyasi ideyalarımı həyata keçirməyəcəksə orda niyə oturum”.

S.Cəlaloğlu əgər Prezident olarsa, idarəçiliyi bacarmayacağı təqdirdə istefa verəcəyini deyib:

“Yox, görsəm ki, camaat mənim islahatlarımı başa düşmür, o zaman davam edəcəm. Məsələn, Elçibəy hakimiyyətə gələndən sonra xalqda ona qarşı pis rəy yaranmışdı. Bu, Elçibəyin xalqa verdiyi azadlıqla bağlı idi. Xəstə uşağa iynə vuranda o, həkimin əl-qolunu cırmaqladığı kimi, xalq da belə etdi. Xalq islahatlara hazır deyilsə, mütləq islahatçını məhv edir”.

“Bu parametrlərə uyğun gələn şəxs…”

Siyasi ekspert Nəsimi Məmmədli bildirib ki, Azərbaycan super prezidentli respublika olduğundan burada prezident vəzifəsi çox böyük məsuliyyət tələb edir. Bu posta iddia etmək hər bir vətəndaşın hüququ olsa da, seçicilərin rəhbər tutduğu, öncəlik verdiyi müəyyən meyarlar olmalıdır:

“İlk növbədə iddiaçı şəxsin yetkinlik səviyyəsi, psixoloji sağlamlığı, ictimai tanıtımı, siyasi kimliyi barədə cəmiyyətdə dolğun təsəvvürlər olmalıdır. Cəmiyyətdə gedən sosial-siyasi proseslərin daim içərisində olan, aktual siyasi məsələlərə aydın reaksiya göstərən, sadə əhalinin real durumunu anlayan şəxsə üstünlük verilməlidir. Yerli və beynəlxalq hüquqdan xəbərdar olmaq, iqtisadiyyatın müxtəlif sahələrini bilmək, ölkəni demokratik idarə etmək üçün cəmiyyətin etimad göstərdiyi komandaya sahib olmaq çox önəmlidir. Ölkənin qarşısında dayanan bir neçə nəhəng problemin həlli ilə bağlı konseptual baxışı vacibdir. Qarabağ məsələsinin həllini necə görür, ölkədə rüşvət və korrupsiyanın kökünü kəsəcək layihələri varmı, sosial-iqtisadi problemləri necə həll edəcək. Bu parametrlərə uyğun gələn şəxsi prezident görmək istərdim”.

“Müstəqil namizədlər real rəqabət göstərə bilməyəcək”

Hərbi ekspert, psixoterapevt Azad İsazadə hesab edir ki, istər planlı, istərsə də növbədənkənar seçkilər olsun, prinsipial olaraq nəticəyə təsir etməyəcək:

“Seçkinin real nəticəsi aydındır. Seçkinin vaxtından əvvəl keçirilməsi daha çox xarici siyasətlə bağlıdır, nəinki daxili vəziyyətlə. Bu gün reallıq belədir ki, istər müxalifət, istərsə də müstəqil namizədlər real rəqabət göstərə bilməyəcək. Ona görə hesab edirəm ki, seçkinin nəticəsi praktiki olaraq aydındır. Amma bu gün bunun alternativ variantının ola bilməsi ilə bağlı siqnal yoxdur. Ona görə nəyisə plan qurmağa, analiz etməyə dəyməz. Hesab edirəm ki, Azərbaycanda demokratik dəyişikliyin davam etməsi ilə bağlı gələcəkdə yeni reformalar təklif edən insanın şansı daha çox ola bilər”.

“Onların hər birini bu posta layiq şəxs hesab edirəm”

AMİP yetkilisi Əli Orucov bildirib ki, hələ prezidentliyə namizədlərin kimlər olacağı dəqiq bilinmir.

“Bəzi iddialar səsləndirilir. Yalnız indiki dövlət başçısı, YAP sədri  İlham Əlievin namizədliyi irəli sürülüb və qurultayda təsdiq olunub.

Prezident seçkilərinə namizədlər təsadüfi adamlar olmadığından onların hər birini bu posta layiq şəxs hesab edirəm. Ğələcəkdə elə bir seçki şəariti yaradılmalıdır kı, hər kəs bərabər ölcüdə yararlana bilsin. Yoxsa birtərəfli bütün dövlət resursları bir namizədin xeyrinə səfərbər ediləcəksə, bu, ədalətli və demokratik seçki olmayacaq. Qalib də özünü rahat hiss etməyəcək. Hər kəsə bərabər mübarizə şəraiti yaradılacağı təqdirdə namizədlərin şanslarını da obyektiv qiymətləndirmək olar. Dövlətə rəhbərlik etmək, xüsusən də Azərbaycan kimi dövlətlərin başında durmaq heç də asan iş deyil. Bu, zəngin dövlətçilik və idarəçilik   təcrübəsi, diplomatik bacarıq, xüsusi istedad və qabiliyyət tələb edir. Mənim fikrimcə, seçkini elə keçirmək lazımdır ki, Azərbaycan qalib olsun”.

“O, seçkilərdə şəksiz liderdir”

Konstitusiya Araşdırmaları Mərkəzinin prezidenti Əliməmməd Nuriyevbildirib ki, prezident seçkilərində İlham Əliyevin rəqibi yoxdur, ən güclü namizəd odur. Ə.Nuriyev hesab edir ki, Prezident uzunmüddətli təcrübəyə malik bir siyasətçi kimi Azərbaycanın milli maraqlarını daha yaxşı ifadə etməyi bacarıb. O, şəksiz liderdir və mütləq səs çoxluğu ilə uğur qazanmaq şansına malikdir.

Ə.Nuriyev namizədliyini verən digər liderlərin sosial bazasının aşağı olduğunu qeyd edib. Bildirib ki, digər namizədlər İlham Əliyevlə rəqabətdə 0+ dərəcədə səs toplamaq imkanına sahibdirlər:

“Cənab Prezident müstəqil siyasi kurs yeridir və Cənubi Qafqazda Azərbaycanı regional dövlət səviyyəsinə qaldırmış bir şəxsdir. Eyni zamanda dünyanın ayrı-ayrı tədbirlərində də Azərbaycanı ləyaqətlə, yüksək səviyyədə təmsil edib. Bu masştabda olan hər hansı ikinci bir şəxsi görmürəm”.

Ə.Nuriyev demokratik seçki mühitinin yaradılması tələbi ilə bağlı müxalifət düşərgəsindən verilən mesajlara da birmənalı yanaşmayıb:

“Seçkinin keçirilməsi, seçkidə iştirakla bağlı, seçkidə öz fikir və platformalarını çatdırmaq üçün heç bir problemləri yoxdur. Seçkiqabağı hər kəsə bərabər imkanlar verilib və veriləcəkdir. Çünki qanunvericilik bunu tələb edir. Bəziləri dairə seçki məntəqəsinə müşahidəçi vermək imkanına da malik deyillər, amma ittihamla danışırlar. Onlar xalqla işləməli, ünsiyyətdə olmalı və onun maraqlarını ifadə etmək gücünə sahib olduqlarını göstəməli idilər. Neçə illər ərzində seçkidə “tıxaca” düşürlər və hər dəfə də eyni “mahnını” oxumağa çaışırlar”.

Ə.Nuriyev bildirib ki, hər kəsin imza toplamaq hüququ var və buna mane olan yoxdur:

“İkinci bir tərəfdən, hər kəsin öz resurssları çərçivəsində mətbuata çıxış imkanları var. Çünki qanunvericiliyə əsasən məhz namizəd özü maliyyə resurssları toplamaldır. İnsanlar özləri namizədlərə ianə vermək istəyində olmalıdır. Çox təəssüf ki, onlar da reallığı başa düşüblər, daha çox şanslıya ianə dəstək vermək fikrindədirlər, nəinki gələcəyi görünməyən, müqavimət göstərmək imkanı olmayan şəxsə. Bu baxımdan, hər bir namizəd üçün bərabər imkanlar yaradılıb. Bacara bilmirlərsə, “demokratik şərait yoxdur” kimi bəhanələr uydururlar. Bu cür yanaşmaları o qədər də doğru hesab etmirəm. Sadəcə olaraq bir çoxları bu seçkidə uğur qazanmaq şanslarının olmadığını başa düşürlər”.

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi