“O dəhşətli partlayışın səsi bir anlıq bizi yerimizdə dondurdu” - MÜSAHİBƏ

11:51 20-11-2020 | icon 1050 | KİV
“O dəhşətli partlayışın səsi bir anlıq bizi yerimizdə dondurdu” - MÜSAHİBƏ

Əhməd Məmmədov: “Bu müharibədə özü danışan görüntülər çox idi”

 

Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyi bir ərəfədə informasiya sahəsində də əks-hücumların aparılması mühüm əhəmiyyət kəsb etdi. Düşmənin hərbi cinayətləri nəticəsində dağıntılara məruz qalan bölgələrimizdə, ən qaynar hadisələri ictimaiyyətə ötürən jurnalistlərimiz, hərbləşən repartyorlarımız kameraları, qələmləri ilə döyüşdülər. Bu gün əsgərlərlə yanaşı informasiya sahəsində mübarizə aparan jurnalistlərimiz də günün öz önəmli təbliğatçıları olaraq ön sırada dayandılar.

 

Versus.Az “Həftə içi”-nin döyüş-əməliyyatlarının getdiyi ərazilərə ezam edilən jurnalistlərimizlə hazırladığı müsahibələr silsiləsindən ATV-nin əməkdaşı, həmkarımız Əhəd Məmmədovla bağlı müsahibəni təqdim edir:

 

- Əhməd bəy, müharibə başlayanda ilk olaraq hara ezam olunmuşdun və ilkin təəssuratların nə oldu? Ümumiyyətlə, müharibəni ilk dəfə görən jurnalist üçün o dəhşətli mənzərəni müşahidə etmək nə idi?

 

- Müharibə başlayan ilk gündən mən də döyüş bölgələrində oldum. İlk ezam olunduğum yer Goranboy rayonunun Tapqaraqoyunlu kəndi idi. 27 sentyabr bilirsiz ki, müharibənin qızğın dövrü hesab olunurdu. Orda baş verənləri sözlə ifadə eləmək çətindir. Hər an sağdan, soldan yanına mərmilər düşürdü. Mərmilərin hardan gələcəyini bilmirsən. Və belə bir vəziyyətdə sən həm özünü qorumalısan, həm də informasiya toplayıb onu çatdırmalısan. Biz həmin ərəfələrdə Naftalan şəhərində olduq. Ermənistan silahlı birləşmələrinin növbəti dəfə toplarla atəş açması nəticəsində Qaşaltı Qaraqoyunlu kəndinin sakini Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvü olmaqla bütövlüklə bir ailə, o cümlədən uşaqlar həlak olmuşdu. Bu dəhşətli mənzərəni, insanların ağrı-acısını lentə almaq bizim üçün çox çətin idi. Biz bu müharibədə həm də axra cəbhənin əsgərləri idik. Bizim olduğumuz kəndlər mütəmadi olaraq atəşə tutulurdu. Belə bir vaxtda dağıntılara, itkilərə məruz qalan kənd camaatı düşmənin gülləsindən çəkinmir, ruh yüksəkliyini itirmirdilər. Deyirdilər ki, Azərbaycan əsgəri öndə bu vətən üçün döyüşüb canını verirsə, biz niyə qorxmalıyıq, evimiz, malımız vətənə qurban olsun.

Goranboy rayonunda belə bir hadisə ilə qarşılaşdıq. Orda İncəçay deyilən bir yer var. Biz orda çəkilişlər aparmağa, camaatla, hərbçilərlə görüşmək üçün yollandıq. Həmin ərazidə olarkən düşmən aviabomba atdı. O dəhşətli partlayışlardan həyatımızı “qıl payı” ilə qurtardıq. Amma yenə də informasiyanı toplayıb efirə verdik. Bir sözlə, həm müharibənin canlı şahidi olduq, həm də informasiya müharibəsi apardıq.

 

- Bundan əvvəl müharibə görməmişdin. Necə hesab edirsən, müharibəni görməyən gənc bir insan, jurnalist üçün birbaşa müharibəyə atılıb, qorxu, həyacan hissi altında o informasiyaları ictimaiyyətə ötürməyin nə dərəcədə uğurlu alındı?

 

- Düzdür, biz bilirdik ki, müharibə gedən ərazilərə gedirik.  Amma orda baş verə biləcəkləri təsəvvür eləmirdik. Sentyabrın 27-dən başlayaraq həmin ərazilərdən bacardığımız qədər informasiyalar toplayıb, camaata çatdırırdıq. Ordakı dəhşətli səhnələri görmək çox çətin idi. Mən adi hərbi xidmət keçmiş adamam, amma heç vaxt müharibə içərisində olmamışdım. Sentyabrın 27-dən başlayaraq düz 17 gün döyüş bölgələrində oldum, hadisələri müşahidə elədim. Gəncəyə ballistik raket atılanda Gəncənin yaşadığı o dəhşətləri gördüm.

Gəncə bazarına raket atılanda biz paralel küçədə çəkilişlər aparırdıq. Biz həmin an çox həyəcan keçirdik, sürücümüz də, biz də ilk anda yerimizdə donub qaldıq. Bir an o dəhşətli partlayışın səsi bizi yerimizdə dondurdu. Nə baş verdiyini anlamadıq. Çünki bu səsi ilk dəfə idi eşidirdik. Əraziyə raket düşür və çox dəhşətli səsin yaratdığı vahiməyə baxmayaraq, sən bir pepartyor olaraq özünü itirməməlisən. Biz efirə çıxışlarımızda avtomatik olaraq o həyəcanı insanlara ötürürdük. Bu hisləri düşünərək, istəyərək deyil, hadisənin səndə yaratdığı  həyəcan vasitəsi ilə çatdırırsan. Bu da efirdən açıq-aşkar hiss olunurdu.

 

- Mətbuatımızda hərbi jurnalistikanın yetərli olmaması bu ərəfələrdə özündə olan boşluqları nədə göstərdi? Ümumiyyətlə, hərbi jurnalistika sahəsində olan vəziyyəti necə dəyərləndirirsən?

 

- Bizim hərbi jurnalistlər var idi ki, onlar müxtəlif vaxtlarda, müxtəlif ölklərdə döyüş bölgələrində olmuşdular. Onlar müəyyən təcrübəyə malik idilər. Və bizə harda, necə dayanmaq lazım olduğunu, nəyin, necə olduğunu deyirdilər. Orda başa salırdılar ki, əgər mərmi düşürsə, vıyıltı səsi eşidirsənsə, bir küncə sıxılmalısan, yerə uzanmalısan və sair. Mənim bu günə qədər təcrübəm olmamışdı. Bu da bizim Vətən Müharibəsidir, sən də döyüş bölgəsinə getməlisən və informasiyanı çatdırmalısan. Düşünürəm ki, bundan sonra jurnalistlərimiz hərbi təlimlərə cəlb olunacaqlar. Demək olar ki, mən bu təcrübədən keçdim. Artıq bilirəm ki, raket atılanda nə etməlisən. O səsi eşitdinsə, sən avtomatik olaraq yerə uzanmalısan, bir küncə sıxıla bilərsən, zirzəmi varsa, ora düşə bilərsən. Təbii  ki, əynində jiletin, kaskan olmalıdır. Raket səndən 100 metir aralıya düşə bilər. O zaman ən azı qələpələrdən özünü qoruya bilərsən. Yanına düşsə, artıq bu sənin taleyindir, xilas olmağın mümkün olmayacaq.

 

- Neçə vaxtdır döyüş bölgələrinə getmirsən və həmin o dəhşətli anları unudub, o auradan ayrıla bilmisənmi?

 

- Artıq oktyabrın 17-dən döyüş bölgəsindən Bakıya qayıtdım.  Amma özüm burda olsam da, mənvi olaraq düşüncəm, ruhun orda idi. Orda hər an yuxudan səksəkəli dururdum, bir səs olmayanda narahat olurdum ki, niyə səs yoxdur, görəsən nə baş verir. Amma qayıdandan sonra, buna adaptasiya oldum. Bakıda insanlarda o coşqunu, ruh yüksəkliyini gördükcə, bunlar mənə yeni motivasiya verirdi. Mən yenidən döyüş bölgəsinə qayıtmaq istəyirdim, halbu ki mənə 15 günlük istirahət vermişdilər. Bu müddətdən sonra yenidən getməyə cəhd edirdim. Elə oldu ki, biz müharibəni qələbə ilə başa vurduq.

 

- Hansı hadisə ağlından çıxmır?

 

- Gəncə hadisəsində mülki insanlar həyatını itirdilər. Yanımızda yaralananlar da oldu. Mən Gəncədə raket zərbəsindən sonra bir ailənin bütün üzvlərinin həlak olmasının şahidi oldum. Orda uşaqlar qalmışdı. O uşaqların üzündəki həyəcan, qayğı hələ də yadımdan çıxmayıb. Bunu sözlə ifadə etmək mümkün deyil, gərək o hadisələrin şahidi olasan.

 

- Adətən müharibədə hərbçilərlə, jurnalistlər müəyyən məqamlarda bir-birinə rəqibdir. Yəni hərbçilər məlumatı sirli saxlamağa çalışdığı bir vaxtda, jurnalsitlər daha çox hadisələrin içinə daxil olub, daha çox məlumat toplamaq, daha ətraflı reportajlar yaymaq istəyirlər. Vətən müharibəsində jurnalist olaraq hərbçilərlə bu müstəvidə qarşılaşmanı nə dərəcədə hiss edə bildiniz?

 

- Biz bu situasiyanı tam anlayışla qarşılayırdıq. Biz hərbçilərimizin bizə verdiyi marşrut xəritəsi üzrə hərəkət edirdik. Yəni özbaşına hara gəldi, necə gəldi hərəkət etmək müharibə qaydalarına uyğun olmazdı. Çünki müstəqil şəkildə gedib hardasa çəkilişlər aparıb, kadrları efirə verməklə, düşmənə kardinatlar vermiş olardıq. Ona görə də mərkəzləşdirilmiş şəkildə, hərbçilərin məsləhəti əsasında hərəkət edirdik. Bu, həm də bizim təhlükəsizliyimiz baxımından zəruri idi.

 

- Müharibəyə gedən hərbi jurnalist də bir mülkü şəxs hesab olunur və o, özünü qorumağı bacarmalıdır. Bunu necə edə bildin?

 

- Biz təlimata əsasən özümüzü maksimum qorumağa çalışırdıq. Nəsə olsaydı da, biz heç bir əsgərdən artıq deyildik. Lakin ona çalışırdıq ki, informasiyanı vaxtlı-vaxtında çatdıraq. Biz minalanmış sahələrə ANAMA əməkdaşları oraları zərərsizləşdirəndən sonra daxil olurduq, çəkilişlər aparırdıq. Xüsusi lentlənmiş sahələrdə çəkilişlər aparmırdıq. Aparsaydıq da bu, xüsusi fərdi mühafizə vasitəsi ilə edilirdi. Orda raketlərin qalıqlarını, düşmənin hansı qadağan olunmuş silahlardan istifadə etdiyini göstərirdik. Belə məqamlarda özümüzü qorumaq da vacib idi. Həmin yerlərdə də təlimata uyğun hərəkət edirdik. Hara ayaq qoymaq olar, hara olmaz... Məsələn, mən ilk jurnalist qrupunda işğaldan azad olunmuş Talış kəndində oldum. Orda da jurnalistlər hamımız bir cığır üzrə hərəkət edirdik. O cığıdan çıxıb digər hissələrə getməyimizə icazə verilmirdi. Çünki orda hər an düşmənin təxribatı ola bilərdi. Və biz orda konkret kadrları lentə aldıq. Fərdi mühafizə dəstəmiz var idi, onlar bizi qoruyurdu.

 

- Siz də Vətən Müharibəsində bir əsgər oldunuz, mülkü olsanız da, bir müharibə yolu keçdiniz. Bizim müharibədə həm də xarici jurnalistlər iştirak edirdilər. Müqayisə aparsan, bizim jurnalistlər o xarici jurnalistlərin iş prinsipinə nə dərəcədə yaxınlaşa bildi?

 

- Orda olan xarici jurnalistlərin çoxu müharibədə iştirak etmiş jurnalistlər idi. İlk günlərdə onların təcrübəsi bizdən çox ola bilərdi. Amma sonra biz də onlardan geri qalmadıq. Demək olar ki, bütün hadisələrdə onlarla çiyin-çiyinə iştirak etdik. Onların üstünlüyü o idi ki, onlar bu xəbərləri dünyaya çatrırıdılar, biz isə Azərbaycan ictimaiyyətinə.

 

Yaxşı olardı ki, gələcəkdə Azərbaycan jurnalistlərindən ibarət qruplar xarici ölkələrdə döyüş gedən bölgələrə göndərilsinlər. Bu, ölkə jurnalistikasının bütün sahələr üzrə inkişafını təmin edə bilər. Məsələn, burda Türkiyə jurnalistləri Suriya təcürbələrindən danışırdılar. Biz isə o müharibə təcrübəsini burda gördük. Jurnalistlər baş verən dağıntılarda, raket dağıntıları zamanı insanlıq anlayışının da əsas olduğunu nümayiş etdirdi. Məsələn, AzTv-nin əməkdaşı dağıntılar arasında qalan bir qadına kömək edərkən yaralandı. Hesab edirəm ki, bu, doğru addım idi. Belə məqamda informasiya ikinci plana keçə bilir.

 

- Əhməd bəy, sən də döyüşdə idin və hər an təhlükə səni izləyirdi. Jurnalsit kimi cəbhəyə getməyini evdən, ailədən necə qarşılayırdılar?

 

- Təbii ki, ailədə də çox yaxşı bilirdilər ki, bu, müharibədir və buna görə də məlum hiss, həyəcan yaşanırdı. Heç kəs deyə bilməz ki, mənim evdə ailəm, yoldaşım, anam, atam narahat olmayıb. Narahat idilər, amma onlar üçün də qürurverici idi ki, övladları ön cəbhədədir. Onlar qürurlanırdılar ki, müharibənin dəhşətini ilk görənlərdənsən, bunu kimsə televiziya vasitəi ilə izləyirsə, sən onu çəkirsən və camaat sənə baxır. Bu, ancaq  qürur hissləri yarada bilər.

 

- Vətən Müharibəsində qələbə qazanmış bir ölkənin jurnalisti olaraq hazırki sülhməramlılarla bağlı prosesləri, sosial medianın müharibə ilə bağlı yaydığı informasiyaları hansı aspektdə, necə dəyərləndirmək olar?

 

- Mən bunu Azərbaycanın yekdil qələbəsi kimi qəbul edirəm. Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Azərbaycan bayrağı bütün ərazilərimizdə dalğalanacaq. Rusiya sülhməramlılarının Qarabağa gəlişi diplomatik müstəvidə təhlil olunan məsələdir. Amma bir jurnalist olaraq prosesləri izləyəcəyik.

Digər tərəfdən, düşünürəm ki, yayılan informasiyalara həssas yanaşılmalıdır. Sosial şəbəkə hesablarında dəqiqləşməmiş məlumatlar yayılmamalıdır. Çünki hər birimizin bir yaxını var. İnsanları təşfişə salacaq, insanları çaşdıracaq sözlər deyilməməlidir. İstər televiziya olsun, istərsə də sosial şəbəkədə diqqətli olmalıyıq. Ancaq rəsmi mənbələrə istinad olunan məlumatlar verilməlidir. Yaxşı hal idi ki, müharibə zamanı internet məhdudlaşdı və bu da müəyyən mənada belə informasiyaların qarşısını aldı. Amma yenə də düzgün olmayan məlumatlar verildi. Hətta bununla bağlı Daxili İşlər Nazirliyi tərəfindən xəbərdarlıqlar da edildi, iradlar bildiridi. Amma yenə də insan faktorudur. Burda hissə qapılıb nə isə eləmək yox, düşünərək ağılla hərəkət etmək lazımdır. Çünki dediyin bir söz, çəkəcəyin bir foto kiminsə həyatı bahasına başa gələ bilər.

Müharibə ilə bağlı son təəssüratlarımız təbii ki, yüksək oldu. Noyabrın 10-da Bakıda hazırladığımız reportaj tamamilə fərqli idi. İnsanlarımızda çox böyük ruh yüksəkliyi var idi. Böyük coşqu, izdiham. Belə vaxtlarda sözə yer vermirdik. Çünki o izdiham özü danışırdı. Düşünürəm ki, bu müharibədə özü danışan görüntülər çox idi.

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Gələn ay Şuşaya qayıdış BAŞLAYIR

Məktəbdə baş verən yanğınla bağlı RƏSMİ AÇIQLAMA

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək