““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

14:42 24-09-2018 | icon 703 | Siyasət
““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

Razi Nurullayev: “İmkan vermək olmaz ki, onlar hakimiyyətə gəlmək üçün Rusiyanın qarşısında aşağılayıcı öhdəliklər götürsünlər”

 

 

AXCP sədri Razi Nurullayevin Versus.Az-a müsahibəsi

 

- Razi bəy, nəhayət müxalifətin əməkdaşlığına çalışan yeni siyasi qüvvələr hansısa “kalon”lara möhkəm bəndləndiyi iddia edilən zahirən zəifləmiş, köhnə toxumları sıradan çıxara biləcəkmi, yoxsa bu məsələ də artıq beynəlxalq müstəvidə həll oluna bilər?

 

- Əslində, köhnə və yeni toxumlar ayırd edilib. Köhnələrin yenilərə problem yarada biləcəyi məsələlər gündəmdən çıxıb. Onlarla nə işimiz var ki, üstümüzə gəlməyənə kimi heç biz də onları xatırlamırıq və marağımızda da deyillər. Həm də bu məsələ, insanları inanın ki, heç maraqlandırmır. İnsanlara nəticə lazımdır. Kim nəticə göstərəcəksə, müxalifət kimi məhsuldarlığı olacaqsa, xalq da onun yanında olacaq.

 

Xalq bu gün istəyir ki, sakitçilik olsun, əmin-amanlıq olsun, heç kimin burnu qanamasın və övladları həbsə girməsin. Onun üçün də sözün həqiqi mənasında dinc mübariə aparan və yavaş-yavaş hədəflərinə yaxınlaşan qüvvələrə meyllənirlər. Şükürlər olsun ki, belə qüvvələrin önündə biz gedirik. Bunu bütün məsuliyyətimlə deyirəm. Gördüyümüz işlərin xalqın həytında müsbət dəyişikliklər yaratmasına nail oluruq. İndi qalır bizim bunu xalqa çatdırmağımıza ki, baxın bunu biz etdik, yaxud bunu bizim təklif və ya tələbimizlə etdilər. Bunun üçün də bir yol tapıb etdiklərimizi xalqa doğru-dürüst çadırmağa nail olacağıq.

 

Əslində isə problem indi “yeni” dediyiniz qüvvələr arasındadır. Onların gözləri bir-birini götürmür və əməkdaşlıq etməyə hazır deyillər. “Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qırmaq atırlar. Çünki bilirlər ki, onlar artıq xalqın gözlərini yorublar və qərarverici anda həmin “köhnələr” onlara ciddi opponentlik edə bilməyəcəklər.

 

- Bu yaxınlarda bir partiya sədri belə bir fikir işlətdi ki, “5-ci “kalon”un Azərbaycanı Rusiyanın təsiri altına salmasına imkan vermək olmaz”. Bu, son vaxtlar ölkənin Rusiyanın təsiri altına salınması ilə bağlı növbəti çalınan həyacan təbili kimi qeyd olunur. Siz Azərbaycan-Rusiya münasibətlərindəki bu məqamı və “5-ci kalon”un bu müstəvidəki hansısa rolunun olmasını necə dəyərləndirərdiniz?

 

- Mən Azərbaycan-Rusiya münasibətlərinin daha aydın, çevik və nəticəyə əsaslanan olmasının tərəfdarıyam. Bizim Rusiya ilə yaxınlaşmağımızın heç bir qəbahəti yoxdur. Məgər Qazaxıstan müstəqil ölkə deyil, müstəqil siyasət yeridə bilmir? Burada bir incə məqamı vurğulamaq lazımdır ki, siyasi qüvələrə imkan vermək olmaz ki, onlar siyasi hakimiyyətə gəlmək üçün Rusiyanın qarşısında aşağılayıcı öhdəliklər götürsünlər. Bu qədər bəsit.

 

Başqa bir məqama da toxunum ki, biz Qərb, Qərb deyib Rusiyaya arxa çevrirə də bilmərik. Qərb heç bir ölkəni Rusiyanın qəzəbindən qorumaq iqtidarında olmayıb. Varsa, misal göstərin, mən xatırlamıram. Rusiya bizim üçün ən böyük bazardır, onunla daha dərin iqtisadi və siyasi əməkdaşlığın tərəfdarıyam. Niyə Rusiya Ermənistanla daha yaxın münasibətə malik olmalıdır ki? Məgər Rusiya ilə yaxın iqtisadi, siyasi və hərbi əməkdaşlığa malik olması onu Qərbə inteqrasiya meyllərindən dayandırıb? Xeyr. Sadəcə, adamlarımızın başını çaşdıran savadsız siyasətçilər və politoloqlardır ki, hər küncdə-bucaqda “xortdan” görürlər.

 

- Son vaxtlar Türkiyə-Rusiya-Azərbaycan rəsmilərinin ayrı-ayrı vaxtlarda keçirdiyi görüşlərdə Qarabağ problminin həlli ilə bağlı Türkiyə başqanının Putini razı sala biləcəyi qeyd olunur. Sizcə Rusiyanın Ermənistandan əl çəkib, prosesi Azərbaycanın xeyrinə həll edə biləcəyi nə dərəcədə inandırıcı görünür?

 

- Bununla bağlı bir mətbuat orqanına danışmışdım, sizə də təkrar edim.

 

Ərdoğan və Putin arasında Qarabağ müzakirəsi də olur, amma onlar bu məsələdə birtərəfli qərar vermək istəməzlər. Çünki onlar münaqişə tərəfi və həm də bu və ya digər şəkildə münaqişəyə cəlb edilən tərəf deyillər. Onlar münaqişənin real həlli üçün tərəflərlə qarşılıqlı güzəştlər və yeri gələrsə tərəflərə siyasi təzyiq göstərmək barədə razılığa gələ bilərlər. Bu isə ehtimaldır, olsa belə, ictimaiyyətə açıqlanmayacaq.

 

Amma fərqindəyəm ki, münaqişənin həlli Rusiyaya bağlı məsələdir. Rusiya istəsə, bir ay ərzində münaqişəni çözər. Əgər Ermənistanın siyasi rəhbərliyi dikbaşlıq edib sözə baxmasa, Rusiyanın onun arxasından çəkilməsi bəs edər ki, Azərbaycan ordusu işğal edilmiş əraziləri erməni əsarətindən təmizləsin. Bunun üçün də Azərbaycan və Türkiyənin Rusiya ilə danışıqlar aparması vacibdir. Ermənistanla danışıqlar vaxt itkisidir. Bu cəhətdən Ərdoğan-Putin yaxınlaşması Azərbaycanın siyasi maraqlarına tam cavab verir.

 

- Azərbayacanın Kollektiv Təhlüksizlik Müqaviləsi Təşkilatına qoşulması hansı şərtlə mümkün ola bilər və sizcə Ermənistanın oradan çıxıb Qərbə üz tutması mümkün ola bilərmi. Bir sözlə regionla bağlı hansı oyunlar müşahidə olunur?

 

- Bizim regionumuzda bir gün belə oyunsuz keçmir. Ermənistan inanmıram, həm də mümkün görünmür ki, KTMT-dən çıxsın. Bədnam dövlətin Qərbə üz tutması da sirr deyil, sadəcə Rusiya buna imkan vermir. Ermənistan da hərtərəfli Rusiyadan asılıdır deyə, çox tullanıb-düşə bilməz. Çox tullanıb-düşərsə, ayaqlarından birini sındıracaq və kiriyəcək. Yox, kiriməsə, daha yaxşı, bu bizə sərf edir, çünki o biri ayağını da sındıracaq.

 

A.Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI